Məhkəmə qərarları › İş №e-2-2(123)-35/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-35/2025

07.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-35/2025 07.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçının nümayəndəsi Nümayəndə mal material haqqına görə yaranmış 55105,24 (əlli beş min yüz beş manat iyirmi dörd qəpik) əsas borc məbləğinin və 255.32 manat məbləğində dövlət rüsumunun cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsindən alınaraq “X4” MMC-nin hesabına köçürülməsi haqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizədə X3 Mərkəzi MMC ilə Naxçıvan MR Dövlət şəhərsalma və Arxitektura Komitəsinin Culfa rayon İdarəsi arasında şifahi razılaşma əsasında malın işlərin və xidmətinin göstərilməsi barədə razılıq əldə edildiyini, müqaviləyə əsasən X4 MMC sifarişçini mal materialla təmin etdiyini, sifarişçinin isə həmin xidmətləri qəbul etdiyini və bu razılaşdırılmış qaydada mal material haqqını ödədiyini, lakin cavabdeh tərəfindən razlaşma üzrə yaranmış öhdəliklərin yerinə yetirilmədiyini, mal materialın haqqının tam şəkildə ödənmədiyini və bunun nəticəsində xx.xx.2023-cü il tarixinə X4 MMC-yə 55105,24 (əlli beş min yüz beş manat iyirmi dörd qəpik) məbləğində borc yarandığını, qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPMnin 4.3 maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə tərəflərindən dəfələrlə məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq cavabdeh təşkilat tərəfindən heç bir cavab alınmadığını, məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağının bildirildiyini, cavabdeh tərəfə xəbərdarlıq edilməsinə baxmayaraq 55105,24 (əlli beş min yüz beş manat iyirmi dörd qəpik) manatın ödənilməmiş qaldığını, borcun tərəflər arasında tərtib olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı ilə təsdiq olunduğunu bildirərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 443.1-ci və 442-ci maddəsinə istinad etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahında qaldırdığı iddianı müdafiə etdiyini, iddia ərizəsi verilərkən sübutları təqdim etdiklərini, cavabdeh təşkilatın olan borcunu ödəmədiklərini göstərərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh tərəf iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2021-ci il tarixli, 505509 saylı elektron qaimədən görünür ki, “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 69392.64 manat məbləğində mallar təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli, 455640 saylı elektron qaimədən görünür ki, “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə 13591.07 manat məbləğində mallar təqdim edilmişdir. 26 iyul 2023-cü il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinin 26 iyul 2023-cü il tarixinə “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə elektron qaimələr üzrə rəsmiləşən borcu 55105.24 (əlli beş min yüz beş manat, 24 qəpik) manatdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-cimaddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi arasında şifahi razılaşma əldə olunaraq hər iki tərəf üzərinə şifahi razılaşmadan irəli gələn öhdəliklər götürmüşdür.“X4” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh tərəfin həmin razılaşmadan irəli gələn öhdəliyini yerinə yetirmədiyini iddia edib cavabdeh tərəfin borcunun olmasını təsdiq edəcək sənədlər (elektron qaimələrə və üzləşmə aktı) təqdim edərək məhkəməyə müraciət etmişdir. Həmin elektron qaimələrə və üzləşmə aktına nəzər yetirdikdə məlum olur ki, cavabdeh tərəfin iddiaçı tərəfə 55105.24 (əlli beş min yüz beş manat, 24 qəpik) manat məbləğində borcu vardır. Belə ki, iddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti üzərinə düşən öhdəliyi yerinə yetirərək Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə mallar təqdim etmiş, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi isə üzərinə düşən öhdəliyini yerinə yetirməyərək malların dəyərini, yəni 55105.24 (əlli beş min yüz beş manat, 24 qəpik) manatı ödəməmişdir. Tərəflər arasındakı üzləşmə aktı borcun olmasını təsdiq edən mötəbər sənəddir. Həmçinin məhkəmə bildirir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. Bu səbəbdən də məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sənədləri mötəbər sənəd kimi qəbul edərək iddiaçı tərəfin haqqlı olması və iddianın əsaslı olduğundan təmin edilməsi qənaətindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki,iddia təmin edilməli olduğundanMPM-nin 119.1-ci maddəsinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 255,32 (iki yüz əlli beş manat, otuz iki qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsindən alınaraq iddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə qarşı pul tələbi barədə iddiası təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 255,32 (iki yüz əlli beş manat, otuz iki qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsindən alınaraq iddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cımaddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 55105,24 (əlli beş min yüz beş manat iyirmi dörd qəpik) manat əsas borc məbləği və 255,32 (iki yüz əlli beş manat, otuz iki qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsindən alınaraq iddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar