Məhkəmə qərarları › İş №e-2-2(123)-8/2022

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-8/2022

24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-8/2022 24.02.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbi barədə elektron qaydada göndərilmiş kiçik iddialara dair işlər üzrə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 22 fevral 2022-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 12 iyun 2019-cu il tarixli, BK1206/03 saylı kredit müqaviləsi üzrə 18 yanvar 2022-ci il tarixə olan 217.76 (iki yüz on yeddi manat 76 qəpik) manat gecikdirilmiş faiz, 4545.84 (dörd min beş yüz qırx beş manat 84 qəpik) manat gecikdirilmiş əsas borc, 7.44 (yeddi manat 44 qəpik) manat faiz, 2965.13 (iki min doqquz yüz altmış beş manat 13 qəpik) manat əsas borc olmaqla, ümumilikdə 7736.17 (yeddi min yeddi yüz otuz altı manat 17 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetinə tutma yönəldiməsi haqqında bildirişin” dövlət qeydiyyatına alınmasına görə 40 (qırx) manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 97 (doxsan yeddi) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın tərəflərin qarşılıqlı razılığı əsasında 23000 (iyirmi üç min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Naxçıvan MR DƏDRX tərəfindən verilmiş 31.07.2014-cü il tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh məxsus **********51-10301 reyestr nömrəli Naxçıvan MR, Kəngərli rayon, Qıvraq qəsəbəsində, mülkiyyətində olan 0.14 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 76.00 kv.m yaşayış, 28.28 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, tutma yönəldildikdə və ya satıldıqda 1 ay ərzində həmin yaşayış evində qeydiyyatda olan şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılaraq yararlı vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəlləsinin 152.1-ci və 152.1.5-ci maddələrinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 tərəfindən məhkəməyə ünvanlanmış elektron ərizə qeyd edilən normaların tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddiaçı tərəfindən elektron qaydada məhkəməyə daxil olmuş ərizəyə əlavə edilmiş sənədlərdən aydın olur ki, ********* saylı, 18.01.2022-ci il tarixli qəbzlə iddiaçı "xxxx" ASC tərəfindən dövlət büdcəsinə 97 (doxsan yeddi) manat məbləğində, yəni qanunvericiliklə müəyyən edilmiş məbləğdən az dövlət rüsumu ödənilmişdir. Bununla əlaqədar olaraq, məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi səklində hesablanır. Odur ki, iddiaçı "xxxx" ASC Cavabdeh 12 iyun 2019-cu il tarixli, BK1206/03 saylı kredit müqaviləsi üzrə 18 yanvar 2022-ci il tarixə olan 217.76 (iki yüz on yeddi manat 76 qəpik) manat gecikdirilmiş faiz, 4545.84 (dörd min beş yüz qırx beş manat 84 qəpik) manat gecikdirilmiş əsas borc, 7.44 (yeddi manat 44 qəpik) manat faiz, 2965.13 (iki min doqquz yüz altmış beş manat 13 qəpik) manat əsas borc olmaqla, ümumilikdə 7736.17 (yeddi min yeddi yüz otuz altı manat 17 qəpik) manat kredit borcun, eyni zamanda “İpoteka predmetinə tutma yönəldiməsi haqqında bildirişin” dövlət qeydiyyatına alınmasına görə 40 (qırx) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumlarının tutulmasını tələb etmişdir. Göstərilənlərə əsasən iddianın qiyməti 7876.17 (7736.17+40+100) manat təşkil edir. 7876.17 manat məbləğində iddia qiyməti üçün ödənilməli olan dövlət rüsumunun məbləği isə 98,77 (7876.17- 1000=6876.17; 30+6876.17-nin 1 faizi =30+68,76=98,77) manat təşkil edir. Dövlət rüsumu məsələsi ilə əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə müvafiq olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarının: 2.1.2-ci maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə geri qaytarılır. 4.1-ci maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. 4.2-ci maddəsinə əsasən dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 15 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Dövlət rüsumunun düzgün tutulmaması və ya artıq ödənilməsi təsdiq edilmədiyi halda, bu barədə dövlət rüsumunu tutan orqan 5 gün müddətində dövlət rüsumunun ödəyicisinə məlumat verməlidir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Qeyd olunanlara əsasən iddiaçı "xxxx" ASC tərəfindən 18.01.2022-ci il tarixli, ********* saylı qəbzlə, 1 saylı büdcə səviyyə kodu ilə, 142211 saylı büdcə təsnifatı kodu ilə, Azərbaycan Respublikası Mərkəzi X1 vasitəsilə ödənilmiş 97 (doxsan yeddi) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş məbləğdən az olduğuna görə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbi barədə elektron qaydada göndərilmiş kiçik iddialara dair işlər üzrə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin iddiaçının diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 284-3-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbi barədə elektron qaydada göndərilmiş kiçik iddialara dair işlər üzrə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 vasitəsilə, büdcə təsnifat kodu 142211, büdcə səviyyə kodu 1, xəzinə hesabı AZ21NABZ********************, transaksiya nömrəsi **********21, ********* nömrəli, 18.01.2022-ci il tarixli qəbzlə ödənilmiş 97 (doxan yeddi) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Ərizəçinin diqqətinə çatdırılsın ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar