Məhkəmə qərarları › İş №e-2-2(123)-518/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-518/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-518/2024 31.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı ASC və onun nümayəndəsi Nümayəndə 23 sentyabr 2024-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh – X1 19 iyun 2023-cü il tarixli, 371720-CNS-46060 saylı kredit müqaviləsi üzrə 17 iyul 2024-cü il tarixə 2.480,15 (iki min dörd yüz səksən manat on beş qəpik) manat əsas borc, 192,91 (yüz doxsan iki manat doxsan bir qəpik) manat faiz borcu, 374.70 (üç yüz yetmiş dörd manat yetmiş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3047,76 (üç min qırx yeddi manat yetmiş altı qəpik) manat kredit borcunun və 50,48 (əlli manat qırx səkkiz qəpik) manat dövlət rüsumunun cavabdehdən tutularaq Borcalanın İddiaçı ASC-də olan bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 tərəflər arasında bağlanmış 19 iyun 2023-cü il tarixli, 371720-CNS-46060 saylı kredit müqaviləsinə əsasən illik 19% dərəcəsi ilə 12 ay müddətinə 7000 (yeddi min) manat məbləğində kredit verildiyini, cavabdehin kredit vəsaitindən istifadə etdiyini, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etmədiyini və nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə Banka 2.480,15 (iki min dörd yüz səksən manat on beş qəpik) AZN manat məbləğində əsas borc, 192.91 (yüz doxsan iki manat doxsan bir qəpik) manat məbləğində faiz borcu, 374.70 (üç yüz yetmiş dörd manat yetmiş qəpik) AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 3047.76 (üç min qırx yeddi manat yetmiş altı qəpik) AZN manat məbləğində borcunun qaldığını, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən cavabdeh X3 dəfələrlə xəbərdarlıq edildiyini, lakin bundan sonra da, qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilmədiyini və öhdəliklərin lazımınca icra edilmədiyini bildirərək ərizəsini əsaslandırmışdır. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı kredit üzrə borcun qaytarılması tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə xx.xx.2024-cü il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdeh bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarında olan: 19 iyun 2023-cü il tarixli, 371720-CNS-46060 saylı Birdəfəlik Kreditin əsas şərtlərinə dair Müştəri Ərizə-Razılaşmasından görünür ki, bu razılaşma İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 1 №-li “Əcəmi” filialının müdiri v.i.e. X6 ilə X4 (Borcalan) arasında bağlanmışdır. Həmin razılaşmaya əsasən: Bank Borcalana sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün ilə 24 ay müddətinə 7000 (yeddi min) manat məbləğində illik 19% (on doqquz) dərəcəsi ilə heyvandarlıq kreditinin verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. kredit, ona hesablanmış faizlər və cərimələrin ödənilməsi kreditin verildiyi valyuta ilə müqaviləyə əlavə olunan qrafikə uyğun olaraq həyata keçirilir. 17 iyul 2024-cü il tarixli arayışdan görünür ki, X2 17 iyul 2024-cü il tarixə 2.480,15 (iki min dörd yüz səksən manat on beş qəpik) manat əsas borc, 192,91 (yüz doxsan iki manat doxsan bir qəpik) manat faiz borcu, 374.70 (üç yüz yetmiş dörd manat yetmiş qəpik) manat cərimə borcu olmaqla kredit borcu mövcuddur. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki: 19 iyun 2023-cü il tarixli, 371720-CNS-46060 saylı Birdəfəlik Kreditin əsas şərtlərinə dair Müştəri Ərizə-Razılaşmasından görünür ki, X2 hesabına 7000 .00 (yeddi min) manat məbləğində pul köçürülmüşdür. Qeyd edilənlərə istinadən, məhkəmə belə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Təqdim edilmiş sübutlara əsasən pul vəsaitinin borclunun hesabına köçürülməsi ilə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən cavabdeh X3 23 sentyabr 2024-cü il tarixli xəbərdarlıq məktubu ünvanlanaraq 19 iyun 2023-cü il tarixli, 371720-CNS-46060 saylı Birdəfəlik Kreditin əsas şərtlərinə dair Müştəri Ərizə-Razılaşmasına əsasən yaranmış borc məbləğinin ödənilməsi, kredit borcu ödənilmədikdə kreditin məhkəmə qaydasına tələb olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə borclunun öhdəliyin icrasını pozduğunu müşayiət etdiyindən kreditorun öhdəliyin icrasını tələb etməkdə haqlı olduğu qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı) Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı 24 sentyabr 2024-cü il tarixli, e-2-2(123)-518/2024 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdeh tərəfindən öhdəliyin onun tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, ona qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Penya (dəbbə pulu, cərimə) üzrə ödənilməli olan 374.70 (üç yüz yetmiş dörd manat yetmiş qəpik) manat məbləğinə münasibətdə məhkəmə bildirir ki, “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.26.3-cü bəndinə əsasən bu Müqavilə üzrə gecikdirilmiş kreditə görə, birdəfəlik kreditlər üzrə, hər gecikdirilən gün üçün ərizə-razılaşmada göstərilən cərimə tətbiq edildiyini, 19 iyun 2023-cü il tarixli 371720-CNS-46060saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsindən isə gecikdirilmiş borc üzrə hər gecikdirilən gün üçün hər tam və ya natamam 10 AZN üçün 0,02 AZN məbləğində cərimə hesablanıldığını, belə olduğu halda iddiaçının dəbbə pulunun ödənilməsi tələbi hissəsində haqlı olduğunu bildirib, eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmənin işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda biləcəyini, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alındığını qeyd edərək 374.70 (üç yüz yetmiş dörd manat yetmiş qəpik) manat məbləğində cərimənin ödənilməsi hissəsində iddia tələbinin qismən təmin edilməsini mümkün hesab edib, nəticədə, dəbbə pulunun azaldılaraq 133,65 (bir yüz otuz üç manat altmış beş qəpik) manat məbləğində cavabdehdən alınıb iddiaçıya ödənilməsini məqsədəmüvafiq hesab etməkdədir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, məhkəmə iddiaçı Bank VTB (Azərbaycan)” ASC-nin cavabdeh X3 qarşı borcun ödənilməsi tələbi barədə ərizəsi qismən təmin edilərək, cavabdeh X1 2.480,15 (iki min dörd yüz səksən manat on beş qəpik) manat əsas borcun, 133,65 (bir yüz otuz üç manat altmış beş qəpik) manat məbləğində dəbbə pulunun tutularaq Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə ödənilməsi qənaətindədir. Beləliklə, məhkəmə araşdırmasının nəticəsində belə qənaətə gəlir ki, iddiaçı Bank VTB (Azərbaycan)” ASC-nin cavabdeh X1 2.480,15 (iki min dörd yüz səksən manat on beş qəpik) manat əsas borc, 192,91 (yüz doxsan iki manat doxsan bir qəpik) manat faiz borcu, 374.70 (üç yüz yetmiş dörd manat yetmiş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 3047,76 (üç min qırx yeddi manat yetmiş altı qəpik) manat məbləğin tutularaq Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi barədə tələbi qismən əsaslı hesab edilərək, iddia qismən təmin edilməli, belə ki, iddia tələbində qeyd olunan 374.70 (üç yüz yetmiş dörd manat yetmiş qəpik) manat dəbbə pulu məhkəmə tərəfindən iddiaçının əmlak mənafeləri nəzərə alınmaqla azaldılaraq 133,65 (bir yüz otuz üç manat altmış beş qəpik) manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.1-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 (otuz) manat həddində müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 2480,15 (iki min dörd yüz səksən manat on beş qəpik) AZN manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 50,48 (əlli manat qırx səkkiz qəpik) manatdır. İddia qismən təmin edildiyindən qanunvericiliyə əsasən iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq 50,48 (əlli manat qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun 92,09%-nin, yəni 46,49 qırx altı manat qırx doqquz qəpik) manat məbləğində hissəsinin cavabdeh X1 tutularaq iddiaçıya ödənilməsi qanunamüvafiqdir. Həmçinin qanunvericiliyə əsasən iddia tələbinin təmin edilməmiş hissəsinə uyğun olaraq 50,48 (əlli manat qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun qalan hissəsinin, (50,48-46,49 =3,99) yəni 3,99 (üç manat doxsan doqquz qəpik) manat məbləğində hissəsinin iddiaçıya aid edilməsi qanunamüvafiqdir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 284, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh X1 2.480,15 (iki min dörd yüz səksən manat on beş qəpik) manat əsas borc, 192,91 (yüz doxsan iki manat doxsan bir qəpik) manat faiz borcu, 133,65 (bir yüz otuz üç manat altmış beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2806,71 (iki min səkkiz yüz altı) manat kredit borcunun tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qismən təmin edildiyindən qanunvericiliyə uyğun olaraq 46,49 (qırx altı manat qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh X1 tutularaq Bank VTB (Azərbaycan)” ASC-ə ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar