Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-7/2022 10.02.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elnur Heydər oğlu, İddiaçı vəkili-nümayəndəsi Vəkil cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı iddiaçının təsisçisi olduğu Cavabdeh3 MMC-nin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ona verilməsi, 2018, 2019, 2020 və 2021-ci maliyyə illəri üzrə cəmiyyətin xalis mənfəətinin İddiaçı çatası hissəsinin, həmçinin həmin məbləğin gecikdirilməsinə görə bank uçot dərəcəsini əsas götürməklə faizlərin dəqiq müəyyən olunub ona ödənilməsi tələbi barədə elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı vəkili-nümayəndəsi Vəkil 07 fevral 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı təsisçisi olduğu Cavabdeh3 MMC-in nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ona verilməsini, 2018, 2019, 2020 və 2021-ci maliyyə illəri üzrə cəmiyyətin xalis mənfəətinin İddiaçı çatası hissəsinin, həmçinin həmin məbləğin gecikdirilməsinə görə bank uçot dərəcəsini əsas götürməklə faizlərin dəqiq müəyyən olunub iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi qəbul edilməkdən imtina edilməli, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmənin əsaslandırması: Məhkəmə ilk növbədə qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmununa dair tələblər üzrə iddiaçının və ya ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı ayrı-ayrılıqda (149.2.3 və 149.2.5-ci maddələrində) təsbit olunmuşdur. Belə ki, Məcəllənin 149.2 və 149.2.3-cü maddələrinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 149.2 və 149.2.5-ci maddələrinə əsasən ərizədə ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Göründüyü kimi həmin normalar qanunverici tərəfindən bir-birindən fərqləndirilərək, imperativ qaydada ərizəyə əlavə olunan sənədlərdən məhz hansıların iddia tələbini təsdiq edən sübutlar olmasını iddia ərizəsinin məzmununda ayrıca siyahıda göstərilməsi iddiaçıdan (və ya ərizəçidən) tələb olunur (Əsas: 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş, 09 iyul 2021-ci il tarixli, 363-VİQD nömrəli “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”). İddiaçı qeyd edilən prosessual normanın tələbinə əməl etməmiş və iddia ərizəsində tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməmişdir. Bununla da, iddiaçı iddia ərizəsinin forma və məzmununa dair qanunla müəyyən olunmuş prosessual tələblərə əməl etməmişdir. Həmçinin iddiaçı iddia ərizəsinin nəticə hissəsində konkret olaraq cavabdehlərin hər birinə qarşı tələblərinin nədən ibarət olmasını dəqiq göstərməmiş, eyni zamanda, iddia ərizəsinə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsində nəzərdə tutulmuş qaydada mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən 80 (səksən) manat hissəsini nəzərə alıb, 20 (iyirmi) manat əlavə rüsum ödəyərək, ümumilikdə 100 (bir yüz) manat (80+20=100) dövlət büdcəsinə köçürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 112.1 və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda-alınan məbləğlə müəyyən edilir. 112.1 və 112.1.2-ci maddələrinə əsasən iddianın qiyməti əmlakın tələb edilməsi haqqındakı iddialarda-tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. 112.4-cü maddəsinə əsasən iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumu tam məbləğdə dövlət büdcəsinə köçürülür. İddia ərizəsinin məzmunundan aydın olur ki, hazırkı ərizə üzrə iddiaçının tələbi qiymətləndirilən iddia kimi MMC və onun təsisçilərinə qarşı irəli sürülmüş tələbdir. Ona görə də iddiaçı ilkin iddia ərizəsini təqdim edərkən iddianın qiymətini ərizədə göstərməli və qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun yeni dərəcələri və ödənilməsinin qaydalarına uyğun olaraq, müəyyən edilmiş dövlət rüsumunun tam məbləğdə ödənilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməlidir. Göstərilənlərlə yanaşı məhkəmə ən əsası qeyd edir ki, Məhdud Məsuliyyətli Cəmiyyətin xalis mənfəətinin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında, cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada və onların bölgü aparılan günə mövcud olan mayasının dəyərinə uyğun olaraq bölünməlidir. Belə ki, Cavabdeh3 MMC-nin Nizamnaməsinin: 2.4-cü bəndinə əsasən cəmiyyət iştirakçılarının qoyduqları mayaların tərkibi və onun dəyişməsi, mayanın qoyulması qaydası və müddəti ümumi yığıncaq tərəfindən müəyyən edilir. 2.5-ci bəndinə əsasən vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada və ümumi yığıncağın qərarı əsasında bölüşdürülür. 4.3-cü bəndinə əsasən cəmiyyətin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə qanunvericiliklə başqa şərtlər müəyyən edilməmişsə, aşağıdakılar aiddir. -Cəmiyyətin nizamnaməsinə əlavə və dəyişiklik etmək, onun nizamnamə kapitalının miqdarını dəyişdirmək. -Cəmiyyətin növbədənkənar ümumi yığıncaqlarının çağırılması hallarını və qaydasını müəyyən etmək. -Cəmiyyəti illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, mənfəəti və zərəri bölüşdürmək -Cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanının üzvlərini təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək. -Cəmiyyətin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək. -Cəmiyyətin başqa təşkilatlarında iştirakı, habelə hüquqi şəxsləri, filialların və nümayəndəliklərin yaradılması, yenidən təşkili və ləğv edilməsi. -Cəmiyyətin icra orqanının səlahiyyətlərinin kənar idarəçiyə verilməsi. -Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydasını müəyyən etmək. Mülki Məcəllənin 90.1-ci maddəsinə görə, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. Həmin Məcəllənin 90-1.1 və 90-1.2-ci maddələrinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Bu normaların məzmunundan görünür ki, iştirakçılar arasında cəmiyyətin yalnız xalis mənfəəti bölüşdürülür. Xalis mənfəət isə cəmiyyətin təsərrüfat fəaliyyəti ilə əlaqədar bütün zəruri xərclər çıxıldıqdan sonra alınır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı nizamnamə kapitalındakı mayasına uyğun olaraq mənfəətdən pay alır. Qeyd etmək lazımdır ki, cəmiyyətin təsisçiləri cəmiyyət yaradılarkən cəmiyyətin nizamnamə kapitalına maya qoyurlar. Mülki Məcəllənin 90.4-cü maddəsinə əsasən isə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər. Beləliklə, cəmiyyətin xalis mənfəəti iştirakçılar arasında onların bölgü aparılan günə mövcud olan mayasının dəyərinə uyğun olaraq bölünməlidir. Xalis mənfəət iştirakçılar arasında tamamilə və ya qismən bölüşdürülə bilər, bəzən isə ümumiyyətlə bölüşdürülə bilməz. Bu isə əsasən məhdud məsuliyyətli cəmiyyətin maliyyə vəziyyəti ilə əlaqədardır. Belə ki, Mülki Məcəllənin 90-1.3-cü maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət aşağıdakı hallarda mənfəətin bölüşdürülməsi haqqında qərar qəbul edə bilməz: - əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyət qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas əlamətlərinə uyğun gəlirsə və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə əlamətlər əmələ gələcəksə; - əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalından azdırsa və ya həmin qərarın qəbul edilməsi nəticəsində onun məbləğindən az olacaqsa. Mülki Məcəllənin yuxarıda göstərilən normasından aydın olur ki, mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. Bu isə Məcəllənin yuxarıda göstərilən normasına görə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 iyun 2017-ci il Qərarı) Göründüyü kimi bu kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından həmin tələblərin həlli məhdud məsuliyyətli cəmiyyətin ali orqanı olan cəmiyyətin iştirakçılarının ümumi yığıncağında qəbul edilən qərar əsasında və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin tələb məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı çağırılıaraq həll edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddiaya məhkəmədə baxılmalı olmadığından iddia ərizəsi qəbul edilməkdən imtina edilməli, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. (2.1 və 4.1ci maddələr) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də İddiaçı tərəfindən elektron ödəniş sistemi vasitəsilə 17.01.2022-ci il tarixdə, ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı vəkili-nümayəndəsi Vəkil cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı iddiaçının təsisçisi olduğu Cavabdeh3 MMC-nin nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ona verilməsi, 2018, 2019, 2020 və 2021-ci maliyyə illəri üzrə cəmiyyətin xalis mənfəətinin İddiaçı çatası hissəsinin, həmçinin həmin məbləğin gecikdirilməsinə görə bank uçot dərəcəsini əsas götürməklə faizlərin dəqiq müəyyən olunub ona ödənilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Elektron ödəniş sistemi vasitəsilə 17.01.2022-ci il tarixdə, ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Elnur Hüseynov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-7/2022
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-7/2022
10.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver