Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-58/2022 18.08.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan MR Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı "Finca Azərbaycan” MM QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair işə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı "Finca Azərbaycan” MM QBKT-nin nümayəndəsi Nümayəndə 26 iyul 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 4476.35 (dörd min dörd yüz yetmiş altı manat otuz beş qəpik) AZN, faiz borcuna görə 587.00 (beş yüz səksən yeddi) AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 5063.35 (beş min altmış üç manat, otuz beş qəpik) AZN məbləğində borcun və 100 (bir yüz) manat məbləğində ödənilmiş mediasiya prosesi ilə bağlı rüsumun "Finca Azərbaycan” MM QBKTnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qabaqcadan rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi məhkəməyə 28 iyul 2022-ci il tarixli teleqram ünvanlayaraq, xx.xx.2022-ci il tarixə təyin olunmuş, cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı, e-2-2(123)-58/2022 saylı iş üzrə hazırlıq iclasını iştirakları olmadan keçirib, məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə məhkəməyə yazılı izahat ünvanlayaraq, "Finca Azərbaycan” MM QBKT-nin Cavabdeh1 və qeyrilərinə qarşı borc tələbinə dair iddia ərizəsinin Babək Rayon Məhkəməsinə göndərildiyini, lakin hakim tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında xx.xx.2021-ci il tarixli, 2(079)-595/2021 saylı qərardad qəbul edildiyini, qərardadın cavabdehlə bağlanan kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borcluya biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün kredit verilməsi və Cavabdeh1 vergi ödəyicisi kimi qeydiyyata alınmasının müəyyən edilməsi ilə əsaslandırıldığını, bu səbəbdən MPM-in tələblərinə müvafiq olaraq işin hazırlanaraq Naxçıvan MR Kommersiya Məhkəməsinə göndərildiyini və hal-hazırda işin məhkəmənin icraatında olduğunu, Cavabdeh1 kreditin ailəkəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə verildiyini bildirmişdir. Cavabdeh3 məhkəməyə xx.xx.2022-ci il tarixli ərizəsini təqdim edərək, həmin ərizədə "Finca Azərbaycan” MM QBKT-nin ona qarşı pul tələbi ilə məhkəməyə müraciət etdiyini, kredit məbləğinin onun yox, ailə-kəndli təsərrüfatı yaradılması üçün Cavabdeh1 götürdüyünü və şəxsi istehlak məqsədləri üçün xərclədiyini, bu səbəbdən də iddianı qəbul etmədiyini, bu işdə cavabdeh olmağının qanunauyğun olmadığını bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı izahatını və Cavabdeh3 ərizəsini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq, belə hesab edir ki, hazırkı mübahisə üzrə e-2- 2(123)-58/2022 saylı iş aidiyyəti üzrə Babək Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmənin əsaslandırması: Məhkəmə ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasına görə, əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Mübahisənin kommersiya xarakterli olması hüquq münasibətinin məzmununu əks etdirir və mübahisə tərəflərinin qarşılıqlı münasibətinin mahiyyətini xarakterizə edir. Bu mübahisə kommersiya subyektləri arasında yaranır və azad sahibkarlıq fəaliyyətindən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə müvafiq olaraq, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Qeyd olunan normada nəzərdə tutulmuş "qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1 -ci bəndinin tələblərini pozur. Sahibkarlıq fəaliyyəti Haqqında Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. 2-ci maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1.3-cü maddəsinə əsasən, ailə kəndli təsərrüfatı kənd yerlərində qanunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmır. 12.1 və 12.1.3-cü maddələrinə əsasən, ailə kəndli təsərrüfatı sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda statusunu itirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 1 -ci maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2.-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1 -ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1 -ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. İş materiallarında olan “Finca Azerbaijan” MM QBKT-nin Nizamnaməsinin 1.7-ci bəndindən görünür ki, təşkilatın əsas məqsədi Azərbaycan Respublikasında humanitar proqramlar çərçivəsində fiziki şəxslərə, kiçik müəssisələrə və xüsusi mülkiyyətçi kimi lisenziya almış qaçqın və məcburi köçkünlərə kredit verməkdir. Hazırkı iş üzrə bağlanmış xx.xx.2019 tarixli **********2842 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndində ümumi olaraq kreditin sonuncunun biznes məqsədləri, ailəkəndli təsərrüfatının yaradılması va (va ya) genişləndirilməsi, həyat səviyyasinin yaxşılaşdırılması üçün verildiyi qeyd edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin kredit müqaviləsi üzrə borcun təminatı olaraq zaminlik müqaviləsi bağlamış digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 fərdi sahibkar statusu yoxdur. Bundan başqa Cavabdeh1 kredit müqaviləsini fərdi sahibkar kimi VÖEN qeyd edilməklə imzalamamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 7000 manat məbləğində kiçik həcmli kreditin illik 27 faiz dərəcəsi ilə verilməsi halı da iddiaçı tərəfindən cavabdehə ayrılmış kredit məbləğinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığını təsdiq edir. Həmçinin iddiaçı tərəf iddia ərizəsində kreditin Cavabdeh1 iştehlak məqsədilə, məhkəməyə göndərdiyi yazılı izahatında isə ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə verildiyini bildirmişdir. Qeyd edilən hallar mübahisənin kommersiya xarakterini istisna etməklə, hazırkı iddiaya baxılmasının məhkəmə aidiyyəti üzrə ümumi məhkəmənin səlahiyyətində olduğunu təsdiq edir. Beləliklə, tərəflər arasında hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığından, hazırkı mübahisə hüquq münasibətlərinin xarakterinə görə, yuxarıda istinad edilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olaraq mülki iş kimi Babək Rayon Məhkəməsində baxılmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş mahiyyəti üzrə baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266.3-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "Finca Azərbaycan” MM QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-58/2022 saylı işi aidiyyəti üzrə Babək Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Elnur Hüseynov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-58/2022
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-58/2022
18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver