Məhkəmə qərarları › İş №e-2-2(123)-330/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-330/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-330/2023 16.11.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 14 noyabr 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 04 may 2021-ci il tarixli, 0405/01/SİF saylı kredit müqaviləsi üzrə 30 oktyabr 2023-cü il tarixə 44 742.15 (qırx dörd min yeddi yüz qırx iki manat on beş qəpik) manat əsas borc, 390.99 (üç yüz doxsan manat doxsan doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 45 133.14 (qırx beş min bir yüz otuz üç manat on dörd qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat qırx beş qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 107 000 (bir yüz yeddi min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********72-10301 reyestr nömrəli Naxçıvan MR, Naxçıvan şəhər, 59-cu məhəllə, dön.6, ev.10 ünvanında 0.0684 ha torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə 16 noyabr 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair ərizəsi üzrə Naxçıvan MR Kommersiya Məhkəməsində e-2-2(123)-330/2023 saylı mülki işin baxılması üçün qəbul edildiyini, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfindən məhkəmə ünvanlanmış ərizənin nəzərə alınaraq həmin ərizənin təmin edilib qanunverciliyə uyğun olaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasının zəruri olduğu qənaətindədir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1 və 150.1.2-ci maddələrinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 152.1 və 152.1.5-ci maddələrinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1 və 152.1.9-cu maddələrinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Belə ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar iddiaçı tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənildiyindən iddiaçı tərəf çəkdiyi xərc həddində, yəni 200 (iki yüz) manat məbləğində dövlət rüsumundan azad olmuşdur. Lakin iddiaçının azad edilmədiyi 25.40 (iyirmi beş manat qırx qəpik) manat dövlət rüsumu ödənilməli olduğu halda iddiaçı tərəfindən ödənilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Qeyd edilənlərlə yanaşı məhkəmə iddiaçının diqqətinə çatdırır ki, iddia ərizəsinin xahiş etdi hissəsində qeyd edilən Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Çıxarışın tarixi və nömrəsi, Cavabdeh1 məxsus əmlakın ünvanı, torpaq sahəsinin ölçüsü, daşınmaz əmlakın reyestr nömrəsi iddia ərizəsinə əlavə edilən Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Çıxarışda qeyd olunan məlumatlarla eynilik təşkil etmir. Həmçinin, iddiaçı iddia ərizəsinin “Xahiş etdi” hissəsində Cavabdeh2 ümumilikdə, 45133.14 (qırx beş min yüz otuz üç manat on dörd qəpik) manat kredit borcunun tutulmasını tələb etsə də, lakin ərizəsinə əlavə etdiyi iddia ərizəsinin digər nüsxəsində isə həmin cavabdehdən ümumilikdə 22060.08 (iyirmi iki min sıfır altmış manat sıfır səkkiz qəpik) manat kredit borcunun tutulmasını tələb etmişdir. Həmçinin iddiaçının diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə barədə elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar