Məhkəmə qərarları › İş №e-2-2(123)-337/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-337/2024

10.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-337/2024 10.09.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı Naxçıvan Sukanalizasiya İdarəsinin Cavabdehnə qarşı dəymiş zərərin ödənilməsi və pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Naxçıvan Sukanalizasiya İdarəsinin vəkili-nümayəndəsi Vəkil 15 may 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etməyən Cavabdehndən 17298,00 manat əsas vəsait, 648,675 manat dəymiş zərərin və vəkil xidmətinə görə ödənilmiş 320 manat vəsaitin tutularaq Naxçıvan Sukanalizasiya İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 12 avqust 2024-cü il tarixdə iddiaçının vəkili-nümayəndəsi Vəkil tərəfindən elektron qaydada məhkəməyə iddia tələbinin dəqiqəşdirilməsinə dair ərizə ünvanlanaraq həmin ərizədə “Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etməyən Cavabdehndən 17298,00 manat əsas vəsait, 648,675 manat dəymiş zərərin, 144 manat dövlət rüsumunun və vəkil xidmətinə görə ödənilmiş 320 manat vəsaitin tutularaq Naxçıvan Sukanalizasiya İdarəsinə ödənilməsi” barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 21 avqust 2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə “Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etməyən Cavabdehndən 17298,00 manat əsas vəsaitin, 648,675 manat dəymiş zərərin, 144 manat dövlət rüsumunun və vəkil xidmətinə görə ödənilmiş 320 manat vəsaitin tutularaq Naxçıvan Sukanalizasiya İdarəsinə ödənilməsi” tələbi həcmində baxılması qərara alınmışdır. İddiaçı ərizəsindəCavabdeh (VÖEN:**********) ilə Naxçıvan Sukanalizasiya İdarəsi (VÖEN: **********) arasında malların satın alınması ilə bağlı 07 iyun 2023-cü il tarixli, 07/23 nömrəli müqavilənin bağlanıldığını, müqavilə şərtlərinə əsasən, Naxçıvan Sukanalizasiya İdarəsinin 62883,03 (altmış iki min səkkiz yüz səksən üç manat 03 qəpik) manat vəsait həcmində X2 Məsuliyyətli Cəmiyyətinə cari təmir üçün mal materialları sifariş etdiyini və Cavabdeh 30 gün müddətinə Naxçıvan Sukanalizasiya İdarəsinə təhvil verdiyini, müqavilə şərtlərinin tələblərinə əsasən sifarişçi olaraq üzərlərinə götürdükləri öhdəliyi icra edərək cari təmir üçün mal materialların satın alınması üçün X2 Məsuliyyətli Cəmiyyətinə 62883,03 (altmış iki min səkkiz yüz səksən üç manat 03 qəpik) manat vəsait ödənildiyini, lakin, Cavabdeh tərəfindən malların yalnız bir qisminin təhvil verildiyini, hazırda Cavabdeh tərəfindən 17298,00 manat dəyərində malların təqdim edilmədiyini, tərəflərindən Cavabdehnə dəfələrlə müraciət etmələrinə, eyni zamanda bununla bağlı pretenziya ünvanlamalarına baxmayaraq, bu günədək mal-materialın təhvil verilmədiyini qeyd etməklə əsaslandırmış, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.1-ci, 389.1-ci, 399.1-ci, 425.1-ci, 425.2-ci, 441.2-ci, 442-ci, 445.1-ci, 448.1-ci, 448.2-ci maddələrinə istinad edərək, cavabdehin mülki dövriyyənin sabitliyini pozduğunu, Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə üzərinə götürdüyü öhdəliyi 9 aydır ki, icra etmədiyini, Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək icraçının üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyinə görə 17298,00 manat x 5% = 864,9 manat : 12 ay = 72,075 x 9 ay = 648,675 manat sifarişçiyə maddi zərər vurduğunu, bu zərərin hal hazırda da davam etməkdə olduğunu, bundan başqa cavabdehin üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyindən və pretenziya tələblərini təmin etmədiyindən iddiaçının iddia qaldırmaq məqsədilə 320 manat məbləğində vəkil xidmətlərinə görə ödəniş etmək məcburiyyətində qaldığını, həmin ödənişlərin cavabdehdən tutularaq iddiaçıya ödənilməli olduğunu, Cavabdehndən tutularaq, Naxçıvan Sukanalizasiya İdarəsinə ödənilməli olduğunu qeyd etməklə əsaslandırmışdır. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 31 iyul 2024-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil Hüquqlarını müdafiə etdiyi və müqavilə bağladığı, eyni zamanda nümayəndəsi olduğu Naxçıvan Sukanalizasiya İdarəsinin, Cavabdeh ilə 07 iyun 2023-cü il tarixli müqavilə bağlayaraq 62883 (altmış iki min səkkiz yüz səksən üç) manat dəyərində cari təmir üçün olan mal-material sifariş etdiyini və həmin mal-materialların alınması ilə bağlı həmin gün də Cavabdeh tərəfindən qaimə vurulduğunu, dərhal da təsdiq olunduğunu, ödəniş tapşırıqlarından da, həmin vəsaitin iki hissədən ibarət olmaqla ödənildiyinin göründüyünü, Cavabdeh tərəfindən müvafiq mallar təhvil verilsə də malların bir hissəsinin tamlığının təmin olunmadığını, konkret olaraq 17298 (on yeddi min iki yüz doxsan səkkiz) manat dəyərində mallar təqdim edilmədiyini, Sukanalizasiya İdarəsinin əvvəlki rəhbərliyinin dövründə baş vermiş proses olduğunu, yeni rəhbərlik təyin olunandan sonra mal və materialın qalan hissəsinin təhvil verilməsini tələb etdiklərini, tələb edərkən həmin şəxsin bugün sabah deyərək təhvil verməkdən boyun qaçırdığını, lakin sonradan ümumiyyətlə əlaqələri kəsib telefonlara belə cavab vermədiyini, tərəflərindən məcbur qalıb pretenziya ünvanladıqlarını, pretenziya müddətində də ödənişlərin yerinə yetirilmədiyini və bununla bağlı hər hansı etirazını da bildirmədiyini, məcbur qalıb məhkəməyə müraciət etməli olduqlarını, hal-hazırda müqavilə üzrə yaranmış öhdəliklərin 07 iyun 2023-cü il tarixdə olduğunu, onların isə iddianı 15 mayda, 9 ay tamam olanda qaldırdıqlarını, ona görə Mərkəzi Bankın uçot dərəcəsi ilə əldən çıxmış fayda kimi illik 5 faiz dərəcəsi ilə faiz hesablandığını, vəkilə ödənilən məbləğin ilkin olaraq 1000 (bir min) manat məbləğində razılaşdırıldığını, lakin Sukanalizasiya İdarəsi büdcə təşkilatı olduğundan, xəzinədarlıq tərəfindən buna icazə verilmədiyindən 320 (üç yüz iyirmi) manata müqavilə bağlandığını, 320 (üç yüz iyirmi) manat vəkil xərci ödənildiyini, bundan başqa hazırkı məbləğlə əlaqədar iddia qaldırılması üçün 144 (bir yüz qırx dörd) manat məbləğində dövlət rüsumunun məhkəməyə ödənildiyini, cavabdeh tərəfindən iddiaçının iddia ərizəsi tələbi üzrə ödənilməyən 17298 (on yeddi min iki yüz doxsan səkkiz) manat əsas vəsait 648,67 (altı yüz qırx səkkiz manat 67 qəpik) manat dəymiş zərər, 144 (bir yüz qırx dörd) manat dövlət rüsumu və 320 (üç yüz iyirmi) manat vəkilə ödənilmiş xidmət haqqının cavabdehdən tutularaq Naxçıvan Sukanalizasiya İdarəsinə ödənilməli olduğunu, iddialarının tamamilə əsaslı olduğunu hesab etdiklərini, qanunvericiliyin tələbinə tərəflərindən əməl edildiyini, Büdcə təşkilatı olmasını da xüsusilə diqqətə çatdıraraq, bu vəsaitin dövlət büdcəsindən ayrılan vəsait olduğunu və bu idarə tərəfindən sərbəst surətdə əməliyyatların həyata keçirilməsi deyil, “Dövlət Satınalmaları haqqında” qanuna əsasən satınalmaların həyata keçirildiyini, bu müqavilələrin qanunvericiliklə müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyi tərəfindən qeydiyyata alındığını, eyni zamanda satınalma prosedurunun nəzarətə götürüldüyünü və xəzinədarlıq tərəfindən bütün bu prosedurlar həyata keçirildikdən sonra maliyyələşmə həyata keçirildiyini, göründüyü kimi hal-hazırda dövlət büdcəsindən ayrılmış vəsait hesabına müvafiq malların alınması üçün ödənilmiş vəsait üzrə cavabdehin öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyini, cavabdehin üzərinə iddialarında qeyd olunmuş əsaslar üzrə öhdəlik qoyulmalı olduğunu bildirmişdir. 10 sentyabr 2024-cü il tarixə, saat 09:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının vəkili-nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak etməmişlər. 09 sentyabr 2024-cü il tarixdə iddiaçının vəkili-nümayəndəsi Vəkil tərəfindən elektron qaydada məhkəməyə ərizə ünvanlanaraq həmin ərizədə iş üzrə məhkəmə baxış iclasının 10 sentyabr saat 09:05-ə təyin edildiyi, lakin üzrlü və obyektiv səbəblərdən məhkəmə baxış iclasında iştirakının qeyri-mümkün olacağı, belə ki, həmin tarixdə həm Bakı şəhərində olan məhkəmə iclasları ilə əlaqədar, həm də ki Naxçıvan şəhərinə həmin tarixdə bilet əldə etmək qeyri-mümkün olduğu üçün məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyi, bu səbəbdən də məhkəmə baxış iclasına onların iştirakı olmadan baxılması zəruriyyətinin yarandığı qeyd olunmuş, göstərilənlərə əsasən 10 sentyabr tarixli məhkəmə baxış iclasına iştirakları olmadan baxılması və iddialarının tam təmin edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 07 iyun 2023-cü il tarixli, 07/23 nömrəli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsindən görünür ki, bu müqavilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 40.11-ci maddəsinə uyğun olaraq dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaiti hesabına satın alınmasında tərtib olunur. Həmin müqavilənin: 1-ci bəndindən görünür ki, bu müqavilə bir tərəfdən bundan sonra “Sifarişçi” adlandırılacaq Naxçıvan Sukanalizasiya İdarəsinin müdiri X3 və digər tərəfdən bundan sonra “ İcraçı” adlandırılacaq Cavabdeh MMC-nin Direktoru Nümayəndə arasında 07 iyun 2023-cü il tarixdə Naxçıvan şəhərində bağlanmışdır. 2.1-ci bəndindən görünür ki, tərəflər təsdiq edir ki, sifarişçi cari təmir üçün mal-materialın satın alınması üçün icraçının 62883.03 (altmış iki min səkkiz yüz səksən üç manat 03 qəpik) manat məbləğində tender təklifini qəbul etmişdir. 2.2-ci bəndindən görünür ki, icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan cari təmir üçün mal-materialların təhvil verilməsini öhdəsinə götürür. 2.3 ci bəndindən görünür ki, sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. 5.1-ci bəndindən görünür ki, icraçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları (işləri xidmətləri) sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. 5.4-cü bəndindən görünür ki, sifarişçi müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirəsalınmadan (aşkar olunan qüsurların icraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. 13.1-ci bəndindən görünür ki, müqavilə üzrə ödəmələr (o cümlədən, avans ödənişi) sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında ən qısa müddət ərzində lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır. xx.xx.2023-cü il tarixli, 500OPX1231592A47 nömrəli ödəniş tapşırığından görünür ki, Naxçıvan Sukanalizasiya İdarəsi (ödəyici) tərəfindən 9592.33 (doqquz min beş yüz doxsan iki manat 33 qəpik) manat məbləğində vəsait Cavabdeh MMC-nin (vəsait alanın) AZ48CTRE******************** nömrəli hesabına köçürülmüşdür. xx.xx.2023-cü il tarixli, **********/605846420 nömrəli ödəniş tapşırığından görünür ki, Naxçıvan Sukanalizasiya İdarəsi (ödəyici) tərəfindən 53290,7 (əlli üç min iki yüz doxsan manat yetmiş qəpik) manat məbləğində vəsait Cavabdeh MMC-nin (vəsait alanın) AZ07AİİB**********0435310500 nömrəli hesabına köçürülmüşdür. 19022 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 320,00 (üç yüz iyirmi) manat məbləğində vəkil xərci ödənilmişdir. ********** nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Naxçıvan Sukanalizasiya İdarəsi tərəfindən iddia ərizəsinin verilməsinə görə 145.00 (bir yüz qırx beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, Cavabdeh ilə Naxçıvan Sukanalizasiya İdarəsi arasında 07 iyun 2023-cü il tarixli, 07/23 nömrəli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmış, həmin müqavilə əsasında sifarişçi cari təmir üçün mal-materialın satın alınması ilə bağlı icraçının 62883.03 (altmış iki min səkkiz yüz səksən üç manat 03 qəpik) manat məbləğində tender təklifini qəbul etmiş, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Naxçıvan Sukanalizasiya İdarəsi bağlanmış müqavilənin şərtlərinə və tələblərinə əməl edərək ödəniş tapşırıqları əsasında 15 bank günündən gec olmayaraq, 08 iyun 2023-cü il tarixdə iki hissədən ibarət olmaqla 62883.03 (altmış iki min səkkiz yüz səksən üç manat 03 qəpik) manat məbləğində sifariş edilən malların dəyərini əvvəlcədən Cavabdeh MMC-nin hesabına köçürmüş, malların dəyərinin köçürülməsi iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 500OPX1231592A47 nömrəli və xx.xx.2023-cü il tarixli **********/605846420 nömrəli ödəniş tapşırıqları ilə öz təsdiqini taparaq işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş üzrə müəyyən edilmiş digər hal ondan ibarətdir ki, Naxçıvan Sukanalizasiya İdarəsi ödəniş tapşırıqları əsasında sifariş etdiyi malın dəyərini əvvəlcədən tamamilə ödəməsinə baxmayaraq Cavabdeh 17298,00 manat dəyərində ödənilmiş malları təqdim etməmiş, bununla da tərəflər arasında bağlanmış müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəliyin icrasından yayınmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 569.1-ci maddəsinə əsasən Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 577.1-ci maddəsinə əsasən Alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. 578.1-ci maddəsinə əsasən Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Nəticədə, məhkəmə hesab edir ki, Cavabdeh, miqdarı pul ilə ifadə edilən və dövlət hesabına alınan 62883,03 (altmış iki min səkkiz yüz səksən üç manat 03 qəpik) manat məbləğində materiallardan 17298,00 (on yeddi min iki yüz doxsan səkkiz manat sıfır qəpik) manat dəyərində olan malları sifarişçiyə təqdim etmədiyindən iddiaçı Naxçıvan Sukanalizasiya İdarəsi pozulmuş hüquqların bərpası məqsədilə qanunvericiliyin vermiş olduğu hüquqlardan istifadə edərək cavabdeh təşkilata qarşı məhkəmədə iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Bununla da, məhkəmə müəyyən edilmiş hallara əsasən, iddiaçı Naxçıvan Sukanalizasiya İdarəsinin Cavabdehnə qarşı qaldırdığı iddia üzrə tələbin 17298,00 (on yeddi min iki yüz doxsan səkkiz manat sıfır qəpik) manat hissədə əsaslı olduğunu bildirir. Məhkəmə iddia tələbinin “Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etməyən Cavabdehndən 648,67 manat dəymiş zərərin tutularaq Naxçıvan Sukanalizasiya İdarəsinə ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədən öhdəliyin lazımınca icra edilmədiyi halda məsuliyyətin müəyyən edilməsi göz önündədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı 17298.00 manat məbləğində ödənilməmiş materialların dəyərindən 9 ay müddətinə gecikməyə 5% tətbiq etməklə 648,67 (altı yüz qırx səkkiz manat, 67 qəpik) manat məbləğində dəymiş zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Mülki Prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 114.1. və 114.1.1-ci maddələrinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır: 115.0 və 115.0.6-cı maddələrinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində hesablanır. Həmin Qanununun 9.1 və 9.1.14-cü maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə ki, hazırkı iş üzrə iddianın qiymətinin 17946,67 (on yeddi min doqquz yüz qırx altı manat 67 qəpik) manat olduğunu nəzərə alaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 143,84 (bir yüz qırx üç manat 84 qəpik) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Hazırkı iş üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olmasına baxmayaraq tərəfindən 145 (bir yüz qırx beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə qeyd edir ki, iddia tam təmin edildiyindən ödənilməli olan 143,84 (bir yüz qırx üç manat 84 qəpik) manat məbləğində dövlət rüsumu bütövlükdə Cavabdehndən alınıb, dövlət rüsumundan azad edilməsinə baxmayaraq dövlət rüsumunu ödəmiş iddiaçı Naxçıvan Sukanalizasiya İdarəsinə ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 1,16 (bir manat on altı qəpik) manat məbləğində dövlət rüsumu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən iddiaçı Naxçıvan Sukanalizasiya İdarəsinə qaytarılmalıdır. Bununla yanaşı vəkil xidmətinə görə ödənilmiş vəkil xərci, iddianın təmin edilmiş hissəsinə münasibətdə (tam təmin edildiyini nəzərə alaraq) 320 (üç yüz iyirmi) manat məbləği Cavabdehndən alınıb iddiaçı Naxçıvan Sukanalizasiya İdarəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, Cavabdehndən 17298,00 (on yeddi min iki yüz doxsan səkkiz manat sıfır qəpik) manat məbləğində əsas borc, 648,67 (altı yüz qırx səkkiz manat 67 qəpik) manat məbləğində dəymiş zərər olmaqla ümumilikdə 17946,67 (on yeddi min doqquz yüz qırx altı manat 67 qəpik) manat alınıb iddiaçı Naxçıvan Sukanalizasiya İdarəsinə ödənilməli, 143,84 (bir yüz qırx üç manat 84 qəpik) manat məbləğində dövlət rüsumu bütövlükdə Cavabdehndən alınıb iddiaçı Naxçıvan Sukanalizasiya İdarəsinə ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 1,16 (bir manat on altı qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən iddiaçı Naxçıvan Sukanalizasiya İdarəsinə qaytarılmalı, vəkil xidmətinə görə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində vəkil xərci Cavabdehndən alınıb iddiaçı Naxçıvan Sukanalizasiya İdarəsinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi əsaslı olduğundan təmin edilsin. Cavabdehndən (VÖEN:**********) 17298,00 (on yeddi min iki yüz doxsan səkkiz manat sıfır qəpik) manat məbləğində əsas borc, 648,67 (altı yüz qırx səkkiz manat 67 qəpik) manat məbləğində dəymiş zərər olmaqla, ümumilikdə 17946,67 (on yeddi min doqquz yüz qırx altı manat 67 qəpik) manat alınıb iddiaçı Naxçıvan Sukanalizasiya İdarəsinə (VÖEN: **********) ödənilsin. Cavabdehndən 143,84 (bir yüz qırx üç manat 84 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınıb iddiaçı Naxçıvan Sukanalizasiya İdarəsinə ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 1,16 (bir manat on altı qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən iddiaçı Naxçıvan Sukanalizasiya İdarəsinə qaytarılsın. Vəkil xidmətinə görə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində vəkil xərci Cavabdehndən alınıb iddiaçı Naxçıvan Sukanalizasiya İdarəsinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar