Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-65/2022 12.08.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, iddiaçı "xxxx" MMM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: Təsviri hissə: İddiaçı "xxxx" MMM QBKT-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə 10 avqust 2022-ci il tarixdə elektron qaydada məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1247.00 AZN, faiz borcuna görə 0.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 1247.00 (min iki yüz qırx yeddi manat) AZN məbləğində borcun və 60 manat məbləğində ödənilmiş mediasiya prosesi ilə bağlı rüsumun "xxxx" MMM QBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatın mümkünlüyünün yoxlanılması ilə əlaqədar kiçik iddialara dair işlər üzrə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə riayət olunmadan məhkəməyə təqdim edildiyi üçün kiçik iddialara dair işlər üzrə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 284-3.2-ci və 284-3.2.2-ci maddələrinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Lakin hazırki iş üzrə ərizə və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən olundu ki, ərizədə cavabdehlərin elektron poçt ünvanı, Cavabdeh2 telefon nömrəsi, əsas borclu olan Cavabdeh1 VÖEN-i göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə dair hissədə mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsi baxımından əsas borclu olan cavabdehin sahibkarlıq fəaliyyəti subyekti olub-olmaması həlledici meyar hesab edildiyindən, iddia ərizəsində kredit müqaviləsinin bağlanmış olduğu Cavabdeh1 məxsus VÖEN-nin qeyd olunması zəruri şərt olmasına baxmayaraq, ərizədə qeyd olunmamışdır. Eyni zamanda, hazırki iş üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən məlum olur ki, pretenziya məktubunun və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin digər Cavabdeh2 göndərilməsini təsdiq edən hər hansı bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Göstərilən hallar isə ayrılıqda iddia ərizəsinin geri qaytarılması üçün əsas təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1-ci və 152.1.4cü maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunan normanın məzmununda iddia ərizəsinin işdə iştirak edən digər şəxslər tərəfindən alınması nəzərdə tutulur ki, mülki prosessual qanunvericiliyə əsasən cavabdehlər işdə iştirak edən şəxslər olduğundan iddia ərizəsi cavabdehlərin hər ikisinə göndərilməli idi. Lakin iddiaçı tərəfindən həmin normanın tələbi pozularaq iddia ərizəsi yalnız cavabdehlərdən birinə göndərilmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1-ci və 152.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin maddənin məzmunundan aydın olur ki, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsi hər bir cavabdehlə ayrı-ayrılıqda mübahisənin pretenziya qaydasında nizama salınmasına riayət edilməsini nəzərdə tutur. İddiaçı bu normanın da tələbinə riayət etməyərək cavabdehlərdən birinə, yəni Cavabdeh1 pretenziya məktubu göndərmişdir. Bundan əlavə, məhkəmə qeyd edir ki, ərizəyə əlavə olunmuş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/2-00954 saylı, 10 iyun 2022-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyası Bakı 2 saylı Mediasiya Təşkilatında aparılmışdır. Lakin iş materiallarında tərəflərin mediator və ya mediasiya təşkilatı barədə qarşılıqlı razılığa gəldiyini təsdiq edən hər hansı bir sənəd mövcud deyil və belə olan halda, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı tərəfindən aparılmalı idi ki, iddiaçı mübahisənin aidiyyəti üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət etdiyi üçün ilkin mediasiya sessiyası da Naxçıvan MR Kommersiya Məhkəməsinin inzibati ərazi vahidinə ən yaxın olan yerin mediasiya təşkilatı tərəfindən aparılmalı idi. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. 28.2-ci maddəsinə əsasən bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Qanun normasının məzmunundan göründüyü kimi, mediasiya sessiyası mübahisənin aid olduğu Naxçıvan MR Kommersiya Məhkəməsinin inzibati ərazi vahidinə ən yaxın olan yerin mediasiya təşkilatında keçirilməlidir. Diqqətə alınmalıdır ki, Naxçıvan, Babək, Kəngərli, Culfa, Şahbuz, Şərur, Ordubad, Sədərək, şəhərlərində də mediasiya təşkilatları mövcuddur, və bu ərazilərdə mediasiya prosesinin keçirilməsi mümkündür. Bakı şəhərində isə ilkin mediasiya sessiyası keçirilməsi üçün tərəflərin razılığı olmalı, bu olmadıqda isə qanunvericiliyin müəyyən etdiyi aidiyyət qaydalarına riayət edilməlidir. İşə mahiyyəti üzrə baxılsa belə, məhkəmə qərarının mübahisələndirməsi zamanı apelyasiya instansiyası məhkəməsi belə vəziyyətdə mahiyyət üzrə baxılma ilə razılaşmaya bilər. Bundan başqa, Azərbaycan Respublikasının şəhər və rayonları üzrə dövlət qeydiyyatına alınmış mediasiya təşkilatlarının ərazi yurisdiksiyalarının müəyyən edilməsi həmin qanuna uyğun olaraq mediatorun mediasiya prosesində bütün tərəflərlə birlikdə və ya ayrı-ayrılıqda görüşlər keçirə, əməkdaşlıq edə, şifahi və yazılı tövsiyələr verə bilməsi ilə əlaqədardır. Bu mənada hər-hansı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunla müəyyən edilmiş fundamental vacib hüquqi məsələlər qanunvericiliyin tələbləri çərçivəsində həll edilməlidir. Belə ki, tərəflər həmin işi mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilmək imkanlarından düzgün istifadə etməlidirlər. Eyni zamanda məhkəmə onu da iddiaçının nəzərinə çatdırır ki, iddia ərizəsinə əlavə edilmiş, "xxxx" MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********2523 saylı kredit müqaviləsinin 1.1-ci bəndində kreditin biznes məqsədləri, ailəkəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün verildiyi qeyd olunsa da, iddia ərizəsində kreditin borcluya istehlak məqsədləri üçün verildiyi göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Banklarda kredit risklərinin idarə edilməsi Qaydalarının 2.1.4-cü bəndinə əsasən, istehlak krediti – sahibkarlıq və ya peşə fəaliyyəti, habelə daşınmaz əmlakın əldə edilməsi və tikintisi ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxslərə verilən kreditdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, qanunvericiliyin icrası məcburi olan göstərişlərinə əməl edilmədən məhkəməyə təqdim edildiyindən iddiaçı "xxxx" MMM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ikinci dəfə məhkəməyə müraciət edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267-269 və 284-3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" MMM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-65/2022
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-65/2022
12.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver