Məhkəmə qərarları › İş №e-2-2(123)-37/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-37/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-37/2024 27.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti və iddiaçının nümayəndəsi Nümayəndə1 02 oktyabr 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 017R********** saylı krеdit razılaşması üzrə 12282.2 manat məbləğində krеdit bоrcu, 1312.71 manat məbləğində faiz bоrcu və 371.1 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 13966.01 (on üç min doqquz yüz altmış altı) manat 01 (bir) qəpik məbləğində bоrcun və 200 manat mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı QSC ilə Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 017L**********87 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh2 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хətti açıldığını, (xx.xx.2022-ci il tarixli 017L**********87 saylı uzunmüddətli kredit və təminat müqaviləsinin notarial qaydada təsdiq olunmuş surəti ərizəyə əlavə olunur), uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixli 017R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında aylıq faiz dərəcəsi 30 ay müddətinə, aylıq faiz dərəcəsi 2% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində kredit götürdüyünü, (xx.xx.2022-ci il tarixli 017R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma notarial qaydada təsdiq olunmuş surəti ərizəyə əlavə olunur), onun uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatdığını, kredit müqaviləsi üzrə xx.xx.2022- ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmadığını, Cavabdeh2 götürdüyü krеdit bоrcundan 2717.8 manat ödədiyini, onun 12282.2 manat məbləğində kredit borcu qaldığını, uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faizin qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablandığını, bir gün üçün kredit faizinin kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablandığını, qeyd edilənlərə əsasən Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 214 gün üçün hesablanmış faiz borcunun 1312.71 manat təşkil etdiyini, (maliyyə arayışının əsli ərizəyə əlavə olunur), uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməli olduğunu, xx.xx.2023-cü il tarixə 214 gün üçün hеsablanmış cərimənin 371.1 manat təşkil etdiyini, uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditorun müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malik olduğunu, (Xəbərdarlıq məktublarının və xəbərnamələrin surəti ərizəyə əlavə edilir), uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zaminin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüyünü və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıdığını, həmin müqavilənin 11.4-cü bəndinə əsasən zaminin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürdüyünü, həmin müqavilənin 11.7-ci bəndinə əsasən zaminin müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıdığını təsdiq və bəyan etdiyini qeyd etməklə əsaslandırmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 442-ci, 445.2.1-ci, 448.1-ci, 465.2-ci, 467-ci, 472.1-ci, 472.2-ci, 501-ci maddələrinə istinad etmiş, hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya təşkilatına müraciət edildiyini, bu barədə xx.xx.2023-cü il tarixli arayış verildiyini, Mediasiya xərcləri olaraq İddiaçı QSC tərəfindən 200 manat haqq ödənildiyini, (Mediasiya arayışının və mediasiya xərcinin ödənilməsinə dair ödəniş tapşırığının əsli əlavə olunur), “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəfin çəkdiyi xərc həddində dövlət rüsumundan azad edildiyini, hazırda iddianın məbləğinə mütənasib dövlət rüsumunun məbləğinin 131.90 manat məbləğində olduğunu, lakin İddiaçı QSC tərəfindən 200 manat mediasiya xərci ödənildiyindən “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən İddiaçı QSC-nin dövlət rüsumunu ödəməkdən azad olduğunu bildirmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-275/2023 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibat ekspertizası təyin edilmiş, xx.xx.2023-cü il tarixli qərardadı ilə işə mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışı iclası təyin edilmişdir. 27 fevral 2024-cü il tarixə, saat 10:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı QSC-nin nümayəndələri və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 04 sentyabr 2023-cü il tarixli, H-1256 nömrəli X1 İştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə keçirilən X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirak etməmiş, o cümlədən, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənilmişdir. **********08 saylı maliyyə arayışından görünür ki, İddiaçı QSC-nin müştərisi olan Cavabdeh2 017R********** saylı xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixinə olan vəziyyətə dair əsas məbləğ üzrə borcu 12282.2 manat, faiz üzrə bocu 1312.71 manat, cərimə hesablanmış gecikdirilən günlərin sayı 214 gün olmaqla cərimə borcu 371.1 manat təşkil etmiş, cəmi borcu 13966.01 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, 017L**********87 nömrəli “Uzunmüddətli kredit və təminat müqaviləsi”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, bu müqavilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə kredit alan Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 hesabına 120 ay müddətinə 300.000 (üç yüz min) manat məbləğində kredit xətti açılmış və verilən hər bir kredit üzrə kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə müqavilənin tələbləri nəzərə alınmaqla kredit sazişi ilə müəyyən edilmişdir. Həmin müqavilənin: 4.9-cu bəndinə görə Bank, kredit alan krediti və kredit faizini Banka vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün gecikdirilmiş kredit borcunun 0,1 % məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. 12.1.2-ci bəndinə görə kredit alan müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, kredit faizini və digər ödənişləri həmin müqavilədə razılaşdırılmış qaydada və olduğu təqdirdə ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditorun müqaviləyə vaxtından əvvəl xitam vermək və hər bir qaytarılmalı kredit üçün kredit borcunu, faiz bоrcunu, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb etmək hüququna malikdir. xx.xx.2022-ci il tarixli, 017L**********87 nömrəli “Uzunmüddətli kredit və təminat müqaviləsi” üzrə Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2022-ci il tarixli, 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmanın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan filialı tərəfindən Cavabdeh2 30 ay müddətinə faktiki illik faiz dərəcəsi 24,87% olmaqla, 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. İddiaçı təşkilatın möhürü ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli “Kreditin verilməsiköçürmə” adlı sənəddən görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 15000 (on beş min) manat məbləğində pul vəsaiti Cavabdeh2 hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli, 017L**********87 nömrəli “Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında bağlanmış xx.xx.2022-ci il tarixli, 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmanın ödəniş planının təsdiq olunmuş surətindən görünür ki, 13 may 2022-ci il tarixdə kredit alan Cavabdeh2 aylıq 2% dərəcəsilə verilmiş 15000 (on beş min) manat məbləğində kreditin və ona hesablanmış faizlərin 13 iyun 2022-ci il tarixdən 13 noyabr 2024-cü il tarixə kimi müvafiq məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Belə ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 017L**********87 nömrəli “Uzunmüddətli kredit və təminat müqaviləsi” üzrə xx.xx.2022-ci il tarixli, 017R********** nömrəli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşmanın bağlanması və təqdim edilmiş sübutlara əsasən 15000 (on beş min) manat məbləğində kreditin borclunun hesabına köçürülməsi ilə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, borclu müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən 13 iyun 2023-cü il tarixdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məktub ünvanlanaraq gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. “Uzunmüddətli kredit və təminat müqaviləsi”nin 12.1.2-ci bəndində kredit alanın müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, kredit faizini və digər ödənişləri həmin müqavilədə razılaşdırılmış qaydada və olduğu təqdirdə ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditorun müqaviləyə vaxtından əvvəl xitam vermək və hər bir qaytarılmalı kredit üçün kredit borcunu, faiz bоrcunu, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb etmək hüququ nəzərdə tutulduğundan və iş materiallarında olan sübutların tədqiqi zamanı borclunun öhdəliyin icrasını pozulduğu müşayiət edildiyindən kreditorun öhdəliyin icrasını vaxtından əvvəl tələb etməkdə haqlı olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Belə ki, kredit alan Cavabdeh2 uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmadığından adına 214 gecikdirilmiş gün hesablanmış, xx.xx.2023-cü il tarixinə olan vəziyyətə dair əsas məbləğ üzrə borcu 12282.2 manat, faiz üzrə bocu 1312.71 manat, cərimə borcu 371.1 manat olmaqla cəmi öhdəliyi 13966.01 manat təşkil etmiş, qeyd edilən halın təsdiqi olaraq **********08 saylı maliyyə arayışı iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxsin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəməmühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 8 dekabr 2023-cü il tarixli, 1163 nömrəli rəyindən görünür ki, iş materiallarından göründüyü kimi, Cavabdeh2 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında 017L**********87 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasında bağlanmış 13 may 2022-ci il tarixli, 017R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmasının şərtlərinə, hesabdan çıxarış məlumatlarına və 17 iyul 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2, “AccessBank" Qapalı Səhmdar Cəmiyyətinə 17 iyul 2023 il tarixə (maliyyə arayışında göstərilən tarixə) 13 may 2022-ci il tarixli, 017R********** saylı kredit müqaviləsi üzrə olan əsas borcu 12344,16 (on iki min üç yüz qırx dörd manat on altı qəpik) manat, faiz borcu 1489,53 (bir min dörd yüz səksən doqquz manat əlli üç qəpik) manat təşkil edir. İş materiallarında olan Cavabdeh2 ilə “AccessBank’ Qapalı Səhmdar Cəmiyyəti arasnda 017L**********87 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasında bağlanmış 13 may 2022-ci il tarixli, 017R********** saylı kredit sazişi biznes krediti və girov barədə qarışıq razılaşmasına əsasən kredit müqvilələri üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları bank hesablar sisteminə uyğun olmadığından və bank tərəfindən cərimə hesablanmadığından hazırkı tədqiqatla Cavabdeh2 cərimə hesablanmamışdır. Məhkəmə təqdim edilmiş ekspert rəyin münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə ki, iddiaçının tələbinə nəzər saldıqda görünür ki, kredit müqaviləsinə əsasən əsas borc üzrə 12282.2 manat, faiz borc üzrə 1312.71 manat məbləğin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi xahiş edilmişdir. Belə olduqda, 8 dekabr 2023-cü il tarixli, 1163 nömrəli ekspert rəyi iddia tələbinin əsaslılığını təsdiq etməsinə bxamayaraq ekspert rəyində müəyyən edilmiş məbləğlər iddia tələbindən kənara çıxdığından məhkəmə həmin rəy ilə razılaşmayaraq, iddiaçının tələb etdiyi və iş materiallarına əlavə edilmiş sübutlar (**********08 saylı maliyyə arayışı) əsasında təsdiq edilmiş borc məbləğlərinin təmin edilməsi qənaətindədir. Odur ki, məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış 12282.2 (on iki min iki yüz səksən iki manat 2 qəpik) manat məbləğində əsas borc, 1312.71 (bir min üç yüz on iki manat 71 qəpik) manat məbləğində faiz borcu təmin edilməlidir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Bundan əlavə kredit razılaşması üzrə tələb edilmiş cərimə məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, tələb edilmiş 371.1 manat məbləğində cərimə borcu kredit razılaşmasının şərtlərinə və məhkəmə təcrübəsi əsasında formalaşmış qaydalara uyğun olaraq hesablandığından tam təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bundan əlavə “Uzunmüddətli kredit və təminat müqaviləsi” əsasında müqavilədən irəli gələn öhdəliklərinin icrasını təmin ediməsi məqsədilə cavabdеh Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Belə ki, zamin Cavabdeh1 həmin müqaviləyə əsasən kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyət daşımağı və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşımağı, müqavilə üzrə kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz üzərinə götürmüşdür. Bu hal onu deməyə əsas verir ki, zamin borcalanla birlikdə kreditor qarşısında birgə məsuliyyət daşıdığından krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini də icra еtməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Əvvəla məhkəmə qeyd edir ki, 04 sentyabr 2023-cü il tarixli, H-1256 nömrəli X1 İştirak edilməməsi barədə arayışa əsasən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş İMSdə iddiaçının nümayəndəsi Nümayəndə2 iştirak edərək iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə iştirak etməmişlər. Bununla yanaşı hazırkı iş üzrə iddia tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 131,90 (bir yüz otuz bir manat 90 qəpik) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Göstərilən hal ilə əlaqədar olaraq, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilməli olan 131,90 (bir yüz otuz bir manat 90 qəpik) manat məbləğində dövlət rüsumunu əhatə etdiyindən iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respubliası Qanununa uyğun olaraq iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu ödəməkdən azad edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X1 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X1 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən maddəyə əsasən keçirilmiş X1 üzrsüz səbəbdən iştirak etməyən tərəf cavabdehlər Cavabdeh2 və Cavabdeh1 olduğundan iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində mediasiya xərci müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 12282.2 manat məbləğində əsas bоrc, 1312.71 manat məbləğində faiz bоrcu və 371.1 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 13966,01 (on üç min doqquz yüz altmış altı manat 01 qəpik) manat məbləğində bоrc alınaraq İddiaçı QSC-nə ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində mediasiya xərci X1 üzrsüz səbəbdən iştirak etmədiyindən cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, iddiaçının ödəməkdən azad edildiyi və dövlət büdcəsinə ödənilməli olan 131,90 (bir yüz otuz bir manat 90 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət gəlirlərinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi əsaslı olduğundan tam təmin edilsin. Cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 12282.2 manat məbləğində əsas bоrc, 1312.71 manat məbləğində faiz bоrcu və 371.1 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 13966,01 (on üç min doqquz yüz altmış altı manat 01 qəpik) manat tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 200 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 131,90 (bir yüz otuz bir manat 90 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə ödənilsin. Qətnamədən, onun, tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun, tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar