Məhkəmə qərarları › İş №e-2-2(123)-83/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-83/2024

26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-83/2024 26.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 05 dekabr 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 30 oktyabr 2020-ci il tarixli, 3010/04/SİF saylı kredit müqaviləsi üzrə 22 noyabr 2023-cü il tarixə 25 500 (iyirmi beş min beş yüz ) manat əsas borc, 757.92 (yeddi yüz əlli yeddi manat 92 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 26 257.92 (iyirmi altı min iki yüz əlli yeddi manat 92 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 52.48 (əlli iki manat 48 qəpik) manat və X4 keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 38600 (otuz səkkiz min altı yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2010cu il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********55- 10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 3ində olan 0.4643 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 oktyabr 2020-ci il tarixli, 3010/04/SİF saylı kredit müqaviləsinə əsasən Borcalana Bank tərəfindən 60 ay müddətinə illik 5% dərəcəsi ilə 25 500 (iyirmi beş min beş yüz) manat məbləğində kənd təsərrüfatı kreditinin verildiyini, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2010-cu il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********55-10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 3ində olan 0.0.4643 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 02 noyabr 2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edildiyini, ipoteka müqaviləsinin müvafiq olaraq Şərur rayon 1 saylı dövlət notariat ofisində təsdiq edildiyini və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən əmlakın yüklülüyünün qeydiyyata alındığını, Kredit müqaviləsinin 1-ci maddəsinə əsasən Borcalan Cavabdeh1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, onun, bu öhdəliyi yerinə yetirmədiyini, nəticədə kredit reyestrində onun adına xx.xx.2023-cü il tarixə adına 167 gecikmə gününün qeydə alındığını, iddiaçının tələbinin əsaslandığı sənədlərin tərəflər arasında bağlanmış kredit müqaviləsi, ipoteka müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kredit ödənişləri cədvəli olduğunu, borcun qaytarılması ilə bağlı Borcalan Cavabdeh1 ilə dəfələrlə telefon əlaqəsi saxlanılaraq şifahi xəbərdarlıq edildiyini, onlara məlum olan sonuncu qeydiyyat ünvanına xəbərdarlıq məktublarının müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyinin bildirildiyini, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişin borcalan- Cavabdeh1 və ipoteka qoyan- Cavabdeh2 ünvanına müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, bildirişin dövlət qeydiyyatına alınması məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edildiyini və bildirişin dövlət qeydiyyatına alındığını, xx.xx.2023-cü il tarixdə Mediasiya prosesinin tətbiqi barədə Borcalana təklif ünvanlandığını, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilsədə, Borcalanın X3 iştirak etmədiyini, Kredit müqaviləsinin 5.8-ci bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən illik faizin üzərinə 10 faiz əlavə cərimə faizi ödədiyini, Kredit müqaviləsinin 5.12-ci bəndinə əsasən müqavilə şərtləri Borcalan tərəfindən pozulduğu halda, kredit üzrə borc və hesablanmış faizlərin, cərimələr və borcla əlaqədar Bankın təsdiqlənmiş xərclərin Borcalan tərəfindən ödənildiyini, Kredit müqaviləsinin 7-ci bəndinə əsasən Borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə, Bankın öhdəliyin icrasını vaxtından əvvəl tələb edə biləcəyini, Kredit müqaviləsinin 9.2ci bəndinə əsasən bu müqavilənin tərəflərin imzaladığı gündən qüvvəyə mindiyinin və tərəflərin bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək qüvvədə qalacağının müəyyənləşdirildiyini, ipoteka müqaviləsinin 4-cü bəndinə əsasən ipoteka saxlayanın tələbi ipoteka hesabına Bankın Borcalana verdiyi kredit, ona hesablanacaq faizlər, cərimələr və borcla əlaqədar Bankın digər xərcləri daxil edilməklə tam həcmdə təmin edildiyini, İpoteka müqaviləsinin 9-cu bəndinə əsasən əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətləri ardıcıl olaraq 2 dəfə pozulduqda və.s ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yarandığını, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişdə borcalan- Cavabdeh1 və ipoteka qoyan- Cavabdeh2 “İpoteka haqqında” Qanunun 36.2.3-cü maddəsinə və İpoteka müqaviləsinin 9.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın məhkəməyə müraciət etmədən notariusun icra qeydi əsasında keçirilməsinə razılıq verilməsinin təklif edildiyini, Cavabdeh1 22 noyabr 2023-cü il tarixə 25 500 (iyirmi beş min beş yüz) manat əsas borc, 757.92 (yeddi yüz əlli yeddi manat 92 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 26 257.92 (iyirmi altı min iki yüz əlli yeddi manat 92 qəpik) manat kredit borcu öhdəliyinin olduğunu qeyd etmişdir. 10 iyun 2024-cü il tarixdə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə “Prosessual hüquq varisliyi”nə dair ərizə ünvanlayaraq ərizədə İddiaçı ASC ilə "xxxx" ASC arasında 30 noyabr 2023-cü il tarixdə tələbin güzəşti barədə müqavilə imzalandığını, həmin müqaviləyə əsasən hazırki ərizəyə əlavə edilmiş aktda qeyd edilən müştərilərlə "xxxx" ASC arasında bağlanmış olan müqavilələr üzrə bütün hüquqların, tələblərin, təminatların və üstünlüklərin İddiaçı ASC-yə ötürüldüyünü, qeyd edilən səbəbdən aktda qeyd olunan işlər üzrə "xxxx" ASC-nin hüquq varisi kimi İddiaçı ASC-nin işə cəlb edilməsini xahiş etdiklərini bildirmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, e-2-2(123)-83/2024 nömrəli qərardadı ilə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə 10 iyun 2024-cü il tarixdə məhkəməyə ünvanladığı “Prosessual hüquq varisliyi”nə dair ərizə təmin edilərək, İddiaçı ASC-nin bundan sonra iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddiaçı "xxxx" ASC-nin hüquq varisi kimi prosessual hüquq varisliyi qaydasında iddiaçı qismində prosesdə iştiraka cəlb edilməsi, iddiaçı "xxxx" ASC-nin iddiaçı hüquqlarına xitam verilməsi qərara alınmışdır. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 26 avqust 2024-cü il tarixə, saat 14:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndələri və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin 16 yanvar 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş, 27 mart 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2024-cü il tarixli, 3-16-33-3/2-175/2024 saylı rəyi məhkəməyə daxil olmuş, məhkəmənin 27 mart 2024-cü il tarixli, e-2-2(123)-83/2024 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. 09 aprel 2024-cü il tarixli qərardadı ilə iş üzrə ipoteka predmeti olan əmlakların qiymətləndirilməsinə dair ekspertiza təyin edilmiş, 27 iyun 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 27 iyun 2024-cü il tarixli, 04/549 nömrəli məktubu məhkəməyə daxil olmuş, məhkəmənin 27 iyun 2024-cü il tarixli, e-2- 2(123)-83/2024 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan: 22 noyabr 2023-cü il tarixli, 1445 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 30 oktyabr 2020-ci il tarixli, 3010/04/SİF saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 5% dərəcəsi ilə verilmiş 25 500 (iyirmi beş min beş yüz) manat kredit məbləği üzrə “22” noyabr 2023-cü il tarixə olan məlumata əsasən əsas borcu 25 500 (iyirmi beş min beş yüz) manat, faiz borcu 757.92 (yeddi yüz əlli yeddi manat 92 qəpik) manat olmaqla cəmi öhdəliyi 26 257.92 (iyirmi altı min iki yüz əlli yeddi manat 92 qəpik) manat təşkil edir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məslələri üzrə Dövlət Komitəsi, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Naxçıvan MR, ünvan 2ində yerləşən fərdi yaşayış evi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 21/1 nömrəli reyestr kitabının 180 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində Arayışdan görünür ki, Cavabdeh2 məxsus Naxçıvan MR, ünvan 2i ünvanında 0.4643 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 199.86 kv.m, yaşayış sahəsi 139.58 kv.m, yardımçı sahə (köməkçi sahə) 60.28 kv.m olan 1 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 21/1 nömrəli reyestr kitabının 180 nömrəli vərəqində qeydiyyata alınmış, eyni zamanda xx.xx.2020-ci il tarixinə olan məlumata əsasən həmin əmlaka dair məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, MA seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Naxçıvan MR, ünvan 2ində yerləşən Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evi "xxxx" ASC-nin Şərur rayon filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** qeydiyyat nömrəli ərizə üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixdə verilmiş elektron təsdiqetmə bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən göndərilmiş bildiriş qeydiyyata alınmış, 15 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Xidmət haqqının ödənilməsinə dair müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli sənəd üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin elektron təsdiqetmə bildirişindən görünür ki, 36 AZN məbləğində xidmət haqqı ödənilmişdir. 18 mart 2024-cü il tarixli, 3-16-33-3/2-175/2024 saylı ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair arayışdan görünür ki, məhkəmə-mühasibat ekspertizasının keçirilməsinə görə 60 (altmış) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. 05 noyabr 2020-ci il tarixli, 0007 nömrəli Xəzinə məxaric orderindən görünür ki, "xxxx" ASC-nin Şərur filialı tərəfindən Heyvandarlıq üçün 14 720.00 (on dörd min yeddi yüz iyirmi) manat kredit məbləği Cavabdeh1 AZ53NAXB**********703002AZN nömrəli hesabına köçürülmüşdür. 08 dekabr 2020-ci il tarixli, 0055 nömrəli Xəzinə məxaric orderindən görünür ki, "xxxx" ASC-nin Şərur filialı tərəfindən Heyvandarlıq üçün 10 304.00 (on min üç yüz dörd) manat kredit məbləği Cavabdeh1 AZ53NAXB**********703002AZN nömrəli hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli, 3010/04/SİF saylı Kredit müqaviləsindən görünür ki, bu müqavilə, bir tərəfdən irəlidə Kreditor adlandırılacaq, öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının müdiri v.m.i.e X7 şəxsində, bir tərəfdən (bundan sonra Fond adlanacaq) Naxçıvan MR X2 İdarə Heyətinin üzvü v.m.i.e X6 və digər tərəfdən irəlidə Borcalan adlandırılacaq Cavabdeh1 şəxsində müəyyən edilmiş şərtlərlə bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndindən görünür ki, Kreditor Borcalana heyvandarlıq təsərrüfatının genişləndirilməsi yönümlü 60 ay müddətinə 25.500 (iyirmi beş min beş yüz) manat məbləğində kreditin verilməsini, Borcalan isə aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını öz öhdəsinə götürür. 3.1.3.2-ci bəndindən görünür ki, Bank Borcalan tərəfindən bu müqavilədə nəzərdə tutulmuş ödənişlərin ödənilməsi müddətləri ardıcıl olaraq iki dəfə pozulduqda kreditin hesablanmış cərimə faizi ilə birlikdə qaytarılmasını Borcalandan vaxtından əvvəl tələb edə bilər. 5.1-ci bəndindən görünür ki, Borcalanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə Borcalan və ya üçüncü şəxslə ipoteka (girov, zaminlik) müqaviləsi bağlanılır. 02 noyabr 2020-ci il tarixli, 68 saylı İpoteka müqaviləsindən görünür ki, bu müqavilə borc alan Cavabdeh1, ipoteka qoyan Cavabdeh2 və ipoteka saxlayan "xxxx" ASC-nin Şərur rayon filialı adından X10 arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 3010/04/SİF saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2.1-ci bəndindən görünür ki, İpoteka predmeti ünvan 3i ünvanında yerləşən, 0.4643 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 199.86 kv/m, yaşayış sahəsi 139.58 kv/m, yardımçı sahəsi 60.28 kv/m olan 5 otaqlı fərdi yaşayış evidir. 2.3-cü bəndindən görünür ki, İpoteka predmetinin dəyəri “ipoteka qoyan”-ın və “ipoteka saxlayan”-ın razılığına əsasən 38.600 manat 00 qəpik (otuz səkkiz min altı yüz manat sıfır qəpik) manat məbləğində müəyyən edilmişdir. 3.2-ci bəndindən görünür ki, öhdəliyin ölçüsü (məbləği): illik 5 faiz dərəcəsi ilə verilmiş 25.500 manat 00 qəpik (iyirmi beş min beş yüz manat sıfır qəpik) kredit məbləğidir. 9.1-ci bəndindən görünür ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi anında ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 30 oktyabr 2020-ci il tarixli, 3010/04/SİF saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən Borcalana kənd təsərrüfatı məqsədilə illik 5% dərəcəsi olmaqla 60 ay müddətinə 25 500 (iyirmi beş min beş yüz) manat məbləğində kənd təsərrüfatı krediti verilmiş, eyni zamanda Kredit məbləğinin borcalana verilməsi iş materiallarında olan 05 noyabr 2020-ci il tarixli, 0007 nömrəli və 08 dekabr 2020-ci il tarixli, 0055 nömrəli Xəzinə məxaric orderləri ilə öz təsdiqini tapmışdır. Borcalan müqaviləyə əlavə olunan ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri, kreditin əsas məbləğini və ona hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Bununla yanaşı bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2010-cu il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********55-10301 reyestr nömrəli Naxçıvan MR, Şərur rayon Kərimbəyli kəndində yerləşən fərdi yaşayış evi 02 noyabr 2020-ci il tarixli, 68 saylı ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin Şərur rayon filialının xeyrinə yüklü edilmiş, kredit müqaviləsi üzrə borclu Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 olduğundan ipoteka müqaviləsi onlar tərəfindən imzalanmış və müvafiq olaraq Şərur rayonu 1 saylı dövlət notariat ofisində təsdiq edilmişdir. Beləliklə, hazırki vəziyyətdə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin: 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilsə də, Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, nəticədə bank tərəfindən adına kredit reyestrində 22 noyabr 2023-cü il tarixə adına 167 gecikmə günü qeydə alınmış, borcalan Cavabdeh1 borcun qaytarılması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmiş, buna baxmayaraq borcalan tərəfindən öhdəliyin icra edilməsi istiqamətində müsbət irəliləyiş olmamış, nəticədə 30 oktyabr 2020-ci il tarixli, 3010/04/SİF saylı kredit müqaviləsi üzrə Cavabdeh1 adına “22” noyabr 2023-cü il tarixə 25.500 (iyirmi beş min beş yüz) manat əsas borc, 757,92 (yeddi yüz əlli yeddi manat doxsan iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 26.257,92 (iyirmi altı min iki yüz əlli yeddi manat doxsan iki qəpik) manat borc öhdəliyi yaranmışdır. Qeyd olunan borc məbləğlərinin yaranması iş materiallarında olan 22 noyabr 2023-cü il tarixli, 1445 nömrəli maliyyə arayışı ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Beləliklə, iddiaçı pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə əsas borc və ona hesablanmış faizlərin ödənilməsi hissədə Cavabdeh1 qarşı tələb hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxsin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəməmühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2024-cü il tarixli, 175 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarından göründüyü kimi, Cavabdeh1 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 30 oktyabr 2020-ci il tarixli, 3010/04/SİF saylı kredit müqaviləsinin şərtlərinə, hesabdan çıxarış məlumatlarına və 22 noyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 22 noyabr 2023-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) kredit üzrə olan əsas borcu 25500 (iyirmi beş min beş yüz) manat, faiz borcu 759,04 (yeddi yüz əlli doqquz manat dörd qəpik) manat olmaqla, ümumilikdə borcu 26259,04 (iyirmi altı min iki yüz əlli doqquz manat dörd qəpik) manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Lakin bir halı da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə ki, iddiaçının tələbinə nəzər saldıqda görünür ki, kredit müqaviləsinə əsasən əsas borc üzrə 25.500 (iyirmi beş min beş yüz) manat, faiz borc üzrə 757,92 (yeddi yüz əlli yeddi manat doxsan iki qəpik) manat məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi xahiş edilmişdir. Məhkəmə belə olduqda iddia tələbindən kənara çıxa bilmədiyindən, 18 mart 2024-cü il tarixli, 3-16- 33-3/2-175/2024 saylı rəyi faiz üzrə borc hissəsində nəzərə almayaraq, cavabdehin əsas borcunun 25 500 (iyirmi beş min beş yüz) manat, faiz borcunun isə 757.92 (yeddi yüz əlli yeddi manat 92 qəpik) manat olduğu qənaətinə gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia qismən təmin olunmalıdır. Qeyd edilənlərdən əlavə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iş üzrə tərəflər arasında 02 noyabr 2020-ci il tarixli, 68 saylı İpoteka müqaviləsi bağlanmışdır. Bununla bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Belə ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Belə ki, həmin Məcəllənin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 271.2-ci maddəsinə əsasən girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor müqavilə olaraq aqibəti əsas müqavilədən asılıdır. Əsas öhdəliyin xitamı, o cümlədən etibarsızlığı ipoteka müqaviləsinin də xitamına səbəb olduğu halda, sonuncunun xitamı heç bir halda əsas öhdəliyin xitamına gətirib çıxarmır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 aprel 2023-cü il tarixli qərarı). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. 4.1.1-ci və 4.1.2-ci maddələrinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc və faizlər də daxil edilməklə tam həcmdə təmin edilir. 4.1.4-ci maddəsinə əsasən ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İddia tələbinin tutmanın ilkin satış qiyməti 38.600 (otuz səkkiz min altı yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2010-cu il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********55-10301 reyestr nömrəli Naxçıvan MR, Şərur rayon Kərimbəyli kəndində olan 0.4643 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsinə dair hissədə məhkəmə qeyd edir ki, tərəflər kredit müqaviləsinə münasibətdə və kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilməsi məqsədilə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin təminatı kimi zəruri şərtlər göstərilməklə ipoteka müqaviləsi bağlamışlar. Beləliklə, bu hal ipoteka saxlayana əsas verir ki, öz tələbini ipoteka predmeti olan əşya hesabına təmin etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinin tələbinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, mülkiyyət hüququ Cavabdeh2 məxsus Naxçıvan MR, ünvan 2ində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə dəyərinin müəyyənləşdirilməsi məqsədilə ipoteka predmetinin qiymətləndirilməsinə dair ekspertiza təyin edilmiş, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri dövlət xidməti tərəfindən 27 iyun 2024-cü il tarixli, 04/549 nömrəli məktubu məhkəməyə daxil olmuşdur. Qeyd olunan məktubdan aydın olur ki, ünvan 2ində Cavabdeh2 mülkiyyətində olan 0.4643 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin bazar dəyərinə təsir edən amillərin faktiki vəziyyətinin yerində dürüstləşdirilməsi məqsədilə əmlaka baxış keçirilməsi üçün mühəndis-qiymətləndiriciyə şərait yaradılmadığından əmlakın qiymətləndirilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh2 məxsus Naxçıvan MR, ünvan 2ində yerləşən fərdi yaşayış evinin qiymətləndirilməsinə cavabdeh tərəfindən şərait yaradılmadığından ipoteka müqviləsinə qeyd olunan ilkin satış qiyməti, yəni 38.600 (otuz səkkiz min altı yüz) manat əsas götürülməlidir. Məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə 16 yanvar 2024-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibat ekspertizası təyin etmiş, 27 mart 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2024-cü il tarixli, 3-16-33-3/2-175/2024 saylı rəyi məhkəməyə daxil olmuş, ekspert rəyinə 18 mart 2024-cü il tarixli ekspertiza xərclərinə dair bildiriş əlavə edilmişdir. Məhkəmə ekspertiza xərclərinə dair bildirişə münasibətdə qeyd edir ki, həmin bildirişdə qeyd olunan 60 (altmış) manat məbləğində ekspertiza xərcinin 60 (altmış) manat məbləği Cavabdeh1 alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.F.İ.F.T BİK: NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyinin hesabı AZ21NABZ********************, VÖEN **********) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2023-cü il tarixli, N-1684nömrəli X3 iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında "xxxx" ASCnin səlahiyyətli nümayəndəsi X8 iştirak etmiş və 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödəmiş, Cavabdeh1 isə iştirak etməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.3-cü maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3% olaraq müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın 26.257.92 (iyirmi altı min iki yüz əlli yeddi manat 92 qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 120 manat + 48 manat 77 qəpik = 168,77 (bir yüz altmış səkkiz manat yetmiş yeddi qəpik) manat olaraq müəyyən edilir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə” müqavilədə və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X3 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X3 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırki tələb üzrə Cavabdeh1 üzrsüz səbəbdən X3 iştirak etmədiyindən və X5 keçirilməsi ilə bağlı xərclər iddiaçı tərəfindən ödənildiyindən, iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Həmçinin, hazırki iş üzrə iddiaçı tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənildiyindən və mediasiya xərci dövlət rüsumunun məbləğini əhatə etdiyindən iddiaçı dövlət rüsumundan azad edilmişdir. İddia tam təmin edildiyindən iddianın təmin olunmuş hissəsinə, yəni 100% hissəsinə mütənasib olaraq 168,77 (bir yüz altmış səkkiz manat yetmiş yeddi qəpik) manat Cavabdeh1 tutularaq dövlət gəlirinə ödənilməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 52.48 (əlli iki manat 48 qəpik) manata münasibət bildirərkən iş materiallarının 52 və 53-cü vərəqlərində olan qəbzlərdəki ödəmələrdə 15 manat və 36 manatın ödənildiyi öz əksini tapdığından iddiaçı tərəfindən tələb edilən 52.48 (əlli iki manat 48 qəpik) manatın deyil, 15+36=51 (əlli bir) manatın təmin edilməsi qənaətindədir. Nəticədə, iddia qismən təmin edilməli, Cavabdeh1 əsas borc üzrə 25.500 (iyirmi beş min beş yüz) manat, faiz borcu üzrə 757,92 (yeddi yüz əlli yeddi manat doxsan iki qəpik) manat olmaqla ümumilikdə 26.257,92 (iyirmi altı min iki yüz əlli yeddi manat doxsan iki qəpik) manat alınıb İddiaçı ASC-yə ödənilməli, məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat ekspertiza xərci Cavabdeh1 alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.F.İ.F.T BİK: NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyinin hesabı AZ21NABZ********************, VÖEN **********) ödənilməli, iddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş və qəbzlərdə öz əksini tapmış 15+36=51 (əlli bir) manat məbləğ Cavabdeh1 alınıb İddiaçı ASC-yə ödənilməli, Cavabdeh1 tərəfindən ödənilməsi qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma Cavabdeh2 məxsus **********55-10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 3ində 0.4643 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməli və evin qiyməti 38.600 (otuz səkkiz min altı yüz) manat məbləğində müəyyən edilərək həmin əmlak açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait Cavabdeh1 İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməli, artıq qalan məbləğ Cavabdeh2 qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh1 əsas borc üzrə 25.500 (iyirmi beş min beş yüz) manat, faiz borcu üzrə 757,92 (yeddi yüz əlli yeddi manat doxsan iki qəpik) manat olmaqla, ümumilikdə 26.257,92 (iyirmi altı min iki yüz əlli yeddi manat doxsan iki qəpik) manat alınıb İddiaçı ASC-yə ödənilsin. Məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat ekspertiza xərcinin 60 (altmış) manat məbləği Cavabdeh1 alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ1********************, VÖEN **********) ödənilsin. İddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 168,77 (bir yüz altmış səkkiz manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınıb dövlət gəlirlərinə ödənilsin. X4 keçirilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci Cavabdeh1 alınıb İddiaçı ASC-yə ödənilsin. İddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 51 (əlli bir) manat məbləğ Cavabdeh1 alınıb İddiaçı ASC-yə ödənilsin. Yuxarıda məhkəmə tərəfindən Cavabdeh1 alınaraq ödənilməsi müəyyən edilmiş müvafiq məbləğlər ödənilmədiyi təqdirdə tutma Cavabdeh2 məxsus **********55-10301 reyestr və ******* saylı Naxçıvan MR, ünvan 3ində 0.4643 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi ümumi sahəsi 199.86 kv.m, yaşayış sahəsi 139.58 kv.m, yardımçı sahə (köməkçi sahə) 60.28 kv.m olan 1 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan **********55-10301 reyestr və ******* saylı Naxçıvan MR, ünvan 3ində 0.4643 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi ümumi sahəsi 199.86 kv.m, yaşayış sahəsi 139.58 kv.m, yardımçı sahə (köməkçi sahə) 60.28 kv.m olan 1 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 38.600 (otuz səkkiz min altı yüz) manat məbləğində müəyyən edilərək həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh1 İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin, artıq qalan məbləğ Cavabdeh2 qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar