Məhkəmə qərarları › İş №e-2-2(123)-645/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-645/2024

16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-645/2024 16.12.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədov, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 10 dekabr 2024-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxılaraq cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7058,82 manat əsas borc, 248,05 manat faiz borcu olmaqla, cəmi 7306,87 manat (yeddi min üç yüz altı manat səksən yeddi qəpik) borcun və ödənilmiş 93,06 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı müəyyən etmişdir ki, iddia ərizəsinin geri qaytarılması üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1-ci və 150.1.4-cü maddələrinə əsasən iddia ərizəsinə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1-ci və 150.1.6-cı maddələrinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edildikdə pretenziya bildirişinin (xəbərdarlıq məktubunun), iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərildiyini təsdiq edən müvafiq sənədlər iddia ərizəsinə əlavə edilməlidir. Belə ki,məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya 12 mart 2024-cü il tarixdə tərtib olunmaqla X3 poçt vasitəsi ilə göndərilmişdir. Həmçinin iddia ərizəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 göndərilməsi kimi xəbərnamələr iş materiallarına əlavə edilsə də həmin şəxslər tərəfindən alınma barədə qeydiyyat təsdiq olunmamışdır. Cavabdeh2 ünvanlanmış məktub ünvan düzgün olmaması səbəbindən geri qaytarılmışdır. Həmçinin Cavabdeh1 ünvanlanmış məktub da geri qaytarılmışdır. Məhkəmə cavabdeh X3 göndərilən pretenziyanı çatdırılma hesab etmir. Çünki pretenziya cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinin çatdırılmasının sübutunu təqdim etməli idi. Həmçinin məhkəmə qeyd etməyi zəruri bilərək iddiaçının diqqətinə çatdırır ki, cavabdehlərə göndərilən bildirişlərdə əsas borcun 7058.82 manat, faiz borcun 299.78 manat ümumi borcun isə 7358.60 manat olmasını qeyd etməklə əsas 798.65 manat, faiz 299.78 manat, cəmi 1098.43 manat vaxtı keçmiş borcun ödənilməsini əsas cavabdehdən və zaminlərdən tələb edilmişdir. Lakin verilən iddia tələbində əsas borcun 7058.82 manat, faiz borcun 248.05 manat, ümumi borcun isə 7306.87 manat olması qeyd olunmuşdur. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, pretenziya bildirişində vaxtı keçmiş borcun ödənilməsi cavabdehlərdən tələb olunub, hazırki, tələb üzrə pretenziya bildirişinin göndərilməsi barədə sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.4-cü maddəsinə əsasən Kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü madddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatının cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilmədiyindən geri qaytarılmalı, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatı tərəfindən xx.xx.2024cü il tarixdə, Hökumət ödəniş portalında və ya Asanpay vasitəsilə ********** nömrəli qəbz ilə ödənilmiş 93.06 (doxsan üç manat altı qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. (2.1.2 və 4.1-ci maddələr) Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatının cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı"xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatı tərəfindən xx.xx.2024cü il tarixdə, Hökumət ödəniş portalında və ya Asanpay vasitəsilə ********** nömrəli qəbz ilə ödənilmiş 93.06 (doxsan üç manat altı qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, iddia ərizəsinin geri qaytarılmasına dair qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar