Məhkəmə qərarları › İş №e-2-2(123)-62/2022

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-62/2022

10.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-62/2022 10.08.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nın cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nın nümayəndəsi Nümayəndə 08 avqust 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 6545.00 AZN, faiz borcuna görə 104.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 6649.00 (altı min altı yüz qırx doqquz manat) AZN məbləğində borcun və 100 manat məbləğində ödənilmiş mediasiya prosesi ilə bağlı rüsumun “FİNCA Azerbaijan” MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı müəyyən etmişdir ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə riayət olunmadan, həmçinin məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2-2(123)-60/2022 saylı qərardadı ilə göstərilmiş nöqsanlar aradan qaldırılmadan məhkəməyə təqdim edildiyi üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forması və məzmununa dair tələblər müəyyənləşdirilmişdir. Bu tələblərdən biri də, həmin məcəllənin 149.2-ci və 149.2.4-1-ci maddələrinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumatın ərizədə göstərilməsidir. İddiaçı isə ərizənin məzmununa dair qanunvericiliyin qeyd edilən tələbinə riayət etməyərək həmin məlumatı ərizəsində əks etdirməmişdir. Bundan əlavə, iddiaçı mediasiya prosesinin keçirilmə yerini düzgün müəyyən etməmiş, mediasiya sessiyası Bakı 2 saylı Mediasiya Təşkilatında keçirilmişdir. Mübahisənin aid olduğu məhkəmə isə Naxçıvan MR Kommersiya Məhkəməsidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. 3.2-ci maddədinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Qanun normasının məzmunundan göründüyü kimi, mediasiya sessiyası mübahisənin aid olduğu Naxçıvan MR Kommersiya Məhkəməsinin inzibati ərazi vahidinə ən yaxın olan yerin mediasiya təşkilatında keçirilməlidir. Diqqətə alınmalıdır ki, Naxçıvan, Babək, Kəngərli, Culfa, Şahbuz, Şərur, Ordubad, Sədərək, şəhərlərində də mediasiya təşkilatları mövcuddur. Bu ərazilərdə mediasiya prosesinin keçirilməsi mümkündür. Bakı şəhərində ilkin mediasiya sessiyası keçirilməsi üçün tərəflərin razılığı olmalı, bu olmadıqda isə qanunvericiliyin müəyyən etdiyi aidiyyət qaydalarına riayət edilməlidir. İşə mahiyyəti üzrə baxılsa belə, məhkəmə qərarının mübahisələndirməsi zamanı apelyasiya instansiyası məhkəməsi belə vəziyyətdə mahiyyət üzrə baxılma ilə razılaşmaya bilər. Bundan başqa, Azərbaycan Respublikasının şəhər və rayonları üzrə dövlət qeydiyyatına alınmış mediasiya təşkilatlarının ərazi yurisdiksiyalarının müəyyən edilməsi həmin qanuna uyğun olaraq, mediatorun mediasiya prosesində bütün tərəflərlə birlikdə və ya ayrı-ayrılıqda görüşlər keçirə, əməkdaşlıq edə, şifahi və yazılı tövsiyələr verə bilməsi ilə əlaqədardır. Bu mənada hər-hansı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunla müəyyən edilmiş fundamental vacib hüquqi məsələlər qanunvericiliyin tələbləri çərçivəsində həll ediməlidir. Belə ki, tərəflər həmin işi mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilmək imkanlarından düzgün istifadə etməlidirlər. Qeyd edilən halların hər biri ayrılıqda hazırkı ərizənin və ona əlavə edilmiş sənədlərin qaytarılması üçün əsaslardır. Məhkəmə onu da iddiaçının nəzərinə çatdırmağı zəruri hesab edir ki, iddia ərizəsinə əlavə edilmiş, “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, **********7732 saylı kredit müqaviləsinin 1.1-ci bəndində kreditin biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün verildiyi qeyd olunsa da, iddia ərizəsində kreditin borcluya istehlak məqsədləri üçün verildiyi göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Banklarda kredit risklərinin idarə edilməsi Qaydalarının 2.1.4-cü bəndinə əsasən, istehlak krediti – sahibkarlıq və ya peşə fəaliyyəti, habelə daşınmaz əmlakın əldə edilməsi və tikintisi ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxslərə verilən kreditdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin məcəllənin 152.1 və 152.1.6-1-ci maddələrinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, “FİNCA Azerbaijan” MM QBKT-nın cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin iddiaçının diqqətinə çatdırılır ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: “FİNCA Azerbaijan” MM QBKT-nın cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar