Məhkəmə qərarları › İş №e-2-2(123)-538/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-538/2024

18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-538/2024 18.11.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı QSC-nin cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı QSC 07 oktyabr 2024-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 002R********** saylı krеdit razılaşması üzrə 711.86 manat krеdit bоrcu, 69.7 manat məbləğində faiz bоrcu və 31.54 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 813 (səkkiz yüz on üç) manat 10 (on) qəpik məbləğində bоrcun, mediasiya xərci olaraq ödənilmiş 70 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı QSC ilə Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 002L**********52 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh2 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) manat məbləğində krеdit хətti açıldığını, uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2022ci il tarixli 002R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 16 ay müddətinə, illik faiz dərəcəsi 25% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit götürdüyünü, Cavabdeh2 uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatdığını, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmadığını, Cavabdeh2 götürdüyü krеdit bоrcundan 1288.14 manat ödədiyini, onun 711.86 manat məbləğində kredit borcunun qaldığını, uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablandığını, bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablandığını, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 141 gün üçün hesablanmış faiz borcu 69.7 manat təşkil etdiyini, uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməli olduğunu, xx.xx.2024-cü il tarixə 141 gün üçün hеsablanmış cərimənin 31.54 manat təşkil etdiyini, uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alanın müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditorun müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malik olduğunu, uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zaminin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüyünü və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıdığını, həmin müqavilənin 11.4-cü bəndinə əsasən zaminin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürdüyünü, həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıdığını, tərəflər arasındakı mübahisənin kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyası təşkil edildiyini, lakin cavabdehlər mediasiya sessiyasında iştirak etmədiklərini, bu barədə xx.xx.2024-cü il tarixli arayış verildiyini, mediasiya xərcləri olaraq bank tərəfindən 70 manat haqq ödənildiyini bildirmişdir. Məhkəmə, İddiaçı QSC-nin cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə xx.xx.2024-cü il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdehlər bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişlər. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarında olan: xx.xx.2022-ci il tarixli 002L**********52 saylı uzunmüddətli kredit və təminat müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən İddiaçı QSC-nin “Babək” filialının müqaviləni imza edən səlahiyyətli nümayəndəsinin şəxsində, bir tərəfdən “kredit alan” qismində Cavabdeh2 və digər tərəfdən “zamin” qismində Cavabdeh1 arasında bağlanmışdır. Həmin müqavilənin: 2.2-ci bəndinə əsasən kreditin məqsədi/təyinatı sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi olmaqla, uzunmüddətli kredit xəttinin məbləği 50000 (əlli min) manat, kreditin maksimum müddəti 120 (bir yüz iyirmi) ay, kreditin faiz dərəcəsinin yuxarı həddi 28 (iyirmi səkkiz) faizdir. 2.7-ci bəndinə əsasən kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. xx.xx.2022-ci il tarixli 002R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən İddiaçı QSC-nin “Babək” filialı tərəfindən Cavabdeh2 16 (on altı) ay müddətinə, illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə, 2000 (iki min) manat məbləğində biznes krediti verilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş planına əsasən Cavabdeh2 002R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən 2000 (iki min) manat məbləğində kreditin verilməsi təmin edilmiş, Cavabdeh2 isə xx.xx.2023 – xx.xx.2024-cü il tarixləri ərzində 149 (bir yüz qırx doqquz) manat, xx.xx.2024-cü il tarixində isə 142,48 (bir yüz qırx iki manat qırx səkkiz qəpik) manat olmaqla, ümumilikdə 2377,48 (iki min üç yüzz yetmiş yeddi manat qırx səkkiz qəpik) manat məbləği İddiaçı QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli kreditin verilməsi-köçürmə qəbzindən görünür ki, 20 (iyirmi) manat komissiya tutulmaqla 2000 (iki min) manat məbləğində kredit Cavabdeh2 ********** saylı hesabına köçürülmüşdür. xx.xx.2022 – xx.xx.2023-cü illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 AZ37ACAB******************** saylı hesabına 2000 (iki min) manat məbləğində kreditin köçürülməsi təmin edilmiş, Cavabdeh2 həmin hesabdan müxtəlif tarixlərdə müxtəlif əməliyyatlar həyata keçirmişdir. xx.xx.2024-cü il tarixli arayışa əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixinə İddiaçı QSC-yə əsas məbləğ üzrə borcu 711.86 manat; faiz üzrə borcu 69.7 manat; cərimə üzrə borcu 31.54 manat; cərimə hesablanmış gecikdirilən günlərin sayı 141 gün və cəmi borc məbləği 813,10 manatdır. 15 yanvar 2024-cü il tarixli X3 iştirak edilməməsi barədə arayışdan görünür ki, X2 tərəfindən ilkin mediasiya sessiyası təşkil edilmiş, İddiaçı QSC iştirak etmiş və lakin cavabdehlər mediasiya sessiyasında iştirak etməmişdir. 01 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı QSC tərəfindən mediasiya sessiyasının keçirilməsi üçün 70 (yetmiş) manat ödəniş edilmişdir. 03 oktyabr 2024-cü il tarixli, 66721141 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən məhkəmədə iddia qaldırılması üçün Paysis MMC ödəniş sistemi vasitəsilə dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki: Hazırkı iş üzrə tərəflər arasında uzunmüddətli kredit və təminat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Təqdim edilmiş sübutlara əsasən pul vəsaitinin borclunun hesabına köçürülməsi ilə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Lakin Cavabdeh2 tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlik yerinə yetirilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və iddia ərizəsi təmin edilməsi qanunamüvafiqdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.3-cü maddəsinə əsasən borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır. 740.4-cü maddəsinə əsasən faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Beləliklə AR MM-in 462.2-ci maddəsinə uyğun olaraq tərəflər arasında bağlanmış kredit müqaviləsində borclunun məsuliyyəti nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, iddiaçı öhdəliyin icra edilməməsi nəticəsində gecikdirilmiş günlərə nəzərən yaranmış cərimə məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə zaminliklə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 460.1. maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1. maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.

471. maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1. maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2022-ci il tarixli 002L**********52 saylı uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Yuxarıda qeyd edilmiş qanunvericiliyin tələbi, həmçinin, xx.xx.2022-ci il tarixli 002L**********52 saylı uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki iş üzrə öhdəliyin icrasının təmini üçün zamin Cavabdeh1 da borclu Cavabdeh2 ilə birlikdə bank qarşısında məsuliyyət daşıdığından, ödənilməli olan borc məbləği borclu Cavabdeh2 ilə birlikdə zamin Cavabdeh1 müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə ödənilmiş mediasiya xərcinə münasibət bildirərkən, 15 yanvar 2024-cü il tarixli X3 İştirak edilməməsi barədə arayışa əsasən xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi X1 iştirakı ilə keçirilən X3 cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 iştirak etməmiş, o cümlədən, iddiaçı tərəfindən 70 (yetmiş) manat məbləğində mediasiya xərci ödənilməsi qeyd edilmişdir. Lakin xx.xx.2023-cü il tarixdə qanunvericilikdə dəyişiklik edildiyindən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6cı maddəsi, Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada X3 iştirak tələb olunur məzmununda olduğundan və iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyindən və həmin vaxt mediasiya prosesi könüllü xarakter aldığından, Məhkəmə mediasiya xərcinə aid hissənin təmin edilməməsi qənaətindədir. İddia təmin ediləcəyindən qanunvericiliyə uyğun olaraq iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar 03 oktyabr 2024-cü il tarixli, 66721141 saylı qəbzlə, Paysis MMC ödəniş sistemi vasitəsilə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, İddiaçı QSC-nin cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbi barədə ərizəsi təmin edilərək, xx.xx.2022-ci il tarixli 002R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 711,86 (yeddi yüz on bir manat səksən altı qəpik) manat məbləğində əsas bоrc, 69,7 (altmış doqquz manat yetmiş qəpik) manat məbləğində faiz bоrcu və 31,54 (otuz bir manat əlli dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 813,10 (səkkiz yüz on üç manat on qəpik) manat məbləğində bоrc, İddiaçı QSC tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 843,10 (səkkiz yüz qırx üç manat on qəpik) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" QSC-ni хеyrinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1-ci və 284-cü maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli 002L**********52 saylı uzunmüddətli kredit və təminat müqaviləsinin əsasında bağlanılmış 06 dekabr 2022-ci il tarixli, 002R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 711,86 (yeddi yüz on bir manat səksən altı qəpik) manat məbləğində əsas bоrc, 69,7 (altmış doqquz manat yetmiş qəpik) manat məbləğində faiz bоrcu və 31,54 (otuz bir manat əlli dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəm olaraq 813,10 (səkkiz yüz on üç manat on qəpik) manat məbləğində borc və İddiaçı QSC tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 843,10 (səkkiz yüz qırx üç manat on qəpik) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 (VÖEN-**********) müştərək qaydada tutularaq iddiaçı "xxxx" QSC-yə (VÖEN-**********) ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar