Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-65/2023 19.04.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, iddiaçı "xxxx" X2 Qeyri-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi barədə məhkəməyə elektron qaydada göndərilmiş kiçik iddialara dair işlər üzrə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı "xxxx" X2 Qeyri-Bank Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 tərəfindən 18 aprel 2023-cü il tarixdə elektron qaydada məhkəməyə təqdim edilmiş kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsində iddianın təmin edilməsi, Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 1318.00 AZN, faiz borcuna görə 152.76 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 1470.76 (min dörd yüz yetmiş manat, yetmiş altı qəpik) AZN məbləğində borcun və 60 manat məbləğində ödənilmiş mediasiya xidməti haqqının "xxxx" MMM QBKT-nin xeyrinə tutulması barədə qətanamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə elektron qaydada göndərilmiş kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, “ Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür”. "İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11 -ci bəndində qeyd olunur ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın tələbkarın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin qərarının 12-ci bəndində qeyd edilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 28 mart 2013-cü il tarixli Plenum Qərarı). Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. {Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2013-cü il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30cu maddəsinin şərh edilməsinə dair 28 mart 2013-cü il tarixli Plenum Qərarında qeyd edilir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 24.2.-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1 -ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1 -ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən olundu ki, iddiaçı "xxxx" X2 Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış **********9202 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin 1.1-ci bəndində kreditin biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün verildiyi göstərilsə də iddiaçı tərəfindən iddia ərizəsində kreditin bocluya ailə-kəndli təsərrüfatının yaxşılaşdırılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün verildiyi qeyd edilmiş və sonda müqavilənin təsdiqi hissəsində cavabdeh göstəriciləri sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxs kimi göstərilərək kredit müqaviləsində kredit alanın, Cavabdeh2 VÖEN-i öz əksini tapmamışdır. Belə ki, iddiaçı "xxxx" X2 Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış **********9202 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsində kreditin Cavabdeh2 verilmə məqsədi kimi bir neçə hal göstərildiyindən, kreditin Cavabdeh2 hansı məqsədlə verildiyi müəyyən edilə bilməmişdir. Lakin iddiaçı tərəfindən iddia ərizəsinin məzmununda kreditin Cavabdeh2 ailəkəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə verildiyi göstərildiyindən, məhkəmə kreditin Cavabdeh2 biznes məqsədləri üçün deyil, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə verildiyini müəyyən etmişdir. “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununun - 1.1-ci maddəsinə əsasən ailə kəndli təsərrüfatı-ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalını, emalını, saxlanmasını, daşınmasını və satılmasını) birgə həyata keçirilməsidir. -1.3-cü maddəsinə əsasən, ailə kəndli təsərrüfatı kənd yerlərində qanunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmır. - 4.2-ci maddəsinə əsasən kənd yerlərində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıqla məşğul olan fiziki şəxslər və bağçılıq təsərrüfatları ailə kəndli təsərrüfatına aid edilmir. - 14-cü maddəsinə əsasən ailə kəndli təsərrüfatının fəaliyyəti ilə bağlı mübahisəli məsələlər inzibati və məhkəmə qaydasında həll olunur. - 12.1 və 12.1.3-cü maddələrinə əsasən, ailə kəndli təsərrüfatı sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda statusunu itirir. Yuxarıda qeyd edilən hallara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kreditin verilməsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığından hüquq münasibətinin xarakteri baxımından hazırkı işə kommersiya məhkəməsində baxıla bilməz. Belə ki, hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığından hazırkı iddia kommersiya mübahisəsi hesab edilmir. Bununla da işə məhkəmə aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya məhkəməsində baxılmalı deyildir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, müqavilədə kreditin verilməsi məqsədi olaraq bir neçə alternativ göstərilmişdir. İddia ərizəsində isə onlardan biri qeyd edilmişdir. Kreditin hansı məqsədlə verildiyi müqavilədə daha dəqiq göstərməlidir. Belə ki, hazırkı iş üzrə kreditin verilməsi məqsədi məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyindən iddiaçı tərəfindən buna xüsusi diqqət yetiriməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.4-cü maddələrinin tələblərinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.1-ci və 150.1.6-cı maddələrinin tələblərinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, kommersiya mübahisələri ilə bağlı işlər üzrə kommersiya məhkəməsinə müraciət edilərkən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlər, həmçinin pretenziya məktubu MPM-nin 150.2-ci maddəsinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə çatdırılmalı və həmin sənədlərin cavabdehə çatdırıldığını təsdiq edən müvafiq sənəd tam formada (“Onlayn Kargüzarlıq” sistemindən çıxarışlar) iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-3.5-ci maddələrinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. 152.1-ci və 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" X2 Qeyri- Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı "xxxx" X2 Qeyri-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi barədə məhkəməyə elektron qaydada göndərilmiş kiçik iddialara dair işlər üzrə ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən aidiyyəti məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə və ya poçt vasitəsilə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-65/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-65/2023
19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver