Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-69/2022 12.08.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, İddiaçı Cavabdeh qarşı əmlakın qaytarılması tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı 10 avqust 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 2942 A saylı məhəllədə yerləşən "İlhamlı Günlər” MTK tərəfindən tikilməkdə olan qeyri-yaşayış binasının 2-ci girişinin zirzəmisində olan 180 kv.m qeyri-yaşayış sahəsində yaradılmış idman zalında olan və İddiaçı məxsus ümumi olaraq kompektasiyaları ilə birgə çəkisi 6080 (altı min səksən) kiloqram olan idman avadanlıqlarının və alətlərinin (qurğularının), yəni Ştanqların (BARBELLS), Velotrenajorun-STARBİKE EVOLUTİON MAGNETİC, Velotrenajorun-BİKE FENİX - LED PLUS, Ştanq disklərinin (WEİGHT PLATES), Ştanq üçün qıvrım qrif (CURL BAR), Qantellərin saxlanması üçün qurğu (DUMBBELL RACK-LONG), 5 ədəd Qaçış meydançasının-RUNNER FENİX - LED PLUS, Məşq alətinin-İPEREXTENSİON 45° BENCH, Məşq alətinin-DiSk RACK, 3 ədəd Məşq etmək üçün tam tənzimlənən dəzgahın,Məşq alətinin-CHİN AND DİP, Ştanq qaldırmaq üçün döşəməli alətin (OLYMPİC FLAT BENCH), Qarın əzələlərinin məşqi üçün alətin (ABDOMİNAL CRUNCH), Baş hissəsi yüksəkdə olan ştanq qaldırma üçün döşəməli alətin (OLYMPİC İNCLİNED BENCH), Baş hissəni aşağıda olan ştanq qaldırma üçün döşəməli alətin (OLYMPİC DECLİNED BENCH), Qolları söykəməklə ştanq qaldırılması üçün alətin (SEATED CURL BENCH), Bel və qol məşqi üçün dartıcı alətin (ROWİNG MACHİNE), Ştanq qaldırıcı mexanizmli alətin (SQUAT LUNGE), Oturaraq ştanq qaldırılması üçün nəzərdə tutulmuş alətin (SMİTH MACHİNE hP BASE), Qismən uzanaraq ştanq qaldırmaq üçün döşəməli alətin (İNCLİNED CHEST PRESS), Qol əzələlərinin məşqi üçün dartıcı tənzimlənən alətin (ADJUSTABLE CABLE CROSSOVER), Qol əzələlərinin məşqi üçün yuxarıdan aşağı dartıcı alətin (LAT PULLDOWN), Ayaq əzələlərinin məşqi üçün ayaqla ağırlıq qaldırmaq üçün qurğunun (LEG PRESS 45°), Qantelin- LATERAL DELTOİD, Qol əzələlərinin məşqi ucun yuxarıda aşağı hərəkətli alətin (DİPS PRESS), Dartıcı alətin (CURLİNG MACHİNE), Ayaq məşqi üçün dartıcı alətin (LEG CURLİNG), Kürək əzələlərinin məşqi üçün alətin (PECK BACK), Ayaq əzələlərinin məşqi üçün ağırlıq qaldırmaq üçün alətin (LEG EXTENSİON), Qol əzələlərinin məşqi üçün alətin (DELTOİD PRESS CONVERGENT), Qol və ayaq əzələlərini eyni zamanda məşqi üçün alətin (PULLEY ROW) cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı müəyyən etmişdir ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə riayət olunmadan məhkəməyə təqdim edildiyi üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2-ci və 149.2.2-ci maddələrinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. 149.2-ci və 149.2.3-cü maddələrinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. 149.2-ci və 149.2.5-ci maddələrinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizədə göstərilməlidir. Ərizə və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən olundu ki, göstərilən qanun normalarının tələblərinə əməl edilməmişdir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyatının müəyyən edilməsi baxımından tərəflərin sahibkarlıq fəaliyyəti subyekti olub-olmaması həlledici meyarlardan hesab edildiyindən, iddia ərizəsində iddiaçı və cavabdehə məxsus VÖEN-in qeyd olunması zəruri şərt olmasına baxmayaraq, ərizədə qeyd olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1-ci və 150.1.4-cü maddələrinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.1-ci və 150.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Hazırkı iş üzrə iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərkən məhkəmə müəyyən etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin pretenziya məktubu cavabdehə MPM-in 150.2-ci maddəsinin tələbinə uyğun olaraq verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrin başa düşüldüyü göstərilmişdir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “Azemis” elektron informasiya sistemindən və AR İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin “vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat” səhifəsindən İddiaçı vergi ödəyicisi olması barədə məlumatın əldə edilməsi mümkün olmamışdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 № -li Qərarının 11-ci bəndində formalaşdırılan hüquqi mövqeyə görə, MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Beləliklə, məhkəməyə ünvanlanmış ərizədə iddia ərizəsinin forma və məzmununa dair qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilmədiyi məhkəmə tərəfindən müəyyən edilmişdir. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, hazırki iddia tələbi ilə iddiaçı daha əvvəl də məhkəməyə müraciət etmiş və Naxçıvan MR Kommersiya Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-2(123)-46/2022 və 26” iyul 2022-ci il tarixli e-2-2(123)-57/2022 nömrəli qərardadları ilə çatışmazlıqlar ona ətraflı izah edilmişdir. Lakin iddiaçı həmin çatışmazlıqları aradan qaldırmayaraq təkrarən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1-ci və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1-ci və 152.1.4-cü maddələrinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1-ci və 152.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı əmlakın qaytarılması tələbi barədə elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin iddiaçının diqqətinə çatdırılır ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı əmlakın qaytarılması tələbi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-69/2022
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-69/2022
12.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver