Məhkəmə qərarları › İş №e-2-2(123)-521/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-521/2025

26.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-521/2025 26.01.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X3 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı “X5” MMC-nin Cavabdeh MMC-nə qarşı yeni inşa edilmiş duz istehsalı müəssisəsində qurulmuş avadanlıqların sınaq testlərinin keçirilməsi məqsədilə “X5” MMC tərəfindən Cavabdeh MMC-nə verilmiş duz məhsulunun dəyərinin ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı “X5” MMC 03 noyabr 2025-ci il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək yeni duz istehsalı müəssisəsində quraşdırılan avadanlıqların sınaq testlərinin keçirilməsi məqsədilə 15 avqust 2023-cü il tarixli akt və EBDN 483176 nömrəli, 04 sentyabr 2023-cü il tarixli, 18 mart 2024-cü il tarixli akt və EBEA 639004 nömrəli, 18 mart 2024-cü il tarixli və 27 mart 2024-cü il tarixli akt və EBEA 902371 nömrəli və 27 mart 2024-cü il tarixli elektron qaimələr əsasında sınaq testlərinin keçirilməsi məqsədilə Cavabdeh MMC-yə verilmiş xammalın dəyəri olan 26306.37 (iyirmi altı min üç yüz altı manat, otuz yeddi qəpik) manat vəsaitin və iddia ərizəsi üçün ödənilmiş 168.92 manat dövlət rüsumun cavabdehdən tutularaq “X5” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində Yeni inşa edilmiş duz istehsalı müəssisəsinə avadanlıqların alınması üçün Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (Sifarişçi”) ilə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı (hüquqi varisi–Cavabdeh MMC) (“Podratçı”) arasında Duzdağ “Mexaniki emal (qırma, yuyulma, saflaşdırma) duz istehsalı sistemi”nin avadanlıqlarının alınması, qurulması və istismara hazır vəziyyətə gətirilməsinə dair dəyəri 2.700.534,00 (iki milyon yeddi yüz min beş yüz otuz dörd) manat olan 03 aprel 2020-ci il tarixli 05 nömrəli podrat müqaviləsi bağlanıldığını, müqavilə şərtlərinə əsasən avadanlıqların təhviltəslim ünvanının Naxçıvan Muxtar Respublikası Kəngərli rayonun Duzdağ massivində qeydiyyatda olan “X5” MMC-nin istehsal sahəsi müəyyən edildiyini, yuxarıda qeyd olunan müqavilə üzrə alınaraq müəssisədə quraşdırılmış avadanlıqların ilkin sınaq prosesindən keçirilməsi məqsədilə Cavabdeh MMC-nin şifahi müraciətinə əsasən istifadə olunacaq duz xammalının verilməsinin “X5” MMC tərəfindən təmin edildiyini, belə ki, yeni duz istehsalı müəssisəsində qurulan avadanlıqların sınaq testlərinin keçirilməsi məqsədilə 28 aprel 2023-cü il tarixli akt və EBDJ 043073 nömrəli, 27 sentyabr 2023-cü il tarixli elektron qaimə əsasında vergilər daxil ümumi dəyəri 21939.88 (iyirmi bir min doqquz yüz otuz doqquz manat, səksən səkkiz qəpik) manat olan 94 ton üyüdülmüş xörək duzu və 6 ton xış duzun, 15 avqust 2023-cü il tarixli aktı və EBDN 483176 nömrəli, 04 sentyabr 2023-cü il tarixli elektron qaimə əsasında vergilər daxil ümumi dəyəri 11158.36 (on bir min yüz əlli səkkiz manat, otuz altı qəpik) manat olan 74,4 ton daş duzun,18 mart 2024-cü il tarixli akt və EBEA 639004 nömrəli,18 mart 2024cü il tarixli elektron qaimə əsasında vergilər daxil ümumi dəyəri 1200.06 (bir min iki yüz manat, altı qəpik) olan 10 ton texniki xış duzun, 27 mart 2024-cü il tarixli akt və EBEA 902371 nömrəli 27 mart 2024-cü il tarixli elektron qaimə əsasında vergilər daxil ümumi dəyəri 13947,95 (on üç min doqquz yüz qırx yeddi manat, doxsan beş qəpik) olan 93 ton daş duzun dəyəri ödənilmək şərti ilə Cavabdehnə verildiyini, Cəmiyyət tərəfindən verilmiş duz məhsulu üzrə 28 aprel 2023cü il tarixli akt və EBDJ 043073 nömrəli, 27 sentyabr 2023-cü il tarixli elektron qaimə əsasında vergilər daxil ümumi dəyəri 21939.88 manat olan daş duzun dəyərinin 28 sentyabr 2023-cü il tarixdə ödənildiyini, lakin digər alınan malların dəyərinin ödənilmədiyini, haliyyədə Cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə 26306.37 (iyirmi altı min üç yüz altı manat, otuz yeddi qəpik) debitor borcunun mövcud olduğunu, ötən müddət ərzində Cavabdehnə dəfələrlə şifahi, 11 oktyabr 2024-cü il tarixli 40 nömrəli, 22 yanvar 2025-ci il tarixli 12 nömrəli və 2 sentyabr 2025-ci il tarixli 43 nömrəli məktublarla yazılı müraciət olunmasına baxmayaraq heç bir müsbət nəticə əldə edilmədiyini, 12 avqust 2025-ci il tarixdən Cəmiyyətin istifadəsində olan 5 nömrəli mədəndə qəzalı vəziyyət yarandığı üçün məhsul istehsalı dayandığından müəssisədə çalışan 50 nəfər işçinin əmək haqqlarının və digər kreditor borcların ödənişində ciddi problemlər yarandığını bildirmək istədiklərini qeyd etməklə ərizəsini əsaslandırmış, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 443.1-ci və 445-ci maddələrinə istinad etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçının nümayəndəsi Nümayəndə1 16 dekabr 2025-ci il tarixində keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahında: Yeni inşa edilmiş duz istehsalı müəssisəsində Cavabdeh MMC-nə istədikləri vaxt sınaq testlərinin keçirilməsi məqsədilə duz məhsullarını təqdim etdiklərini, aktlar üzrə hər birinin çəkisinə qədər qeyd olunmaqla onların nümayənədəsinə verildikdən sonra, dəfələrlə məktub ünvanlamalarına baxmayaraq 26306.37 manat məbləğində vəsaiti ödəmədiklərini, müəssisələri ləğv prosesində olduğundan çətinlikləri olduğunu, işçilərin əmək haqqını və digər dövlət öhdəlikləri üçün borcları olduğundan həmin vəsaitin aınmasında onlara köməklik edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 16 dekabr 2025-ci il tarixində keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahında: Həmin müəssisədəki əmək fəaliyyətinə yeni başladığı üçün hazırkı iş üzrə ətraflı məlumatının olmadığını, sadəcə olaraq iddia ərizəsinə və iş materiallarında olan təhvil-təslim aktlarına baxdığını, təhvil-təslim aktlarında da iddiaçı tərəfin qeyd etdiyi məbləğlərin qeyd olunduğunu, buna etirazının olmadığını, ancaq təhviltəslim aktını imzalayan şəxsin bunu imzalamağa səlahiyyəti olsa da, həmin sənəd tərəf üçün öhdəlik yaratmağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığını, yəni orada təhvil-təslim aktını imzalayan şəxsin Xəqani Rüstəmov olduğunu ki, onun da iş icraçısı qismində çıxış etdiyini və həmin sənədi imzalamağa səlahiyyəti olsa da, şirkət üçün öhdəlik yaratmağa səlahiyyətinin olmadığını, ona görə də həmin imzalanmış təhvil-təslim aktında nəzərdə tutulmuş müddəalarında onlar üçün öhdəlik yaratmadığını düşündüyünü bildirmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 verilən sualların cavabında isə qeyd etdiyi şəxsin bildiyi qədərilə Cavabdeh MMC-nin işçisi olmalı olduğunu, ancaq şəxsən həmin şəxsi tanımadığını, şirkətlə əmək müqaviləsinin olması barədə dəqiq məlumatının olmadığını, elektron qaimələri gördüklərini, həmin elektron qaimələrin onlar tərəfindən geri qaytarılması və ya onlara etiraz edilməsi halları barədə hansı ki, təkzib və ya təsdiq olunması ilə bağlı məlumatın olmadığını, ancaq bayaq qeyd etdiyi şəxsin buna səlahiyyətinin olmadığını, ona görə ki, nizamnamədə onun adının qeyd olunmadığını, Nizamnamədə öhdəlik yaradıcı şəxs kimi yalnız direktorun adının qeyd olunduğunu, direktorun da həmin təhvil-təslim aktını imzalamadığını, duzu aldıqlarını bilmədiyini, ancaq təhvil-təslim aktlarına əsasən aldıqlarını bildirmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 08 yanvar 2026-cı il tarixində keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahında Mülki Məcəllənin 359-cu maddəsinə əsasən, əqdlərin bağlanmasının yalnız təmsilçi vasitəsilə keçirilə biləcəyini, lakin təmsilçi səlahiyyətlərindən kənara çıxırsa, bunun, səlahiyyətsiz təmsilçilik hesab edildiyini, həmin maddənin 359.1-ci bəndinə görə, bir şəxsin başqa bir şəxs adından əqd bağlamaq hüququnun yalnız etibarnaməyə, qanunun göstərişinə və ya müvafiq dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyət mövcud olduqda mümkün olduğunu, Şirkət adından öhdəliklərin yaranmasının yalnız bu öhdəliklərin götürülməsi üçün müvafiq səlahiyyət verilmiş nümayəndənin müstəsna səlahiyyətinə aid olduğunu, "X5"xxxx"xxxx" Məhdud Məsuliyətli Cəmiyyəti arasındakı xx.xx.2023-cü il, xx.xx.2023-сü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli təhvil-təslim aktlarında sənədi imzalayan şəxs qismində Xəqani Rüstəmovun adının qeyd olunduğunu ki, həmin şəxsin iş icraçısı qismində çıxış etdiyini və onun “Arkoz İnşaat Şirkəti" adından hər hansı maliyyə və ya öhdəlik yaratmağa səlahiyyəti mövcud olmadığını, "xxxx" MMC-nin Nizamnaməsinin 9.2.1-ci maddəsinə əsasən, cəmiyyətin fəaliyyətinə cari rəhbərlik və qanuni təmsilçilik funksiyalarını yalnız cəmiyyətin təkbaşına icra orqanı olan direktor tərəfindən həyata keçirildiyini, bu baxımdan, qeyd edilən təhvil-təslim aktlarının səlahiyyətsiz şəxs tərəfindən imzalandığı üçün hüquqi qüvvəyə malik olmadığını, bundan əlavə, sınaq üçün nəzərdə tutulmuş ərazinin "X5" MMC-nin mülkiyyətində olduğunu, belə olan halda, sınaq məqsədilə istifadə edildiyi iddia olunan duzun "xxxx" MMC-dən alınması iddiasının hüquqi və faktiki baxımdan əsassız olduğunu, bu halda, hər hansı ödəniş tələbinin "xxxx" MMC-yə deyil, müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yönəldilməli olduğunu qeyd edərək yuxarıdakıları rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə yekun məhkəmə aktının çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 verilən sualların cavabında isə dediyi xx.xx.2023-cü il tarixdəki akta münasibətdə öhdəliyi qəbul etdiklərini, ancaq digərlərinə münasibətdə öhdəliyi qəbul etmədiklərini, elektron qaimələrə münasibətdə də malların bir neçə təhvil təslim aktına münasibətdə qəbul olunduğunu, ancaq digərlərinə münasibətdə qəbul olunmadığını bildirmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə baxış iclasında verdiyi izahatında Cavabdeh MMC-nin yeni yaradılmış müəssisəsində “Salt” adlı türk frimasının olduğunu, həmin firmanın Cavabdeh MMC-nin yeni yaratdığı müəssisədəki bütün işləri gördüyünü, 28 aprel 2023-cü ildən başlayaraq onlardan müxtəlif tonlarda xış, daş duz istədiklərini, 28 aprel 2023-cü il tarixdə ödənişin olduğunu, ancaq ondan sonra “Salt” firmasının təkrar ikinci dəfə sınaq testləri üçün duz istədiyini, həmin vaxtı 3 təhvil-təslim aktı üzrə Cavabdeh MMC-nin əməkdaşı Xəqani Rüstəmova zavodun işçilərinin iştirakı ilə bir neçə çeşiddə duz verdiklərini, lakin dəfələrlə şifahi xəbərdarlıq edilməsinə və 3 dəfə rəsmi məktub ünvanlanmasına baxmayaraq 26.306 manat məbləğində vəsaitin Cavabdeh MMC tərəfindən ödənilmədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə baxış iclasında verdiyi izahatında tərəflər arasında hər hansı bir müqavilə olmadığını, müqavilə olsaydı belə, təhvil-təslim aktında adı çəkilən şəxsin səlahiyyətsiz şəxs olduğunu, Mülki Məcəllənin 359-cu maddəsinə əsasən təmsilçi vasitəsilə münasibətlərin ötürülə biləcəyini, ancaq burada söhbətin səlahiyyətsiz təmsilçidən getdiyini, səlahiyyətsiz təmsilçi olduğu üçün şirkət üçün hər hansı bir öhdəlik yaratmağa hüququnun olmadığını, ona görə də cavabdehin dedikləri məbləğin onlardan yox, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən alınmalı olduğunu bildirmiş verilən sualların cavabında isə, hər bir təhvil-təslim aktının fərdi xarakter daşıdığını, bu səbəbdən qeyd edilən təhvil-təslim aktına münasibətdə ödənişin ediliyini, lakin digərlərinə münaisbətdə ödənişin edilməməsi qənaətinə gəlindiyini bildirmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 xx.xx.2026-cı il tarixli məhkəmə baxış iclasındakı çıxışında qeyd olunan vəsaitin Cavabdeh MMC tərəfindən onlara ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 xx.xx.2026-cı il tarixli məhkəmə baxış iclasındakı çıxışında ödənişin onlar tərəfindən yox, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ödənilməli olduğunu, Cavabdeh MMC tərəfindən ödənişin edilməsini doğru hesab etmədiyini bildirmişdir. İş materiallarında olan: 28 aprel 2023-cü il tarixli, təhvil-təslim aktından görünür ki, "X5" Məhdud Məsuliyyətli Cəmiyyəti üçün yeni tikilən duz istehsalı müəssisəsində qurulan avadanlıqların sınaq testlərinin keçirilməsi məqsədilə zəruri olan ƏDV-li dəyəri 21939.88 (iyirmi bir min doqquz yüz otuz doqquz manat, 88 qəpik) manat təşkil edən 94 (doxsan dörd) ton üyüdülmüş xörək duzunun, 6 (altı) ton xış duz məhsulunun, dəyəri ödənilmək şərti ilə podratçı müəssisə "xxxx" MMC-nin iş icraçısı X2 təhvil verilməsi, "X5" MMC-nin anbar müdiri X4 və "xxxx" MMC-nin iş icraçısı X1 imzaları ilə təsdiq olunmuşdur. xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 043073 nömrəli elektron qaimə-fakturadan görünür ki, "X5" MMC tərəfindən Cavabdeh MMC üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 21939,88 manat məbləğindədir. 15 avqust 2023-cü il tarixli, təhvil-təslim aktından görünür ki, "X5" Məhdud Məsuliyyətli Cəmiyyəti üçün yeni tikilən duz istehsalı müəssisəsində avadanlıqların sınaq testlərinin keçirilməsi məqsədilə ümumi ƏDV-li dəyəri 11160.0 (on bir min yüz altmış) manat olan 74,4 ton daş duzun dəyəri ödənilmək şərti ilə podratçı müəssisə "xxxx" MMC-nin iş icraçısı X2 təhvil verilməsi, "X5" MMC-nin anbar müdiri X4 və "xxxx" MMC-nin iş icraçısı X1 imzaları ilə təsdiq olunmuşdur. xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 483176 nömrəli elektron qaimə-fakturadan görünür ki, "X5" MMC tərəfindən Cavabdeh MMC üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 11158,36 manat məbləğindədir. 18 mart 2024-cü il tarixli, təhvil-təslim aktından görünür ki, "X5" MMC üçün yeni tikilən duz istehsalı müəssisəsində avadanlıqların sınaq testlərinin keçirilməsi məqsədilə ümumi ƏDV–li dəyəri 1200.06 (bir min iki yüz manat, 06 qəpik) manat olan 10 ton texniki xış duzun dəyəri ödənilmək şərti ilə podratçı müəssisə "xxxx" MMC-nin iş icraçısı X2 təhvil verilməsi, "X5" MMC-nin anbar müdiri X4 və "xxxx" MMC-nin iş icraçısı X1 imzaları ilə təsdiq olunmuşdur. xx.xx.2024-cü il tarixli, EBEA seriyalı, 639004 nömrəli elektron qaimə-fakturadan görünür ki, "X5" MMC tərəfindən Cavabdeh MMC üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 1200,06 manat məbləğindədir. 27 mart 2024-cü il tarixli, təhvil-təslim aktından görünür ki, "X5" MMC üçün yeni tikilən duz istehsalı müəssisəsində avadanlıqların sınaq testlərinin keçirilməsi məqsədilə xx.xx.2024cü il tarixdə 30 ton, xx.xx.2024-cü il tarixdə 24,5 ton, xx.xx.2024-cü il tarixdə 19,9 ton, xx.xx.2024-cü il tarixdə 18,6 ton, ümümilikdə 93 ton olmaqla ümumi ƏDV-li dəyəri 13947,95 (on üç min doqquz yüz qırx yeddi manat, 95 qəpik) manat olan daş duzun dəyəri ödənilmək şərti ilə podratçı müəssisə "xxxx" MMC-nin iş icraçısı X2 təhvil verilməsi, "X5" MMC-nin anbar müdiri X4 və "xxxx" MMC-nin iş icraçısı X1 imzaları ilə təsdiq olunmuşdur. xx.xx.2024-cü il tarixli, EBEA seriyalı, 902371 nömrəli elektron qaimə-fakturadan görünür ki, "X5" MMC tərəfindən Cavabdeh MMC üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 13947,95 manat məbləğindədir. Həmçinin "X5" MMC-nin Nizamnaməsinin 3.2-ci bəndindən görünür ki, Cəmiyyətin əsas fəaliyyəti daş duzun, xörək duzunun və texniki duzun istehsalı və satışıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Həmin Məcəllənin, 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (Sifarişçi) ilə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı (hüquqi varisi–Cavabdeh MMC) arasında bağlanmış 03 aprel 2020-ci il tarixli 05 nömrəli podrat müqaviləsi üzrə iddiaçı “X5” MMC-nin cavabdeh "xxxx" MMC ilə (əvvəlki adı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) şifahi alğı-satqı münasibətlərinə girməsi, həmçinin istifadə olunacaq duz xammalının “X5” MMC tərəfindən Cavabdeh MMC-nə təhvil verilməsi iş materiallarına əlavə edilmiş 28 aprel 2023-cü il, 15 avqust 2023-cü il, 18 mart 2024-cü il və 27 mart 2024-cü il tarixli təhvil-təslim aktları ilə, habelə cavabdehin nümayəndəsinin izahatı ilə təsdiq olunaraq işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Belə ki, cavabdehin nümayəndəsi 16 dekabr 2025-ci il tarixində keçirilən məhkəmə iclasında verilən sualların cavabında qeyd olunan malları təhvil-təslim aktlarına əsasən aldıqlarını, həmin elektron qaimələrin onlar tərəfindən geri qaytarılması və ya onlara etiraz edilməsi halları barədə hansı ki, təkzib və ya təsdiq olunması ilə bağlı məlumatın olmadığını bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçı tərəf öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra edərək malların verilməsini təmin etsə də, cavabdeh tərəf öhdəliyi lazımi qaydada icra etməyərək təhvil-təslim aktları üzrə yaranmış borcu ödəməmişdir. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı şifahi alqı-satqı münasibətlərindən irəli gələn öhdəlik üzrə borc tələbi barədə iddia qaldırmaqda subyektiv hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı “X5” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (Sifarişçi”) ilə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı (hüquqi varisi–Cavabdeh MMC) (“Podratçı”) arasında bağlanmış 03 aprel 2020-ci il tarixli 05 nömrəli podrat müqaviləsi üzrə avadanlıqların təhvil-təslim ünvanının “X5” MMC-nin istehsal sahəsi müəyyən edildiyini, qeyd olunan müqavilə üzrə alınaraq müəssisədə quraşdırılmış avadanlıqların ilkin sınaq prosesindən keçirilməsi məqsədilə Cavabdeh MMC-nin şifahi müraciətinə əsasən istifadə olunacaq duz xammalının verilməsinin “X5” MMC tərəfindən təmin edildiyini, Cavabdeh MMC tərəfindən verilmiş duz məhsulu üzrə 28 aprel 2023-cü il tarixli akt və EBDJ 043073 nömrəli, 27 sentyabr 2023-cü il tarixli elektron qaimə əsasında vergilər daxil ümumi dəyəri 21939.88 manat olan daş duzun dəyərinin 28 sentyabr 2023-cü il tarixdə ödənildiyini, lakin digər alınan malların dəyərinin ödənilmədiyini bildirmiş, öz tələbinin əsası kimi 28 aprel 2023-cü il, 15 avqust 2023-cü il, 18 mart 2024-cü il tarixli və 27 mart 2024cü il tarixli təhvil-təslim aktlarını, həmçinin malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli, 043073 nömrəli, xx.xx.2023-cü il tarixli, 483176 nömrəli, xx.xx.2024-cü il tarixli, 639004 nömrəli və xx.xx.2024-cü il tarixli, 902371 nömrəli elektron qaimə-fakturaları məhkəməyə təqdim etmişdir. Verilmiş tələbə münasibətdə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359-cu maddəsinə istinad edərək, "X5"xxxx"xxxx" Məhdud Məsuliyətli Cəmiyyəti arasındakı xx.xx.2023-cü il, xx.xx.2023-сü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli təhvil-təslim aktlarında sənədi imzalayan şəxs qismində Xəqani Rüstəmovun adının qeyd olunduğunu, həmin şəxsin iş icraçısı qismində çıxış etdiyini və onun “Arkoz İnşaat Şirkəti" adından hər hansı maliyyə və ya öhdəlik yaratmağa səlahiyyətinin olmadığını qeyd edərək, qeyd edilən təhvil-təslim aktlarının səlahiyyətsiz şəxs tərəfindən imzalandığı üçün hüquqi qüvvəyə malik olmadığını bildirmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. 360.2-ci maddəsinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki: Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Qeyd olunanlara münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəf təhvil-təslim aktlarının səlahiyyətsiz şəxs tərəfindən imzalandığı üçün hüquqi qüvvəyə malik olmamasına istinad etsə də, iş materiallarından göründüyü kimi həmin təhvil-təslim aktları əsasında yaranmış borcu, yəni öhdəliyi qəbul edərək 28 aprel 2023-cü il tarixli akt üzrə 21939.88 manat olan daş duzun dəyərini ödəyərək, həmin təhvil-təslim aktları üzrə yaranmış borcun ödənilməsinə razılıq vermiş, beləliklə də imzalanmış aktlar üzrə hüquq və vəzifələri yaranmışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, borclu şəxsin borcunu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarına əsasən Borcun etiraf olunması hallarına borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Beləliklə məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh “Arkoz İnşaat Şirkəti" MMC-nin "X5" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı təhvil-təslim aktlarına əsasən aldığı xammal müqabilində yaranmış borcunu qismən ödəməsi, hansı ki, 28 aprel 2023-cü il tarixli akt və 27 sentyabr 2023-cü il tarixli, EBDJ seriyalı, 043073 nömrəli elektron qaimə əsasında vergilər daxil ümumi dəyəri 21939.88 manat olan daş duzun dəyərini 28 sentyabr 2023-cü il tarixdə ödəməsi borcun etiraf edilməsi kimi qiymətləndirilməlidir. Bununla yanaşı məhkəmə cavabdeh tərəfin öhdəliyin müəyyən bir hissəsini qəbul etməsinə münasibətdə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmçinin Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda tərəflər arasındakı şifahi alğı-satqı münasibətləri üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Həmin Məcəllənin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Bundan əlavə qeyd olunan Qərarda həmçinin qeyd edilir ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2006-cı il tarixli qərarında vurğulamışdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Nəticədə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, 15 avqust 2023-cü il, 18 mart 2024-cü il və 27 mart 2024-cü il tarixli təhvil-təslim aktları və onların əsasında göndərilmiş elektron qaimə fakturalar geri qaytarılmadığından və ya ləğv edilmədiyindən mötəbər sübut kimi qəbul edilməli, nəticədə iddiaçının “duz xammalının verilməsinə görə yaranmış 26306.37 (iyirmi altı min üç yüz altı manat, 37 qəpik) manat borc məbləğinin cavabdeh "xxxx" MMC-dən alınaraq “X5” MMC-nin xeyrinə tutulması barədə” iddia tələbi əsaslı olduğundan təmin edilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində hesablanır. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 26306.37 (iyirmi altı min üç yüz altı manat, 37 qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği (120 + 16.306,37 x 0,3 %= 168,92 (bir yüz altmış səkkiz manat 92 qəpik)) manat olaraq müəyyən edilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********37 nömrəli mədaxil qəbzindən görünür ki, "X5" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddia ərizəsinin verilməsinə görə 168,92 (bir yüz altmış səkkiz manat 92 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırki iş üzrə iddia tələbi təmin olunmadığından iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 168,92 (bir yüz altmış səkkiz manat 92 qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçı “X5” MMC-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı “X5” MMC-nin Cavabdeh MMC-nə qarşı yeni inşa edilmiş duz istehsalı müəssisəsində qurulmuş avadanlıqların sınaq testlərinin keçirilməsi məqsədilə “X5” MMC tərəfindən Cavabdeh MMCnə verilmiş duz məhsulunun dəyərinin ödənilməsi tələbi əsaslı olduğundan təmin olunmalı, iddiaçı “X5” MMC tərəfindən ödənilmiş 168,92 (bir yüz altmış səkkiz manat 92 qəpik) manat məbləğində dövlət rüsumu iddia tələbi tam təmin edildiyindən cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçı “X5” MMC-nə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddiaçı “X5” MMC-nin Cavabdeh MMC-nə qarşı yeni inşa edilmiş duz istehsalı müəssisəsində qurulmuş avadanlıqların sınaq testlərinin keçirilməsi məqsədilə “X5” MMC tərəfindən Cavabdeh MMC-nə verilmiş duz məhsulunun dəyərinin ödənilməsi tələbi barədə iddiası tam təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən (VÖEN **********) 26306.37 (iyirmi altı min üç yüz altı manat 37 qəpik) manat alınaraq iddiaçı “X5” MMC-nə (VÖEN **********) ödənilsin. İddiaçı “X5” MMC tərəfindən xx.xx.2025-ci il tarixli, **********37 nömrəli qəbzlə ödənilmiş 168,92 (bir yüz altmış səkkiz manat 92 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi iddia tələbi tam təmin edildiyindən cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçı “X5” MMC-nə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar