Məhkəmə qərarları › İş №e-2-2(123)-532/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-532/2025

07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-532/2025 07.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı QSC BOKT-un cavabdehlər X7, X5 və Cavabdeh1 qarşı borc məbləğinin cavabdehlərdən tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı QSC BOKT-un səlahiyyətli nümayəndəsi Nümayəndə 05 noyabr 2025-ci il tarixdə elektron qaydada kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılmaqla cavabdehlər X2, X3 və Cavabdeh1 müştərək qaydada əsas borc 3490,0( üç min dörd yüz doxsan )manat, faiz borcu 46,92 manat olmaqla, cəmi borcu 3537,01 (üç min beş yüz otuz yeddi manat sıfır bir qəpik) manat borc məbləğinin və ödənilmiş 55,37 (əlli beş manat otuz yeddi qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək ərizə üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı müəyyən etmişdir ki, kiçik iddialara dair işlər üzrə ərizənin geri qaytarılması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1 və 152.1.4-cü maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1 və 152.1.6-ci maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 284-3.2 və 284-3.2.2-ci maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edildikdə pretenziya bildirişinin (xəbərdarlıq məktubunun), iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərildiyini təsdiq edən müvafiq sənədlər iddia ərizəsinə əlavə edilməlidir. MPM-nin 4.3-cü maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. İddiaçı tərəfindən mübahisənin pretenziya qaydasında nizama salınmasına riayət olunmamışdır, belə ki iddiaçı tərəfindən cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınması zamanı, cavabdehə öhdəliklərinin icrasını təmin etmək üçün müddət müəyyən edilməli, nəzərdə tutulmuş müddət daxilində öhdəliklərin icrası təmin edilmədikdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməlidir. Həmçinin, “Elektron Məhkəmə” İnformasiya Sistemindən görünür ki, cavabdehlər X6, X4 və Cavabdeh1 elektron kabineti yoxdur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən iddiaçının nəzərinə çatdırır ki:

1. Kiçik iddialara dair işlər üzrə ərizənin “Tərəflər” hissəsində cavabdehlərdən biri kimi qeyd edilən “X8” ərizənin “Ərizənin mətni” və “Xahiş edirik” hissəsində “X9” kimi qeyd edilmişdir. Qeyd edilən bu hal isə həmin cavabdehin şəxsiyyətini müəyyənləşdirməyə mane olur və bu ziddiyyət iddia ərizəsinin forma və məzmununa xələl gətirərək, qanunvericiliyin tələbini pozur.

2. Pretenziya bildirişinin (xəbərdarlıq məktubunun) və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin Cavabdeh1 çatdırılmasını təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmişdir.

3. Pretenziya bildirişinin (xəbərdarlıq məktubunun) cavabdeh X5 çatdırılmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir.

4. İddiaçı xx.xx.2025-ci il tarixdə pretenziya bildirişini (xəbərdarlıq məktubunu) cavabdeh X6 Elektron Məhkəmə İnformasiya Sistemində elektron kabineti olmamasına baxmayaraq, “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə göndərmişdir. Belə ki, cavabdehin “Elektron Məhkəmə” İnformasiya Sistemində elektron kabineti olmadığına görə pretenziya bildirişi (xəbərdarlıq məktubu) cavabdehə çatdırılmamış hesab olunur. Pretenziya bildirişi (xəbərdarlıq məktubu) cavabdehin “Elektron Məhkəmə” İnformasiya Sistemində elektron kabineti olmadığı halda cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərilməlidir. Beləliklə, iddiaçı cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü madddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; Həmçinin, Məhkəmə iddiaçının nəzər və diqqətinə çatdırır ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 3537,01 (üç min beş yüz otuz yeddi manat, bir qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 55,37 (əlli beş manat, otuz yeddi qəpik) manatdır (30 + 2537,01-in 1%-i = 30 + 25,37=55,37). Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, İddiaçı QSC BOKT tərəfindən xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə ********** nömrəli qəbz ilə 55,40 (əlli beş manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bununla da iddiaçı dövlət rüsumu məbləğini artıq ödəmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı QSC BOKTun cavabdehlər X7, X5 və Cavabdeh1 qarşı borc məbləğinin cavabdehlərdən tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə ərizəsi və ona əlavə edilmiş sənədlər mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilmədiyindən geri qaytarılmalı, İddiaçı QSC BOKT xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə ********** nömrəli qəbz ilə 55,40 (əlli beş manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268, 284-3.5-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı QSC BOKT-un cavabdehlər X7, X5 və Cavabdeh1 qarşı borc məbləğinin cavabdehlərdən tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı QSC BOKT tərəfindən xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə ********** nömrəli qəbz ilə 55,40 (əlli beş manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən iddiaçıya qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, kiçik iddialara dair işlər üzrə ərizənin geri qaytarılmasına dair qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardaddan, onun tərəfə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəfə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar