Məhkəmə qərarları › İş №e-2-2(123)-77/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-77/2024

26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-77/2024 26.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 05 dekabr 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 23 noyabr 2021-ci il tarixli, 2311/07/SİF saylı kredit müqaviləsi üzrə 20 noyabr 2023-cü il tarixə 10.000 (on min) manat əsas borc, 264,02 (iki yüz altmış dörd manat 02 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 10.264,02 (on min iki yüz altmış dörd manat 02 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 52,48 (əlli iki manat 48 qəpik) manat və X5 keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 17.700 (on yeddi min yeddi yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********55-10301 reyestr nömrəli Naxçıvan MR, Şərur rayon Axura kəndində olan 0.2368 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 noyabr 2021-ci il tarixli, 2311/07/SİF saylı kredit müqaviləsinə əsasən Borcalana Bank tərəfindən 36 ay müddətinə illik 5% dərəcəsi ilə 10.000 (on min) manat məbləğində kreditin verildiyini, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********55-10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 2ində olan 0.2368 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 25 noyabr 2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edildiyini, ipoteka müqaviləsinin müvafiq olaraq Şərur rayon 2 saylı dövlət notariat ofisində təsdiq edildiyini və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən əmlakın yüklülüyünün qeydiyyata alındığını, Kredit müqaviləsinin 1-ci maddəsinə əsasən Borcalan Cavabdeh1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, onun, bu öhdəliyi yerinə yetirmədiyini, nəticədə kredit reyestrində onun adına xx.xx.2023-cü il tarixə adına 134 gecikmə gününün qeydə alındığını, iddiaçının tələbinin əsaslandığı sənədlərin tərəflər arasında bağlanmış kredit müqaviləsi, ipoteka müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kredit ödənişləri cədvəli olduğunu, borcun qaytarılması ilə bağlı Borcalan Cavabdeh1 ilə dəfələrlə telefon əlaqəsi saxlanılaraq şifahi xəbərdarlıq edildiyini, onlara məlum olan sonuncu qeydiyyat ünvanına xəbərdarlıq məktublarının müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyinin bildirildiyini, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişin borcalan - Cavabdeh1 və ipoteka qoyan - Cavabdeh2 ünvanına müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, bildirişin dövlət qeydiyyatına alınması məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edildiyini və bildirişin dövlət qeydiyyatına alındığını, xx.xx.2023-cü il tarixdə Mediasiya prosesinin tətbiqi barədə Borcalana təklif ünvanlandığını, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilsədə, Borcalanın ilkin X3 etmədiyini, Kredit müqaviləsinin 5.8-ci bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən illik faizin üzərinə 10 faiz əlavə cərimə faizi ödədiyini, Kredit müqaviləsinin 5.12-ci bəndinə əsasən müqavilə şərtləri Borcalan tərəfindən pozulduğu halda, kredit üzrə borc və hesablanmış faizlərin, cərimələr və borcla əlaqədar Bankın təsdiqlənmiş xərclərin Borcalan tərəfindən ödənildiyini, Kredit müqaviləsinin 7-ci bəndinə əsasən Borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə, Bankın öhdəliyin icrasını vaxtından əvvəl tələb edə biləcəyini, Kredit müqaviləsinin 9.2ci bəndinə əsasən bu müqavilənin tərəflərin imzaladığı gündən qüvvəyə mindiyinin və tərəflərin bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək qüvvədə qalacağının müəyyənləşdirildiyini, ipoteka müqaviləsinin 4-cü bəndinə əsasən ipoteka saxlayanın tələbi ipoteka hesabına Bankın Borcalana verdiyi kredit, ona hesablanacaq faizlər, cərimələr və borcla əlaqədar Bankın digər xərcləri daxil edilməklə tam həcmdə təmin edildiyini, İpoteka müqaviləsinin 9-cu bəndinə əsasən əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətləri ardıcıl olaraq 2 dəfə pozulduqda və.s ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yarandığını, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişdə borcalan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 “İpoteka haqqında” Qanunun 36.2.3-cü maddəsinə və İpoteka müqaviləsinin 9.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın məhkəməyə müraciət etmədən notariusun icra qeydi əsasında keçirilməsinə razılıq verilməsinin təklif edildiyini, Cavabdeh1 23 noyabr 2021-ci il tarixli, 2311/07/SİF saylı kredit müqaviləsi üzrə 20 noyabr 2023-cü il tarixə 10.000 (on min) manat əsas borc, 264,02 (iki yüz altmış dörd manat 02 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 10.264,02 (on min iki yüz altmış dörd manat 02 qəpik) manat kredit borcu öhdəliyinin olduğunu qeyd etmişdir. 10 iyun 2024-cü il tarixdə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə “Prosessual hüquq varisliyi”nə dair ərizə ünvanlayaraq ərizədə İddiaçı ASC ilə "xxxx" ASC arasında 30 noyabr 2023-cü il tarixdə tələbin güzəşti barədə müqavilə imzalandığını, həmin müqaviləyə əsasən hazırki ərizəyə əlavə edilmiş aktda qeyd edilən müştərilərlə "xxxx" ASC arasında bağlanmış olan müqavilələr üzrə bütün hüquqların, tələblərin, təminatların və üstünlüklərin İddiaçı ASC-yə ötürüldüyünü, qeyd edilən səbəbdən aktda qeyd olunan işlər üzrə "xxxx" ASC-nin hüquq varisi kimi İddiaçı ASC-nin işə cəlb edilməsini xahiş etdiklərini bildirmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, e-2-2(123)-77/2024 nömrəli qərardadı ilə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə 10 iyun 2024-cü il tarixdə məhkəməyə ünvanladığı “Prosessual hüquq varisliyi”nə dair ərizə təmin edilərək, İddiaçı ASC-nin bundan sonra iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddiaçı "xxxx" ASC-nin hüquq varisi kimi prosessual hüquq varisliyi qaydasında iddiaçı qismində prosesdə iştiraka cəlb edilməsi, iddiaçı "xxxx" ASC-nin iddiaçı hüquqlarına xitam verilməsi qərara alınmışdır. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən 07 avqust 2024-cü il tarixdə elektron qaydada məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ünvanlanaraq, Cavabdeh1 23 noyabr 2021-ci il tarixli, 2311/07/SİF saylı kredit müqaviləsi üzrə 20 noyabr 2023-cü il tarixə 10 000 (on min) manat əsas borc, 264.02 (iki yüz altmış dörd manat iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 10264.02 (on min iki yüz altmış dörd manat iki qəpik) manat kredit borcunun və X5 keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat dövlət rüsumunun tutularaq Bankın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında işə, iddia tərəfinin vermiş olduğu son tələb həddində baxılması qərara alınmışdır. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 26 avqust 2024-cü il tarixə, saat 11:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndələri və Cavabdeh1 iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin 16 yanvar 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş, 03 aprel 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2024-cü il tarixli, 235 saylı məhkəmə ekspertizasının rəyi məhkəməyə daxil olmuş, məhkəmənin 03 aprel 2024-cü il tarixli, e-2-2(123)-77/2024 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. 17 aprel 2024-cü il tarixli qərardadı ilə iş üzrə ipoteka predmeti olan əmlakların qiymətləndirilməsinə dair ekspertiza təyin edilmiş, 27 iyun 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 27 iyun 2024-cü il tarixli, 04/546 nömrəli məktubu məhkəməyə daxil olmuş, məhkəmənin 27 iyun 2024-cü il tarixli, e-2- 2(123)-77/2024 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan: 20 noyabr 2023-cü il tarixli, 1424 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 23 noyabr 2021-ci il tarixli, 2311/07/SİF saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 5% dərəcəsi ilə verilmiş 10.000 (on min) manat kredit məbləği üzrə “20” noyabr 2023-cü il tarixə olan məlumata əsasən əsas borcu 10.000 (on min) manat, faiz borcu 264,02 (iki yüz altmış dörd manat 02 qəpik) manat olmaqla cəmi öhdəliyi 10.264,02 (on min iki yüz altmış dörd manat 02 qəpik) manat təşkil edir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, **********55-10301 reyestr, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan Naxçıvan MR, Şərur rayonu, Axura kəndində 0.2368 ha torpaq sahəsində yerləşən 78.82 m2 ümumi sahədən ibarət fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 21/10 nömrəli reyestr kitabının 1944 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestri tərəfindən verilmiş Arayışdan görünür ki, Cavabdeh2 məxsus Naxçıvan MR, Şərur rayonu, Axura kəndində 0.2368 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 48.26 m2 yaşayış, 30.56 m2 yardımçı sahədən ibarət fərdi yaşayış evi (xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlak) üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 21/10 nömrəli reyestr kitabının 1944 nömrəli vərəqində qeydiyyata alınmış, eyni zamanda xx.xx.2021-ci il tarixinə olan məlumata əsasən həmin əmlaka dair məhdudiyyət və yüklülük qeydə alınmamışdır. 29 mart 2024-cü il tarixli, 235 saylı ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair arayışdan görünür ki, məhkəmə-mühasibat ekspertizasının keçirilməsinə görə 60 (altmış) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. 07 may 2021-ci il tarixli, 0054 nömrəli Xəzinə məxaric orderindən görünür ki, Naxçıvanbank ASC-nin Şərur rayon filialı tərəfindən tinkçilik təsərrüfatının yaradılması üçün (təkrar) 4.906.00 (dörd min doqquz yüz altı) manat kredit məbləği Cavabdeh1 AZ76NAXB**********7189002AZN nömrəli hesabına köçürülmüşdür. 23 noyabr 2021-ci il tarixli, 2311/07/SİF saylı Kredit müqaviləsindən görünür ki, bu müqavilə, bir tərəfdən irəlidə Kreditor adlandırılacaq, öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının müdiri X7 şəxsində, bir tərəfdən (bundan sonra Fond adlanacaq) Naxçıvan MR X2 İdarə Heyətinin sədri X4 və digər tərəfdən irəlidə Borcalan adlandırılacaq Cavabdeh1 şəxsində müəyyən edilmiş şərtlərlə bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndindən görünür ki, Kreditor Borcalana bağçılıq təsərrüfatının (0.3 ha meyvə bağının salınması) genişləndirilməsi və meyvə konservləşdirilməsi yönümlü 36 ay müddətinə 10.000 (on min) manat məbləğində kreditin verilməsini, Borcalan isə aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını öz öhdəsinə götürür. 3.1.3.2-ci bəndindən görünür ki, Bank Borcalan tərəfindən bu müqavilədə nəzərdə tutulmuş ödənişlərin ödənilməsi müddətləri ardıcıl olaraq iki dəfə pozulduqda kreditin hesablanmış cərimə faizi ilə birlikdə qaytarılmasını Borcalandan vaxtından əvvəl tələb edə bilər. 5.1-ci bəndindən görünür ki, Borcalanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə Borcalan və ya üçüncü şəxslə ipoteka (girov, zaminlik) müqaviləsi bağlanılır. 25 noyabr 2021-ci il tarixli, 99 saylı İpoteka müqaviləsindən görünür ki, bu müqavilə borc alan Cavabdeh1, ipoteka qoyan Cavabdeh2 və ipoteka saxlayan "xxxx" ASC-nin Şərur rayon filialı adından X10 arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 2311/07/SİF saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2.1-ci bəndindən görünür ki, İpoteka predmeti ünvan 2i ünvanında yerləşən, 0.2368 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 78.82 kv/m, yaşayış sahəsi 48.26 kv/m, yardımçı sahəsi 30.56 kv/m olan 2 otaqlı fərdi yaşayış evidir. 2.3-cü bəndindən görünür ki, İpoteka predmetinin dəyəri “ipoteka qoyan”-ın və “ipoteka saxlayan”-ın razılığına əsasən 17.700 manat 00 qəpik (on yeddi min yeddi yüz manat sıfır qəpik) manat məbləğində müəyyən edilmişdir. 3.2-ci bəndindən görünür ki, öhdəliyin ölçüsü (məbləği): illik 5 faiz dərəcəsi ilə verilmiş 10.000 manat 00 qəpik (on min manat sıfır qəpik) kredit məbləğidir. 9.1-ci bəndindən görünür ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi anında ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 23 noyabr 2021-ci il tarixli, 2311/07/SİF saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən Borcalana kənd təsərrüfatı məqsədilə illik 5% dərəcəsi olmaqla 36 ay müddətinə 10.000 (on min) manat məbləğində kredit verilmiş, eyni zamanda Kredit məbləğinin borcalana verilməsi iş materiallarında olan 07 may 2021-ci il tarixli, 0054 nömrəli Xəzinə məxaric orderi ilə öz təsdiqini tapmışdır. Borcalan müqaviləyə əlavə olunan ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri, kreditin əsas məbləğini və ona hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Bununla yanaşı bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********55-10301 reyestr nömrəli Naxçıvan MR, Şərur rayon Axura kəndində yerləşən fərdi yaşayış evi 25 noyabr 2021-ci il tarixli, 99 saylı ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin Şərur rayon filialının xeyrinə yüklü edilmiş, kredit müqaviləsi üzrə borclu Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 olduğundan ipoteka müqaviləsi onlar tərəfindən imzalanmış və müvafiq olaraq Şərur rayonu 2 saylı dövlət notariat ofisində təsdiq edilmişdir. Beləliklə, hazırki vəziyyətdə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin: 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilsə də, Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, nəticədə bank tərəfindən adına kredit reyestrində 20 noyabr 2023-ci il tarixə 134 gecikmə günü qeydə alınmış, borcalan Cavabdeh1 borcun qaytarılması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmiş, buna baxmayaraq borcalan tərəfindən öhdəliyin icra edilməsi istiqamətində müsbət irəliləyiş olmamış, nəticədə 23 noyabr 2021-ci il tarixli, 2311/07/SİF saylı kredit müqaviləsi üzrə Cavabdeh1 adına “20” noyabr 2023-cü il tarixə əsas borc üzrə 10.000 (on min) manat əsas borc, 264,02 (iki yüz altmış dörd manat 02 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 10.264,02 (on min iki yüz altmış dörd manat 02 qəpik) manat borc öhdəliyi yaranmışdır. Qeyd olunan borc məbləğlərinin yaranması iş materiallarında olan 20 noyabr 2023-cü il tarixli, 1424 nömrəli maliyyə arayışı ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Beləliklə, iddiaçı pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə əsas borc və ona hesablanmış faizlərin ödənilməsi hissədə Cavabdeh1 qarşı tələb hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxsin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəməmühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2024-cü il tarixli, 235 nömrəli rəyindən görünür ki, iş materiallarından göründüyü kimi Cavabdeh1 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 23 noyabr 2021-ci il tarixli, 2311/07/SİF saylı kredit müqaviləsinin şərtlərinə, hesabdan çıxarış məlumatlarına və 20 noyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 20 noyabr 2023-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas borcu 9.994,05 (doqquz min doqquz yüz doxsan dörd manat sıfır beş qəpik) manat, faiz borcu 241,93 (iki yüz qırx bir manat doxsan üç qəpik) manat, olmaqla ümumilikdə borcu 10.235,98 (on min iki yüz otuz beş manat doxsan səkkiz qəpik) manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Lakin bir halı da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə ki, iddiaçının tələbinə nəzər saldıqda görünür ki, kredit müqaviləsinə əsasən əsas borc üzrə 10.000 (on min) manat, faiz borc üzrə 264,02 (iki yüz altmış dörd manat 02 qəpik) manat məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi xahiş edilmişdir. Məhkəmə belə olduqda 29 mart 2024-cü il tarixli, 235 saylı ekspert rəyi ilə razılaşaraq, cavabdehin əsas borcunun 9.994,05 (doqquz min doqquz yüz doxsan dörd manat sıfır beş qəpik) manat, faiz borcunun isə 241,93 (iki yüz qırx bir manat doxsan üç qəpik) manat olduğu qənaətinə gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia qismən təmin olunmalıdır. Məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə 16 yanvar 2024-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibat ekspertizası təyin etmiş, 03 aprel 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2024cü il tarixli, 235 saylı məhkəmə ekspertizasının rəyi məhkəməyə daxil olmuş, ekspert rəyinə 29 mart 2024-cü il tarixli ekspertiza xərclərinə dair bildiriş əlavə edilmişdir. Məhkəmə ekspertiza xərclərinə dair bildirişə münasibətdə qeyd edir ki, həmin bildirişdə qeyd olunan 60 (altmış) manat məbləğində ekspertiza xərcinin 59,84 (əlli doqquz manat səksən dörd qəpik) manat məbləği Cavabdeh1, qalan 0,16 (on altı qəpik) manat məbləği isə iddiaçı Kapital Bank ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.F.İ.F.T BİK: NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyinin hesabı AZ21NABZ********************, VÖEN **********) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2023-cü il tarixli, N-1722 nömrəli X3 edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi X8 iştirak etmiş və 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödəmiş, Cavabdeh1 isə iştirak etməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.3-cü maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3% olaraq müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın 10.264,02 (on min iki yüz altmış dörd manat sıfır iki qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 120 manat + 00 manat 79 qəpik = 120,79 (bir yüz iyirmi manat yetmiş doqquz qəpik) manat olaraq müəyyən edilir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə” müqavilədə və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırki tələb üzrə Cavabdeh1 üzrsüz səbəbdən ilkin X3 etmədiyindən və X6 keçirilməsi ilə bağlı xərclər iddiaçı tərəfindən ödənildiyindən, iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Həmçinin, hazırki iş üzrə iddiaçı tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənildiyindən və mediasiya xərci dövlət rüsumunun məbləğini əhatə etdiyindən iddiaçı dövlət rüsumundan azad edilmişdir. İddia qismən təmin edildiyindən iddianın təmin olunmuş hissəsinə, yəni 99,73% hissəsinə mütənasib olaraq 120,46 (bir yüz iyirmi manat qırx altı qəpik) manat cavabdehlərdən müştərək qaydada tutularaq dövlət gəlirinə ödənilməlidir. Qalan mediasiya xərcinin əhatə etdiyi 0,33 (otuz üç qəpik) manat iddianın təmin edilməmiş hissəsinə aiddir. Lakin iddiaçı dövlət rüsumundan azad olduğundan məhkəmə bu məsələyə toxunmur. Nəticədə, iddia qismən təmin edilməli, Cavabdeh1 əsas borc üzrə 9.994,05 (doqquz min doqquz yüz doxsan dörd manat sıfır beş qəpik) manat, faiz borcu üzrə 241,93 (iki yüz qırx bir manat doxsan üç qəpik) manat olmaqla ümumilikdə 10.235,98 (on min iki yüz otuz beş manat doxsan səkkiz qəpik) manat alınıb İddiaçı ASC-yə ödənilməli, məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat ekspertiza xərcinin 59,84 (əlli doqquz manat səksən dörd qəpik) manat məbləği Cavabdeh1, qalan 0,16 (on altı qəpik) manat məbləği isə iddiaçı Kapital Bank ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.F.İ.F.T BİK: NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyinin hesabı AZ21NABZ********************, VÖEN **********) ödənilməli və iddia qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 əsas borc üzrə 9.994,05 (doqquz min doqquz yüz doxsan dörd manat sıfır beş qəpik) manat, faiz borcu üzrə 241,93 (iki yüz qırx bir manat doxsan üç qəpik) manat olmaqla ümumilikdə 10.235,98 (on min iki yüz otuz beş manat doxsan səkkiz qəpik) manat alınıb İddiaçı ASCyə ödənilsin. Məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat ekspertiza xərcinin 59,84 (əlli doqquz manat səksən dörd qəpik) manat məbləği Cavabdeh1, qalan 0,16 (on altı qəpik) manat məbləği isə iddiaçı Kapital Bank ASCdən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ1********************, VÖEN **********) ödənilsin. İddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 120,79 (bir yüz iyirmi manat yetmiş doqquz qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə, yəni 99,73%-ə mütənasib olaraq 120,46 (bir yüz iyirmi manat qırx altı qəpik) manat məbləği Cavabdeh1 alınıb dövlət gəlirlərinə ödənilsin. X5 keçirilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci Cavabdeh1 alınıb İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar