Məhkəmə qərarları › İş №e-2-2(123)-522/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-522/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-522/2025 05.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı MMC-nin Cavabdeh qarşı subicarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqı və hesablanmış cərimə borcunun ödənilməsi, subicarə müqaviləsinə xitam verilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı MMC-ti 03 noyabr 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən 01 avqust 2023-cü il tarixli, “667” nömrəli subicarə müqaviləsi üzrə ödənilməli olan icarə haqqı borcu 2.050,00 (iki min əlli manat 00 qəpik) manat, ona hesablanmış cərimə borcu 28,02 (iyirmi səkkiz manat iki qəpik) manat olmaqla, cəmi borc 2.078,02 (iki min yetmiş səkkiz manat iki qəpik) manat məbləğində pul tələbinin və 140,79 (bir yüz qırx manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu əvəzinin iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması və subicarə müqaviləsinə xitam verilməsi və qeyri-yaşayış sahəsinin cavabdehin hesabına boşaldılaraq icarəyə verənə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı müəyyən etmişdir ki, iddia ərizəsinin geri qaytarılması üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları ərizədə göstərilməlidir. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, iddiaçı tərəfindən MPM-in 149.2.2-ci və 149.2.3-cü maddələrinin tələblərinə riayət edilməmiş, nəticə etibarilə ərizədə qeyd olunan cavabdehin yaşayış yeri və ya olduğu yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) tam şəkildə qeyd olunmamış, o cümlədən öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı ərizədə qeyd olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; Məhkəmə iddiaçının nəzər və diqqətinə çatdırır ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 2078,02 (iki min yetmiş səkkiz manat, iki qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 40,78 (qırx manat, yetmiş səkkiz qəpik) manatdır (30 + 1078,02-in 1%-i = 30 + 10,78=40,78). Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, İddiaçı MMC-ti tərəfindən xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə ********** nömrəli qəbz ilə 140,79 (bir yüz qırx manat, yetmiş doqquz qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bununla da iddiaçı dövlət rüsumu məbləğini artıq ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü madddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin məhkəmə iddiaçının nəzər və diqqətinə çatdırır ki, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət edən zaman iş materiallarına əlavə edilmiş 30 yanvar 2018-ci il tarixli icarə müqaviləsinin aydın, oxunaqlı şəkildə iddia ərizəsinə əlavə edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı subicarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqı və hesablanmış cərimə borcunun ödənilməsi, subicarə müqaviləsinə xitam verilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilmədiyindən geri qaytarılmalı, İddiaçı MMC-ti tərəfindən xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə ********** nömrəli qəbz ilə ödənilmiş 140,79 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı subicarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqı və hesablanmış cərimə borcunun ödənilməsi, subicarə müqaviləsinə xitam verilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı MMC-ti tərəfindən xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə ********** nömrəli qəbz ilə ödənilmiş 140,79 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsaəsən iddiaçıya qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, iddia ərizəsinin geri qaytarılmasına dair qeyd olunan bütün nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardaddan, onun tərəfə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, qərardad onun tərəfə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar