Məhkəmə qərarları › İş №e-2-2(123)-63/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-63/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-63/2023 19.04.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, iddiaçı "xxxx" X2 Qeyri-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi barədə məhkəməyə elektron qaydada göndərilmiş kiçik iddialara dair işlər üzrə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı "xxxx" X2 Qeyri-Bank Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 tərəfindən 18 aprel 2023-cü il tarixdə elektron qaydada məhkəməyə təqdim edilmiş kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsində iddiaçı "xxxx" X2 Qeyri-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 2598.30 AZN, faiz borcuna görə 0.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 2598.30 (iki min beş yüz doxsan səkkiz manat otuz qəpik) AZN məbləğində borcun və 60 manat məbləğində ödənilmiş Mediasiya Xidmət Haqqının "xxxx" MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə elektron qaydada göndərilmiş kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə elektron qaydada ərizə təqdim edilərkən mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məhkəmə aidiyyəti qaydalarına əməl edilməmişdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 №-li qərarının 11-ci bəndində qeyd olunanlara əsasən, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübasələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm mübahisənin predmetinin, həm də hüquq münasibətlərinin xarakterininin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin qərarın 12-ci bəndinə əsasən, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Hazırkı iş üzrə elektron qaydada məhkəməyə təqdim edilmiş, iddiaçı "xxxx" MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış **********6512 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin 1.1-ci maddəsində kredit verənin kredit alana sonuncunun biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 10 ay müddətinə 5000.00 manat məbləğində pul vəsaitini ( bundan sonra “kredit”) verməyi, kredit alanın isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digər ödənişləri, vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürdüyü qeyd olunmuşdur. Kreditin məhz hansı məqsədlə - biznes yoxsa ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün verilməsi müqavilənin göstərilən maddəsindən dəqiq müəyyən edilə bilməsə də, iddia ərizəsinin məzmunundan iddiaçı "xxxx" MMM QBKT-nin Cavabdeh2 məhz ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə kreditin verildiyi görünür. Bu isə həmin kreditin müqavilənin predmeti kimi müəyyən olunmuş biznes məqsədləri üçün də verilməsini istisna edir. Bununla bağlı, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli Plenum Qərarında qeyd edilir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn mübahisənin yaranması səbəbi olaraq həmin kreditin hansı məqsədlə verilməsi də əhəmiyyət kəsb edir. Yuxarıda qeyd edilən hallardan aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən kredit cavabdehə ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün verildiyindən həmin mübahisəyə baxılması məqsədilə qanunla müəyyən edilmiş məhkəməyə müraciət edilməmişdir. Belə ki, “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1-ci maddəsinə əsasən ailə kəndli təsərrüfatı-ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalını, emalını, saxlanmasını, daşınmasını və satılmasını) birgə həyata keçirilməsidir. 1.3-cü maddəsinə əsasən ailə kəndli təsərrüfatı kənd yerlərində qanunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmır. 4.2-ci maddəsinə əsasən kənd yerlərində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıqla məşğul olan fiziki şəxslər və bağçılıq təsərrüfatları ailə kəndli təsərrüfatına aid edilmir. Yuxarıda qeyd edilən maddələrə əsasən, 18 aprel 2023-cü il tarixdə məhkəməyə elektron qaydada daxil olmuş ərizənin məzmunundan göstərilən tələb üzrə mübahisə tərəflərdən yalnız birinin, yəni iddiaçı təşkilatın sahibkarlıq fəaliyyətindən irəli gəldiyi və ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyəti, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığı üçün, nəticədə hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığından kommersiya mübahisəsi hesab edilməyərək, həmin mübahisəyə məhkəmə aidiyyəti tələblərinə əsasən Naxçıvan Muxtar Respublikasının Kommersiya məhkəməsində baxılmamalı və qanunvericliyin tələblərinə uyğun olaraq müvafiq məhkəməyə müraciət edilməlidir. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Azərbaycan Respublikasının qanunvericiliyi məhkəmə aidiyyətinin pozulmasına qadağa qoyur.( “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarı). Azərbaycan Respublikasının “Məhkəmələr və hakimlər haqqında” Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.( “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarı). Bundan əlavə, məhkəmə iş materiallarını nəzərdən keçirərkən müəyyən etmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanılan zaman Cavabdeh2 barəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsilə bağlı münasibətlər mövcud olmamışdır. Bununla bağlı olaraq, Azərbaycan Respubikasının “Sahibkarlıq fəaliyyəti haqqında” Qanununun: 1-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. 7-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş vergilər ödəmək sahibkarı vəzifələrindən biridir. 10.2-ci maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.3.-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Yəni, tərəflər arasında xx.xx.2020-ci il tarixdə **********6512 saylı kredit müqaviləsi bağlanmasına baxmayaraq, həmin müqavilədə borclu kimi qeyd olunmuş Cavabdeh2 vergi ödəyicisi kimi vergi orqanlarında xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Göstərilən haldan məlum olur ki, cavabdeh müqavilə bağlanılan zaman vergi ödəyicisi olaraq uçota alınmadığından və mübahisənin yaranmasına səbəb olan müqavilənin bağlanmasından sonra vergi orqanında qeydiyyatdan keçdiyindən borclu həmin mübahisə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan, o cümlədən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxs qismində nəzərdə tutula bilməz. Yəni iddiaçı tərəfindən, ərizə ilə məhkəməyə müraciət edilərək cavabdehə qarşı irəli sürülən tələbin Kommersiya məhkəməsində baxılmalı olduğu iddia edilsə də, məhkəmə tərəfindən iş materialları nəzərdən keçirilərkən, tərəfin kommersiya mübahisəinin subyekti olmadığı aydınlaşdırılmışdır. O cümlədən, “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.4-cü maddəsinə əsasən ailə kəndli təsərrüfatının statusu onların uçotunu aparan orqan tərəfindən ailə üzvlərinə təqdim edilən sənədlə rəsmiləşdirilir. 5.3-cü maddəsinə əsasən ailə kəndli təsərrüfatının dövlət qeydiyyatına alınması tələb olunmur. Belə ki, sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi qeydə alınması imperativ xarakter daşıdığı halda, ailə kəndli təsərrüfatı fəaliyyətini həyata keçirən şəxslərin dövlət qeydiyyatına alınması göstərilməmişdir. Bundan əlavə, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1-ci maddəsində bir neçə məqsədlərin sadalanmasına baxmayaraq, onlardan yalnız biri iddia ərizəsində nəzərdə tutulduğundan məhkəmə, iddia ərizəsinin məzmununda kreditin cavabdehə hansı məqsədlə verilməsinin göstərilməsilə yanaşı, həmin məqsədin kredit müqaviləsində xüsusi olaraq qeyd olunmağının məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı mühüm əhəmiyyət kəsb edəcəyini iddiaçının nəzərinə çatdırmağı zəruri hesab edir. Eyni zamanda həmin tərəflər arasında bağlanmış **********6512 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi kredit verən X3 tərəflər üçün müəyyənləşdirilmiş rekvizitləri göstərilməsinə, o cümlədən müqavilələr üçün nəzərdə tutulmuş möhürlə təsdiqlənməsinə baxmayaraq, kredit alan, yəni Cavabdeh2 kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər üçün müəyyənləşdirilmiş vergi ödəyicisi məlumatları, bir sözlə tərəflər üçün müəyyənləşdirilmiş rekvizitlər tam şəkildə qeyd olunmamışdır. Bundan əlavə məhkəmə iddiaçının nəzərinə çatdırır ki, kommersiya mübahisələri ilə əlaqədar olan işlər üzrə kommersiya məhkəməsinə müraciət edildikdə, məhkəməyə iddia ərizəsi ilə birlikdə mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilməklə iddia ərizəsinə əlavə edilən sənədlər də məhkəməyə təqdim olunmalıdır. MPM-nin 150.1-ci və 150.1.4-cü maddələrinə əssən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. MPM-in 150.1-ci və 150.1.6-cı maddələrinin tələblərinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Qeyd edilənlərə əsasən, iddiaçı pretenziya məktubunu, o cümlədən iddia ərizəsi və ona əlavə edilən sənədləri cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərilməli və bu halın təsdiqi olaraq müvafiq “Onlayn kargüzarlıq” sistemindən çıxarışlar ərizə ilə birlikdə məhkəməyə təqdim etməlidir. Həmçinin, məhkəmə iddiaçının nəzərinə çatdırır ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrə müraciət edilərkən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehlərə mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada göndərilməsi və qarşı tərəfin həmin sənədləri almasını təsdiq müvafiq “Onlayn kargüzarlıq” sistemindən çıxarışlar məhkəməyə təqdim edilməlidir. Bundan əlavə, MPM-nin 114.1-ci və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında “ Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.1.2-ci maddələrinin tələblərinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində hesablanır. Hazırki iş üzrə iddianın qiyməti 2598.30 AZN olduğundan, dövlət rüsmunun məbləği 45,98 ( qırx beş manat 98 qəpik) manat təşkil edir. Qeyd olunanlardan əlavə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1- 1-ci maddəsinə əsasən mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur, bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırki müraciət üzrə iddia ərizəsinə görə ödənilməli olan dövlət rüsumu 45,98 AZN təşkil etsə də, mediasiya sessiyasının keçirilməsinə görə iddiaçı tərəf 60 AZN ödəmiş və bunun təsdiqi olaraq xx.xx.2023-cü il tarixli, F-263 №-li ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsinə dair arayışı məhkəməyə elektron qaydada təqdim etmişdir. Belə ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 AZN iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 45,98 AZN dövlət rüsumunu əhatə etdiyindən, həmçinin iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsinə toxunmamaqdadır. MPM-in: 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1-ci və 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 284-3.5-ci maddələrinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, 18 aprel 2023-cü il tarixdə Naxçıvan MR Kommersiya Məhkəməsinə elektron qaydada daxil olmuş, iddiaçı "xxxx" X2 Qeyri- Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı "xxxx" X2 Qeyri-Bank Kredit Təşkilatının cavabdelər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi barədə məhkəməyə elektron qaydada göndərilmiş kiçik iddialara dair işlər üzrə ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən aidiyyəti məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə və ya poçt vasitəsilə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar