Məhkəmə qərarları › İş №e-2-2(123)-44/2021

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-44/2021

09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-44/2021 09.07.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyə n etdi: İddiaçı MMC-nin qanuni təmsilçisi və İdarə Heyətinin sədri X2 11 iyun 2021-ci il tarixdə elektron qaydada daxil olmuş ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası, Bakı şəhəri, Bülbül prospekti 5 ünvanında yerləşən, sahəsi 18.10 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2018-ci il tarixli, 124 saylı müqavilə üzrə 31 dekabr 2020-ci il tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 4,000.00 AZN (dörd min Azərbaycan manatı, 00 qəpik) məbləğində pul vəsaitinin, habelə ödənilmiş 30.00 AZN (otuz Azərbaycan manatı, 00 qəpik) məbləğində dövlət rüsumunun və 0.40 AZN (qırx qəpik) məbləğində bank komissiyası haqqının, cəmi ƏDV daxil 4,030.40 AZN (dörd min otuz manat, qırx qəpik) məbləğinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin qanuni təmsilçisi və İdarə Heyətinin sədri X2 ərizəsini əsaslandıraraq İddiaçı MMC (bundan sonra “iddiaçı”, VÖEN: **********) ilə Cavabdeh (bundan sonra “cavabdeh”, VÖEN: **********) arasında Azərbaycan Respublikası, Bakı şəhəri, Bülbül prospekti 5 ünvanında yerləşən, sahəsi 18.10 kv.m. təşkil edən qeyriyaşayış sahəsinin (bundan sonra “icarəyə verilən əmlak”) icarəyə verilməsi haqqında 01 yanvar 2018-ci il tarixli, 24 saylı müqavilə (bundan sonra bütün əlavələri ilə birlikdə “icarə müqaviləsi”) bağlandığını, icarə müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq icarəyə verilən əmlak üçün aylıq icarə haqqının 01 yanvar 2018-ci il tarixindən 31 may 2018-ci il tarixinədək olan dövr üçün ƏDV daxil 1,000.00 AZN (bir min Azərbaycan manatı, 00 qəpik), 01 iyun 2018-ci il tarixindən etibarən icarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində isə ƏDV daxil 1,800.00 AZN (bir min səkkiz yüz Azərbaycan manatı, 00 qəpik) məbləğində müəyyən edildiyini, icarə müqaviləsinin 3.2-ci bəndinə əsasən icarə haqqının hər cari ayın əvvəlində həyata keçirilməklə, müvafiq hesab-faktura təqdim olunan tarixdən 3 (üç) iş günündən gec olmayaraq, cavabdeh tərəfindən hər ay üzrə əvvəlcədən iddiaçının nağd və ya bank hesabına köçürmə yolu ilə ödənilməli olduğunu, icarə müqaviləsinin 3.3cü bəndinə əsasən cavabdehin icarəyə verilən əmlakda icarə müddəti ərzində istifadə etdiyi su, kanalizasiya, qaz, elektrik enerjisi, telefon (o cümlədən beynəlxalq, mobil telefon danışıqları və internet xidmətləri) və digər kommunal xidmətlərə görə xərclər də daxil olmaqla, bütün kommunal xidmət haqlarının ödənilməsi öhdəliyini daşıyacağını, icarə müqaviləsinin 3.3-cü bəndi ilə cavabdehə aid edilən xərclərin icarə haqqına daxil olmadığını və onların cavabdeh tərəfindən təyinatı üzrə ayrıca ödənilməli olduğunu, icarə müqaviləsinin 5.1.1-ci yarımbəndinə uyğun olaraq icarə haqqı və sayğac üzrə xidmət haqlarını vaxtlı-vaxtında ödəməyin cavabdehin əsas öhdəliyi kimi nəzərdə tutulduğunu, bununla belə, icarə müqaviləsi üzrə ödənişlərin vaxtlı-vaxtında təmin edilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq (müqavilə üzrə borcun ödənilməsi tələbi barədə 02 noyabr 2020-ci il tarixli, FMG 01/20/400 saylı bildiriş və 21 dekabr 2020-ci il tarixli, FMG 01/20/499 saylı pretenziya bildirişi cavabdehə göndərilmişdir) cavabdeh tərəfindən icarə müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilmədiyini və iddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona xeyli miqdarda ziyan vurulduğunu, beləliklə, icarəyə verilən əmlakın icarəsi ilə əlaqədar ödənişlərin cavabdeh tərəfindən həyata keçirilməməsi və cavabdehin üzərinə düşən öhdəlikləri sistematik olaraq pozması nəticəsində ümumilikdə ƏDV daxil 4,000.00 AZN (dörd min Azərbaycan manatı, 00 qəpik) əsas borc məbləğinin yığıldığını, icarə müqaviləsinin 8.8-ci bəndinə əsasən qarşılıqlı razılıq əsasında tərəflərın istənilən vaxt müqaviləni ləğv edə biləcəyini, tərəflərin qarşılıqlı razılığı ilə icarə müqaviləsinə 31 dekabr 2020-ci il tarixində (bundan sonra “xitam tarixi”) xitam verildiyini, icarə müqaviləsinə xitam verilməsi və borcun ödənişinin tənzimlənməsi barədə razılaşmanın (bundan sonra “xitam razılaşması”) 2-ci bəndinə əsasən icarəçinin icarə müqaviləsinin şərtlərinə uyğun olaraq xitam tarixinədək xitam razılaşmasında icrası xitam tarixindən sonrakı tarixə müəyyənləşdirilmiş öhdəliklər istisna olmaqla, digər bütün öhdəliklərin yerinə yetirilməsini təmin etməli olduğunu, xitam razılaşmasının 3-cü bəndinə istinadən müqavilə tərəflərinin cavabdehin xitam tarixinədək icarə müqaviləsi üzrə iddiaçıya ödənilməli olan ümumi borcun ƏDV daxil 4,000.00 AZN təşkil etdiyini təsdiq etdiyini, xitam razılaşmasının 4-cü bəndinə uyğun olaraq cavabdeh göstərilmiş borc məbləğinin ödənişini xitam tarixindən etibarən ardıcıl gələn 4 (dörd) ay ərzində, hər hansı fasiləyə yol vermədən aylıq ƏDV daxil 1,000.00 AZN (bir min Azərbaycan manatı, 00 qəpik) olmaqla, hər müvafiq cari ayın ilk 10 (on) günü ərzində iddiaçının bank hesabına köçürmə yolu ilə həyata keçirməli olsa da, ödəniş öhdəliyinin icrası üçün ayrılmış dörd aylıq müddətin başa çatmasına baxmayaraq, toplanmış borc məbləğindən heç bir ödənişin icrasının təmin edilmədiyini və cavabdehin sözügedən öhdəliyin icrasından təkrarən yayındığını, iddiaçı üçün kommersiya baxımından səmərəli olmasa belə, borc məbləğinin məhkəməyə qədər könüllü olaraq ödənilməsini təmin etmək məqsədilə cavabdehə bütün güzəştlərin edildiyini və uzunmüddətli olsa belə, hissə-hissə ödəməklə cavabdehin öz öhdəliklərini təmin etməsi üçün kifayət qədər vaxt verildiyini, xitam razılaşmasının 6-cı bəndinə əsasən iddiaçının cavabdehin xitam tarixinə kimi təmin edilməmiş borc məbləği üzrə ödənişlərin həyata keçirilməsində cavabdehin yol verdiyi hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i (sıfır tam onda bir faizi) məbləğində dəbbə pulu tətbiq etmək hüququnu özündə saxladığını, xitam razılaşmasının 7-ci bəndinə əsasən borc məbləği, dəbbə pulu, faizlər, habelə onların tutulması üzrə məhkəmə xərclərinin və cavabdehin öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində iddiaçıya dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, cavabdehin iddiaçı qarşısında tam həcmdə məsuliyyət daşıdığını, xitam razılaşmasının 8-ci bəndinə müvafiq olaraq icarə müqaviləsinə xitam verilməsinin cavabdehi icarə müqaviləsi üzrə lazımınca yerinə yetirilməmiş öhdəliklərinin icrasından azad etmədiyini, iş üzrə hallardan da məlum olduğu kimi, cavabdehin iddiaçı qarşısında xitam razılaşmasından irəli gələn öhdəliklərini (xitam tarixindən etibarən ardıcıl gələn 4 (dörd) ay müddətində, hər ayın ilk on günü ərzində, hər hansı fasiləyə yol vermədən aylıq ƏDV daxil 1,000.00 AZN-dən az olmayan həcmdə ödənişlərin edilməsinə dair) lazımi qaydada yerinə yetirmədiyini, onları kobud şəkildə pozduğunu və iddiaçı tərəfindən borcun hissəvi olaraq ödənişinin təmin edilməsi ilə bağlı yaradılmış güzəştli fürsəti dəyərləndirmədiyini, icarə müqaviləsi və xitam razılaşması üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilməsi və mövcud borcun ödənişinin təmin edilməsi haqqında cavabdehə yenidən 18 may 2021-ci il tarixli, FMG-01/21/243 saylı pretenziya məktubunun göndərildiyini və sözügedən borc məbləğinin ödənişinin 5 (beş) iş günü ərzində həyata keçirilməyəcəyi təqdirdə iddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək, məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də dəbbə pulu daxil olmaqla, vurulmuş bütün zərərin əvəzinin ödənilməsinin cavabdehdən tələb ediləcəyinin vurğulandığını, lakin cavabdehin sözügedən pretenziya bildirişinə də məhəl qoymadığnı və xitam tarixindən 5 aydan artıq bir müddətin keçməsinə baxmayaraq müvafiq borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atmadığını, beləliklə, cavabdehin icarə müqaviləsi üzrə ƏDV daxil 4,000.00 AZN (dörd min Azərbaycan manatı, 00 qəpik) əsas borcunun olduğunu bildirmiş və Azərbaycan Respublikası, Bakı şəhəri, Bülbül prospekti 5 ünvanında yerləşən, sahəsi 18.10 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2018-ci il tarixli, 124 saylı müqavilə üzrə 31 dekabr 2020-ci il tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 4,000.00 AZN (dörd min Azərbaycan manatı, 00 qəpik) məbləğində pul vəsaitinin, habelə ödənilmiş 30.00 AZN (otuz Azərbaycan manatı, 00 qəpik) məbləğində dövlət rüsumunun və 0.40 AZN (qırx qəpik) məbləğində bank komissiyası haqqının, cəmi ƏDV daxil 4,030.40 AZN (dörd min otuz Azərbaycan manatı, qırx qəpik) məbləğinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin qanuni təmsilçisi və İdarə Heyətinin sədri X2 ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 399.4-cü, 425.1-ci 427.3-cü, 442-ci, 443.1-ci, 445.1-ci, 445.3-cü, 445.7-ci, 685.2-ci, 700.1-ci və 700.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci və 284-1-ci maddələrinə istinad etmişdir. Ərizəyə qarşı etiraz daxil olmamışdır. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iş materiallarını öyrənərək, iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdıraraq və onlara tam, hərtərəfli və obyektiv surətdə hüquqi qiymət verərək aşağıdakıları aydınlaşdırdı. Belə ki, iş materiallarına əlavə edilmiş mülkiyyətçi “xxxx” MMC ilə idarə edən İddiaçı MMC arasında bağlanmış və imzalanmış “daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında” 27 dekabr 2017-ci il tarixli, PMD-27/12/17-856 saylı müqavilənin 1.1-ci bəndinə əsasən mülkiyyətçi siyahısı bu müqavilənin müvafiq əlavələrində göstərilən obyekt(lər)i idarə edənin icarəsinə və idarəetməsinə vermiş və idarə edəni obyekt(lər)in səlahiyyətli idarəedicisi və icarə agenti kimi təyin etmiş, idarə edən isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul etmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş mülkiyyətçi “xxxx” MMC ilə idarə edən İddiaçı MMC arasında bağlanmış və imzalanmış “daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında” 27 dekabr 2017-ci il tarixli, PMD-27/12/17-856 saylı müqaviləyə 1.20. saylı əlavəyə əsasən Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 5 ünvanında yerləşən, sahəsi 18.10 kv.m. təşkil edən obyekt 20 (iyirmi) il müddətinə İddiaçı MMC-yə icarə və idarəetməyə verilmiş, idarə edən obyekt(lər)i və yaxud onun hər hansı bir hissəsini üçüncü şəxslərə icarəyə, kirayəyə, idarəetməyə, qanunvericiliklə müəyyən edilmiş digər əsaslarda istifadəyə vermək və yaxud obyekt(lər)i birgə istifadə etmək hüququna malik olmuşdur. İş materiallarına əlavə edilmiş icarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında bağlanmış və imzalanmış “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 01 yanvar 2018-ci il tarixli, 124 saylı müqavilənin: 1.1-ci bəndinə əsasən icarəyə verən icarə və idarəetmə hüququ əsasında istifadəsində olan, Bakı şəhəri, Bülbül prospekti 5 ünvanında yerləşən 18.1 m2 qeyriyaşayış sahəsini icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlakı qəbul edib icarə haqqını müqavilə ilə müəyyən olunmuş şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. 3.1-ci bəndinə əsasən icarəçi 01 yanvar 2018-ci il tarixdən – 31 may 2018-ci il tarixədək olan dövrdə hər ay ƏDV daxil olmaqla 1000.00 AZN (bir min manat) icarə haqqı, 01 iyun 2018-ci il tarixdən başlayacaq bu icarənin qüvvədə olduğu müddətdə isə hər ay ƏDV daxil olmaqla 1800.00 AZN (bir min səkkiz yüz manat) aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş icarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında bağlanmış və imzalanmış “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 01 yanvar 2018-ci il tarixli, 124 saylı müqavilənin müddəalarından aydın olur ki, icarəçi ödəniş vaxtı çatmış icarə haqqını və ya sayğac üzrə xidmət haqqlarını ödəmədikdə, bu barədə yazılı bildiriş aldıqdan sonra 10 (on) təqvim günü ərzində bu cür pozuntuları aradan qaldıracaq. İcarəçi bu icarəyə əsasən özünün yerinə yetirməli və təmin etməli olduğu hər hansı digər şərt, öhdəlik və qaydaları pozarsa, bu barədə yazılı bildiriş aldıqdan sonra 10 (on) təqvim günü ərzində belə pozuntunu aradan qaldıracaq. İcarəçi baş vermiş pozuntuları bu bənddə göstərilmiş vaxt ərzində aradan qaldırmazsa, icarəyə verən icarəçiyə müvafiq yazılı bildirişi verməklə bu icarəyə xitam verildiyini bəyan edə bilər. İcarəçiyə müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və ya müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i (sıfır tam onda bir faiz) həcmində dəbbə pulu tətbiq oluna bilər. Həmçinin, Cavabdeh ünvanlanmış 02 noyabr 2020-ci il tarixli, FMG-01/20/400 saylı “müqavilə üzrə borcun ödənilməsi tələbi barədə” bildiriş iş materiallarına əlavə edilmişdir. Həmin bildirişdə icarəçi qismində tərəf olduqları qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 01 yanvar 2018-ci il tarixli, 124 saylı müqavilə (İcarəyə verilən Əmlak: Azərbaycan Respublikası, Bakı şəhəri, Bülbül prospekti 5 ünvanında yerləşən, ümumi sahəsi 18.10 m2 təşkil edən qeyri-yaşayış sahəsi) üzrə icarə haqqının məbləğində və ödənilməsində mövcud pandemiya şəraiti nəzərə alınmaqla, müəyyən müddət ərzində müvafiq güzəştlər tətbiq edilsə də, toplanmış ödənişlərin icarəçi tərəfindən lazımi qaydada həyata keçirilməməsi nəticəsində bu bildirişin verildiyi tarixə ümumilikdə ƏDV daxil 3000.00 AZN (üç min Azərbaycan manatı, 00 qəpik) əsas borc məbləğinin yığıldığının məlumat və nəzərə alınması üçün bildirildiyi, sözügedən borc məbləğinin bu bildirişin verildiyi tarixdən etibarən 5 (beş) iş günü ərzində ödənilməsinin icarəçidən tələb edildiyi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş icarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında bağlanmış və imzalanmış “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 01 yanvar 2018-ci il tarixli, 124 saylı müqaviləyə xitam verilməsi və borcun ödənişinin tənzimlənməsi barədə” 30 dekabr 2020-ci il tarixli razılaşmanın müddəalarından aydın olur ki, icarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh tərəflərin qarşılıqlı razılığına əsasən icarə müqaviləsinə 31 dekabr 2020-ci il tarixində (bundan sonra - xitam tarixi) xitam veriləcəyi, icarəçinin icarə müqaviləsinin şərtlərinə uyğun olaraq xitam tarixinədək bütün öhdəliklərin (bu razılaşmada icrası xitam tarixindən sonrakı tarixə müəyyənləşdirilmiş öhdəliklər istisna olmaqla) yerinə yetirilməsini təmin etməli olması, icarəçinin xitam tarixinədək icarə müqaviləsi üzrə icarəyə verənə ödəməli olduğu ümumi borcunun ƏDV daxil 4,000.00 AZN (dörd min Azərbaycan manatı, 00 qəpik) təşkil etdiyini tərəflərin təsdiq etmələri, icarəçinin bu razılaşmanın 3-cü bəndində nəzərdə tutulmuş borc məbləğinin ödənişini xitam tarixindən etibarən ardıcıl gələn 4 (dörd) ay ərzində, hər hansı fasiləyə yol vermədən aylıq ƏDV daxil 1,000.00 AZN (bir min Azərbaycan manatı, 00 qəpik) olmaqla, tam təmin etməli olması, borc məbləğinin ödənişinin hər müvafiq cari ayın ilk 10 (on) günü ərzində icarəyə verənin bank hesabına köçürmə yolu ilə həyata keçirilməli olması barədə razılığa gəlmişlər. Eyni zamanda, Cavabdeh ünvanlanmış 18 may 2021-ci il tarixli, FMG-01/21/243 saylı “müqavilə üzrə borcun ödənilməsi tələbi barədə” pretenziya bildirişi iş materiallarına əlavə edilmişdir. Həmin pretenziya bildirişində icarəyə verilən əmlak(lar)ın icarəsi ilə əlaqədar ödənişlərin tərəflərindən lazımi qaydada həyata keçirilməməsi, həmçinin müqavilə tərəfləri arasında imzalanmış 30 dekabr 2020-ci il tarixli xitam razılaşmasının müddəalarına riayət edilməməsi nəticəsində xitam tarixinədək ödənilməmiş olan ümumilikdə ƏDV daxil 4,000.00 AZN (dörd min Azərbaycan manatı, 00 qəpik) əsas borc məbləğinin bu pretenziya bildirişinin verildiyi tarixə dəyişilməz olaraq qaldığı, icarə müqaviləsinin 3.2-ci bəndinə əsasən icarə haqqı hər cari ayın əvvəlində, müvafiq hesabfaktura təqdim olunan tarixdən 3 (üç) iş günündən gec olmayaraq icarəçi tərəfindən hər ay üzrə əvvəlcədən icarəyə verənə nağd və ya bank hesabına köçürmə yolu ilə ödənilməli olsa da, tərəflərindən bu öhdəliyin kobud pozuntusuna yol verildiyi, həmçinin icarə müqaviləsinin 5.1.1-ci yarımbəndinə əsasən icarə haqqını və sayğac üzrə xidmət haqlarını vaxtlı-vaxtında ödəməyin icarəçinin başlıca öhdəliyini təşkil etdiyi, əlavə olaraq icarə müqaviləsinə xitam verilməsinin qanunvericiliyə, icarə müqaviləsinin və xitam razılaşmasının müvafiq şərtlərinə əsasən icarəçini xitam tarixinədək icarə müqaviləsi üzrə təmin etməli olduğu öhdəliklərin icrasından azad etmədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Bütün halları araşdıraraq məhkəmə hesab edir ki, təqdim edilən sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iş üzrə əlavə araşdırma, o cümlədən tərəflərin çağırılaraq izahatların, yaxud şahidlərdən ifadələrin və ya ekspertdən rəyin alınması zərurəti olmadığından kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan hazırki iş üzrə qətnamə çıxarılmalı və iddia ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Hazırki iş üzrə araşdırılan hallardan məlum olur ki, tərəflər arasında müəyyən bir öhdəliyin olduğu icarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında bağlanmış və imzalanmış “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 01 yanvar 2018-ci il tarixli, 124 saylı müqavilə ilə, həmçinin icarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında bağlanmış və imzalanmış “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 01 yanvar 2018-ci il tarixli, 124 saylı müqaviləyə xitam verilməsi və borcun ödənişinin tənzimlənməsi barədə” 30 dekabr 2020-ci il tarixli razılaşma ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında yaranan öhdəliyin şərtlərini cavabdeh pozmuş, cavabdehin iddiaçıya qarşı borcu yaranmış və o, həmin öhdəlikdən irəli gələn borcunu iddiaçıya ödəməmişdir. Belə ki, Cavabdeh ünvanlanmış 02 noyabr 2020-ci il tarixli, FMG-01/20/400 saylı “müqavilə üzrə borcun ödənilməsi tələbi barədə” bildirişdən və Cavabdeh ünvanlanmış 18 may 2021-ci il tarixli, FMG-01/21/243 saylı “müqavilə üzrə borcun ödənilməsi tələbi barədə” pretenziya bildirişindən məlum olur ki, cavabdehin iddiaçıya qarşı ƏDV daxil olmaqla 4,000.00 AZN (dörd min Azərbaycan manatı, 00 qəpik) borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 01 yanvar 2018-ci il tarixli, 124 saylı müqavilənin qüvvədə olma müddəti 31 dekabr 2020-ci il tarixdə bitməsi həmin tarixə qədər müqavilənin yol verilmiş pozulmasına görə cavabdehi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli, 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi hallar başa düşülür. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, hazırki tələb üzrə iddianın təmin edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Göründüyü kimi, qanunverici işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən mötəbər sübutlarla məhdudlaşdırır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, Azərbaycan Respublikası, Bakı şəhəri, Bülbül prospekti 5 ünvanında yerləşən, sahəsi 18.10 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2018-ci il tarixli, 124 saylı müqavilə üzrə 31 dekabr 2020-ci il tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 4,000.00 AZN (dörd min Azərbaycan manatı, 00 qəpik) məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin ediləcəyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30.00 AZN (otuz Azərbaycan manatı, 00 qəpik) məbləğində dövlət rüsumu və 0.40 AZN (qırx qəpik) məbləğində bank komissiyası haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Nəticədə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə borcun ödənilməsi tələbi barədə iddiası təmin edilməli, Cavabdeh əsas borc üzrə ƏDV daxil 4,000.00 AZN (dörd min Azərbaycan manatı, 00 qəpik) məbləğində pul vəsaiti, habelə ödənilmiş 30.00 AZN (otuz Azərbaycan manatı, 00 qəpik) məbləğində dövlət rüsumu və 0.40 AZN (qırx qəpik) məbləğində bank komissiyası haqqı olmaqla, cəmi 4,030.40 AZN (dörd min otuz Azərbaycan manatı, qırx qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi əsaslı olduğundan təmin edilsin. Cavabdeh (VÖEN: ********** Şəxsiyyət vəsiqəsi: AZE № ********; vəsiqəni verən orqan: Naxçıvan ŞPİ; verildiyi tarix: 09.02.2015-ci il; etibarlıdır: 27.10.2029-cu ilədək; doğum tarixi: xx.xx.1979-cu il; FİN: xxxxxxx; Qeydiyyat və yaşayış ünvanı: ünvan 3: +99*** *** ** **) əsas borc üzrə ƏDV daxil 4,000.00 AZN (dörd min Azərbaycan manatı, 00 qəpik) məbləğində pul vəsaiti, habelə ödənilmiş 30.00 AZN (otuz Azərbaycan manatı, 00 qəpik) məbləğində dövlət rüsumu və 0.40 AZN (qırx qəpik) məbləğində bank komissiyası haqqı olmaqla, cəmi 4,030.40 AZN (dörd min otuz Azərbaycan manatı, qırx qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçı (Hüquqi ünvan: Azərbaycan Respublikası, AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr. 153; Faktiki ünvan: Azərbaycan Respublikası, ünvan 5iznes Mərkəzi, 4-cü mərtəbə; Qanuni təmsilçi və İdarə Heyətinin sədri: X1: Bakı şəhəri, Hövsan qəsəbəsi, H. Quliyev küçəsi, ev 14, mənzil 58 Əlaqə nömrəsi: +99*** *** ** **; +99*** *** ** **) İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar