Məhkəmə qərarları › İş №e-2-2(123)-35/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-35/2023

07.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-35/2023 07.03.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı cavabdehlər Cavabdehnə və X3, X5 qarşı iddiaçının təsisçisi olduğu Cavabdeh nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ona verilməsi, 2018, 2019, 2020, 2021, 2022-ci maliyyə illəri üzrə cəmiyyətin xalis mənfəətinin İddiaçı çatası hissəsinin, həmçinin həmin məbləğin ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsini əsas götürməklə faizlərin dəqiq müəyyən olunub ona ödənilməsi tələbi barədə elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı vəkili-nümayəndəsi Nümayəndə 02 mart 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı təsisçisi olduğu Cavabdeh nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ona verilməsi, 2018, 2019, 2020, 2021, 2022-ci maliyyə illəri üzrə cəmiyyətin xalis mənfəətinin İddiaçı çatası hissəsinin, həmçinin həmin məbləğin ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsini əsas götürməklə faizlərin dəqiq müəyyən olunub iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyünün yoxlanılması ilə əlaqədar elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilən sənədlər nəzərdən keçirilərkən, məhkəmə tərəfindən iddia ərizəsinin qəbul edilməkdən imtina olunması, eyni zamanda iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 150.1 və 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Hazırkı vəziyyətdə iddia ərizəsi ərizədə vəkil-nümayəndə kimi göstərilmiş Nümayəndə tərəfindən elektron imza ilə imzalanmış, lakin onun iddiaçının vəkili olması ilə bağlı hər hansı bir sənəd (vəkil orderi, xidmət müqaviləsi) ərizəyə əlavə edilməmişdir. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən, Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 69.1-1-ci maddəsinə əsasən, Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda bu qanunun Azərbaycan Respublikasının ərazisində hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini həyata keçirmək üçün özünün seçdiyi vəkilə müraciət etmək, tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüquqlarının təmin olunmasının və başqa məsələlər üzrə hüquqi yardım göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə qəbul edildiyi qeyd olunmuşdur. Həmin qanunun 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, Vəkillər hüquqi yardımın göstərilməsi ilə bağlı aşağıdakı məsələlərdə iştirak edirlər: dövlət və qeyri-dövlət orqanlarında və təşkilatlarda, o cümlədən xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fiziki və hüquqi şəxslərin nümayəndəliyinin həyata keçirilməsində; hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar və arayışlar verilməsində; ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsində; fiziki və hüquqi şəxslərə lazımi hüquqi yardım göstərilməsində, onların fəaliyyətinin hüquqi təminatının həyata keçirilməsində; digər növ hüquqi yardım göstərilməsində. Həmin qanunun “Vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydaları” adlı 5-ci maddəsinin 3-cü hissəsinə əsasən, Vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Qeyd olunan qanunun 5-ci maddəsinin 5-ci hissəsinə əsasən, Vəkillik fəaliyyəti fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun yaradılmış vəkil qurumlarının (hüquq məsləhətxanaları, vəkil büroları, vəkil firmaları və s.) tərkibində həyata keçirilə bilər. İstinad olunan müddəaların məzmunundan aydın olur ki, iddiaçının məhkəməyə nümayəndə vasitəsilə müraciət etmək hüququ olsa da, bu hüquqdan istifadə mexanizmi ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə riayət edilməsi məhkəməyə təqdim olunmuş sənədlərdən müəyyən edilməməkdədir. İş üzrə iddiaçı fiziki şəxs olduğundan, onun nümayəndəsi yaxın qohumu və ya vəkili ola bilər. Vəkilin hüquqi yardım göstərilməsi ilə bağlı fiziki və hüquqi şəxslərin nümayəndəliyinin həyata keçirilməsində də iştirakı qanunla nəzərdə tutulduğundan, belə məlum olur ki, Nümayəndə iddiaçının vəkili olmasını təsdiq edən sənəd ərizəyə əlavə edilməli idi. Çünki, Vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Vəkillər X8 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və order markası haqqında” Əsasnamənin 1.5-ci bəndinə görə Vəkil orderi (bundan sonra – order) – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə səlahiyyətlərin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. Beləliklə, məhkəmə bildirir ki, vəkil Nümayəndə İddiaçı nümayəndəsi qismində çıxış edə bilməsi üçün əvvəlcə vəkil və müvəkkil arasında hüquqi yardımın göstərilməsi ilə bağlı müqavilə bağlanmalı və bağlanmış müqavilə əsasında hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə səlahiyyətlərin verilməsini təsdiq edən order təqdim edilərək nümayəndə səlahiyyətlərinin ona tapşırılmasına dair etibarnamə verilməli idi. Hazırda iddia ərizəsi ilə birlikdə məhkəməyə vəkilin səlahiyyətinə dair Nümayəndə 06/57-NVK saylı vəkil vəsiqəsi və AR-İİ seriyalı 834579 №-li etibarnamə təqdim edilsə də, qanunla müəyyən edilmiş qaydalara uyğun verilmədiyindən, vəkil orderi sənədlərə əlavə olunmadığından həmin sənədlər vəkilin iddiaçının nümayəndəsi qismində tanınması və iddia ərizəsini imzalamaq səlahiyyətinin olmasını müəyyən etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.2-ci maddəsinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Elektron qaydada məhkəməyə göndərilmiş iddia ərizəsinin mətnində bir neçə cavabdeh qeyd olunsa da, tərəflər adlanan bölməsində cavabdehlər X2 və X4 rekvizitləri əks olunmamışdır. Həmçinin, ərizədə iddiaçının VÖEN-i göstərilməmiş, bununla da mülki prosessual qanunvericiliyin iddia ərizəsinin forma və məzmununa dair tələbləri müəyyən edən 149-cu maddəsinə riayət olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.1 və 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı müəyyən edilmiş digər bir hal ondan ibarətdir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Naxçıvan Şəhər Vergilər İdarəsinə elektron qaydada iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin X6 və X7 göndərilməsi üçün müraciət edilmiş, lakin həmin elektron müraciətdə cavabdehlərdən Cavabdeh MMC-nin adı qeyd olunmamış, cavabdehlərin soyadı, ata adı isə düzgün göstərilməmişdir. Əlavə olaraq, Naxçıvan Şəhər Vergilər İdarəsinə xx.xx.2023-cü il tarixdə elektron qaydada ünvanlanmış pretenziya məktubunun kimə çatdırılmalı olması müraciətdən müəyyən olunmamaqdadır. Göstərilənlərlə yanaşı məhkəmə ən əsası qeyd edir ki, Cavabdeh MMC-nin Nizamnaməsinin: 2.4-cü bəndinə əsasən cəmiyyət iştirakçılarının qoyduqları mayaların tərkibi və onun dəyişməsi, mayanın qoyulması qaydası və müddəti ümumi yığıncaq tərəfindən müəyyən edilir. 2.5-ci bəndinə əsasən vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada və ümumi yığıncağın qərarı əsasında bölüşdürülür. 4.3-cü bəndinə əsasən cəmiyyətin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə qanunvericiliklə başqa şərtlər müəyyən edilməmişsə, aşağıdakılar aiddir. -Cəmiyyətin nizamnaməsinə əlavə və dəyişiklik etmək, onun nizamnamə kapitalının miqdarını dəyişdirmək. -Cəmiyyətin növbədənkənar ümumi yığıncaqlarının çağırılması hallarını və qaydasını müəyyən etmək. -Cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, mənfəəti və zərəri bölüşdürmək. -Cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanının üzvlərini təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək. -Cəmiyyətin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək. -Cəmiyyətin başqa təşkilatlarında iştirakı, habelə hüquqi şəxsləri, filialların və nümayəndəliklərin yaradılması, yenidən təşkili və ləğv edilməsi. -Cəmiyyətin icra orqanının səlahiyyətlərinin kənar idarəçiyə verilməsi. -Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydasını müəyyən etmək. Mülki Məcəllənin 90.1-ci maddəsinə görə, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. Həmin Məcəllənin 90-1.1 və 90-1.2-ci maddələrinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Bu normaların məzmunundan görünür ki, iştirakçılar arasında cəmiyyətin yalnız xalis mənfəəti bölüşdürülür. Xalis mənfəət isə cəmiyyətin təsərrüfat fəaliyyəti ilə əlaqədar bütün zəruri xərclər çıxıldıqdan sonra alınır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı nizamnamə kapitalındakı mayasına uyğun olaraq mənfəətdən pay alır. Qeyd etmək lazımdır ki, cəmiyyətin təsisçiləri cəmiyyət yaradılarkən cəmiyyətin nizamnamə kapitalına maya qoyurlar. Mülki Məcəllənin 90.4-cü maddəsinə əsasən isə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər. Beləliklə, cəmiyyətin xalis mənfəəti iştirakçılar arasında onların bölgü aparılan günə mövcud olan mayasının dəyərinə uyğun olaraq bölünməlidir. Xalis mənfəət iştirakçılar arasında tamamilə və ya qismən bölüşdürülə bilər, bəzən isə ümumiyyətlə bölüşdürülə bilməz. Bu isə əsasən məhdud məsuliyyətli cəmiyyətin maliyyə vəziyyəti ilə əlaqədardır. Belə ki, Mülki Məcəllənin 90-1.3-cü maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət aşağıdakı hallarda mənfəətin bölüşdürülməsi haqqında qərar qəbul edə bilməz: - əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyət qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas əlamətlərinə uyğun gəlirsə və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə əlamətlər əmələ gələcəksə; - əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalından azdırsa və ya həmin qərarın qəbul edilməsi nəticəsində onun məbləğindən az olacaqsa. Mülki Məcəllənin yuxarıda göstərilən normasından aydın olur ki, mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. Bu isə Məcəllənin yuxarıda göstərilən normasına görə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 iyun 2017-ci il Qərarı) Göründüyü kimi bu kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından həmin tələblərin həlli məhdud məsuliyyətli cəmiyyətin ali orqanı olan cəmiyyətin iştirakçılarının ümumi yığıncağında qəbul edilən qərar əsasında və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin tələb məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı çağırılaraq həll edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddiaya məhkəmədə baxılmalı olmadığından iddia ərizəsi qəbul edilməkdən imtina edilməli, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmçinin, MPM-in 108.1 və 108.1.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. 114.1 və 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Həmçinin, iddia ərizəsi verilərkən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100,00 (bir yüz) manat məbləğində dövlət rüsumu “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya geri qaytarılmalıdır. Məlumat üçün iddiaçının diqqətinə çatdırılır ki, Naxçıvan MR Kommersiya Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2-2(123)-61/2020 saylı qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh MMC-yə qarşı "xxxx" MMC-nin nizamnamə kapitalına əsasən "xxxx" MMC-də olan 25 faiz və Cavabdeh MMC-nin nizamnamə kapitalına əsasən Cavabdeh MMC-də olan 25 faiz paylarının təsisçi kimi mülkiyyətinə verilməsinə dair hissədə xitam verilməsi qərara alınmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdehnə və X3, X5 qarşı iddiaçının təsisçisi olduğu Cavabdeh nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ona verilməsi, 2018, 2019, 2020, 2021, 2022-ci maliyyə illəri üzrə cəmiyyətin xalis mənfəətinin İddiaçı çatası hissəsinin, həmçinin həmin məbləğin ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsini əsas götürməklə faizlərin dəqiq müəyyən olunub ona ödənilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Həmçinin, iddia ərizəsi verilərkən Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100,00 (bir yüz) manat məbləğində dövlət rüsumu “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar