Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-458/2025 04.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı QSC-ti və səlahiyyətli nümayəndəsi Nümayəndə1 29 sentyabr 2025-ci il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə - 021R********** saylı krеdit razılaşması üzrə 6198.47 manat məbləğində krеdit bоrcu, 495.87 manat məbləğində faiz bоrcu və 149.01 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 6843 (altı min səkkiz yüz qırx üç) manat 35 (otuz beş) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 88.43 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı QSC iləCavabdeh2 və zaminlər Cavabdeh1, Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 021L**********61 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh2 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хətti açıldığını, uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 021R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində krеdit götürdüyünü, onun uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatdığını, kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcundan və faiz bоrcundan ibarət vəsaiti qaytarmadığını, Cavabdeh2 götürdüyü krеdit bоrcundan 8801.53 manat ödədiyini, onun 6198.47 manat məbləğində kredit borcu qaldığını, uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablandığını, bir gün üçün kredit faizinin kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablandığını, qeyd edilənlərə əsasən onun kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 142 gün üçün hesablanmış faiz borcunun 495.87 manat təşkil etdiyini, uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclunun ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməli olduğunu, xx.xx.2025-ci il tarixə 142 gün üçün hеsablanmış cərimənin 149.01 manat təşkil etdiyini, uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alanın müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditorun müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malik olduğunu, uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zaminin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüyünü və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıdığını, həmin müqavilənin 11.4-cü bəndinə əsasən zaminin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürdüyünü, həmin müqavilənin 11.7-ci bəndinə əsasən zaminin müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıdığını təsdiq və bəyan etdiyini qeyd edərək ərizəsini əsaslandırmış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 442-ci, 445.2.1-ci, 448.1-ci, 465.2-ci, 467ci, 472.1-ci, 472.2-ci, 501-ci maddələrinə, o cümlədən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə istinad etmişdir. Məhkəmə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada borcun tutulması tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə xx.xx.2025-ci il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdehlər bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarında olan: 15 mart 2023-cü il tarixli, 021L**********61 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən İddiaçı QSC-nin “Mərdəkan” filialının müqaviləni imza edən səlahiyyətli nümayəndəsinin şəxsində, bir tərəfdən “kredit alan” qismində Cavabdeh2 (Şəxsiyyəti təsdiq edən sənəd: Şəxsiyyət Vəsiqəsi AA*******) VÖEN **********, digər tərəfdən “zamin” qismində Cavabdeh1 (Şəxsiyyəti təsdiq edən sənəd: Şəxsiyyət Vəsiqəsi AZE********) və Cavabdeh3 (Şəxsiyyəti təsdiq edən sənəd: Şəxsiyyət Vəsiqəsi AA*******) VÖEN ********** arasında bağlanmışdır. Həmin müqavilənin: 1.4-cü bəndinə əsasən bu müqavilənin 5-ci hissəsinə uyğun olaraq Bank, Kredit alana Kredit Sazişində razılaşdırılmış şərtlərlə Aktiv Kredit Xətti açmağı və Kredit limiti çərçivəsində Kredit verməyi, Kredit alan isə krediti tam və ya hissə-hissə istifadə etməyi, krediti və kredit faizini və aktiv kredit xətti və girov barədə qarışıq Razılaşmadan, o cümlədən bu müqavilədən irəli gələn digər ödənişləri banka ödəməyi öz öhdəsinə götürür, eyni zamanda xüsusi girov predmetini Aktiv kredit xətti və girov barədə qarışıq razılaşma əsasında öhdəliklərinin icrasını təmin etmək üçün banka girov qoyur. 2.2-ci bəndinə əsasən kreditin məqsədi/təyinatı sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi olmaqla, uzunmüddətli kredit xəttinin məbləği 300000 (üç yüz min) manat, kreditin maksimum müddəti 120 (bir yüz iyirmi) ay, kreditin faiz dərəcəsinin yuxarı həddi 28 (iyirmi səkkiz) faizdir. 2.7-ci bəndinə əsasən kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. 2.13-cü bəndinə əsasən Zamin, bu müqavilə üzrə Kredit Alanın öhdəliklərinin icrası üçün Kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. 4.9-cu bəndinə əsasən Bank, kredit alan krediti və kredit faizini banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq kredit alanın bankda olan hesab(lar)ından birtərəfli qaydada akseptsiz şəkildə silir və ya həmin cərimə borcunun ödənilməsini Kredit Alandan tələb edir. 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. 11.3-cü bəndinə əsasən kredit alan bu müqavilə üzrə ödəməli olduğu məbləğlərdən hər hansısa birini Banka ödəyə bilmədikdə, zamin kredit faizi və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış istənilən məbləğlərin ödənilməsi də daxil olmaqla kredit alanın müqavilə üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur. xx.xx.2023-cü il tarixli, 021R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən İddiaçı QSC-nin “Mərdəkan” filialı tərəfindən Cavabdeh2 xx.xx.2023-cü il tarixli 021L**********61 saylı uzunmüddətli kredit və təminat müqaviləsi üzrə 36 (otuz altı) ay müddətinə, illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə, 15000.00 ( on beş min) manat məbləğində biznes krediti verilmişdir. xx.xx.2023-cü il tarixli, 021R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əlavə olan ödəniş planından görünür ki, Cavabdeh2 verilmiş 15000.00 ( on beş min) manat məbləğində kreditin 36 ay müddətinə, 17 aprel 2023-cü il tarixdən 17 mart 2026-cı il tarixə kimi banka aylıq ödənişlərlə qaytarılması nəzərdə tutulmuşdur. xx.xx.2025-ci il tarixli, OUT-2025/09/04-153 saylı arayışa əsasən Cavabdeh2 021R********** saylı, xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixinə İddiaçı QSC-yə əsas məbləğ üzrə borcu 6198,47 manat; faiz üzrə borcu 495,87 manat; cərimə üzrə borcu 149,01 manat, cərimə hesablanmış gecikdirilən günlərin sayı 142 gün olmaqla cəmi borc məbləği 6843,35 manatdır. 75912572 nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC-ti tərəfindən iddia ərizəsinin verilməsinə görə 88.43 (səksən səkkiz manat 43 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2023-cü il tarixli kreditin verilməsi-köçürmə adlı sənədə əsasən 15000.00 manat məbləğində pul xx.xx.2023-cü il tarixdə Cavabdeh2 hesabına (Cari hesabın nömrəsi: **********232044; İBAN: AZ82ACAB********************) köçürülmüşdür. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında uzunmüddətli kredit və təminat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuş, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli kreditin verilməsi-köçürmə adlı sənədə əsasən pul vəsaitinin borclunun hesabına köçürülməsi ilə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Nəticə etibarilə məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.3-cü maddəsinə əsasən borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3cü maddəsinə əsasən hesablanır. 740.4-cü maddəsinə əsasən faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, cavabdehlər müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2025-ci il tarixdə elektron qaydada xəbərdarlıq məktubu ünvanlanaraq "xxxx" QSC ilə bağladıqları xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ödəniş planına uyğun olaraq 36 ay müddətinə aylıq ödəmək şərti ilə 15000,00 AZN məbləğində kredit götürdüklərini, onlara kredit borclarını ödəmələri barədə dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, hazırki vaxtadək kredit borclarını ödəməkdən yayındıqları, xx.xx.2025 tarixinə gecikdirilmiş ödəniş məbləğinin 3610,28 AZN (əsas məbləğ 2 878,97 AZN, faiz ödənişi 569,76 AZN, cərimə məbləği 161,55 AZN) təşkil etdiyini, xx.xx.2025 tarixinədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarmalarını və kredit müqaviləsinin ləğv edilməsini təklif etdikıərini, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyini və onların banka borclu olduqları 7423,59 AZN məbləğin (6 663,27 AZN təşkil edən əsas məbləğ, 598,77 AZN faiz məbləği və 161,55 AZN cərimə məbləği), həmçinin xx.xx.2025 tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi, bu halda təkcə banka borclu olduqları məbləğin deyil, həm də ödəniləcək dövlət rüsumu ilə bağlı bütün xərcləri ödəyəcəkləri, əlavə olaraq məlumat üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196-cı maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən, kredit borclarını ödəməkdən qəsdən yayınmaya görə cinayət məsuliyyətinin nəzərdə tutulduğu bildirilmişdir. Beləliklə, məhkəmə borcluların öhdəliyin icrasını pozduğunu müşayiət etdiyindən kreditorun öhdəliyin icrasını tələb etməkdə haqlı olduğu qənaətindədir. Belə ki, Kredit Alan Cavabdeh2 “Uzunmüddətli kredit və təminat müqaviləsinin” tələbini pozaraq ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmadığından adına 142 gün gecikdirilmiş gün hesablanmış, xx.xx.2025-ci il tarixinə olan vəziyyətə dair əsas məbləğ üzrə borcu 6198,47 (altı min yüz doxsan səkkiz manat, 47 qəpik) manat, faiz üzrə borcu 495,87 (dörd yüz doxsan beş manat 87 qəpik) manat, cərimə üzrə borcu 149,01 (bir yüz qırx doqquz manat 01 qəpik) manat olmaqla, cəmi öhdəliyi 6843,35 (altı min səkkiz yüz qırx üç manat, 35 qəpik) manat təşkil etmiş, qeyd edilən hal ilə əlaqədar maliyyə cədvəli iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı) Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, e-2-2(123)-458/2025 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehlərə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdehlər tərəfindən öhdəliyin onların tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, onlara qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan əlavə məhkəmə zaminlər Cavabdeh1 və Cavabdeh3 da müştərək qaydada borcun tutulması hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı QSC ilə “zamin” qismində iştirak edən Cavabdeh1 və Cavabdeh3 arasında müqavilədən irəli gələn öhdəliklərinin icrasını təmin ediməsi məqsədilə 15 mart 2023-cü il tarixli, 021L**********61 nömrəli “Uzunmüddətli kredit və təminat müqaviləsi” bağlanmışdır. Belə ki, həmin müqavilənin 11.1-ci bəndinə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh3 kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürməyi və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşdürlər. Bu hal onu deməyə əsas verir ki, zaminlər borcalanla birlikdə kreditor qarşısında birgə məsuliyyət daşıdığından krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini də icra еtməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Beləliklə AR MM-in 462.2-ci maddəsinə uyğun olaraq tərəflər arasında bağlanmış uzunmüddətli kredit və təminat müqaviləsində borclunun məsuliyyəti nəzərdə tutulduğundan (4.9. Bank, kredit alan krediti və kredit faizini banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq kredit alanın bankda olan hesab(lar)ından birtərəfli qaydada akseptsiz şəkildə silir və ya həmin cərimə borcunun ödənilməsini Kredit Alandan tələb edir.) məhkəmə hesab edir ki, iddiaçı öhdəliyin icra edilməməsi nəticəsində gecikdirilmiş günlərə nəzərən yaranmış cərimə məbləğini cavabdehlərdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 6843,35 (altı min səkkiz yüz qırx üç manat 35 qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 88,43 (səksən səkkiz manat 43 qəpik) manatdır. (30 + 5843,35-in 1%-i = 30 + 58,43 = 88,43). Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən qanunvericiliyə uyğun olaraq iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə, ********** saylı qəbzlə ödənilmiş 88,43 AZN məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qanunamüvafiqdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada borcun tutulması tələbi barədə ərizəsi təmin edilməli, xx.xx.2023-cü il tarixli, 021R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 6198.47 manat məbləğində krеdit bоrcu, 495.87 manat məbləğində faiz bоrcu və 149.01 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 6843 (altı min səkkiz yüz qırx üç) manat 35 (otuz beş) qəpik məbləğində borc və 88,43 (səksən səkkiz manat 43 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" QSC-nin хеyrinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tam təmin edilsin. xx.xx.2023-cü il tarixli, 021R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 6198.47 manat məbləğində krеdit bоrcu, 495.87 manat məbləğində faiz bоrcu və 149.01 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 6843 (altı min səkkiz yüz qırx üç) manat 35 (otuz beş) qəpik məbləğində borc cavabdehlər Cavabdeh2 (AA*******, FİN:xxxxxxx, VÖEN:**********), Cavabdeh1 (AZE********, FİN: xxxxxxx, VÖEN: **********) və Cavabdeh3 (AA*******, FİN: xxxxxxx, VÖEN: **********) müştərək qaydada tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. İddiaçı QSC tərəfindən xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə, ********** saylı qəbzlə ödənilmiş 88,43 AZN məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-458/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-458/2025
04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver