Məhkəmə qərarları › İş №e-2-2(123)-36/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-36/2023

04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-36/2023 04.09.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X8 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh X5 iştirakları olmadan, İddiaçı cavabdeh X7 qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 02 mart 2023-cü il tarixdə məhkəməyə elektron qaydada daxil olmuş ərizə ilə müraciət edərək, ərizəyə kiçik iddialar dair işlərin sadələşdirilmiş icraatı qaydasında baxılmasını, cavabdeh X4 avadanlıqların dəyəri və ödənilməmiş icarə haqlarına görə 6.454 manat, mediasiyaya görə 100 manat olmaqla cəmi 6.554 manat pulun tutulub İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh X9 ilə 13 saylı icarə müqaviləsi bağlayıb cəmi 240 manat məbləğində 345 kv.metr sahə üçün tikinti-inşaat avadanlıqlarını - iskənə və hissələrini (dayaq – 69 ədəd, uzun qol – 108 ədəd, qısa qol – 54 ədəd) 1 ay müddətinə ona icarəyə verdiyini, xx.xx.2022-ci il tarixdə yenidən cavabdehlə 15 saylı icarə müqaviləsi bağlayıb cəmi 78 manat məbləğində 40 kv.metr sahə üçün əlavə olaraq tikinti-inşaat avadanlıqlarını - iskənə və hissələrini (beton dirək – 50 ədəd, dayaq – 8 ədəd, uzun qol – 12 ədəd, qısa qol – 6 ədəd) 1 ay müddətinə ona icarəyə verdiyini, cavabdehin müqavilə bağlanan gün bir aylıq icarə haqqını ödədiyini, sonrakı aylar üçün isə ödəniş etmədiyini, cavabdehin icarə haqlarını ödəmədiyini və avadanlıqları qaytarmadığını görüb onu axtarmağa başladığını, cavabdehi tapmadığı üçün polisə müraciət etdiyini, Bakı şəhəri 37-ci Polis Bölməsində araşdırma aparıldığını və aralarındakı mübahisənin müki məsələ olduğunun, məhkəməyə müraciət etmələrinin tövsiyyə olunduğunun bildirildiyini, Polis bölməsində cavabdehin icarə haqqını və avadanlıqları qaytaracağına söz verdiyini, lakin, yenə sözünə əməl etmədiyini, cavabdehə həm elektron və həm də kağız üzərində pretenziya məktubunu, iddia ərizəsini və sənədləri göndərdiyini, 08 avqust 2022-ci il tarixə kimi icarə haqqının 1-ci müqavilə üzrə 720 manat, 2-ci müqavilə üzrə isə 234 manat olduğunu, avadanlıqların qiymətinin isə 5.500 manat olduğunu bildirib (cəmi 6.454 manat) pulları ödəməsini, əks təqdirdə isə məhkəməyə müraciət edəcəyini bildirib onu xəbərdar etdiyini, cavabdehin xəbərdarlığa əhəmiyyət vermədiyini, mübahisəni mediasiya vasitəsi ilə həll etmək üçün X3 müraciət etdiyini, Mediator tərəfindən xx.xx.2022-ci il tarixə ilkin mediasiya sessiyasının təşkil olunduğunu, lakin cavabdehin mediasiyada iştirak etmədiyini, bu barədə iddiaçıya mediator tərəfindən arayışın təqdim olunduğunu, cavabdehin 08 avqust 2022-ci il tarixədək olan borca görə iddiaçıya cəmi 6.454 manat pul verməli olduğunu, bundan başqa 100 manat mediasiya xərci ödəyərək, həmin məbləğin “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən dövlət rüsumunu əvəz etdiyini və cavabdehdən tutulub ona ödənilməli olduğunu, beləliklə cavabdehdən cəmi 6.554 manat pul tutulub ona verilməli olduğunu bildirərək, ərizəsində Azərbaycan Respublikası MM-nin 442, 448, 675, 684, 700.1, 700.2-ci maddələrinə istinad etmişdir. İddiaçı cavabdeh X7 qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçı ərizəsində ödənilməmiş icarə haqlarının cavabdeh X4 alınıb ona ödənilməsini tələb etməklə yanaşı icarəyə verilən avadanlıqların dəyərini də tələb etdiyindən qanuni və əsaslı məhkəmə qərarının qəbul edilməsini təmin etmək məqsədilə icarəyə verilən tikinti-inşaat avadanlıqlarının dəyərinin müəyyənləşdirilməsi iş üzrə əlavə araşdırmanın, o cümlədən ekspert rəyi alınmasının zərurətini yaratdığından məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər prosesdə iştirak etməmiş, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsi mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki şəxsin Sahibkarlıq Uçotu haqqında Şəhadətnamədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə xx.xx.2010-cu il tarixdə Bakı Şəhər Vergilər Departamentində qeydiyyata alınmışdır.(VÖEN **********). Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X1 Muxtar Respublikası, Naxçıvan şəhəri, V.Qasımov küçəsi, döngə- 4, ev-9 ünvanında qeydiyyatdadır. İddiaçı tərəfindən cavabdeh X7 ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron məktubdan görünür ki, cavabdehdən icarə haqlarının və avadanlıqların dəyərinin, cəmi 6500 manatın ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi, müqavilənin ləğv olunması və iddiaçıya vurulan bütün ziyanların və məhkəməyə müraciətlə bağlı bütün məsrəflərin cavabdehdən tutulub iddiaçıya ödənilməsinin tələb ediləcəyi bildirilmiş, bu barədə cavabdehdən müqavilənin şərtlərinin yerinə yetirilməsi tələb edilmişdir. xx.xx.2022-ci il tarixdə Kapital Bank vasitəsilə ödənilmiş ********* saylı qəbzdən görünür ki, X7 qarşı pul tələbinə dair İddiaçı tərəfindən 92,00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2022-ci tarixdə tərəflər arasında bağlanmış 13 saylı icarə müqaviləsinin əslindən görünür ki, İddiaçı mülkiyyətində olan, 345 kv.metr sahə üçün 69 ədəd stoyka, 108 ədəd uzun qol, 54 ədəd qısa qol X7 hər təqvim ayının əvvəlində 240 AZN ödənilməsi şərtilə müddətli icarəyə verilmiş və cavabdeh müqavilə ilə tanış olub, şərtlərilə razı olduğunu, Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən məsuliyyət daşımağa hazır olduğunu nəzərdə tutulan müqaviləni imzalamaqla təsdiq etmişdir. xx.xx.2022-ci il tarixdə tərəflər arasında bağlanmış 15 saylı icarə müqaviləsinin əslindən görünür ki, İddiaçı mülkiyyətində olan 40 kv.metr sahə üçün 50 ədəd beton dirək, 8 ədəd stoyka, 12 ədəd uzun qol, 6 ədəd qısa qol X7 hər təqvim ayının əvvəlində 78 AZN ödənilməsi şərtilə müddətli icarəyə verilmiş və cavabdeh müqavilə ilə tanış olub, şərtlərilə razı olduğunu, Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən məsuliyyət daşımağa hazır olduğunu nəzərdə tutulan müqaviləni imzalamaqla təsdiq etmişdir. İddiaçı tərəfindən verilən 22 avqust 2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X9 ilə aralarında inşaat-tikinti avadanlıqlarının (beton dirəklər, uzun qol, qısa qol) icarəsi ilə bağlı 13 saylı xx.xx.2022-ci il tarixli və 15 saylı xx.xx.2022-ci il tarixli icarə müqavilələri bağlanmış, həmin arayışda İlkin Mikayılovun icarə götürdüyü avadanlıqların icarə haqqının ilkin müqavilə üzrə 720 manat, ikinci müqavilə üzrə 235 manat təşkil etdiyi, avadanlıqların dəyərinin 5545 manat olduğu, hazırda X5 borcunun isə cəmi 6.500 manat təşkil etdiyi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli, 1/M-853 №-li X6 İştirak Edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 20 sentyabr 2022-ci il tarixdə “İcarəyə götürülmüş tikinti avadanlıqlarının və kommersiya borcunun ödənilməsi” barədə X2 keçirilən İMS-də iştirak etmiş, xx.xx.2022-ci il tarixdə İMS-nin keçirilməsi barədə bildiriş göndərilməsinə baxmayaraq cavabdeh X9 X6 iştirak etməmişdir. 20 sentyabr 2022-ci il tarixli, 180201 №-li mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 AZN məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə iş materiallarında olan iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etmişdir ki: xx.xx.2022-ci il tarixdə tərəflər arasında 13 saylı icarə müqaviləsi bağlanmış, həmin müqavilə əsasında İddiaçı mülkiyyətində olan 345 kv.metr sahə üçün 69 ədəd stoyka, 108 ədəd uzun qol, 54 ədəd qısa qoldan ibarət avadanlıqları X7 hər təqvim ayının əvvəlində 240 AZN ödənilməsi şərtilə müddətli icarəyə vermiş, cavabdeh müqavilə ilə tanış olub, şərtlərilə razı olduğunu, Azərbaycan Respublikasının Qanunvericiliyi ilə məsuliyyət daşımağa hazır olduğunu nəzərdə tutulan müqaviləni imzalamaqla təsdiq etmiş, bundan sonra xx.xx.2022-ci il tarixdə tərəflər arasında yenidən 15 saylı icarə müqaviləsi bağlanmış, İddiaçı mülkiyyətində olan 40 kv.metr sahə üçün 50 ədəd beton dirək, 8 ədəd stoyka, 12 ədəd uzun qol, 6 ədəd qısa qoldan ibarət avadanlıqları X7 hər təqvim ayının əvvəlində 78 AZN ödənilməsi şərtilə müddətli icarəyə vermiş və cavabdeh müqavilə ilə tanış olub, şərtlərilə razı olduğunu, Azərbaycan Respublikasının Qanunvericiliyilə məsuliyyət daşımağa hazır olduğunu nəzərdə tutulan müqaviləni imzalamaqla təsdiq etmişdir. Həmin müqavilə şərtlərində eyni zamanda, zədələnmiş və ya itirilmiş avadanlıq üzrə icarədarın tam maddi məsuliyyət daşıması və öncədən razılaşdırılmış şərtlər əsasında dəymiş ziyanı icarəyəverənə tam şəkildə ödəməyə razılığını bildirdiyi qeyd olunmuşdur. Belə ki, məhkəmə qeyd edilən hallara əsasən hesab edir ki, tərəflər arasında icarə müqaviləsi bağlandığı andan hüquqi qüvvə alaraq, hər iki tərəf üçün hüquq və öhdəliklərin yaranmasına əsas olmuşdur. Bu hal da onu deməyə əsas verir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçı müqavilələrdə adları sadalanan və mülkiyyətində olan avadanlıqları icarə müqavilələrini imzalamaqla cavabdehə icarəyə verdiyini təsdiq etmiş, bununla da öz üzərinə düşən öhdəliyi lazımı qaydada yerinə yetirmişdir. İşin hallarına müvafiq olaraq aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. “İcarə haqqında” Azərbaycan Respublikası qanununun: 1-ci maddəsinə əsasən icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. 3-cü maddəsinə əsasən icarəyə xalq təsərrüfatının bütün sahələrində yol verilir və o, mülkiyyətin bütün formalarının və növlərinin əmlakı barəsində tətbiq edilə bilər. 7.1-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. 8.1-ci maddəsinə əsasən icarə haqqının məbləği və ödənilməsi şərtləri müqavilə ilə müəyyənləşdirilir. Eyni zamanda icarə münasibətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən, bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Yuxarıda qeyd edilən maddələrin ümumi məzmunundan görünür ki, icarə müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla yanaşı, əmlak kirayəsi müqaviləsidir. Əqdlərin digər növlərində olduğu kimi bu müqavilədə də mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına səbəb ola bilər. İcarə müqaviləsinə əsasən bir tərəf (icarəyə verən) digər tərəfə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Qeyd edilənlərdən əlavə cavabdeh X9 müqavilələr bağlanılan gün bir aylıq icarə haqqını ödəsə də, sonrakı aylar üçün müqavilələrdə şərtləşdirilmiş qaydada hər təqvim ayının əvvəlində müəyyən edilmiş icarə haqlarını ödəməyərək öhdəliyi lazımı qaydada icra etmədiyindən, iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada cavabdehə həm elektron, həm də kağız üzərində pretenziya məktubu, idda ərizəsi və ona əlavə edilən sənədləri göndərmiş, pretenziya məktubları əsasında cavabdehə 08 avqust 2022-ci il tarixə kimi icarə haqqının 1-ci müqavilə üzrə 720 manat, 2-ci müqavilə üzrə isə 234 manat olduğunu, avadanlıqların qiymətinin isə 5.500 manat olduğunu bildirib (cəmi 6.454 manat) pulları ödəməsini, əks təqdirdə isə məhkəməyə müraciət edəcəyi ilə bağlı onu xəbərdar etmiş, cavabdehin xəbərdarlıqdan məlumatlı olub, borcunu ödəmədiyi müəyyən edildikdən sonra mübahisəni mediasiya vasitəsi ilə həll etmək üçün X3 müraciət etmiş, Mediator tərəfindən xx.xx.2022-ci il tarixə ilkin mediasiya sessiyası təşkil olunmuş, cavabdeh mediasiyada iştirak etmədiyindən bu barədə iddiaçıya mediator tərəfindən X6 iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. Həqiqətə nail olmaq və ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi, eyni zamanda tərəflərin məhkəmə iclaslarında iştirakını təmin etmək məqsədi ilə məhkəmə tərəfindən dəfələrlə məhkəmə iclasları təyin edilsə də, tərəflərin prosesdə iştirak etməsi halı müşahidə edilməmişdir. Bundan əlavə, iddiaçı ərizəsində “Polis bölməsində cavabdehin icarə haqqını və avadanlıqları qaytaracağına söz verdiyini” qeyd etsə də, bununla bağlı sübut qismində sənəd iddia ərizəsi ilə birgə məhkəməyə təqdim edilmədiyindən, həmin hal məhkəmə tərəfindən cavabdehin borcunu etiraf edən hərəkət kimi qiymətləndirilməməkdədir. Nəticədə isə cavabdeh pretenziya məktubu və iddia ərizəsinin surətini aldıqdan sonra iddiaçıya olan borcundan və ona qarşı qaldırılan iddia tələbindən xəbərdar olduğu halda öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri pozmaqda davam edərək öhdəliyini lazımı qaydada icra etməmiş, o cümlədən, iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını və ona əlavə edilmiş sənədlərə münasibətini bildirməmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək, aşağıdakı qanunvericilik normalarının tətbiq olunmağını mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Belə ki, işin halları ilə elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş sübutlar qarşılıqlı şəkildə əlaqələndirildikdə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilən 22 avqust 2022-ci il tarixli maliyyə arayışında cavabdeh X5 icarə götürdüyü avadanlıqların ilkin müqavilə üzrə icarə haqqı 720 manat, ikinci müqavilə üzrə isə 235 manat məbləğində göstərilsə də iddia ərizəsində ikinci müqavilə üzrə həmin məbləğ 234 manat olaraq müəyyən edildiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmasını əsas götürərək və ikinci müqavilə üzrə iddia ərizəsində müəyyən edilmiş 234 manat məbləği nəzərə alaraq, ümumilikdə iddia tələbinin icarə haqları üzrə 954 (doqquz yüz əlli dörd) manat hissəsində əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə təqdim edilən 22 avqust 2022-ci il tarixli maliyyə arayışında avadanlıqların dəyərinin 5545 manat olduğu qeyd edilmişdir. Ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi olaraq tərəflərin təqdim etdiyi təqdimatların, arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasının təmin edilməsi milli məhkəmələrin vəzifəsi olaraq müəyyən edilmişdir (Avropa Məhkəməsinin Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) qərarlarında demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququnun əhəmiyyətini vurğulayaraq “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyini də daxil etmişdir (Airey İrlandiyaya qarşı iş üzrə 1979-cu il 9 oktyabr, Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il 27 sentyabr, Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərarlar). Nəticədə, məhkəmə iddiaçı tərəfindən təqdim edilən, avadanlıqların dəyəri qeyd olunmuş 22 avqust 2022-ci il tarixli maliyyə arayışında qeyd olunan məbləğlərlə kifayətlənməyərək, icarə müqavilələrində adları və siyahısı qeyd olunmuş əmlakların qiymətləndirilməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsini mümkün hesab etmişdir. Ümumi ifadə ilə dedikdə, qiymətləndirmə əmlakın dəyərinin müəyyən edilməsidir. Lakin, bu və ya digər əmlakın qiymətləndirilməsi məqsədindən asılı olaraq, onların dəyəri əsaslı surətdə dəyişə bilər. Bu da, obyektin işlədilməsi və ya digər səbəblərdən irəli gəlir ki, konkret obyektin xassə və xüsusiyyətinin onu əhatə edən mühitin dəyişməsindən asılı olaraq müəyyən zaman çərçivəsində obyektin dəyəri arta və ya azala bilər. İcarəyə verilən əmlak qiymətləndirilən obyektlər sırasına aid edilən əmlak növlərindən biridir. Beləliklə, e-2-2(123)-36/2023 saylı iş materiallarının 122-ci və 123-cü vərəqələrində olan icarə müqavilələrində adları və siyahısı qeyd olunan işlənmiş avadanlıqların hazırkı bazar qiyməti nəzərə alınmaqla real bazar qiymətinin müəyyən edilməsi məqsədilə məhkəmənin 10 iyul 2023cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə Ekspertizasının 21 avqust 2023-cü il tarixli, 728 nömrəli rəyi 22 avqust 2023-cü il tarixdə məhkəməyə daxil olmuş, sözügedən rəyin nəticə hissəsində təqdim edilmiş kommersiya mübahisəsinə dair iş materiallarının 122-123-cü vərəqələrində olan 23 aprel 2022-ci il tarixli 13 sayli icarə müqaviləsində və 25 aprel 2022-ci il tarixli 15 saylı icarə müqaviləsində adları, sayı və ümumi kvadratmetri qeyd olunan işlənmiş tikinti-inşaat avadanlıqlarının-iskənə və hissələrinin istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 5470 (beş min dörd yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2023-cü il tarixli, 728 nömrəli ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ona görə də, məhkəmə qeyd olunan rəyi, real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edib, həmin rəylə razılaşaraq belə qənaətə gəlir ki, hazırkı iddia tələbi avadanlıqların dəyəri və ödənilməmiş icarə haqlarına görə 6.454 manat məbləğinə münasibətdə qismən əsaslı hesab edildiyindən qismən təmin edilərək xx.xx.2022-ci il tarixli, 13 saylı icarə müqaviləsinə əsasən icarə haqqı 720 manat, xx.xx.2022-ci il tarixli, 15 saylı icarə müqaviləsinə əsasən icarə haqqı 234 manat, icarəyə verilən tikinti-inşaat avadanlıqlarının-iskənə və hissələrinin dəyəri isə 5470 manat məbləğində müəyyən edilməli, qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1 və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Bununla bağlı məhkəmə bildirir ki, iddiaçı tərəfindən elektron qaydada məhkəməyə təqdim edilən, dövlət rüsumunun ödənilməsini göstərən, Kapital Bank vasitəsilə ödənilmiş 92,00 AZN məbləğinin qeyd olunduğu ********* №-li qəbz nəzərə alınmamalıdır. Belə ki, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, e-2-2(123)-103/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh X7 pul tələbinə dair iddia ərizəsi geri qaytarılmış və qərardad qanuni qüvvəsini almışdır. Həmin qərardadla ərizə təqdim edilərkən xx.xx.2022-ci il tarixli, ********* saylı qəbzlə ödənilmiş 92 (doxsan iki) manat məbləğində dövlət rüsumunun geri qaytarılması da qərara alınmışdır. Buna baxmayaraq, həmin qəbz e-2-2(123)-131/2022; e-2- 2(123)-24/2023; e-2-2(123)-27/2023, e-2-2(123)-36/2023 saylı işlər üzrə yenidən məhkəməyə təqdim edilmişdir. Buna görə də, sözügedən qəbz üzrə ödənilmiş məbləğ məhkəmənin müvafiq qərardadı ilə geri qaytarılmış dövlət rüsumu olduğundan hazırkı iddia ərizəsinə görə ödənilmiş rüsum kimi qəbul edilə və məhkəmə xərci kimi müəyyən oluna bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi olaraq müəyyən edilir. Hazırkı iddia tələbi üzrə iddianın qiyməti 6454 manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 30 + 5454 x 1%= 84.54 (səksən dörd manat 54 qəpik) manat olaraq müəyyən edilir. Qeyd edilən qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırkı vəziyyətdə, xx.xx.2022-ci il tarixdə İddiaçı müraciəti əsasında keçirilən X6 X9 iştirak etmədiyi, İMS-nin keçirilməsi ilə bağlı 100 (bir yüz) manat məbləğində mediasiya xərcini isə iddiaçının ödədiyi müəyyən olunduğundan və həmin mediasiya xərcinin məbləği ödənilməli olan 84.54 (səksən dörd manat 54 qəpik) manat məbləğində dövlət rüsumunu əhatə etdiyindən, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. MPM-in 115.0 və 115.0.9-cu maddələrinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X6 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X6 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi 99,54% əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh X4 xx.xx.2022-ci il tarixli, 13 saylı icarə müqaviləsinə görə 720 (yeddi yüz iyirmi) manat məbləğində icarə haqqı, xx.xx.2022-ci il tarixli, 15 saylı icarə müqaviləsinə görə 234 (iki yüz otuz dörd) manat məbləğində icarə haqqı, avadanlıqların dəyərinə görə isə 5470 (beş min dörd yüz yetmiş) manat olmaqla ümumilikdə 6.424 (altı min dörd yüz iyirmi dörd) manat məbləğində pul tutulub İddiaçı ödənilməli, iddiaçı tərəfindən ödənilən 100 (bir yüz) manat məbləğində mediasiya xərci X6 üzrsüz səbəbdən iştirak etmədiyi üçün bütövlükdə cavabdeh X4 alınıb İddiaçı ödənilməli, həmçinin iddiaçı qanuna müvafiq qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddiaçının ödəməkdən azad edildiyi 84.54 (səksən dörd manat 54 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 99,54 %-ə uyğun olaraq 84,15 (səksən dörd manat 15 qəpik) manat məbləği cavabdeh X4 tutularaq dövlət gəlirlərinə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 222.2 -ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdeh X4 xx.xx.2022-ci il tarixli, 13 saylı icarə müqaviləsinə görə 720 (yeddi yüz iyirmi) manat məbləğində icarə haqqı, xx.xx.2022-ci il tarixli, 15 saylı icarə müqaviləsinə görə 234(iki yüz otuz dörd) manat məbləğində icarə haqqı, avadanlıqların dəyərinə görə 5470 (beş min dörd yüz yetmiş) manat olmaqla ümumilikdə 6.424 (altı min dörd yüz iyirmi dörd) manat məbləğində pul tutulub İddiaçı ödənilsin. İddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində ödənilən mediasiya xərci, X6 üzrsüz səbəbdən iştirak etmədiyi üçün bütövlükdə cavabdeh X4 alınıb İddiaçı ödənilsin. İddiaçının ödəməkdən azad edildiyi 84.54 manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 99,54 %-ə uyğun olaraq 84,15 (səksən dörd manat 15 qəpik) manatı cavabdeh X4 tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar