Məhkəmə qərarları › İş №e-2-2(123)-39/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-39/2023

09.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-39/2023 09.03.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, iddiaçı Naxçıvan MR Dövlət Vergi Xidmətinin İddiaçı cavabdeh X1 qarşı siyahıya alınmış aksiz markasız məhsulların müsadirə edilməsi tələbi barədə iş üzrə iddia ərizəsinin mümkünlüyünə baxaraq müəyyən е t d i: İddiaçı Naxçıvan MR Dövlət Vergi Xidmətinin İddiaçı rəisi, vergi xidməti müşaviri Nümayəndə 06 mart 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 (VÖEN:**********) məxsus, aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış, alış dəyəri 384 (üç yüz səksən dörd) olan 240 (iki yüz qırx) ədəd tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etmişdir ki, hazırkı iş üzrə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. Həmçinin, məhkəmə iddianın yolverilənliyi məsələsini yoxlayarkən müəyyən etmişdir ki, hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, MPM, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Həmin Məcəllənin 1.4-cü maddəsinə əsasən digər qanunlarda olan prosessual hüquq normaları bu Məcəllənin müddəalarına uyğunlaşdırılmalıdır. Eyni zamanada, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 212-ci maddəsinə əsasən müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Mülki qanunvericilikdə müsadirə anlayışına verilən tərifdən də göründüyü kimi əmlakın mülkiyyətçidən məcburi qaydada alınması formalarından biri olan bu institutun tətbiqi üçün həmin məcburiyyət tədbiri birbaşa qanunda nəzərdə tutulmalıdır. Mövcud qanunvericilikdə isə məcburiyyət tədbiri kimi müsadirə yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.1.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vəzifəsinin vergi orqanlarının üzərinə qoyulması da hazırkı iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmasına əsas vermir. Çünki mülki məhkəmə icraatının həyata keçirilməsi qaydaları Vergi Məcəlləsi ilə deyil, Mülki Prosessual Məcəllə ilə tənzimlənir. Həmçinin mülki prosessual qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı 2 qaydada həyata keçirilir: iddia icraatı və xüsusi icraat. Qeyd olunan icraat qaydalarının heç birində şəxsin əmlakının müsadirə edilməsi proseduru müəyyən edilməmiş və kommersiya məhkəmələri tərəfindən baxılmalı olan işlərin dairəsi qanunverici tərəfindən konkret müəyyənləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinin mətninə edilmiş və xx.xx.2020-ci ildən qüvvəyə minmiş dəyişikliyə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti İddiaçı cavabdeh X1 qarşı siyahıya alınmış aksiz markasız məhsulların müsadirə edilməsi tələbi barədə iddia ərizəsini iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinin tələbinə uyğun olaraq məhkəmə iddiaçı tərəfə izah edir ki, inzibati xəta haqqında iş üzrə protokol tərtib etməklə aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə müraciət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1-ci maddəsi aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə cinayət əməlini müəyyən edir. Həmin maddənin qeyd hissəsində isə bildirilmişdir ki, bu Məcəllənin 213-1.1 və 213-1.3-cü maddələrində “xeyli miqdar” dedikdə beş yüz manatdan iki min manatadək olan məbləğ başa düşülür. Hazırkı iş üzrə fiziki şəxs X2 tərəfindən aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış tütün məmulatlarının alış dəyəri 384 (üç yüz səksən dörd) manat təşkil etdiyindən həmin əməl inzibati xəta kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 451-ci maddəsində qeyd olunur: Nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanmasına, istehsal binasının hüdudlarından kənara çıxarılmasına, satılmasına və ya digər üsullarla yayılmasına görə - nəzarət markası olmayan mallar, məmulatlar və məlumat materialları müsadirə edilməklə, onların hər birinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Vergi Məcələsinin 13.2.76-cı maddəsinə əsasən aksiz markası – aksizli malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara kağız daşıyıcıda yapışdırılan nəzarət markasıdır. Eyni zamanda iddiaçıya bildirilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 451-ci və digər maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. 43.2-ci maddəsinə əsasən bu Məcəllənin 43.2-1-ci və 54.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Prezidentinin 3 may 2017-ci il tarixli, 1361 saylı Fərmanının 48-ci və 48.3-cü bəndlərinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 451-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol vergi nəzarəti zamanı aşkar edildiyi hallarda Azərbaycan Respublikasının Vergilər Nazirliyi adından – bu Siyahının 32.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər tərəfindən tərtib edilir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.2ci maddələrinə müvafiq olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.14-cü maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 20.3-cü maddəsinə əsasən vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. Ona görə də, Məhkəmə ərizəni qəbul etməkdən imtina edərkən dövlət rüsumu məsələsinə toxunmur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 266-268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı Naxçıvan MR Dövlət Vergi Xidmətinin İddiaçı cavabdeh X1 qarşı siyahıya alınmış aksiz markasız məhsulların müsadirə edilməsi tələbi barədə iş üzrə iddia ərizəsinin qəbul olunmasından imtina edilsin və iddia ərizəsi ona əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilsin. İddiaçıya izah edilir ki, hazırkı işə inzibati xətalar haqqında işlər üzrə icraat qaydasında baxılmalı olduğundan aidiyyət qaydaları nəzərə alınmaqla və inzibati xəta haqqında protokolun tərtib edilməsi müddətləri gözlənilməklə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar