Məhkəmə qərarları › İş №e-2-2(123)-331/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-331/2024

19.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-331/2024 19.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 10 may 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4000 (dörd min) manat pulun və ödəniş etdiyi 60 (altmış) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində Cavabdeh ilə 10 ildən çoxdur tanış olduqlarını, aralarında normal münasibətin olduğunu, 24 yanvar 2024-cü il tarixdə Əliəsgərin ona 4 ildən artıqdır ki, kiçik biznesi olduğunu, Bakı şəhərindən ət məhsulları (kolbasa, sosiska, sala) gətirib burada mağazalara payladığını, aya 1500-2000 manat qazancı olduğunu dediyini, ona “İstəsən mənimlə şərikli bu işlə məşğul olarıq” bildirdiyini, onun da razılaşdığını, onu inandırmaq üçün Əliabad qəsəbəsinə getdiklərini və orada olan anbardakı məhsulları ona göstərdiyini və “Mənlə işləsən aya 1500-2000 manat gəlirimiz olacaq” bildirdiyini, onunla birgə bu işlə məşğul olmaq üçün razılaşdığını, Əliəsgərin ona onun anbarında olan malın 4000 (dörd min) manat dəyərində olduğunu bildirdiyini, həmin pula da Bakı şəhərindən mal gətizdirməyə görə ondan 4000 (dörd min) manat pul istədiyini, xx.xx.2024cü il tarixdə Cavabdeh 4000 manat pul verdiyini, iki gün Əliəsgərlə birgə işlədiyini, mağazalara mal paylayan zaman qazandıqları pulu üzə çıxarmadığını gördüyünü, onun buna etirazını bildirdiyini və onunla işləyə bilməyəcəyini və ona verdiyi 4000 (dörd min) manat pulu geri qaytarmasını bildirdiyini, Əliəsgərin ona aldığı 4000 (dörd min) manat pulu hər ay 1000 (bir min) manat məbləğində geri qaytaracağını bildirdiyini, həmin vaxt aralarında yazılı razılaşma yazıb hər birinin imza etdiklərini, həmçinin öz razılğı ilə çəkilmiş video yazıda borclu olduğunu etiraf etdiyini, həmin vaxtdan bu günədək keçən müddət ərzində söz verdiyi kimi ona olan borcunu qaytarmadığını, Cavabdeh ilə əlaqə saxlasa da əksər vaxtlarda telefonlarına cavab vermədiyini və ya müxtəlif bəhanələr gətirməklə borcunu qaytarmadığını, bu məsələ ilə bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinə ərziə ilə müraciət etdiyini, hər ikisini Nazirliyə dəvət edib dinlədiklərini, Əliəsgərin ona 4000 (dörd min) manat borcu olduğunu etiraf etdiyini, mülki iş olduğundan əlavə olaraq məhkəmə orqanlarına müraciət edə biləcəyini Naxçıvan MR Daxili İşlər Nazirliyindən ona şifahi olaraq bildirdiklərini, onun bundan sonra pul tələbi ilə bağlı Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-620/2024-cü il tarixli qərardadı əsasında iddia ərizəsinin geri qaytarıldığını, iddia kommersiya mübahisəsi olduğundan iddia ərizəsinin geri qaytarıldığını, əlavə olaraq xx.xx.2024-cü il arixində X2 pretenziya qaydasında müraciət etsə də cavab verilmədiyini qeyd etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçı 27 iyun 2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında verdiyi izahında onun taksi sürücüsü olduğunu, Əliəsgərin ona “Gəl kolbasa satışı ilə məşğul olaq, əlavə gəlirimiz olsun” dediyini, onunla iki gün işlədiyini, “Bəlkə bu işi görə bilərəm” dediyini, lakin sonra bu işi edə bilmədiyini gördüyünü, cavabdehin də ona “Bu iş sənlik deyil” dediyini, Əliəsgərin ona “Mal vurmuşam pul qazanacağam” dediyini, onun da “Əlavə pul istəmirəm, mənim pulumu qaytar” dediyini, cavabdehin ayda 500-500 pulu ödəməsinə razılaşdıqlarını, lakin onun pulunu qaytarmadığını, 26 iyul 2024-cü il tarixdə məhkəmə baxışı iclasında verdiyi izahatında onun taksi sürücüsü olduğunu, Əliəsgəri 8-10 ildir ki tanıdığını, Əliəsgərin ona “Kolbasa işi ilə məşğul olaq” dediyini, onun Əliəsgərə 4.000 manat pul verdiyini, sonra onun yoxa çıxdığını, cavabdehin onun kimi çox adamı aldatdığını, onun Əliəsgərin valideynlərinə gedib “Əliəsgər mənə qarşı dələduzluq edir” dediyini, onlar “Biz onu tanımırıq, Əlisəgərə görə evimizi satmışıq, öz evimizdə kirayə qalırıq” dediyini, cavabdehə, “Mənim pulumu ver” dediyini, Əliəsgərin ona “Sənin pulunu xərcləmişəm, pulum yoxdur” dediyini bildirmişdir. Cavabdeh 27 iyun 2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında iddianı qəbul etdiyini bildirərək verdiyi izahında onların 24 yanvar 2024-cü ildə birlikdə işləməklərinə görə qərara gəldiklərini, Coşqun onunla iki gün işə çıxdığını, daha sonra iddiaçının “Ailəmə görə alınmır, işləyə bilmirəm” dediyini, onların iddiaçının pulunu qaytarmağa görə razılaşdıqlarını, iddiaçıya “Təzə mal vurmuşam indi pulu qaytara bilmirəm” dediyini, borcun etirafı ilə bağlı iddiaçı məhkəməyə müraciət etsin deyə ərizə yazdığını, mallara görə ziyana düşdüyünü, iddiaçıya pulu hissə-hissə ödəməyi dediyini, lakin onun razı olmadığını, iddiaçının “Pulumu məhkəmə qərarı ilə qaytar” dediyini bildirmişdir. İş materiallarında olan Cavabdeh etiraf ərizəsindən (İddiaçı və Cavabdeh arasındakı yazılı razılaşma) görünür ki, 24 yanvar 2024-cü il tarixdə İddiaçı kiçik biznesi böyütmək üçün 4000 (dörd min) manat borc almış, birlikdə işə başlamışlar, bir müddət sonra İddiaçı işləməmək qərarına gəlmiş və Cavabdeh 4000 manatı İddiaçı aylıq hissə-hissə ödəməyi təklif etmiş, İddiaçı da buna razılıq vermişdir. Belə ki, Cavabdeh etiraf ərizəsində (İddiaçı və Cavabdeh arasındakı yazılı razılaşma) “Bu pulun ödənilmədiyi təqdirdə bu ərizəmlə məhkəmə qurumuna müraciət edib və pulunu aylıq şərtlərlə tam ala bilər” ifadələri öz əksini tapmışdır. Həmçinin qeyd edilən sənəd Cavabdeh və İddiaçı tərəfindən imzalanmışdır. Həmçinin iş materiallarında olan CD-dən görünür ki, Cavabdeh 4000 manat məbləğində pulu İddiaçı aldığını və aylıq olaraq qaytaracağını etiraf edərək, bu video yazının da maddi sübut kimi saxlanılaraq Hüquq Mühafizə orqanlarında və Məhkəmə orqanlarda istifadə edilə biləcəyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Cavabdeh etiraf ərizəsindən (İddiaçı və Cavabdeh arasındakı yazılı razılaşma) və iddiaçının məhkəməyə təqdim etdiyi CD görünür ki, həqiqətən də iddiaçı tərəfindən cavabdehə 4000 manat məbləğində pul verilmişdir. Belə ki, Cavabdeh özü də bu halı inkar etməyərək 27 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq icasında iddianı etiraf edərək iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə bildirir ki, cavabdehin “Etiraf”ı məhkəmə tərəfindən yoxlanılaraq müəyyən edilir ki, Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsində göstərilən hallar mövcud deyildir. Belə ki, cavabdeh tərəfin iddianı etiraf etdiyini və iddianın etirafının qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq iddianın etirafının məhkəmə tərəfindən qəbul edilərək 191.3-cü maddəsinə uyğun olaraq iddiaçının irəli sürdüyü tələbləri təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edilməli olduğundan MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Beləliklə məhkəmə 4000 (dörd min) manat məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı ödənilməsi qənaətindədir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. 4000 (dörd min) manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu Cavabdeh (FİN-xxxxxxx VÖEN **********) alınıb İddiaçı (FİN-xxxxxxx VÖEN **********) ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar