Məhkəmə qərarları › İş №e-2-2(123)-67/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-67/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-67/2025 15.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC 13 yanvar 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə - 014R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 11977.27 manat məbləğində kredit borcu, 1080.19 manat məbləğində faiz borcu və 272.46 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 13329 (on üç min üç yüz iyirmi doqquz) manat 92 (doxsan iki) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 129.99 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində Cavabdeh1, zaminlər Cavabdeh3 və Cavabdeh2 ilə birlikdə "xxxx" QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 014L**********16 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açıldığını, Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddətin ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunduğunu, Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 014R********** saylı krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) manat məbləğində krеdit götürdüyünü, Cavabdeh1 uzun müddüətli kredit və təminat müqaviləsinin 1.12-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatdığını, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmadığını, Cavabdeh1 götürdüyü krеdit bоrcundan 8022.73 manat ödəyərək, onun 11977.27 manat məbləğində kredit borcu qaldığını, uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablandığını, bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablandığını, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 145 gün üçün hesablanmış faiz borcunun 1080.19 manat təşkil etdiyini, uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.2 % məbləğində cərimə ödəməli olduğunu, xx.xx.2024-cü il tarixə 145 gün üçün hеsablanmış cərimənin 272.46 manat təşkil etdiyini,ş uzunmüddətli krеdit və təminat müqaviləsinin 12.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malik olduğunu, uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3 və Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürdüyünü, onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməli olduqlarını, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə hüququ pоzulmuş şəxsin оna vurulmuş zərərin (real zərər və əldən çıxmış faydanın) əvəzinin tam ödənilməsini tələb etmək hüququ olduğunu, həmin Məcəllənin 442cimaddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, оnun pоzulması və ya lazımınca icra edilməməsi başa düşüldüyünü, həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayıldığını, həmin Məcəllənin 448.1-cimaddəsinə görə,cavabdeh оnun risk dairəsinə daxil оlan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğunu, həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər cavabdeh öhdəliyin lazımınca icra edilməməsi, о cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditоr cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bildiyini, həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə məhkəmə cavabdehin deyil, məhz kreditоrun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq tənasübü müəyyənləşdirərək tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda biləcəyini, həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa,zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığını, həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla,zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığını, həmin Məcəllənin 501-cimaddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bildiyini, qeyd etməklə cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 014R********** saylı krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 11977.27 manat məbləğində krеdit bоrcu, 1080.19 manat məbləğində faiz bоrcu və 272.46 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 13329 (on üç min üç yüziyirmi doqquz) manat 92 (doxsan iki) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 129.99 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli, 014L**********16 saylı uzunmüddətli kredit və təminat müqaviləsindən görünür ki, İddiaçı QSC-nin “Bakıxanov” filialı ilə kredit alan qismində Cavabdeh1, zamin qismində Cavabdeh3 və Cavabdeh2 arasında Uzunmüddətli Kredit və Təminat müqaviləsi bağlanmış, kredit verən kredit alana (Cavabdeh1) 120 ( bir yüz iyirmi) ay müddətinə 500000,00 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən, Kredit Alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu Müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq Kredit Sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda Ödəniş Planına və ya Ödəniş haqları Cədvəlinə uyğun olaraq Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən kredit faizi, qaytarılmalı Kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən Kreditin verildiyi tarixdən (gündən) onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Həmin müqavilənin 4.9-cu bəndinə əsaəsn Bank, Kredit Alan Kredit verənə Kredit Faizini Banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün Kredit qalığının 0.02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq Kredit Alanın Bankda olan hesablarından birtərəfli qaydada akseptsiz şəkildə silir, və ya həmin cərimə borcunun ödənilməsini Kredit Alandan tələb edir. Həmin müqavilənin 12.1.2-ci bəndinə əsasən aşağıdakı hallarda Müqaviləyə vaxtından əvvəl xitam vermək və hər bir qaytarılmalı Kredit üçün Kredit borcunu Overdraft Borcunu, Kredit Faizini Overdraft Faizini, xərcləri və başqa məsrəfləri Kredit Alandan qaytarmağı tələb etmək: a) Kredit Alan Müqavilə əsasında verilmiş hər hansı bir Kredit üzrə Kredit borcunu Overdraft Borcunu, Kredit Faizini Overdraft Faizini və digər ödənişləri həmin Müqavilədə razılaşdırılmış qaydada və olduğu təqdirdə Ödəniş Planına uyğun olaraq qaytara bilmədikdə: b) Kredit Alanın Kreditdən Overdraftdan və ya onun hissəsindən Müqavilədən və hərhansı Kredit Sazişində nəzərdə tutulmuş məqsəd üçün istifadə etmədiyi aşkar edildikdə; c) Kredit Alanın maliyyə vəziyyətində, əmlakında və onun təşkilati-hüquqi formasında Kredit Alanın Müqavilənin və ya hər hansı Kredit Sazişinin şərtlərini yerinə yetirmə qabiliyyətinə mənfi təsir göstərə biləcək hər hansı bir dəyişiklik olduqda və ya bazar şəraitində Kredit Alanın mövcudluğu üçün əhəmiyyətli təhlükə yaradan dəyişiklik olduqda; ç) Kredit Alan tərəfindən Bankı aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi aşkar olduqda, o cümlədən Kredit Alanın özünün sahibkarlıq fəaliyyəti, iqtisadi imkanları və bu Müqavilədən və ya hər hansı Kredit Sazişindən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icrasına təsir edə biləcək digər faktlar haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar olduqda; d) Ölkədə maliyyə bazarının mövcud vəziyyəti Kredit Alanın fəaliyyəti üçün əhəmiyyətli dərəcədə təhlükə yaratdıqda, o cümlədən manatın dəyəri digər xarici valyutalara nisbətən dəyərdən düşdükdə; e) Kredit Alan bu Müqavilənin 12.2.3 və 12.2.4 bəndinin şərtlərini pozduqda; ə) Kredit Alanın Bank qarşısında hər hansı bir vaxtı keçmiş borc öhdəliyi olduqda; f) Qanunvericiliklə müəyyən edilmiş digər hallarda və qaydada. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən Zamin, Kredit Alanın bu Müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Bank qarşısında Kredit Alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən Zamin Müqavilə üzrə Kreditin qaytarılması ilə bağlı Kredit Alanın bütün öhəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə Zamin təsdiq və bəyan edirki, Müqavilə üzrə verilən Kreditlər barədə Kredit Alan və Bank arasında istənilən razılaşma, o cümlədən Kreditin Faiz Dərəcəsinin artırılması barədə razılaşma üzrə Kredit Alanın öhdəliklərinin icrası üçün Kredit Alan ilə birgə və tam məsuliyyət daşıyır. Uzun müddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2023cü il tarixli 014R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 24 ay müddətinə, illik faiz dərəcəsi 23% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) manat məbləğində kredit götürmüşdür. xx.xx.2023-cü il tarixli, Kreditin verilməsi-Köçürmə sənədə əsasən 20000.00 manat məbləğində pul 05 fevral 2023-cü il tarixdə Cavabdeh1 hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli OUT-2024/09/24-82 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 24 sentyabr 2024-cü il tarixə əsas borc üzrə 11977.27 manat, faiz borcu üzrə 1080.19 manat, cərimə borcu üzrə 272.46 manat olmaqla ümumilikdə 13329.92 manat kredit borcu vardır. xx.xx.2024-cü il tarixli 70979498 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə dövlət büdcəsinə 129.99 manat dövlət rüsumu ödənilmişdir. 284 saylı ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair arayışdan görünür ki, məhkəmə-mühasibat ekspertizasının keçirilməsinə görə 60 (altmış) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan müvafiq sənədlərdən müəyyən olunur ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti mövcud olmuşdur. Belə ki, tərəflər iş materiallarında göstərilən müqavilələrilə öz üzərinə öhdəlik götürmüşdürlər. Bununla bağlı olaraq cavabdeh tərəflərin öhdəliklərinin icrasını təmin edilməsi məqsədilə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər də aiddir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci mаddəsinə əsasən öhdəliyin оnun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа еdilməməsi bоrclunun icrаnı gеcikdirməsi sаyılır 448.1-ci mаddəsinin əsasən əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cаvаbdеhdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli, 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxslərin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəməmühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2025-ci il tarixli, 284 saylı məhkəmə ekspertizasının rəyindən görünür ki, Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2023-cü il tarixli 014L**********16 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixli 014R********** saylı razılaşma və ödəniş planı üzrə Cavabdeh1, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixə əsas borcu 11834,72 manat, faiz borcu 650,26 manat olmaqla, ümumilikdə 12484,98 manat təşkil edir. Təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablanmadığı üçün hazırkı tədqiqatla Cavabdeh1 cərimə hesablanmır. Məhkəmə belə olduqda ekspert rəyi ilə razılaşaraq cavabdehlərin əsas borcunun 11834,72 manat, faiz borcunun isə 650,26 manat, ümumilikdə 12484,98 manat borcu olduğu qənaətinə gəlir. Bununla bağlı məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia qismən təmin olunmalıdır. Məhkəmə ekspertiza xərclərinə dair bildirişə münasibətdə qeyd edir ki, məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində yaranmış həmin bildirişdə qeyd olunan 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X2 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, müxbir hesab: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21) ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Nəticədə, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 11834,72 manat, faiz borcu 650,26 manat olmaqla, ümumilikdə 12484,98 manat müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilməli, məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X2 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, müxbir hesab: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21) ödənilməli, iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 129.99 manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 127,45 manat məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb İddiaçı QSC-yə ödənilməli, ödənilən dövlət rüsumunun qalmış hissəsi isə iddiaçıya aid hesab edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əsas borc üzrə 11834,72 (on bir min səkkiz yüz otuz dörd manat yetmiş iki qəpik) manat, faiz borcu 650,26 (altı yüz əlli manat iyirmi altı qəpik) manat olmaqla, ümumilikdə 12484,98 (on iki min dörd yüz səksən dörd manat doxsan səkkiz qəpik) manat müştərək qaydada alınıb İddiaçı QSC-yə (VÖEN**********) ödənilsin. İddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilmiş olan 167,30 (bir yüz altmış yeddi manat, otuz qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 127,45 (yüz iyirmi yeddi manat qırx beş qəpik) manat məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb İddiaçı QSC-yə ödənilsin. Məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X2 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, müxbir hesab: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21) ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar