Məhkəmə qərarları › İş №e-2-2(123)-336/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-336/2024

01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-336/2024 01.07.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 15 may 2024-cü il tarixdə elektron qaydada daxil olmuş ərizə ilə məhkəməyə müraciət edərək cavabdеhlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 002R********** saylı krеdit razılaşması üzrə 4785,72 manat məbləğində krеdit bоrcu, 424,1 manat məbləğində faiz bоrcu və 98,49 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5308 (beş min üç yüz səkkiz) manat 31 (otuz bir) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 73,08 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı QSC ilə Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 002L**********89 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хətti açıldığını, uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixli 002R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 6000 (altı min) manat məbləğində kredit götürdüyünü, onun uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatdığını, kredit müqaviləsi üzrə xx.xx.2023- cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmadığını, Cavabdeh1 götürdüyü krеdit bоrcundan 1214,28 manat ödədiyini, onun 4785,72 manat məbləğində kredit borcu qaldığını, uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faizin qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablandığını, bir gün üçün kredit faizinin kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablandığını, qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 131 gün üçün hesablanmış faiz borcunun 424,1 manat təşkil etdiyini, uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclunun ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməli olduğunu, xx.xx.2024-cü il tarixə 131 gün üçün hеsablanmış cərimənin 98,49 manat təşkil etdiyini, uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alanın müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditorun müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malik olduğunu, uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zaminin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüyünü və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıdığını, həmin müqavilənin 11.4-cü bəndinə əsasən zaminin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürdüyünü, həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıdığını bildirmişdir. Məhkəmə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə xx.xx.2024-cü il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdehlər bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişlər. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarında olan: 13 aprel 2023-cü il tarixli, 002L**********89 saylı uzunmüddətli kredit və təminat müqavilədən görünür ki, bu müqavilə bank İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “Babək” filialı ilə kredit alan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 hesabına 120 ay müddətinə 300.000 (üç yüz min) manat məbləğində kredit xətti açılmış və verilən hər bir kredit üzrə kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi, olduğu təqdirdə ödəniş planı və digər şərtləri hər dəfə müqavilənin tələbləri nəzərə alınmaqla kredit sazişi ilə müəyyən edilmişdir. Həmin müqavilənin: 4.9-cu bəndinə görə Bank, kredit alan krediti və kredit faizini Banka vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. 12.1.2-ci bəndinə görə kredit alan müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, kredit faizini və digər ödənişləri həmin müqavilədə razılaşdırılmış qaydada və olduğu təqdirdə ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditorun müqaviləyə vaxtından əvvəl xitam vermək və hər bir qaytarılmalı kredit üçün kredit borcunu, faiz bоrcunu, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb etmək hüququna malikdir. xx.xx.2023-cü il tarixli, 002L**********89 saylı “Uzunmüddətli kredit və təminat müqaviləsi” üzrə Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2023-cü il tarixli, 002R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmadan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 24 ay müddətinə faktiki illik faiz dərəcəsi 26,53% olmaqla, 6000 (altı min) manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı təşkilatın möhürü ilə təsdiq olunmuş xx.xx.2023-cü il tarixli “Kreditin verilməsi - köçürmə” adlı sənəddən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 6000 (altı min) manat məbləğində pul vəsaiti Cavabdeh1 hesabına köçürülmüşdür. xx.xx.2023-cü il tarixli, 002L**********89 saylı “Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında bağlanmış xx.xx.2023-cü il tarixli, 002R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşmanın ödəniş planının təsdiq olunmuş surətindən görünür ki, 13 aprel 2023-cü il tarixdə kredit alan Cavabdeh1 aylıq 2.0833% dərəcəsilə verilmiş 6000 (altı min) manat məbləğində kreditin və ona hesablanmış faizlərin 15 may 2023-cü il tarixdən 15 aprel 2025-ci il tarixə kimi müvafiq məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki: xx.xx.2024-cü il tarixli, OUT-2024/02/21-36 nömrəli maliyyə cədvəlindən görünür ki, İddiaçı QSC-nin müştərisi olan Cavabdeh1 002R********** saylı xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixinə olan vəziyyətə dair əsas məbləğ üzrə borcu 4785,72 manat, faiz üzrə bocu 424,1 manat, cərimə hesablanmış gecikdirilən günlərin sayı 131 gün olmaqla cərimə borcu 98,49 manat təşkil etmiş, cəmi borcu isə 5308,31 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Belə ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 002L**********89 saylı “Uzunmüddətli kredit və təminat müqaviləsi” üzrə xx.xx.2023-cü il tarixli, 002R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmanın bağlanması və təqdim edilmiş sübutlardan iddiaçı təşkilatın möhürü ilə təsdiq olunmuş xx.xx.2023-cü il tarixli “Kreditin verilməsi-köçürmə” adlı sənədə əsasən 6000 (altı min) manat məbləğində kreditin borclu Cavabdeh1 hesabına köçürülməsi ilə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, borclu müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən 11 yanvar 2024-cü il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məktub ünvanlanaraq gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. “Uzunmüddətli kredit və təminat müqaviləsi”nin 12.1.2-ci bəndində kredit alanın müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, kredit faizini və digər ödənişləri həmin müqavilədə razılaşdırılmış qaydada və olduğu təqdirdə ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditorun müqaviləyə vaxtından əvvəl xitam vermək və hər bir qaytarılmalı kredit üçün kredit borcunu, faiz bоrcunu, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb etmək hüququ nəzərdə tutulduğundan və iş materiallarında olan sübutların tədqiqi zamanı borclunun öhdəliyin icrasını pozulduğu müşayiət edildiyindən kreditorun öhdəliyin icrasını vaxtından əvvəl tələb etməkdə haqlı olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Belə ki, kredit alan Cavabdeh1 uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmadığından adına 131 gün gecikdirilmiş gün hesablanmış, xx.xx.2024-cü il tarixinə olan vəziyyətə dair əsas məbləğ üzrə borcu 4785,72 manat, faiz üzrə bocu 424,1 manat, cərimə borcu 98,49 manat olmaqla, cəmi borcu isə 5308,31 manat təşkil etmiş, qeyd edilən halın ilə əlaqədar OUT-2024/02/21-36 nömrəli maliyyə arayışı iş materiallarına əlavə edilmişdir. Bundan əlavə “Uzunmüddətli kredit və təminat müqaviləsi” əsasında müqavilədən irəli gələn öhdəliklərinin icrasını təmin ediməsi məqsədilə cavabdеh Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Belə ki, zamin Cavabdeh2 həmin müqaviləyə əsasən kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyət daşımağı və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşımağı, müqavilə üzrə kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz üzərinə götürmüşdür. Bu hal onu deməyə əsas verir ki, zamin borcalanla birlikdə kreditor qarşısında birgə məsuliyyət daşıdığından krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini də icra еtməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı) Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı 15 may 2024-cü il tarixli, e-2-2(123)-336/2024 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehlərə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdehlər tərəfindən öhdəliyin onun tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, ona qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 5308,31 (beş min üç yüz səkkiz manat 31 qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun məbləği 73,08 (yetmiş üç manat 08 qəpik) manatdır. İddiaçı QSC tərəfindən ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən iddia ərizəsinin verilməsinə görə 73,08 (yetmiş üç manat 08 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə ərizəsi təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas məbləğ üzrə borcu 4785,72 (dörd min yeddi yüz səksən beş manat 72 qəpik) manat, faiz üzrə bocu 424,1 (dörd yüz iyirmi dörd manat 1 qəpik) manat, cərimə borcu 98,49 (doxsan səkkiz manat 49 qəpik) manat olmaqla, cəmi borcu isə 5308,31 (beş min üç yüz səkkiz manat 31 qəpik) manat iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun məbləği 73,08 (yetmiş üç manat 08 qəpik) manat tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 284-6 və 358.0.2-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 4785,72 (dörd min yeddi yüz səksən beş manat 72 qəpik) manat, faiz üzrə bocu 424,1 (dörd yüz iyirmi dörd manat 1 qəpik) manat, cərimə üzrə borcu 98,49 (doxsan səkkiz manat 49 qəpik) manat olmaqla, cəm borc məbləği olan 5308,31 (beş min üç yüz səkkiz manat 31 qəpik) manat və iddia ərizəsinin verilməsinə görə 73,08 (yetmiş üç manat 08 qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar