Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-383/2023 14.12.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçının vəkili Vəkil 12 dekabr 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10580 (on min beş yüz səksən) manat pulun və mediasiyaya ödədiyi 200 (iki yüz) manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatın mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Göründüyü kimi, qanunvericilik kommersiya mübahisələri üzrə məhkəmə icraatının, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsinin, qəbulunun, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının xüsusi qaydasını, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə həyata keçirilməsini müəyyən etmişdir. Belə olan halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilməlidir. Cavabdeh (maraqlı şəxs) “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, iddia ərizəsi barədə bildiriş, mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərilməlidir. Məhkəmə təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər tədqiq edərkən müəyyən etmişdir ki, iddiaçı tərəf MPM-nin 150.2-ci maddəsinin tələblərini uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, həmçinin pretenziya məktubunun cavabdehə çatdırılmasının təmin edilməsi üçün müvafiq sənədləri Kəngərli rayon Vergilər Şöbəsinə ünvanlamış və müraciətləri qeydə alınmışdır. Lakin iş materiallarında olan Kəngərli rayon Vergilər Şöbəsi tərəfindən iddiaçının vəkili Vəkil ünvanlanmış 12 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, Mehdiyev X2 rayon Vergilər Şöbəsində vergi ödəyicisi kimi qeydiyyatda olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin Cavabdeh elektron ünvanına göndərilməsi mümkün olmamışdır. Həmçinin iş materiallarına əlavə edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti”nin saytından çıxarılmış “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi”nə dair sənədə əsasən müəyyən edilir ki, Cavabdeh vergi ödəyicisi kimi Naxçıvan şəhər Vergilər İdarəsində qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin və pretenziya məktubunun cavabdehə çatdırılmasını təsdiq edən sənəd kimi iş materiallarına əlavə edilmiş müvafiq sənədlər iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, həmçinin pretenziya məktubunun cavabdehə çatdırılmasını təsdiq etmir. Belə ki, Kəngərli rayon Vergilər Şöbəsi tərəfindən iddiaçının vəkili Vəkil ünvanlanmış 12 dekabr 2022-ci il tarixli məktubdan və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti”nin saytından çıxarılmış “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi”nə dair sənəddən müəyyən olunur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin pretenziya məktubunun cavabadehə çatdırılması təmin edilməmişdir. Belə ki, iddia ərizəsi və pretenziya məktubunun cavabdehə çatdırılmasının təmin edilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin pretenziya məktubu cavabdehin vergi ödəyicisi kimi qeydiyyatda olduğu Naxçıvan şəhər Vergilər İdarəsinə ünvanlanmalı idi. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə müvafiq olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçının vəkilinin ödədiyi 200 manat mediasiya xərci hazırkı iddia ərizəsi üzrə ödəməli olduğu 121.74 (bir yüz iyirmi manat, yetmiş dörd qəpik) manatı əhatə etdiyindən iddiaçı dövlət rüsumundan azad olmuşdur. Bu səbəbdən də məhkəmə bu məsələyə toxunmur. Beləliklə məhkəmə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, həmçinin pretenziya məktubunun cavabadehə çatdırılması təmin edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin iddiaçının diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılsın ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-383/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-383/2023
14.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver