Məhkəmə qərarları › İş №e-2-2(123)-72/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-72/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-72/2023 08.05.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 Cavabdeh1 qarşı borc tələbi barədə məhkəməyə elektron qaydada göndərilmiş kiçik iddialara dair işlər üzrə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 08 may 2023-cü il tarixdə elektron qaydada kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsi, Cavabdeh1 əsas borc üzrə 2000.00 AZN, faiz borcuna görə 382.43 AZN, cərimə borcuna görə 88.72 AZN, cəmi 2471.15 (iki min dörd yüz yetmiş bir manat on beş qəpik) AZN məbləğində borcun və 60 manat məbləğində ödənilmiş Mediasiya Xidmət Haqqının "xxxx" MMM QBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 284-3.2 və 284-3.2.2-ci maddələrinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. 284-3 və 284-3.4-cü maddələrinə əsasən, ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərildikdə iddiaçının və ya onun nümayəndəsinin elektron imzası ilə təsdiq olunur. Hazırki iş üzrə elektron iddia ərizəsinə nümayəndə qismində Cavabdeh2 səlahiyyətlərini təsdiq edən sənədlər kimi onun adına iddiaçı təşkilat tərəfindən 1 il müddətinə verilmiş 01 yanvar 2023-cü il tarixli etibarnamə və xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmiş “əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” əlavə edilərək məhkəməyə təqdim olunsa da, elektron iddia ərizəsinin tərəflər barədə məlumatın əks olunduğu hissəsində Cavabdeh2 nümayəndə kimi deyil, cavabdeh olaraq göstərilmiş, həmçinin həmin ərizəni imzalayan şəxs haqqında məlumat hissəsindən isə onun nümayəndə deyil, ərizəni cavabdeh kimi elektron imza ilə təsdiq etdiyi müəyyən olunmuşdur. İddiaçı məhkəməyə müraciət edərkən həm kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin məzmununa dair tələblərə riayət etməmiş, həm də nümayəndə cavabdeh kimi göstərildiyi üçün, cavabdehin isə iddia ərizəsini imzalamaq kimi bir səlahiyyəti olmadığından, ərizə hüququ olmayan şəxs tərəfindən imzalanmış kimi görünməklə həmin ərizənin elektron imza ilə təsdiqlənməsi barədə qanunvericiliklə müəyyən olunmuş qaydası pozulmuşdur. MPM-in 152.1 və 152.1.2-ci maddələrinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 tərəfindən Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə 08 may 2023-cü il tarixdə daxil olmuş iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, işin baxılmasına mane olan nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 Cavabdeh1 qarşı borc tələbi barədə məhkəməyə elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar