Məhkəmə qərarları › İş №e-2-2(123)-416/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-416/2024

05.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-416/2024 05.11.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X8 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı “Üzeyir” kiçik müəssisəsinin cavabdeh “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maye qaz vaqon çənlərinin qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı Nümayəndə1 11 iyul 2024-cü il tarixdə vəkili-nümayəndəsi Vəkil vasitəsilə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olmuş “Üzeyir” kiçik müəssisəsi tərəfindən satın alınmış 6 ədəd maye qaz vaqon çəninin “X14” MMC-dən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində “Üzeyir” kiçik müəssisəsinin, Azərbaycan Respublikası Dövlət Dəmir Yolunun 23 avqust 1999-cu il tarixli, 58/2 saylı, “vaqonservis” İstehsalat Birliyinin 20 sentyabr 1999-cu il tarixli V407/5 saylı və Azərbaycan Respublikası Dövlət X17 Bölməsinin 21 aprel 2000-ci il tarixli məktublarına əsasən satın aldığı 6 ədəd maye qaz vaqon çənlərinə mülkiyyət haqqında şəhadətnamə verilməsinə dair müraciət etdiyini, həmin müraciətini nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin qeyri-dövlət hüquqi şəxslərinin əmlak üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi haqqında 23 iyun 1997-ci il tarixli, 502 saylı fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Dəmir yolu X15 Deposunun əmri ilə satın aldığı ümümi dəyəri ******* manat olan 6 ədəd maye qaz vaqon çəni “Üzeyir” kiçik müəssisəsinə rüsum haqqı ödənilməklə mülkiyyət haqqında şəhadətnamə verildiyini, həmin 6 ədəd maye qaz vaqon çəninin halhazırda “X14” MMC-nin nəzdində olduğunu, 6 ədəd maye qaz vaqon çəninin əlindən alındığını və ona heç bir kompensasiya ödənilmədiyini, 6 ədəd maye qaz vaqon çəninin əllərindən alınmasına görə demək olar ki, ona həm maddi həm mənəvi ziyan dəydiyini, bununla bağlı onun “X14” MMC-yə ərizə ilə müraciət etdiyini, “X14” MMC-nin xx.xx.2024-cü il tarixli 13-1-10/2-B-342/2-8/2024 nömrəli cavab məktubunda qeyd edilən “Üzeyir” kiçik müəssisəsi tərəfindən 6 ədəd maye qaz vaqon çəninin 2000-ci illərdə X14” MMC-dən satın alınmasına dair məlumat, əmr eləcə də göstəriş və yaxud aktın mövcud olmadığının bildirildiyini, onun da məcbur qalaraq məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçının vəkili-nümayəndəsi Vəkil 10 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı Nümayəndə1 tərtib etdiyi 10 sentyabr 2024-cü il tarixli ərizəni təqdim etmişdir. İddiaçı qeyd edilən ərizədə “X14” MMC-yə qarşı qaldırdığı iddia tələbi ilə bağlı iddiaçının əsl iddiaçı “Üzeyir” kiçik müəssisəsi ilə əvəz olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəni nəzərə alaraq iş üzrə əsl olmayan tərəfi əvəz edərək, iddiaçı qismində “Üzeyir” kiçik müəssisəsinin prosesdə iştiraka cəlb olunmasını qərara almışdır. İddiaçının nümayəndəsi Nümayəndə1 keçirilən məhkəmə iclaslarında verdiyi izahatlarında bu vaqonları Naxçıvan Muxtar Respublikasında vəziyyət gərgin olan vaxt, işıqla təminatda çətinlik olanda istədiyini burada təbii enerji təminatı üzrə işlər gördüyünü, o zaman aldığını, bununla əlaqədar olaraq “X14” MMC-yə müraciət etdiyini, sənədlərdə də göstərildiyi kimi yeddi milyon iki yüz min manat ödəməklə vaqonları aldığını, bir müddət qaz ilə işlədiyini, sonra maye qaza ehtiyac olmadığını, bu əsasla Culfa deposunda bunu saxladığını, bir müddət keçdikdən sonra istifadəsinə ehtiyac qalmadığını, çünki artıq boru xətti çəkildiyini, daha maye qazın İrandan gətirilmədiyini, hansı ki onların müqaviləsi olduğunu, vaqon çənlərlə bağlı sonradan müraciət etdiyində ona o çənlər doğranıldı deyildiyini, “X14” MMC-dən öz çənlərini tələb etmək üçün ərizə ilə müraciət etdiyini, “O vaxt 1200 ədəd çən Culfada doğranılıb, sənin 6 ədəd çənin də onların içində doğranılıb” dediklərini, “X14” MMC-dən ona “Biz əvəzetmə yolu ilə 6 ədəd çəni sizə verə bilərik” deyə bildirildiyini, doxsanıncı illərdə həyata keçirdiyi sahibkarlıq fəaliyyəti ilə əlaqədar X14 MMC-də hazırda da işləyən Süleymanov soyadlı şəxsin əmri əsasında onun bu vaqonları aldığını bildirərək maye qaz vaqon çənlərinin “Üzeyir” kiçik müəssisəsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdiyini, Naxçıvan Muxtar Respublikasında işıq gərginliyilə, iki saat sönməsi, iki saat yanması ilə əlaqəli 2000-ci ildə Naxçıvan Muxtar Respublikasına köməklik məqsədilə Azərbaycan Dövlət Dəmir Yollarına müraciət edib maye qaz çənlərini əldə etdiyini, Naxçıvanı işıq və istiliklə təmin etmək üçün bir sahibkar kimi kənarda qalmadığını, vəziyyətlə yaxından tanış olub əhalini təbii qazla təmin eləmiş olduğunu, İranla müqaviləsinin olduğunu, İranla müqavilə əsasında maye qazı gətirdiyini və Naxçıvan Muxtar Respublikasının Dəmir yolundan altı ədəd maye qaz çənlərini şəxsi mülk kimi əldə etdiyini, o müddətdən bugünə qədər xeyli vaxt işlədiklərini, sonra bu boru qazın çəkilməsi ilə bu işlərin sərf etmədiyini, boru qaz çəkildikdən sonra vaqonların gəlişinin sərf etmədiyini, o nöqteyi nəzərdən bu işin dayandığını, Culfa deposunda vaqonların yerləşdirildiyini, o nöqteyi nəzərdən də bugünə kimi qaldığını, sonradan o müraciət edib onları şəxsi mülk kimi götürmək istəyəndə “Sizin vaqonlarınız mövcud deyil” dediklərini, nömrəli vaqonlar olduğunu, hamısının sənədlərdə göstərildiyini, hamısının öz nömrələri olduğunu, bu nömrələr əsasında onun dəmiryolundan aldığı məlumata görə onları doğradıqlarını, bugünkü gündə müraciətinin öz şəxsi mülkünün tələb iddiasını qaldırmaqdan ibarət olduğunu, Naxçıvan Muxtar Respublikasına bir vətəndaş kimi, sahibkar kimi xeyirxah işini gördüyünü, məhkəmədən haqq-ədalət yolu ilə onun işinə baxılmasını xahiş etdiyini, o vaxt ərizə yazıb dəmiryolu idarəsinə müraciət etdiyini, teplovoz sifariş etdiyini, əlavə pul keçirdiyini və onun əsasında da Culfadan qoşulub İrana keçirdiyini, vaqonlarının Culfada olduğunu, o müddət ərzindən xeyli işlədiklərini, neçə dəfə olduğunu deyə bilmədiyini, 5 dəfə, 10 dəfə deyə bilmədiyini, müqavilə əsasında işlədiklərini, ərizələrinin orda olduğunu, arxivdə də bəlkə olduğunu, ərizə verdiyini, o ərizə əsasında da pul köçürdüyünü, teplovoz gəldiyini, dəmiryolu idarəsinə məktubla müraciət etdiyini, ona dövlət gömrük komitəsinin baxış keçirdiyini, onların işi olduğunu, ona qarışmadığını, onlar dəmiryolundan icazə aldıqlarından dəmiryolu vasitəsilə keçirdiklərini, dəmiryolunun o işləri qaydaya qoyduğunu, müqaviləsinin olduğunu, maye qaz gəlsin deyə müqavilənin surətini dəmiryoluna göstərdiyini, dəmiryoluna müraciət etdiyini, dəmiryolu vasitəsilə ordan keçdiyini, üstündə başqa nəsə yoxdur deyə gömrükdən baxış keçirdiklərini, onu orda dəmiryolunun öz gömrük işçilərinin etdiyini, onun orda iştirakının olmadığını, vaqonun o tərəfdə olduğunu, şirkətin qəbul etdiyini, doldurub bu tərəfə göndərdiyini, prosesin bu cür olduğunu bildirmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil keçirilən məhkəmə iclaslarında verdiyi izahatlarında “X14” Məhdud Məsuliyyətli Cəmiyyətindən satın aldığı 06 (altı) ədəd maye qaz vaqon çənlərinə mülkiyyət hüququ haqda şəhadətnamə verilməsinə dair müraciət etdiyini, həmin müraciət nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin “Qeyri-dövlət hüquqi şəxslərin əmlak üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi haqqında” 23 iyun 1997-ci il tarixli, 500 saylı fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Dəmir Yolları X15 Deposunun əmri ilə satın aldığı, ümumi dəyəri yeddi milyon iki yüz min manat olan altı ədəd maye vaqon qaz çəninin “Üzeyir” kiçik müəssisəsinə rüsum ödənilməklə mülkiyyətə verildiyini, həmin altı ədəd vaqon-çənin hazırda X14 MMC-nin nəzdində olduğunu, orada saxlanıldığını, haliyədə həmin vaqon çənləri ilə bağlı qeyri-rəsmi məlumatlarına görə X14 MMC-nin balansında olduğunu, həmin maye qaz vaqon çənlərin sonrakı müqəddəratı barədə isə onlarda heç bir məlumat olmadığını bildirərək qeyd olunan maye qaz vaqon çənlərinin qarşı tərəfdən alınaraq iddiaçı təşkilata qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, mülkiyyət hüququ pozulduğundan əmlaklar qaytarılmalı olduğunu qeyd edərək iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil 05 noyabr 2024-cü il tarixli məhkəmə iclasında- X13 tərəfindən X14 MMC-yə qarşı qaldırılmış iddia tələbinin haqlı tələb olduğunu, şəxsin mülkiyyət hüquqları qanunla müdafiə olunduğu təqdirdə mülkiyyət hüquqlarının tamamilə pozulduğunu, həmin maye qaz çənlərinin mülkiyyət hüququ ilə X9 məxsus olduğunu qeyd edərək maye qaz çənlərinin qaytarılması ilə bağlı iddia tələblərinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, replika hüququndan istifadə edərək tərəfin mülkiyyət hüququnu təsdiq edən sənədləri qəbul etdiyini, təbii ki saxlancla bağlı X10 saxlanıldığını, məhkəmə araşdırması gedişində iddiaçının izahatından da maye qaz vaqon çənlərinin doğranıb satıldığının məlum olduğunu, artıq cinayət məsuliyyətinə səbəb olan bir hal olduğunu, amma deyildiyinə görə başqa vaqon çənləri ilə əvəz etməyin mümkün olacağını qeyd etmişdir. Cavabdehin nümayəndəsi X1 məhkəmə iclaslarında verdiyi izahatlarında iddiaçı tərəfin həmin maye qaz vaqon çənləri X14 MMC tərəfindən əlindən alındığını bildirdiyini, onun bunu qəbul etmədiyini, bu barədə heç bir hüquqi sənəd olmadığını, maye qaz vaqon çənlərinin iddiaçının mülkiyyətində olmağını onların qəbul etdiyini, lakin bunun mübahisəli əşyaların cavabdeh təşkilatda olduğuna dəlalət etmədiyini, Azərbaycan Dəmir Yolları QSC-dən gəldiyini, altı ədəd vaqon olduğunu və hər birinin nömrələndiyini, həmin vaqonların X11 nəzdində olmağı üçün Azərbaycan Dəmir Yolları QSC-nin yükdaşımaları üzrə xidmətlərinə görə yığımların hesablanması və tətbiqi Qaydalarında şəxsin özünün dalan yolunun olmalı olduğunu nəzərdə tutulduğunu, sırf onun vaqon çənlərinin saxlanılması üçün müqavilə üzrə həyata keçirilən tədbirləri nəzərdə tutduğunu, ortada isə heç bir sənəd olmadığını, bu məsələ barədə cavabdeh təşkilatın mövqeyinin çıxarılacaq məhkəmə qətnaməsinin icra edilməsi yönündə olduğunu, lakin hal-hazırda onlarda həmin altı ədəd vaqonun olduğuna dair heç bir sübut olmadığını, vaqon çənləri olmadıqdan sonra onların müqəddəratı barəsində necə məlumat verə biləcəyini?! iddiaçı tərəfin təqdim etdikləri mülkiyyətə dair sənədləri qəbul etdiyini, həmin əmlakın hal-hazırda onlarda olmadığını, qarşı tərəfin də bir neçə dəfə vaqonları çıxardıqlarını bildirdiyini, onların ərazisindən çıxarılıb, İran yaxud da hər hansı ölkənin ərazisinə keçirildiyini, bu vaqonlara mülkiyyət hüququ alındığı andan bugünə qədər onların ərazilərində olmadığını, hərəkəti olduğunu, mülkiyyət hüququ ilə bağlı heç bir mübahisələri olmadığını, hal-hazırda həmin vaqonların da onların olmağına dair sənəd, sübut, müqavilə, heç bir hüquq təsdiqedici sənəd olmadığını, hal-hazırda iddianı da təkzib etdiyini, X11 saxlancında olan 6 ədəd vaqonun olduğunu, həmin vaqonların da xüsusi nömrələrlə nişanlanıb, qeydiyyata alındığını, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin balansında getdiyini, X11 hal-hazırda saxlancında olan əlavə vaqon olmadığını, bununla bağlı heç bir sübutun da olmadığını, keçmişdə bu vaqonların onların saxlanclarında olduğunu, əgər, həqiqətən, bu onların saxlanclarında idisə bununla bağlı hüquqi prosedurlar aparılmalı olduğunu, müqavilə bağlanmalı olduğunu, müqavilə üzrə ödənişlər edilməli olduğunu, bu vaqonlara, qatarlara da nəzarət edən Azərbaycan Dəmir Yolları olduğunu, sədrlik edənin cavabdehin nümayəndəsi X3 “Sizin saxlancınıza verilməmiş, ərazinizdə olan hər hansı bir əmlak barəsində saxlanc müqaviləsinin bağlanmasına dair təklif və yaxud da ərazini tərk etmə xəbərdarlığına dair ərazinizdən çıxarılması barədə tərəfə müraciətinizə dair sənədiniz varmı”? sualına cavab verərək onunla bağlı araşdırsalar nələrinsə çıxa biləcəyini, tam dəqiq vardır deyə bilməcəyini, çünki arxiv sənədlərində çox güman ki, ola biləcəyini, arxivin də onlarda olmadığına görə rahatlıqla sənədləri əldə edə bilmədiklərini bildirmişdir. Cavabdehin nümayəndəsi X4 05 noyabr 2024-cü il tarixli məhkəmə iclasında- qarşı tərəfin təqdim etdiyi sənədlərin mülkiyyət hüququ olmağını təsdiq etdiyini, həmin mülkiyyət hüququ olmasını onların da qəbul etdiklərini, lakin həmin maye qaz çən vaqonlarının hal-hazırda X11 saxlancında olmağına dair heç bir əsasın olmadığını, hüquq müəyyənedici sənədin olmadığını, verilən bütün sənədlərin sadəcə mülkiyyətlə bağlı sənədlər olduğunu, tərcüməyə də baxdığını, sənədlərin sadəcə mülkiyyəti təsdiqləyən sənədlər olduğunu, heç birində “Vaqonlar verilibdir X12, X10 saxlanılır” yazılmadığını, buna dair heç bir şahidin, sübutun olmadığını, iddianı təkzib edərək iddianın rədd edilməsini xahiş etmiş, replika hüququndan istifadə edərək “Digər vaqonlarla əvəz etmək mümkündür” deyə bir şey demədiklərini, həmin vaqonun kiçik əşya olmadığını, çəkisi tonlarla olan əmlak olduğunu, daşınar əmlak olduğunu, mülkiyyət hüququ alınandan bəri X6b-olmadığının heç bir halda sübuta yetirmədiklərini, burda heç bir sübut görmədiyini, şəkillərin olduğunu, həmin şəkillərin illər əvvəl 2000-ci ilə aid olan şəkillər olduğunu, üstündən 23 il keçdiyini, X10 saxlancda olan altı ədəd vaqonlar olduğunu qeyd etmişdir. İş materiallarında olan: xx.xx.1999-cu il tarixli, 57/2 saylı məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonunda fəaliyyət göstərən müstəqil “Üzeyir” kiçik müəssisəsinin direktoru E.T. Məmmədov 15 saylı 05.08.99-cu il tarixli məktubla Azərbaycan Dövlət Dəmir yolu rəhbərliyinə müraciət edərək muxtar Respublikada əhalinin təbii qazla təmin olunmasına kömək göstərmək məqsədi ilə altı ədəd istismardan silinmiş qaz sisternalarının onlara verilməsini xahiş etmiş, yol rəhbərliyi bu işə müsbət rəyini bildirərək həmin müəssisəyə muxtar Respublikanın ərazisində olan invertardan silinmiş 6 ədəd qaz vaqonlarının qoyulmuş qayda üzrə verilməsinə etiraz etməmişdir. xx.xx.1999-cu il tarixli, V-407/5 saylı məktubdan görünür ki, Culfa stansiyasında dayanan 57603235, 57605420, 57608259, 57626007, 57604423 və 57603367 nömrəli vaqonlar V4-10 aktı ilə 533 saylı 24.08.99-cu il tarixli teleqramma ilə invertardan silinmiş və müəssisənin 15 saylı 05.08.99-cu il tarixli məktubu əsasında yol rəhbərliyinin 57-2 saylı 23.08.99-cu il tarixli məktubu ilə Üzeyr kiçik müəssisəsinə qoyulmuş qayda üzrə satılmışdır. xx.xx.2000-ci il tarixli, Azərbaycan Dövlət X17 bölməsinin Üzeyir kiçik müəsissəsinin direktoru Nümayəndə1 yoldaşa ünvanladığı məktubdan görünür ki, Culfa stansiyasında dayanan 6 ədəd qaz sisternası Azərbaycan Dövlət Dəmir Yolunun 533 saylı 24.08.99-cu il tarixli teleqramı əsasında invertardan silinmiş, Azərbaycan Dövlət Dəmir Yolu rəhbərliyinin 57/2 saylı 23.08.99-cu il tarixli məktubu və Naxçıvan MR Nazirlər Kabinetinin 4/401 saylı, 21.09.99-cu il tarixli AZ.D.D.Y “vaqonserviz” istehsalat birliyinin V-407/5 saylı xx.xx.1999-cu il tarixli məktubu ilə kiçik müəssisəyə qoyulmuş qayda üzrə satılmışdır. 29 aprel 2000-ci il tarixli qaimədən görünür ki, dəyəri ******* (yeddi milyon iki yüz min) manat olan istismardan silinmiş 6 ədəd mayə qaz balonu Culfa Rayonu Dəmir yollarından Üzeyir k/m direktoru Nümayəndə1 təqdim edilmişdir. 29 mart 2009-cu il tarixli tələbnamədən görünür ki, bir ədədi ******* manat olmaqla ümumilikdə dəyəri ******* manat olan 6 ədəd maye qaz vaqonun çəni “Üzeyir” kiçik müəssisəsi tərəfindən tələb edilmişdir. xx.xx.1999-cu il tarixli, 16 saylı kassa mədaxil orderindən görünür ki, dəyəri ******* manat olan 6 ədəd maye qaz vaqonun çəni pulu Nümayəndə1 tərəfindən ödənilmişdir. 02 noyabr 2000-ci il 1 saylı qəbzdən görünür ki, Nümayəndə1 T.o tərəfindən 80000 min manat rüsum və şəhadətnamə pulu kimi ödənilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Əmlakı Nazirliyinin 02 noyabr 2000-ci il tarixli, 375 saylı sərəncamından görünür ki, Azərbaycan Dövlət Dəmir yolu X15 deposunun satınaldığı, ümumi dəyəri ******* (yeddi milyon iki yüz min) manat olan 6 ədəd maye qaz vaqon çəninə dair “Üzeyir” kiçik müəssisəsinin rüsum haqqı ödənilməklə “Mülkiyyət haqqında” şəhadətnamə verilməsinə dair sərəncam verilmişdir. 0052 saylı Naxçıvan Muxtar Respublikası Dövlət Əmlakı Nazirliyinin mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, 6 ədəd maye qaz vaqonları çəni “Üzeyir” kiçik müəssisəsinin xüsusi mülkiyyətindədir və xx.xx.2000-ci il tarixdə, 2 saylı reyester kitabının, 15-ci səifəsində, 52 sayla qeydiyyatla alınmışdır. Beləliklə, məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək qeyd edir ki, yuxarıda göstərilən iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı tələbində haqlıdır. İddiaçı MPM-nin 77.1-ci maddəsinə əsasən öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmişdir. Belə ki, 0052 saylı Naxçıvan Muxtar Respublikası Dövlət Əmlakı Nazirliyinin mülkiyyət hüququ haqqında şəhadətnamə ilə və digər sübutlarla iddiaçının tələb etdiyi daşınar əşya üzərində mülkiyyət hüququn olması, yəni 6 ədəd maye qaz vaqonları çəninin “Üzeyir” kiçik müəssisəsinin xüsusi mülkiyyətində olduğu təsdiq olunur. Həmçinin cavabdehin nümayəndəsi izahında da maye qaz vaqon çənlərinin iddiaçının mülkiyyətində olmağını qəbul etdiyini bildirmişdir və işin mübahisə edilməyən halıdır. Cavabdehin nümayəndəsi izahında maye qaz vaqon çənlərinin iddiaçının mülkiyyətində olmağını qəbul etsə də bunun mübahisəli əşyaların cavabdeh təşkilatda olduğuna dəlalət etmədiyini, hal-hazırda onlarda həmin altı ədəd vaqonun olduğuna dair heç bir sübut olmadığını da qeyd etmişdir. Məhkəmə bu hala münasibətdə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Belə ki, hal-hazırda həmin altı ədəd vaqonun dəmir yolu olmadan hərəkət edə bilməyəcəyini əsas götürərək cavabdeh tərəfdə olmadığına dair etirazın sübut edilməsi ilə bağlı sübutetmə yükü cavabdeh tərəfin üzərindədir. Lakin cavabdeh tərəf 6 ədəd maye qaz vaqonları çəninin onlarda olmadığını təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi həmin əmlakın hal-hazırda onlarda olmadığını bildirsədə məhkəmə hesab edir ki, bu hal cavabdeh tərəfə naməlum qala bilməz çünki tələb olunan 6 ədəd maye qaz vaqonları çəni daşınar əşyadır və onun daşınma vasitəsi dəmir yoludur. Bu hal isə hamıya bəlli olan faktır ki, həmin vaqonlar dəmir yolu vasitəsi olmadan başqa vasitəilə hərəkət etməsi qeyri mümkündür. Belə ki, Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının: 13 maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13 maddəsinin İİ hissəsinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1 və 108.1.1-ci maddələrinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə müəyyən edilmiş dövlət rüsumunun məbləği 100 manat təşkil edir. Məhkəmə qeyd edir ki, iddia təmin edilməli olduğundan qanunvericiliyin tələbinə əsasən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdeh “X14” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı “Üzeyir” kiçik müəssisəsinə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh “X14” Məhdud Məsuliyyətli Cəmiyyətindən Cavabdeh “X14” Məhdud Məsuliyyətli Cəmiyyətindən V4-10 aktı ilə 533 saylı 24.08.99-cu il tarixli teleqramla invertardan silinmiş və müəssisənin 15 saylı 05.08.99-cu il tarixli məktubu əsasında yol rəhbərliyinin 57-2 saylı 23.08.99-cu il tarixli məktubu ilə Üzeyr kiçik müəssisəsinə satılmış 57603235, 57605420, 57608259, 57626007, 57604423 və 57603367 nömrəli 6 ədəd maye qaz vaqon çəni alınaraq iddiaçı “Üzeyir” kiçik müəssisəsinə verilməli, 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdeh “X14” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb iddiaçı “Üzeyir” kiçik müəssisəsinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, qət e t d i: İddia təmin edilsin. Cavabdeh “X14” Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN-**********) V4-10 aktı ilə 533 saylı 24.08.99-cu il tarixli teleqramla invertardan silinmiş və müəssisənin 15 saylı 05.08.99-cu il tarixli məktubu əsasında yol rəhbərliyinin 57-2 saylı 23.08.99-cu il tarixli məktubu ilə Üzeyr kiçik müəssisəsinə satılmış 57603235, 57605420, 57608259, 57626007, 57604423 və 57603367 nömrəli 6 ədəd maye qaz vaqon çəni alınaraq iddiaçı “Üzeyir” kiçik müəssisəsinə (VÖEN-**********)verilsin. 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdeh “X14” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb iddiaçı “Üzeyir” kiçik müəssisəsinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar