Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-61/2022 05.08.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə 03 avqust 2022-ci il tarixdə elektron qaydada məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 05 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 26006.17 manat əsas borc, 10650.69 manat faiz borcu, 1059.85 manat cərimə və kredit müqaviləsi üzrə 05 mart 2022 il tarixdən, 12 may 2022 il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 241.9 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 37958.61 manat borcun və 203.88 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə icraatın mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2 və 149.2.2-ci maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. 149.2 və 149.2.3-cü maddələrinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə dair hissədə mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsi baxımından əsas borclu olan cavabdehin sahibkarlıq fəaliyyəti subyekti olub-olmaması həlledici meyar hesab edildiyindən, iddia ərizəsində kredit müqaviləsinin bağlanmış olduğu Cavabdeh4 məxsus VÖEN-nin qeyd olunması zəruri şərt olmasına baxmayaraq, ərizədə qeyd olunmamışdır. Ərizə və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən həmçinin müəyyən olundu ki, iddiaçı iddia ərizəsinin forma və məzmununa dair tələblərə riayət etməyərək elektron iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısını, sübutların siyahısını, cavabdehlərin yaşayış yeri və ya olduğu yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), telefon nömrələrini, o cümlədən mobil telefon nömrələrini, elektron poçt ünvanlarını göstərməmişdir. Beləliklə iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmununa dair qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilmədiyi müəyyən edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 152.1 və 152.1.4-cü maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, qanunvericilik kommersiya mübahisələri üzrə məhkəmə icraatının, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsinin, qəbulunun, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının xüsusi qaydasını, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə həyata keçirilməsini müəyyən etmişdir. Belə olan halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərə poçt vasitəsilə deyil, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilməlidir. Bundan başqa, iddiaçı iddia ərizəsinə poçt göndərişlərinin çatdırılması barədə xəbərnamələr əlavə etmişdir ki, bununla belə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin hər hansı formada alınması öz təsdiqini tapmır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş 021280 nömrəli, 021281 nömrəli, 021282 nömrəli, 021283 nömrəli və 021285 nömrəli qəbzlər xx.xx.2021-ci il tarixlərinə, aid olub, 056965 nömrəli qəbzin isə göndərilmə tarixi xx.xx.2022-ci il, alınma tarixi xx.xx.2021-ci il yazılmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanun normalarının imperativ tələbinə əsasən, kommersiya mübahisələri üzrə iddiaçı iddia ərizəsinin cavabdeh tərəfindən alınmasına dair sübutları ərizəsinə əlavə etməlidir. Bu tələblər isə həmin qaydalara riayət edilməsini formal olaraq təsdiq edən və ya təhrif edilmiş sənədlərin surətinin deyil, məlum poçt və ya elektron göndərişlərin cavabdehin (cavabdehlərin) almasını təsdiq edən sənədlərin əslinin iddia ərizəsinə əlavə edilməsini nəzərdə tutur. Həmçinin elektron kabinetdə həmin qəbzlərin əsli yox, surətləri iddia ərizəsinə əlavə edilmişdir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə iddia ərizəsi məhkəməyə ünvanlanarkən bütün sənədlərin əsli (rəngli formada) həmin kabinetə yerləşdirilməlidir. Ona görə ki, təqdim edilən sübutların mötəbərliyinin təsdiqi baxımından bu hal mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə tərəf o zaman lazımi qaydada xəbərdar edilmiş hesab edilir ki, məhkəmənin işdə iştirak edən şəxslərin məhkəmə bildirişində əks olunan məlumatları əldə etməsi haqqında inandırıcı təsdiqləri olsun və bu təsdiq Mülki Prosessual Məcəllənin müvafiq müddəalarına uyğun gəlsin. İşdə iştirak edən şəxslərin rəsmi qaydada xəbərdar edilməsi istənilən halda qarşı tərəfin reaksiyasını, yəni qanunvericilikdə də göstərildiyi kimi qəbzə və ya sənədin kötüyünə imza edilməsini nəzərdə tutur. (K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 noyabr 2016-cı il tarixli Qərarı). Həmçinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən o da müəyyən olundu ki, formal olaraq xx.xx.2021-ci il tarixli Xəbərdarlıq ərizəyə əlavə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qanunvericiliyin icrası məcburi olan göstərişlərinə əməl edilmədən məhkəməyə təqdim edildiyindən geri qaytarılmalı və iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə, Hökümət ödəniş portalında, ********* nömrəli qəbz ilə ödənilmiş 4,00 (dörd) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən məhkəmələr tərəfindən ərizələr (şikayətlər) qaytarıldıqda ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. (2.1.2; 4.1) Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixdə, Hökümət ödəniş portalında, ********* nömrəli qəbz ilə ödənilmiş 4,00 (dörd) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-61/2022
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-61/2022
05.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver