Məhkəmə qərarları › İş №e-2-2(123)-60/2022

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-60/2022

05.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-60/2022 05.08.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nın cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nın nümayəndəsi Nümayəndə 03 avqust 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 6545.00 AZN, faiz borcuna görə 104.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 6649.00 (altı min altı yüz qırx doqquz manat) AZN məbləğində borcun və 100 manat məbləğində ödənilmiş mediasiya prosesi ilə bağlı rüsumun “FİNCA Azerbaijan” MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı müəyyən etmişdir ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə riayət olunmadan məhkəməyə təqdim edildiyi üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2-ci və 149.2.2-ci maddələrinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. 149.2-ci və 149.2.5-ci maddələrinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizədə göstərilməlidir. 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə dair hissədə mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyatının müəyyən edilməsi baxımından əsas borclu olan cavabdehin sahibkarlıq fəaliyyəti subyekti olub-olmaması həlledici meyar hesab edildiyindən, iddia ərizəsində kredit müqaviləsinin bağlanmış olduğu Cavabdeh4 məxsus VÖEN-nin qeyd olunması zəruri şərt olmasına baxmayaraq, ərizədə qeyd olunmamışdır. Həmçinin, ərizədə ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməmişdir. Beləliklə iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmununa dair qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilmədiyi müəyyən edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada X1 iştirak tələb olunur. 150.1-ci və 150.1.7-ci maddələrinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər X1 iştirak etməlidirlər. 28.2-ci maddəsinə əsasən bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Qanun normalarının məzmunundan göründüyü kimi, kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Hazırki iş materiallarında isə tərəflərin bununla bağlı qarşılıqlı razılığını təsdiq edən sənəd mövcud deyildir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən olundu ki, iddiaçı təşkilat tərəfindən ərizəyə Bakı 2 saylı Mediasiya Təşkilatının təqdim etdiyi “X1 İştirak Edilməməsi barədə” arayış əlavə edilmişdir. Belə olan halda “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd edilən müddəalarının tələbləri pozulmuş olur. Həmin qanunun tələbinə əsasən ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, yəni X2 tərəfindən aparılmalı, həmin təşkilatın ilkin mediasiya sessiyasının nəticəsinə dair təqdim etdiyi sənəd iddia ərizəsinə əlavə edilməlidir. Əlavə olaraq, məhkəmə onu da iddiaçının nəzərinə çatdırmağı zəruri hesab edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 ünvanlanmış pretenziya məktublarında kredit müqaviləsinin bağlandığı şəxs Cavabdeh4 olmasına baxmayaraq, həmin şəxsin deyil, İbrahimov Vəkil Əhməd oğlunun kredit müqaviləsinin şərtlərini pozaraq, öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1-ci və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1-ci və 152.1.6-1-ci maddələrinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, “FİNCA Azerbaijan” MM QBKT-nın cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin iddiaçının diqqətinə çatdırılmalıdır ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: “FİNCA Azerbaijan” MM QBKT-nın cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar