Məhkəmə qərarları › İş №e-2-2(123)-385/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-385/2024

06.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-385/2024 06.09.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh borc tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 07 iyun 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona borclu olduğu 7679 (yeddi min altı yüz yetmiş doqquz) manat və iş üzrə ödəmiş olduğu 90 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş sadələşdirilmiş icraat qaydasında baxılması üçün 07 iyun 2024-cü il tarixdə e-2-2(123)- 385/2024 saylı qərardadla icraata qəbul edilmişdir. İddia ərizəsində 01 iyul 2023-cü il tarixində ünvan 1 ünvanında yerləşən mülkiyyətindəki qeyriyaşayış sahəsi olan yeməkxana binasını Babək rayonu, Nehrəm qəsəbə sakini Cavabdeh 01 iyul 2023 cü il tarixdə, 3 illik müddətində icarəyə verdiyini, lakin Cavabdeh ilk birinci ayın ödənişini vaxtında ödədiyini, ancaq ondan sonrakı aylarda icarə və kommunal ödənişləri edə bilmədiyinə görə 01 aprel 2024-cü il tarixdə yeməkxana binasını ona geri qaytarıb təhvil verdiyini, Cavabdeh xx.xx.2024-cü il tarixədək ona 12000 (on iki min) manat borcu yarandığını, bu günə isə hazırda ona 7000 (yeddi min) manat icarə, 2 ədəd jurnalnı masaya görə 100 manat, 134 manat qaz pulu, 195 manat su və kanalizasiya pulu, o cümlədən də 250 manat hava təmizləyici (aspiratora) görə borcu qalmaqda olduğunu, buna görə də Cavabdeh 07 fevral 2024-cü il tarixdə öz xətti ilə yazıb imzalayaraq ona olan borcunun etirafı barədə sənəd verdiyini, hazırda ona olan borcunu müxtəlif bəhənələr gətirərək birmənalı olaraq qaytarmaq istəmədiyini, onun özünün sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə həmin pula çox böyük ehtiyacı olduğunu, bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəldiyini, artıq onun pozulmuş hüquqlarının bərpasının məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı olduğu qeyd edilmişdir. Məhkəməyə 04 iyul 2024-cü il tarixdə Cavabdeh tərəfindən etiraz ərizəsi daxil olmuşdur. Cavabdeh tərəfindən 04 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizəsində İddiaçı ona qarşı Naxçıvan MR Kommersiya Məhkəməsində borc tələbi ilə bağlı kiçik iddialara dair işlər üzrə ərizə ilə müraciət etdiyini, hal-hazırda e-2-2(123)-385/2024 saylı işin məhkəmənin icraatında olduğunu, həmin iş üzrə bəzi halların məhkəmə prosesində tərəflərin dindirilməsi vasitəsilə araşdırılıb aşkara çıxarılmağının zərurəti olduğundan işə iddia icraatı qaydasında baxılması xahiş edilmişdir. Məhkəmənin 04 iyul 2024-cü il tarixli, e-2-2(123)-385/2024 saylı qərardadı ilə kiçik iddialara dair işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı məhkəmə baxışı iclasında verdiyi izahatında onun Bakıda olduğunu, əvvəlki kirayəçisinin ona “Biz obyektdən çıxırıq, burada bir müəllim var o buranı götürmək istəyir” dediyini, onun da “Ver telefonla danışaq” dediyini, Rauf ilə telefonda danışdıqlarını, Raufun “Qadir müəllim mən sənə 2500 manat əvvəlcədən kartına pul atıram” dediyini, onun da “Siz ayın axırında qaçmamanız üçün mən əvvəlcədən 5000 manat pul istəyirəm” dediyini, əvvəlki kirayəçisinin ondan xahiş edib “2500 manat alın. Rauf burada 2500 manatlıq təmir işidə görəcək” dediyində razılaşdığını, Raufun onun kartına 2500 manat pul göndərdiyini, ikinci ayda pulun biraz yubandığını, üçüncü ay Raufun kirayə pulunu verə bilmədiyini gördüyünü, onun da həmin vaxt uzunmüddətli Bakıya getdiyini, neçə dəfələrə zəng edib pulunu istədiyini, Raufun yaxşı dediyini ancaq hərdən bir bahanə etdiyini, kirayə pulunu vermədiyini, kirayə pulunun üstünə kirayə pulunun gəldiyini gördüyünü, Raufa “bu belə olmaz, buradan çıx, buranı istəyən başqa adamlar var sən qalan pulunu yavaş-yavaş verərsən” dediyini, Raufun ona müəllimlik əmək haqqı kartını verdiyini, Raufun min neçə manat maaş aldığını dediyini, hələ də kartın onlarda olduğunu, ancaq indiyə kimi onların o kartdan pul çəkmədiyini, kartın şifrəsini onlara demədiyini, kodunu desəydi onun həmin dəqiqə pulu çəkəcəyini, neçə dəfə üstünə ağladığını, ona “Sən mənə mənim qohumlarından yaxşısan” dediyini, sonra Raufun gəlib ona “Qadir müəllim mən sənin borcunu ödəyəcəyəm” dediyini, necə ödəyəciyini soruşduğunu, Raufun bir dənə kağız yazıb verdiyini, öz imzası ilə təsdiq etdiyini, iş materiallarında da olduğunu, sonra məndən bir ayda möhlət istədiyini, onun da Raufa bir ayda möhlət verdiyini, amma alınmadığını gördüyünü, Raufa da bu işin alınmadığını dediyini, Raufun ona “Bir ayda mənə əlavə möhlət ver, gedim adam tapıb əşyalarımı satım” dediyini, axırda Raufa “sən obyekti təhvil ver, açarı da mənə ver” dediyini, neçə dəfə açarı istəsədə vermədiyini, orada olan özünə məxsus olmayan əşyaların yarısını satdığını, Raufla 3 illik icarə müqaviləsi bağladıqlarını, obyekt yeməkxana kimi işlədildiyini, Raufdan əvvəl oranı icarəyə verdiyini, oranı işlədən şəxslər çıxmaq istədiklərini və Raufu tapdıqlarını, obyekti işlətməyi Raufa dediklərini, Raufun da “Yaxşı onların nə borcu varsa verəcəm” dediyini, Raufun aylıq ona 2500 manat pul ödəyəcəyəcəyini, Raufun mart ayının 1-dən obyekti işlətməyə başladığını, mart ayı üçün əvvəlcədən 2500 manat ödəniş etdiyini, sonra aprel ayında 2000 manat, may ayında 500 manat, sonra 300 manat ödəniş etdiyini, Raufun getdikcə pulu ödəməməyə başladığını, Raufun 9 ay onun yanında oturduğunu, bunun da iyirmi iki min beş yüz manat etdiyini, 9-cu ayda o sənədi yazdıqlarını, bundan sonra da iki və üç ay oranı işlətdiyini, Raufun bundan əvvəl oranı işlədən şəxsə də borcu olduğunu, Raufun fevral ayının 7-də o sənədi yazdığını, o vaxtdan sonra da obyekti 3 ay işlətdiyini, o sənəddə nəzərdə tutulan on iki min manatın içərisində kirayə pulu və əvvəlcə oranı işlədən şəxsin verəcəyi pulun olduğunu, Raufdan əvvəl oranı işlədən adamın ona borcu olduğunu, Raufun “Qadir müəllim o pulu mən sənə verəcəyəm” dediyini, onun da bunu əvvəlki gündən ayın 1 dən qəbul etdiyini, Bilyardın yarısını əvvəlki kirayəçinin gətirib yerinə qoyduğunu, amma ayaqlarının Raufda olduğunu, Bilyardı satmaq istədiyini, Raufdan ayaqlarını istədiyini, bəlkədə Raufa yüz dəfə dediyini, Raufun “Mən aparıram evimdə quram o bilyard mənimkidi” dediyini, on iki min manatın içərisində icarə haqqının və əşyaların dəyəri olduğunu, Raufun üzərinə götürdüyü borcun 5750 manat olduğunu, Raufun o borcdan ödədiyini, Raufun kirayə ilə bir yerdə o qədər borcu qaldığını, Raufun pulu ödəmədiyini, onun da Raufun obyektdən çıxmasını istədiyini, Raufun da “Qadir müəllim mənə möhlət ver, mən işləyib o pulu qaytaracam” dediyini, onun da “onda gəl öz xəttinlə yaz” dediyini, hesabldıqlarını borcun 13500 manat olduğunu, Raufun “1500 manatı yazmıram, iki günə 1500 manatı verəcəm” dediyini, öz xətti ilə götürüb 12000 yazdığını, üstündən bir ay keçdiyini ancaq Raufun o pulu da vermədiyini, kağızda 12000 manat qeyd olunmağının ancaq tələbdə 7000 manat istəməyinin səbəbinin Raufun əşya qaytarıb verməsi olduğunu, Raufun özünə aid əşyalar olduğunu, hansı ki, o adamdan qalan əşyalar olduğunu, əşyaları pula hesablayıb götürdüklərini, 5000 manatlıq əşya götürdüklərini, Raufun 7000 manat borcu qaldığını, ora jurnalnı masa qoyduğunu, onun əşyası olduğunu, orada masanın olmadığını, harada olduğunu soruşduğunu, Raufun “oradakı qızların evindədi” dediyini, masanın dəyərinin 70 manat olduğunu, ancaq masanı ikinci əl kimi 50 manat hesabladığını, Raufun qaz pulunu ödəməyib getdiyini, su pulunu verdiklərini, sonra Raufun “mən pulu vermişəm moykada işləyən adama, pulu o ödəməli idi” dediyini, o pulun da hələ ödənilmədiyini, 90 manatın da ödənilmədiyini, yenidən onun aybaay 10 və ya 20 manat artıq verib ödədiyini, ora təzə aspirator alıb qoyduğunu, 320 manata aldığını, işləmədiyini, Raufa, “Bunu apar düzəltdir, gətir yerinə qoy, düzəltdirmirsənsə təzəsini al” dediyini, Raufun da “mənlik deyil” dediyini, aspiratorun bu dəqiqə orada işləməyən vəziyyətdə qaldığını, aspiratorun təzəsinin 400 və ya 500 manat olduğunu, onun da Raufa “Apar düzəltirdir qoy yerinə” dediyini, Raufun əvəzindən 195 manatı su idarəsinə ayda hissəhissə ödədiyini, axırınıcı ayın 1-ə kimi qaz pulunu telefondan qaz idarəsinin işçisinə atdığını, onun da pulu ödədiyini, Raufun pulu ödəməyəndə oranın işçisinin ona qazı bağlayacığını dediyini, onun da işçinin kartına pulu vurduğunu, onun da ödədiyini,axırıncı dəfə 94 manat qaza pul ödədiyini, iddia tələbində qaza görə nə qədər pul tələb etdiyinin yadında qalmadığını, Raufun su puluna görə borcunun 190 manat olduğunu, aspiratoru Asimana verdiyini, Asimanın da Raufa təhvil verdiyini, təhvil-təslim aktı olmadığını, 7000 manatın içərisində icarə haqqının nə qədər olduğunu bilmədiyini göstərərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasında verdiyi izahatında Qadir müəllimlə aylığı 400 manatdan 3 illik icarə müqaviləsi bağladıqlarını, onun Qadir müəllimlə bağladığı icarə müqaviləsinə əsasən icarə haqqının 400 manat olduğunu, Qadir müəllimin də ondan 2500 manat icarə haqqı aldığını, Qadir müəllimin obyektinə müştəri kimi gəlib-getdiyini, ondan əvvəl oranı işlədənin oranın içərisindəki əşyaları satdığını, onun da həmin adamla danışdığını, obyektin əşyalarının siyahısını çıxartdığını, qiymətləndirib, altında da qiymətini yazıb ona verdiyini, əşyanın pulunu, beş min manatı nağdı həmin şəxsə verdiyini, qalan pulu da həmin adamın banka olan borcuna görə banka ödədiyini, həmin adamın Qadir müəllimə olan borcunu da onun Qadir müəllimə “Mən sizə verəcəm” dediyini, Asimanın bu obyektə görə bankdan pul götürdüyünü, borcu qaldığını, əşyanın pulunu ondan alıb banka verəcəyini, onun yeddi min əlli manat pul verəcəyini, 5000 manatını əldə verdiyini, qalan pulu banka ödədiyini, onun Qadir müəllimə “Mən banka ödəməyim sizə ödəyim” dediyini, Asiman özünün də onun Qadir müəllimə borcu ödəməyinə narazıçılıq etdiyini, Asimanla Qadir müəllim arasında pul söhbətində anlaşılmazlıq olduğunu, Qadir müəllim Asimanı polisə verəcəyini, onların da Qadir müəllim Asimanı polisə verməsin deyə razılaşdıqlarını, onun pulunu aybaay ödədiyini, ayda 500 manat Qadir müəllimə ödəyəcəyini dediyini, 5600 manatı onun ödəyəcəyini dediyini, Asimanın özünün pulu Qadir müəllimə ödəməyinə razılıq vermədiyini, onun da Asimana verəcəyi pulu banka ödədiyini, indi həmin borcu Qadir müəllimin ondan istədiyini, onun da Asimanla arasında pul söhbəti olmadığını, obyekti işlətməyə başladığından bir ay və ya ay yarımdan sonra icarə müqaviləsi bağladıqlarını, icarə müqaviləsi onda olduğunu Qadir müəllimə onun kira puluna görə 4600 manat borcunun qaldığını, dörd və ya beş ay vaxtı-vaxtında kirasını verdiyini, ödənişlərini yenə ödədiyini amma kəsir-kəsir ödədiyini, Qadir müəllimlə 2023-cü ildə iyunun 1-də işləməyə başladıqlarını, icarə müqaviləsində 400 manat yazıldığı ancaq İddiaçı icarə haqqını 2500 manat ödədiyini, Qadir müəllimin 2500 manat ödəməklərini istədiyini, əvvəl oranı icarəyə götürən şəxsin də 2500 manat icarə haqqı verdiyini amma tam dəqiq bilmədiyindən dəqiq deyə bilməyəcəyini, ödənişlərlə bağlı qeydləri olduğunu amma gətirmədiyini, 4600 manat Qadir müəllimə kirayə borcu qaldığını, əşyaya görə Qadir müəllimə borcu olmadığını, orada bir dənə jurnalnın kəsir ola biləcəyini, onu da onlarda işləyən qıza verdiklərini, Jurnalninin Qadir müəllimə aid olduğunu, Jurnalnın pis gündə olduğunu, qiymətinin 20 və ya 30 manat olduğunu, qaz pulunu ödəniş edib çıxdığını, qəbzlərinin də olduğunu, həmin qaz puluna görə 60 manat Qadir müəllimin kartına atdığını, kanalzasiya pulunu da hər ayın 20 ödədiklərini, ona aylıq su pulunun 25-30 manat arası pul yazdığını, oranı təhvil verib, suyun pulunu da 20-dən ödədiyini, ayın 1-dən də təhvil verdiyini, onun suyunun bir ay müddətində 25-30 manat arası yazırsa 7 gün ərzində onun pulunun 130 manat necə yaza biləcəyini, aspiratoru Qadir müəllimdən təhvil almadığını, ondan əvvəl işləyən adamdan təhvil aldığını, aspiratordan istifadə də olunmadığını, aspiratorun necə işlədildiyini də bilmədiyini, işləyir və ya işləmir bilmədiklərini, 12000 manata aid yazı yazılanda onun Qadir müəllimə 6600 manat borcunun olduğunu, 2000 manat ödəniş etdiyini, 4600 manat borcu qaldığını, 12000 manatın içində 1000 manat bilyard da olduğunu, amma bilyardın onda olmadığını, bilyardın ayaqlarının onda olduğunu, 1800 manatlıq ondan əvvəlki adama qab-qaşıq təhvil veridiyini, o qab-qaşıqdanda onun xəbərinin olmadığını, o qab-qaşığın ona təhvil verilmədiyini, həmin adamın ona o qab-qaşığı təhvil verməydiyini, götürdüyü qab-qaşığın siyahısını da yazdığını, qalan pulun da Asimanın Qadir müəllimə olan borcu olduğunu, Asimanın 5650 manat borcu olduğunu, bunlarla 12000 manat düzəldiyini, 12000 manatlıq yazının obyektdə yazıldığını, onun yazdığını, müqaviləyə icarə haqqı 400 manat yazılmasından İddiaçı xəbəri olduğunu, o məsləhəti İddiaçı ona verdiyini, 14 faiz gəlir vergisini də onlara ödətdirdiyini, Asiman ona “Mənim Qadir müəllimə olan borcumu ödəmə” dediyini, qaz puluna görə çıxmamışdan əvvəl əvvəlki ay 167 manat ödənişini etdiyini, su pulunun aylıq 25 manat yazdığını, 2024-cü il tarixdə mart ayının 1 və 2-də obyekti təhvil verdiyini, mart ayının 7 və ya 8-i Qadir müəllimin zəng vurub doxsan neçə manat suya görə borcu olduğunu dediyini, mart ayının 15-20 arası qaz pulunu ödədiklərini, mart ayının 1 və ya 2 oranı təhvil verdiyini, Qadir müəllim ayın 15-dən sonra növbəti ayın 1 və ya 2-ə qədər olan müddətə yüz altmış neçə manat dediyini, fevral ayının ortasında ödənişini etdiyini, fevral ayının ortasından mart ayının 2-ə qədər orada olduğunu, ayın 2-nə qədər 167 manat necə yaza biləcəyini başa düşmədiyini, işlətdiyini, ödəmədiyini, borcunun necə ola biləcəyini, rəqəm olaraq Qadir müəllimin dediyi ola bilməyəcəyini, ayın 25-də su pulunu ödədiyini, pulu kartına atdığını, Qadir müəllimin oğlu ödədiyini, ola bilsin son işlədiyi gün suya onun borcunun 10 və ya 15 manat ola biləcəyini, amma Qadir müəllimin tələb etdiyi qədər borcu olmadığını, əvvəlki ayın qaz pulunu ödədiyini, o, çıxdıqdan sonra gələn pulu ödəmədiyini, 1 iyun 2023-cü il il tarixdə işləməyə başladığını, 1 və ya 2 mart 2024-cü il tarixdə obyekti təhvil verdiyini, müqavilənin iyul ayında bağlamaqlarının səbəbinin Qadir müəllimin elə istəməsinin olduğunu, mart ayının 1 və ya 2-dən sonra obyektə gedib hər hansı xidmət göstərmədiyini, qaz pulunu, su pulunu Qadir müəllimin adından ödədiklərini, obyektin sahibinin adından ödədiklərini, pulların çoxunu özünün ödədiyini, əşyaya görə özünü borclu hesab etmədiyini, obyekti təhvil verəndə aralarında sənəd tərtib etmədiklərini, on iki min manat borcun olmasına dair yazını yazanda onun içərisində təkcə icarə pulu deyil əşya pulunun da olduğunu bildiyini, o yazını yazanda Qadir müəllimə 6600 manat borcu olduğunu, qalan pulun əşyanın və Asimanın pulu olduğunu göstərərək qanuni qərar verilməsini xahiş etdi. İş materiallarında olan: İddiaçı və Cavabdeh imzası ilə təsdiq etdiyi əlyazma ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli sənəddən görünür ki, Cavabdeh İddiaçı 11-ci məhəllə, ev 4 ünvanında yerləşən obyektində kiraçı kimi fəaliyyət göstərdiyini, İddiaçı 12000 manat borcu olduğunu, etiraf etmişdir. xx.xx.2023-cü il tarixli, 009 saylı icarə müqaviləsində görünür ki, İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış, icarə haqqı 400 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər də aiddir. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İddiaçı iddia ərizəsində 7000 manat icarə haqqına, iki ədəd jurnalnı masaya görə 100 manat, 134 manat qaz puluna, 195 manat su və kanalzasiya puluna, 250 manata aspiratora görə cavabdehin borcunun qaldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı və cavabdeh arasında icarə müqaviləsi bağlanaraq tərəflər üzərinə öhdəlik götürmüşdür. Cavabdeh üzərinə düşən öhdəliyi pozaraq - öhdəliyini tam icra etməyərək icarə haqqının bir qismini ödəməmişdir. Cavabdeh izahatı ilə təsdiq olunur ki, o, 4600 manat məbləğində icarə haqqını ödəməmişdir. Həmçinin Cavabdeh iddiaçıya aid olan bir ədəd jurnalnını həmin obyektdə onlarla işləyən qıza verdiyini öz izahatında etiraf etmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Cavabdeh iddianı qismən qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə cavabdeh tərəfin iddianı qismən etiraf etdiyini və iddianın qismən etirafının qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq iddianın qismən etirafının məhkəmə tərəfindən qəbul edilərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə uyğun olaraq iddiaçının irəli sürdüyü və cavabdeh tərəfindən etiraf olunan həmin tələblərin təmin olunması qənaətindədir. Belə ki, iddiaçı tələbində 7000 manat məbləğində icarə haqqı tələb etmiş, Cavabdeh İddiaçı 12000 manat məbləğində borcunun olduğunu göstərdiyi, əlyazısı ilə tərtib edilmiş və imzalanmış xx.xx.2024-cü il tarixli sənədi məhkəməyə təqdim etmişdir. İddiaçı məhkəmə baxış iclasında verdiyi izahatında cavabdehdən 12000 manat yox, 7000 manat tələb etməyinin səbəbinin Cavabdeh ona 5000 manat dəyərində əşya verməyinin olduğunu bildirmişdir. Məhkəmə xx.xx.2024-cü il tarixli sənədi və iddiaçının bu izahatını nəzərə alaraq iddianın “7000 manat icarə haqqı tələbi” hissəsində əsaslı olduğu qənaətinə gəlir. Belə ki, cavabdeh izahatında icarə haqqına görə 4600 manat borcunun qaldığını, başqa borcunun qalmadığını ifadə etsə də, bu halı digər hissədə borcunun olmamasını təsdiqləyəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə onu da qeyd edir ki, Cavabdeh əlyazısı ilə tərtib edib, imzası ilə təsdiq etdiyi xx.xx.2024-cü il tarixli sənəd və həmin sənədi Cavabdeh özünün əlyazısı ilə tərtib edərək imzalamağını təsdiq etməsi də cavabdehin həqiqətən iddiaçıya borcunun olduğunu sübut edir. Məhkəmə iddiaçının bir ədəd jurnalnı masanın dəyəri olan 50 manat, 134 manat qaz pulu, 195 manat su və kanalzasiya pulu və 250 manat hava təmizləyicisinə (aspirator) görə tələbinin əsaslı olmadığı qənatinə gəlir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş ödəniş qəbzlərindən aydın olur ki, qaz xidmətinə görə ödənişlər Qadir mebel mağazası və qəbir daşları adından icra olunmuşdur. Həmçinin su istifadəsi üçün təqdim olunan sənədlərdən aydın olur ki, İddiaçı avtoyucu abonentə aid hesabatdır. Məhkəmə iddiaçının 06 sentyabr 2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərinə münasibətdə qeyd edir ki, iddiaçı həmin ödənişləri özünün icra etdiyini, cavabdeh isə əksinə, ödənişlərin çoxunu İddiaçı adından özünün icra etdiyini bildirmişdir. Sözügedən qəbzlərdən müəyyən tarixlərdə “Qadir mebel mağazası”nın adından ödənişlərin olduğu görünsə də, həmin ödənişlərin kim tərəfindən edildiyi aydın olmur. Məhkəmə qeyd edir ki, ödənişlərin kim tərəfindən icra edildiyi müəyyən olunmadığından həmin ödəniş qəbzləri iddiaçının “134 manat qaz pulu, 195 manat su və kanalzasiya pulu” tələbinin əsaslı olduğunu sübut etmir. Həmçinin cavabdehin işlətdiyi məkana dair olması və borclu olmasını təsdiq etmir. Məhkəmə qeyd edir ki, iddiaçı bir ədəd jurnalnı masanın dəyəri olan 50 manat, 134 manat qaz pulu, 195 manat su və kanalzasiya pulu ilə əlaqədar cavabdehin borclu olması barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı aspiratora görə 250 manat tələb etsə də, izahatından görünür ki, aspirator obyektdə yerində olsa da, işləmədiyindən bu pul məbləğini tələb edir. İddiaçının “Aspirator bu dəqiqə orada işləməyən vəziyyətdə qalır” ifadəsindən də görünür ki, hal-hazırda aspirator həmin yerdə iddiaçıdadır. Cavabdehin izahatından isə görünür ki, aspirator onun tərəfindən heç istifadə edilməmişdir. Məhkəmə iddiaçıının cavabdehdən aspiratora görə 250 manat tələbinə münasibətdə qeyd edir ki, iddiaçı aspiratorun nasazlığı, həmçinin cavabdehin fəaliyyəti müddətində baş verməsi barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Habelə məhkəmə iddiaçının “bir ədəd jurnalnı masanın dəyəri olan 50 manat” tələbinə münasibətdə qeyd edir ki, mülki iş materiallarında bu tələbi təsdiq edən hər hansı bir sübut olmadığından iddia bu hissədə təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Həmçinin, MPM-in: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu qanunvericilik üzrə tələb edilən miqdardan artıq ödənilərsə geri qaytarılır. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərək qanunvericiliyə uyğun olaraq iddia ərizəsi üzrə 96.79 (doxsan altı manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu ödəməli idi. Lakin iddiaçı 99 manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə ki, iddia qismən təmin edilməli olduğundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 90.50 (doxsan manat, əlli qəpik) məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməli, İddiaçı tərəfindən dövlət büdcəsinə artıq ödənilmiş 2.21 (iki manat iyirmi bir qəpik) manat dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Beləliklə məhkəmə hesab edirik ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 7000 manat icarə haqqı və bir ədəd jurnalnı masanın dəyəri olan 50 manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 90.50 (doxsan manat, əlli qəpik) məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməli, İddiaçı tərəfində dövlət büdcəsinə artıq ödənilmiş 2.21 (iki manat iyirmi bir qəpik) manat dövlət rüsumu İddiaçı geri qaytarılmalı, bir ədəd jurnalnı masanın dəyəri olan 50 manat, 134 manat qaz pulu, 195 manat su və kanalzasiya pulu və 250 manat hava təmizləyicisinə (aspirator) görə tələb rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 7000 manat icarə haqqı və bir ədəd jurnalnı masanın dəyəri olan 50 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 90.50 (doxsan manat, əlli qəpik) məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfində dövlət büdcəsinə artıq ödənilmiş 2.21 (iki manat iyirmi bir qəpik) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Bir ədəd jurnalnı masanın dəyəri olan 50 manat, 134 manat qaz pulu, 195 manat su və kanalzasiya pulu və 250 manat hava təmizləyicisinə (aspirator) görə tələb rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar