Məhkəmə qərarları › İş №e-2-2(123)-58/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-58/2024

15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-58/2024 15.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 14 noyabr 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 23 noyabr 2021-ci il tarixli, KT2311/02 saylı kredit müqaviləsi üzrə 31 oktyabr 2023-cü il tarixə 3.723,83 (üç min yeddi yüz iyirmi üç manat 83 qəpik) manat əsas borc, 178.56 (bir yüz yetmiş səkkiz manat 56 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3.902,39 (üç min doqquz yüz iki manat 39 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 52.48 (əlli iki manat 48 qəpik) manat və X4 keçirilməsi ilə bağlı ödənilən 60 (altmış) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 22.300 (iyirmi iki min üç yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh məxsus **********62-10301 reyestr nömrəli Kəngərli rayon Xok kəndində, 0.358 ha torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10 iyun 2024-cü il tarixdə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə “Prosessual hüquq varisliyi”nə dair ərizə ünvanlayaraq ərizədə İddiaçı ASC ilə "xxxx" ASC arasında 30 noyabr 2023-cü il tarixdə tələbin güzəşti barədə müqavilə imzalandığını, həmin müqaviləyə əsasən hazırki ərizəyə əlavə edilmiş aktda qeyd edilən müştərilərlə "xxxx" ASC arasında bağlanmış olan müqavilələr üzrə bütün hüquqların, tələblərin, təminatların və üstünlüklərin İddiaçı ASC-yə ötürüldüyünü, qeyd edilən səbəbdən aktda qeyd olunan işlər üzrə "xxxx" ASC-nin hüquq varisi kimi İddiaçı ASC-nin işə cəlb edilməsini xahiş etdiklərini bildirmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, e-2-2(123)-58/2024 nömrəli qərardadı ilə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə 10 iyun 2024-cü il tarixdə məhkəməyə ünvanladığı “Prosessual hüquq varisliyi”nə dair ərizə təmin edilərək, İddiaçı ASC-nin bundan sonra iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddiaçı "xxxx" ASC-nin hüquq varisi kimi prosessual hüquq varisliyi qaydasında iddiaçı qismində prosesdə iştiraka cəlb edilməsi, iddiaçı "xxxx" ASC-nin iddiaçı hüquqlarına xitam verilməsi qərara alınmışdır. İddiaçı ərizəsində "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2021-ci il tarixli, KT2311/02 saylı kredit müqaviləsinə əsasən Borcalana Bank tərəfindən 24 ay müddətinə illik 15% dərəcəsi ilə 6.000 (altı min) manat məbləğində kənd təsərrüfatı kreditinin verildiyini, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh məxsus **********62-10301 reyestr nömrəli Kəngərli rayon, Xok kəndində 0.358 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 23 noyabr 2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edildiyini, ipoteka müqaviləsinin müvafiq olaraq Kəngərli rayon dövlət notariat ofisində təsdiq edildiyini və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən əmlakın yüklülüyünün qeydiyyata alındığını, Kredit müqaviləsinin 1-ci maddəsinə əsasən Borcalan Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, onun, bu öhdəliyi yerinə yetirmədiyini, nəticədə kredit reyestrində onun adına xx.xx.2023-cü il tarixə adına 456 gecikmə gününün qeydə alındığını, iddiaçının tələbinin əsaslandığı sənədlərin tərəflər arasında bağlanmış kredit müqaviləsi, ipoteka müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kredit ödənişləri cədvəli olduğunu, borcun qaytarılması ilə bağlı Borcalan Cavabdeh ilə dəfələrlə telefon əlaqəsi saxlanılaraq şifahi xəbərdarlıq edildiyini, onlara məlum olan sonuncu qeydiyyat ünvanına xəbərdarlıq məktublarının müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyinin bildirildiyini, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişin borcalan-ipoteka qoyan - Cavabdeh ünvanına müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, bildirişin dövlət qeydiyyatına alınması məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edildiyini və bildirişin dövlət qeydiyyatına alındığını, xx.xx.2023-cü il tarixdə Mediasiya prosesinin tətbiqi barədə Borcalana təklif ünvanlandığını, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilsə də, Borcalanın ilkin X2 etmədiyini, Kredit müqaviləsinin 5.8-ci bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən illik faizin üzərinə 10 faiz əlavə cərimə faizi ödədiyini, Kredit müqaviləsinin 5.12-ci bəndinə əsasən müqavilə şərtləri Borcalan tərəfindən pozulduğu halda, kredit üzrə borc və hesablanmış faizlərin, cərimələr və borcla əlaqədar Bankın təsdiqlənmiş xərclərin Borcalan tərəfindən ödənildiyini, Kredit müqaviləsinin 7-ci bəndinə əsasən Borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə, Bankın öhdəliyin icrasını vaxtından əvvəl tələb edə biləcəyini, Kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən bu müqavilənin tərəflərin imzaladığı gündən qüvvəyə mindiyinin və tərəflərin bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək qüvvədə qalacağının müəyyənləşdirildiyini, ipoteka müqaviləsinin 4-cü bəndinə əsasən ipoteka saxlayanın tələbi ipoteka hesabına Bankın Borcalana verdiyi kredit, ona hesablanacaq faizlər, cərimələr və borcla əlaqədar Bankın digər xərcləri daxil edilməklə tam həcmdə təmin edildiyini, İpoteka müqaviləsinin 9-cu bəndinə əsasən əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətləri ardıcıl olaraq 2 dəfə pozulduqda və.s ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yarandığını, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişdə ipoteka qoyana və borcalan Cavabdeh oğluna “İpoteka haqqında” Qanunun 36.2.3-cü maddəsinə və İpoteka müqaviləsinin 9.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın məhkəməyə müraciət etmədən notariusun icra qeydi əsasında keçirilməsinə razılıq verilməsinin təklif edildiyini, Cavabdeh 23 noyabr 2021-ci il tarixli, KT2311/02 saylı kredit müqaviləsi üzrə 31 oktyabr 2023-cü il tarixə 3.723,83 (üç min yeddi yüz iyirmi üç manat səksən üç qəpik) manat əsas borc, 178.56 (bir yüz yetmiş səkkiz manat əlli altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3.902,39 (üç min doqquz yüz iki manat otuz doqquz qəpik) manat kredit borcu öhdəliyinin olduğunu qeyd etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə 07 avqust 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq Cavabdeh 23 noyabr 2021ci il tarixli, KT2311/02 saylı kredit müqaviləsi üzrə 31 oktyabr 2023-cü il tarixə 3.723,83 (üç min yeddi yüz iyirmi üç manat səksən üç qəpik) manat əsas borc, 178,56 (bir yüz yetmiş səkkiz manat əlli altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3.902,39 (üç min doqquz yüz iki manat otuz doqquz qəpik) manat kredit borcunun və X4 keçirilməsi ilə bağlı ödənilən 60 (altmış) manat dövlət rüsumunun tutularaq Bankın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfindən 07 avqust 2024-cü il tarixdə məhkəməyə ünvanlanmış iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınaraq, iş materiallarına əlavə edilərək, iddiaya “Cavabdeh 23 noyabr 2021-ci il tarixli, KT2311/02 saylı kredit müqaviləsi üzrə 31 oktyabr 2023-cü il tarixə 3.723,83 (üç min yeddi yüz iyirmi üç manat səksən üç qəpik) manat əsas borc, 178,56 (bir yüz yetmiş səkkiz manat əlli altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3.902,39 (üç min doqquz yüz iki manat otuz doqquz qəpik) manat kredit borcunun və X4 keçirilməsi ilə bağlı ödənilən 60 (altmış) manat dövlət rüsumunun tutularaq Bankın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması” həcmində baxılmasına qərar vermişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 06 aprel 2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında Cavabdeh izahatında 23 noyabr 2021-ci il tarixli ipoteka müqaviləsində qeyd olunan fərdi yaşayış evinin 22.300 (iyirmi iki min üç yüz) manat məbləğində ilkin satış qiyməti ilə razılaşmadığını və evinin qiymətinin baha olduğunu, təqribi 30.000 (otuz min) manat məbləğində olduğunu bildirmişdir. 15 avqust 2024-cü il tarixə, saat 09:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndələri və Cavabdeh iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin 25 dekabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş, 14 mart 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2024-cü il tarixli, 81 saylı rəyi məhkəməyə daxil olmuş, məhkəmənin 14 mart 2024-cü il tarixli, e-2-2(123)-58/2024 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. 06 aprel 2024-cü il tarixli qərardadı ilə iş üzrə ipoteka predmeti olan “Məhkəməqiymətləndirmə” ekspertizası təyin edilmiş, 27 iyun 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 27 iyun 2024-cü il tarixli, 04/550 nömrəli məktubu məhkəməyə daxil olmuş, məhkəmənin 27 iyun 2024-cü il tarixli, e-2- 2(123)-58/2024 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan: 31 oktyabr 2023-cü il tarixli, 1324 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 23 noyabr 2021-ci il tarixli, 2311/02/SİF saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 15% dərəcəsi ilə verilmiş 6.000 (altı min) manat kredit məbləği üzrə “31” oktyabr 2023-cü il tarixə olan məlumata əsasən əsas borcu 3.723,83 (üç min yeddi yüz iyirmi üç manat səksən üç qəpik) manat, faiz borcu 178.56 (bir yüz yetmiş səkkiz manat əlli altı qəpik) manat olmaqla cəmi öhdəliyi 3.902,39 (üç min doqquz yüz iki manat otuz doqquz qəpik) manat təşkil edir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, **********62-10301 reyestr və ********** qeydiyyat nömrəli, Çıxarışın surətindən görünür ki, Cavabdeh xüsusi mülkiyyətində olan Naxçıvan MR, Kəngərli rayon, Xok kəndində 0.358 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 24/4 nömrəli reyestr kitabının 614 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestri tərəfindən verilmiş Arayışdan görünür ki, Cavabdeh məxsus Naxçıvan MR, Kəngərli rayon, Xok kəndində 0.358 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 19.63 m2 yaşayış, 63.94 m2 yardımçı sahədən ibarət fərdi yaşayış evi (xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlak) üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 24/4 nömrəli reyestr kitabının 614 nömrəli vərəqində qeydiyyata alınmış, eyni zamanda xx.xx.2021-ci il tarixinə olan məlumata əsasən həmin əmlaka dair məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Naxçıvan MR, Kəngərli rayon, Xok kəndində yerləşən Cavabdeh mülkiyyətində olan xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********62-10301 reyestr nömrəli fərdi yaşayış evi "xxxx" ASC-nin Kəngərli rayon filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair arayışdan görünür ki, məhkəməmühasibat ekspertizasının keçirilməsinə görə 60 (altmış) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. 24 noyabr 2021-ci il tarixli, 0011 nömrəli Xəzinə məxaric orderindən görünür ki, Naxçıvanbank ASC-nin Kəngərli rayon filialı tərəfindən Heyvandarlıq üçün 5.889,00 (beş min səkkiz yüz səksən doqquz) manat kredit məbləği Cavabdeh AZ86NAXB**********1762007AZN nömrəli hesabına köçürülmüşdür. 23 noyabr 2021-ci il tarixli, KT2311/02 saylı Kredit müqaviləsindən görünür ki, bu müqavilə, bir tərəfdən öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" ASC-nin Şərur rayon filialının müdiri X10 şəxsində və digər tərəfdən Naxçıvan MR, Kəngərli rayon, Xok kəndində qeydiyyatda olan, həmin ünvanda yaşayan vətəndaş Cavabdeh (sonradan “Borcalan” adlanacaq) şəxsində müəyyən edilmiş şərtlərlə tam razılıq əsasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, Bank Borcalana kənd təsərrüfatı (heyvandarlıq – 30 baş xırdabuynuzlu) üçün 24 ay müddətinə 6.000 (altı min) manat məbləğində illik 15% (on beş) dərəcəsi ilə kreditin tam və ya hissə-hissə verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür və öhdəliyin icrasının təminatı kimi Banka DƏTMDK tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, №********** saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh məxsus, dəyəri 22.300 (iyirmi iki min üç yüz) manat olan daşınmaz əmlakı (fərdi yaşayış evi) təqdim edir. 3.1-ci bəndindən görünür ki, Bankla İpotekaqoyan və Borcalan arasında 23 noyabr 2021-ci il tarixdə bağlanmış ipoteka müqaviləsi bu müqavilə ilə bağlı münasibətləri tənzimləyəcəkdir. 5.1-ci bəndindən görünür ki, Borcalan kreditin əsas məbləğini, ona hesablanmış faiz borcunu və cərimələri ödəməlidir. 6.1.9-cu bəndindən görünür ki, borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə öhdəliyin girov qoyulmuş əmlak hesabına ödənilməsini tələb etmək bankın hüququdur. 23 noyabr 2021-ci il tarixli, KT2311/02 saylı İpoteka müqaviləsindən görünür ki, bu müqavilə borcalan - ipoteka qoyan Cavabdeh və ipoteka saxlayan "xxxx" ASC-nin Kəngərli rayon filialı əvəzinə X3 arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını KT2311/02 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2.3-cü bəndindən görünür ki, İpoteka predmetinin dəyəri “ipoteka qoyan”-ın və “ipoteka saxlayan”-ın razılığına əsasən 22.300 manat 00 qəpik (iyirmi iki min üç yüz manat sıfır qəpik) məbləğində müəyyən edilmişdir. 3.2-ci bəndindən görünür ki, öhdəliyin ölçüsü (məbləği): illik 15 faiz dərəcəsi ilə verilmiş 6.000 manat 00 qəpik (altı min manat) kredit məbləğidir. 9.1-ci bəndindən görünür ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi anında ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında 23 noyabr 2021-ci il tarixli, KT2311/02 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən Borcalana kənd təsərrüfatı məqsədilə illik 15% dərəcəsi olmaqla 24 ay müddətinə 6.000 (altı min) manat məbləğində kredit verilmiş, eyni zamanda Kredit məbləğinin borcalana verilməsi iş materiallarında olan 24 noyabr 2021-ci il tarixli, 0011 nömrəli Xəzinə məxaric orderi ilə öz təsdiqini tapmışdır. Borcalan müqaviləyə əlavə olunan ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri, kreditin əsas məbləğini və ona hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Bununla yanaşı bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh məxsus **********62-10301 reyestr nömrəli Naxçıvan MR, Kəngərli rayon, Xok kəndində yerləşən fərdi yaşayış evi 23 noyabr 2021-ci il tarixli, KT2311/02 saylı ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin Kəngərli rayon filialının xeyrinə yüklü edilmiş, kredit müqaviləsi üzrə borclu - ipoteka qoyan Cavabdeh olduğundan ipoteka müqaviləsi onun tərəfindən imzalanmış və müvafiq olaraq Kəngərli rayon dövlət notariat ofisində təsdiq edilmişdir. Beləliklə, hazırki vəziyyətdə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin: 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilsə də, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırdığından, nəticədə bank tərəfindən adına kredit reyestrində xx.xx.2023-cü il tarixə adına 456 gecikmə günü qeydə alınmış, borcalan Cavabdeh borcun qaytarılması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmiş, buna baxmayaraq borcalan tərəfindən öhdəliyin icra edilməsi istiqamətində müsbət irəliləyiş olmamış, nəticədə 23 noyabr 2021-ci il tarixli, KT2311/02 saylı kredit müqaviləsi üzrə Cavabdeh adına 31 oktyabr 2023-cü il tarixə 3.723,83 (üç min yeddi yüz iyirmi üç manat səksən üç qəpik) manat əsas borc, 178.56 (bir yüz yetmiş səkkiz manat əlli altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3.902,39 (üç min doqquz yüz iki manat otuz doqquz qəpik) manat borc öhdəliyi yaranmışdır. Qeyd olunan borc məbləğlərinin yaranması iş materiallarında olan 31 oktyabr 2023-cü il tarixli, 1324 nömrəli maliyyə arayışı ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Beləliklə, iddiaçı pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə əsas borc və ona hesablanmış faizlərin ödənilməsi hissədə Cavabdeh qarşı tələb hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxsin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəməmühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2024-cü il tarixli, 81 saylı rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və 23 noyabr 2021-ci il tarixli, KT2311/02 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh, "xxxx" ASC-yə kredit üzrə xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarixə) əsas borcu 3.550,35 (üç min beş yüz əlli manat otuz beş qəpik) manat, faiz borcu 147,05 (bir yüz qırx yeddi manat beş qəpik) manat olmaqla, ümumilikdə borcu 3.697,74 (üç min altı yüz doxsan yeddi manat yetmiş dörd qəpik) manat təşkil edir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X5 06 avqust 2024-cü il tarixdə məhkəməyə göndərdiyi izahatdan görünür ki, xx.xx.2024-cü il tarixli, 81 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunan məbləğ 3.697,40 (üç min altı yüz doxsan yeddi manat, qırx qəpik) manat göstərilməli olduğu halda texniki səhvə görə 3.697,74 (üç min altı yüz doxsan yeddi manat yetmiş dörd qəpik) manat kimi göstərilib, mövcud olan fərq 0,34 (otuz dörd) qəpik təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Lakin bir halı da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə ki, iddiaçının tələbinə nəzər saldıqda görünür ki, kredit müqaviləsinə əsasən əsas borc üzrə 3.723,83 (üç min yeddi yüz iyirmi üç manat səksən üç qəpik) manat, faiz borc üzrə 178.56 (bir yüz yetmiş səkkiz manat əlli altı qəpik) manat məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi xahiş edilmişdir. Məhkəmə belə olduqda 13 mart 2024-cü il tarixli, 81 nömrəli ekspert rəyi ilə razılaşaraq, cavabdehin əsas borcunun 3.550,35 (üç min beş yüz əlli manat otuz beş qəpik) manat, faiz borcunun isə 147,05 (bir yüz qırx yeddi manat beş qəpik) manat olduğu qənaətinə gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia qismən təmin olunmalıdır. Məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə 25 dekabr 2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibat ekspertizası təyin etmiş, 14 mart 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2024cü il tarixli, 81 saylı rəyi məhkəməyə daxil olmuş, ekspert rəyinə 13 mart 2024-cü il tarixli ekspertiza xərclərinə dair bildiriş əlavə edilmişdir. Məhkəmə ekspertiza xərclərinə dair bildirişə münasibətdə qeyd edir ki, həmin bildirişdə qeyd olunan 60 (altmış) manat məbləğində ekspertiza xərcinin 56,85 (əlli altı manat səksən beş qəpik) manat məbləği Cavabdeh, qalan 3,1 (üç manat on qəpik) manat məbləği isə İddiaçı ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.F.İ.F.T BİK: NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyinin hesabı AZ21NABZ********************, VÖEN **********) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2023-cü il tarixli, N-424 nömrəli X2 edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi X7 iştirak etmiş və 60 (altmış) manat məbləğində mediasiya xərci ödəmiş, Cavabdeh isə iştirak etməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1%-i olaraq müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 3.902,39 (üç min doqquz yüz iki manat otuz doqquz qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 30 manat + 29 manat 02 qəpik = 59,02 (əlli doqquz manat iki qəpik) manat olaraq müəyyən edilir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə” müqavilədə və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırki tələb üzrə cavabdeh üzrsüz səbəbdən ilkin X2 etmədiyindən və X6 keçirilməsi ilə bağlı xərclər iddiaçı tərəfindən ödənildiyindən, iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Həmçinin, hazırki iş üzrə iddiaçı tərəfindən 60 (altmış) manat məbləğində mediasiya xərci ödənildiyindən və mediasiya xərci dövlət rüsumunun məbləğini əhatə etdiyindən iddiaçı dövlət rüsumundan azad edilmişdir. İddia qismən təmin edildiyindən iddianın təmin olunmuş hissəsinə, yəni 94,75% hissəsinə mütənasib olaraq 55,92 (əlli beş manat doxsan iki qəpik) manat cavabdehdən tutularaq dövlət gəlirinə ödənilməlidir. Qalan mediasiya xərcinin əhatə etdiyi 3,10 (üç manat on qəpik) manat iddianın təmin edilməmiş hissəsinə aiddir. Lakin iddiaçı dövlət rüsumundan azad olduğundan məhkəmə bu məsələyə toxunmur. Nəticədə, iddia qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 3.550,35 (üç min beş yüz əlli manat otuz beş qəpik) manat, faiz borcu üzrə 147,05 (bir yüz qırx yeddi manat beş qəpik) manat olmaqla ümumilikdə, 3.697,4 (üç min altı yüz doxsan yeddi manat qırx qəpik) manat alınıb İddiaçı ASC-yə ödənilməli, məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat ekspertiza xərcinin 56,85 (əlli altı manat səksən beş qəpik) manat məbləği Cavabdeh, qalan 3,15 (üç manat on beş qəpik) manat məbləği isə İddiaçı ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.F.İ.F.T BİK: NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyinin hesabı AZ21NABZ********************, VÖEN **********) ödənilməli və iddia qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 3.550,35 (üç min beş yüz əlli manat otuz beş qəpik) manat, faiz borcu üzrə 147,05 (bir yüz qırx yeddi manat beş qəpik) manat olmaqla ümumilikdə 3.697,4 (üç min altı yüz doxsan yeddi manat qırx qəpik) manat alınıb İddiaçı ASC-yə ödənilsin. Məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat ekspertiza xərcinin 56,85 (əlli altı manat səksən beş qəpik) manat məbləği Cavabdeh, qalan 3,15 (üç manat on beş qəpik) manat məbləği isə iddiaçı Kapital Bank ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ1********************, VÖEN **********) ödənilsin. İddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 59,02 (əlli doqquz manat iki qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə, yəni 94,75%-ə mütənasib olaraq 55,92 (əlli beş manat doxsan iki qəpik) manat məbləği Cavabdeh alınıb dövlət gəlirlərinə ödənilsin. X4 keçirilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci Cavabdeh alınıb İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar