Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-85/2024 19.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və iddiaçının səlahiyyətli nümayəndəsi Nümayəndə 11 dekabr 2023-cü il tarixdə elektron qaydada kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər- Cavabdeh1 və Cavabdeh2 18 fevral 2022-ci il tarixli, KT1802/08 saylı kredit müqaviləsi üzrə 27 noyabr 2023-cü il tarixə 537.14 (beş yüz otuz yeddi manat 14 qəpik) manat əsas borc, 73.71 (yetmiş üç manat 71 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 610.85 (altı yüz on manat 85 qəpik) manat kredit borcunun cavabdehlərdən birgə qaydada tutlaraq Borcalanın "xxxx" ASC-də olan bank hesabına ödənilməsi barədə Qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini, Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 tərəflər arasında bağlanmış 18 fevral 2022-ci il tarixli, KT1802/08 saylı kredit müqaviləsinə əsasən illik 15% dərəcəsi ilə 24 ay müddətinə 1000 (bir min) manat məbləğində kredit verildiyini, verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh2 zamin qismində iştirak etdiyi üçtərəfli 18 fevral 2022-ci il tarixli, ZM1802/08 saylı Zaminlik müqaviləsinin bağlandığını, Kredit müqaviləsinin 1-ci maddəsinə əsasən Borcalan Cavabdeh1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, onun, bu öhdəliyi yerinə yetirmədiyini, nəticədə kredit reyestrində xx.xx.2023- cü il tarixə adına 240 gecikmə gününün qeydə alındığını, Borcalanın Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozduğunu, Bu səbəbdən tərəflərindən Borcalanla dəfələrlə telefonla əlaqə saxlanıldığını və Borcalan və Zaminə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrasının tələb edildiyini, iddiaçının tələbinin əsaslandığı sənədlərin tərəflər arasında bağlanmış kredit müqaviləsi, zaminlik müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kredit ödənişləri cədvəlinin olduğunu, xx.xx.2023-cü il tarixdə Mediasiya prosesinin tətbiqi barədə Borcalana təklif ünvanlandığını, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilsədə, Borcalanın X1 iştirak etmədiyini, Kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən illik faizin üzərinə 10 faiz əlavə cərimə faizinin ödənildiyini, Kredit müqaviləsinin 2.10-cu bəndinə əsasən müqavilə şərtləri Borcalan tərəfindən pozulduğu halda, kredit üzrə borc və hesablanmış faizlər, cərimələr və borcla əlaqədar Bankın təsdiqlənmiş xərclərinin Borcalan tərəfindən ödənildiyini, Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən Borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə, Bankın öhdəliyin icrasını vaxtından əvvəl tələb edə biləcəyini, Kredit müqaviləsinin 7.2-ci bəndinə əsasən bu müqavilənin tərəflərin imzaladığı gündən qüvvəyə mindiyinin və tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək qüvvədə qalmasının müəyyənləşdirildiyini, Cavabdeh1 18 fevral 2022-ci il tarixli, KT1802/08 saylı kredit müqaviləsi üzrə 27 noyabr 2023-cü il tarixə 537.14 (beş yüz otuz yeddi manat 14 qəpik) manat əsas borc, 73.71 (yetmiş üç manat 71 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 610.85 (altı yüz on manat 85 qəpik) manat kredit borcu öhdəliyinin olduğun qeyd edərək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 443-cü, 445.1-ci, 449.4-cü maddələrinə istinad edərək əsaslandırmış, əlavə olaraq Kredit müqaviləsinin 3.4-cü bəndinə əsasən Borcalanın qeydiyyat ünvanını, faktiki yaşayış yerini, adını, soyadını dəyişməsi və müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsir edə biləcək başqa öhdəliklərin yaranması barədə 3 (üç) iş günü müddətində Banka məlumat verməli olduğunu qeyd etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-367/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərə “bildirişi aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş əsaslandırılmış etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdehlər bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazlarını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdirlər. 17 yanvar 2024-cü il tarixdə iddiaçının nümayəndəsi X3 tərəfindən məhkəməyə elektron qaydada ərizə ünvanlanaraq həmin ərizədə 27 noyabr 2023-cü il tarixli iddia ərizəsinin tələb hissəsinin “Cavabdeh1 və Cavabdeh2 18 fevral 2022-ci il tarixli, KT1802/08 saylı kredit müqaviləsi üzrə 27 noyabr 2023-cü il tarixə 537.14 (beş yüz otuz yeddi manat 14 qəpik) manat əsas borc, 73.71 (yetmiş üç manat 71 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 610.85 (altı yüz on manat 85 qəpik) manat kredit borcunun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 40 (qırx) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarasınız” redaksiyasında qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə qeyd edilən halın cavabdeh tərəflərin mübahisələndirilməyən hüquq və vəzifələrinə aid olduğunu, belə ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən X1 iştirak edilməməsi barədə arayışın əlavə edildiyi və həmin arayışdan cavabdehin mediasiya prosesində iştirak etməyərək məsuliyyətdən yayındığı müəyyən edildiyindən, qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq mediasiya xərcinin ödənilməsi isə tərəflərin vəzifəsinə şamil edildiyindən məhkəmə hazırkı mübahisə üzrə işə 17 yanvar 2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizədə qeyd olunan həcmdə baxılmasını məqsədəmüvafiq hesab etmiş, bununla yanaşı həmin ərizədə 27 noyabr 2023-cü il tarixli qeyd olunan iddia ərizəsinin tarixini texniki səhvlik kimi qiymətləndirmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. İş materiallarında olan: 27 noyabr 2023-cü il tarixli, 1478 nömrəli maliyyə arayışından görünür ki, 18 fevral 2022-ci il tarixli, KT1802/08 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 15% dərəcəsi ilə 1 000 (bir min) manat məbləğində verilmiş kredit üzrə Cavabdeh1 27 noyabr 2023-cü il tarixə olan məlumata əsasən əsas borcu 537.14 (beş yüz otuz yeddi manat 14 qəpik) manat, faiz borcu 73.71 (yetmiş üç manat 71 qəpik) manat olmaqla cəmi öhdəliyi 610.85 (altı yüz on manat 85 qəpik) manat təşkil edir. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövrü əhatə edən hesabdan çıxarış məlumatlarından görünür ki, borcalan Cavabdeh1 Naxçıvanbank ASC-yə olan kredit məbləği üzrə əsas və faiz borclarının olması öz əksini tapmışdır. xx.xx.2022-ci il tarixli, KT 1802/08 saylı kredit müqaviləsinə əlavə, kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 illik 15% dərəcəsi ilə, 24 ay müddətinə 1000 (bir min) manat məbləğində verilmiş kreditin xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək aylar üzrə ödənilməsi nəzərdə tutulmuş, eyni zamanda əsas borcdan əlavə 24 ay müddətində ödənilməli olan faiz məbləği 163.65 (bir yüz altmış üç manat 65 qəpik) manat olmaqla ümumilikdə ödənilməli olan məbləğ 1163.65 (bir min yüz altmış üç manat 65 qəpik) manat təşkil etmişdir. 18 fevral 2022-ci il tarixli, 0098 nömrəli Xəzinə məxaric orderindən görünür ki, Naxçıvanbank ASC-nin Şərur filialı tərəfindən Cavabdeh1 Heyvandarlıq üçün 981.00 (doqquz yüz səksən bir) manat məbləğində kredit verilmişdir. 18 fevral 2022-ci il tarixli, KT1802/08 nömrəli Kredit müqaviləsindən görünür ki, bu müqavilə, bir tərəfdən öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" ASC-nin Şərur rayon filialının (sonradan Bank adlanacaq) X4 şəxsində və digər tərəfdən Naxçıvan MR. ünvan 1i ünvanında yaşayan vətəndaş Cavabdeh1 (sonradan “Borcalan” adlanacaq) şəxsində müəyyən edilmiş şərtlərlə tam razılıq əsasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, X2 (iribuynuzlu) məqsədilə 24 ay müddətinə 1000 (bir min) manat məbləğində illik 15% (on beş) dərəcəsi ilə kənd təsərrüfatı kreditinin verilməsini, borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. 2.3-cü bəndindən görünür ki, kredit məbləği borcalana illik 15% dərəcəsi ilə verilir. 2.4-cü bəndindən görünür ki, müqavilə üzrə verilmiş kredit və hesablanmış faizlər müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə uyğun olaraq Borcalan tərəfindən Banka nağd və ya köçürmə yolu ilə kredit müddətində tamamən qaytarılır. 3.1-ci bəndindən görünür ki, bu müqavilə pozulduğu halda kredit üzrə borcun qaytarılmasını və hesablanmış faizlərin, cərimələrin və müqavilənin 2.15-ci bəndinə əsasən Bankın təsdiqlənmiş xərclərinin ödənilməsini Borcalandan tələb etmək, borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə öhdəliyin icrasını Məhkəmə qaydasında ödənilməsini tələb etmək Bankın hüquqlarıdır. 3.4-cü bəndindən görünür ki, ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirmək, kreditin bütün məbləğini, ona hesablanmış faizləri, cərimələri və borcun qaytarılması ilə əlaqədar digər xərcləri tamamilə ödəmək borcalanın vəzifələridir. 4.2-ci bəndindən görünür ki, borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə bank müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. 18 fevral 2022-ci il tarixli, KT1802/08 nömrəli Kredit müqaviləsinə əlavə 18 fevral 2022-ci il tarixli, ZM1802/08 saylı Zaminlik müqaviləsindən görünür ki, bu müqavilə, bir tərəfdən öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" ASC-nin Şərur rayon filialının (sonradan Bank adlanacaq) müdiri X4 şəxsində və ikinci tərəfdən Naxçıvan MR ünvan 2i ünvanında yaşayan Cavabdeh2 (sonradan Zamin adlanacaq) şəxsində və üçüncü tərəfdən Naxçıvan MR. ünvan 1i ünvanında yaşayan vətəndaş Cavabdeh1 (sonradan “Borcalan” adlanacaq) şəxsində borcalan və Bank arasında 18 fevral 2022-ci il tarixli KT1802/08 №-li kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək üçün müvafiq şərtlərlə bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndindən görünür ki, zamin 18 fevral 2022-ci il tarixli, KT1802/08 nömrəli Kredit müqaviləsi üzrə Borcalanın Bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin Banka tam ödənilməsini öhdəsinə götürür. 2.2-ci bəndindən görünür ki, Zamin Borcalanın bank qarşısında 18 fevral 2022-ci il tarixli, KT1802/08 nömrəli Kredit müqaviləsinin yerinə yetirilməsinə, kredit və ona hesablanmış faizlərin və cərimələrin ödənilməsinə, borcalan tərəfindən Kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklərin icrası üzrə borcların tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra edə bilməməsi nəticəsində Banka dəyən digər zərərin ödənilməsi də daxil olmaqla Borcalanla birlikdə eyni həcmdə məsuliyyət daşıyır. 2.3-cü bəndindən görünür ki, Zamin və Borcalan göstərilən kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərini icra etməməsi və icrasının mümkün olmaması zamanı Bank qarşısında birgə məsuliyyət daşıyırlar. 3.1-ci bəndindən görünür ki, bu müqavilə tərəflərin imzaladığı və notariat qaydasında təsdiqləndiyi tarixdən qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. İş üzrə elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar tədqiq edilərək məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında 18 fevral 2022-ci il tarixdə KT1802/08 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən Borcalana kənd təsərrüfatı (Heyvandarlıq-iribuynuzlu) məqsədilə 24 ay müddətinə illik 15% (on beş) dərəcəsi ilə 1000 (bir min) manat məbləğində kredit verilmiş, eyni zamanda Kredit məbləğinin verilməsi iş materiallarında olan 18 fevral 2022-ci il tarixli, 0098 nömrəli Xəzinə məxaric orderi ilə öz təsdiqini tapmışdır. Borcalan Cavabdeh1 ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirməyi, kreditin bütün məbləğini, ona hesablanmış faizləri, cərimələri və borcun qaytarılması ilə əlaqədar digər xərcləri tamamilə ödəməyi, habelə müqavilə üzrə verilmiş kredit və hesablanmış faizləri müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə uyğun olaraq Banka nağd və ya köçürmə yolu ilə kredit müddətində tamamən qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə hazırkı vəziyyətdə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən, Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilsə də, Cavabdeh1 kredit üzrə əsas və faiz məbləğlərini müqaviləyə əlavə olan ödəniş qrafiki əsasında ödəməyərək üzərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırdığından, nəticədə Bank tərəfindən kredit reyestrində adına xx.xx.2023-cü il tarixə 240 gecikmə qeydə alınmış, bu səbəbdən borcalanla dəfələrlə telefonla əlaqə saxlanılmış, xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmiş, buna baxmayaraq borcalan tərəfindən öhdəliyin icra edilməsi istiqamətində müsbət irəliləyiş olmamışdır. Nəticədə 18 fevral 2022-ci il tarixli, KT1802/08 saylı Kredit müqaviləsi üzrə Cavabdeh1 27 noyabr 2023-cü il tarixə əsas borc üzrə 537.14 (beş yüz otuz yeddi manat 14 qəpik) manat, faiz borcu üzrə 73.71 (yetmiş üç manat 71 qəpik) manat olmaqla cəmi 610.85 (altı yüz on manat 85 qəpik) manat borc öhdəliyi yaranmışdır. Qeyd olunan borc məbləğlərinin yaranması iş materiallarında olan 27 noyabr 2023-cü il tarixli, 1478 nömrəli maliyyə arayışı və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövrü əhatə edən hesabdan çıxarış məlumatları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini vaxtında yerinə yetirmədiyindən bank müqavilə üzrə ödəniş cədvəlinə əsasən xx.xx.2024-cü il tarixədək ödənilməsi müəyyən edilmiş pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edərək borcalana məhkəməyə qədər mübahisənin həll edilməsi məqsədilə məktublar ünvanlamış, lakin cavabdeh tərəfindən öhdəliyin icra edilmədiyini görərək hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Beləliklə, iddiaçının pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə əsas borc və ona hesablanmış faizlərin ödənilməsi hissədə Cavabdeh1 qarşı tələb hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Bundan əlavə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh2 zamin qismində iştirak etdiyi üçtərəfli 18 fevral 2022-ci il tarixli, ZM1802/08 saylı Zaminlik müqaviləsi bağlanmış, zamin 18 fevral 2022-ci il tarixli, KT1802/08 nömrəli Kredit müqaviləsi üzrə Borcalanın Bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin Banka tam ödənilməsini öhdəsinə götürmüşdür. Beləliklə, iddiaçı ərizəsində bağlanmış zaminlik müqaviləsinin müddəalarına əsaslanaraq yaranmış borc məbləğlərinin borcalan Cavabdeh1 və zamin Cavabdeh2 birgə qaydada tutularaq Borcalanın "xxxx" ASC-də olan bank hesabına ödənilməsi barədə Qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 407.2-ci maddəsinə əsasən Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun: 17-ci maddəsinə əsasən əqdləri və etibarnamələri təsdiq etmək Dövlət notariusu tərəfindən aparılan notariat hərəkətlərinə aid edilmişdir. 45-ci maddəsinə əsasən Notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Qeyd edilən maddələrə əsasən tərəflər arasında bağlanmış 18 fevral 2022-ci il tarixli, ZM1802/08 saylı Zaminlik müqaviləsinin 3.1-ci bəndindən də görünür ki, zaminlik müqaviləsinin tərəflərin imzaladığı və notariat qaydasında təsdiqləndiyi tarixdən qüvvəyə mindiyi müəyyən edilmişdir. Belə ki, müqavilənin şərtindən də aydın olur ki, müqavilənin qüvvəyə minməsi üçün hər iki şərtin mövcud olması zəruri hesab edilmişdir. Lakin iş materiallarına əlavə edilmiş zaminlik müqaviləsinin "xxxx" ASC-nin Şərur rayon filialının müdiri O.K.Əliyev, zamin Cavabdeh2 və borcalan Cavabdeh1 tərəfindən imzalanaraq yazılı formada bağlandığını görmək mümkün olduğu halda, həmin müqavilənin 3.1-ci bəndinin tələbinə zidd olaraq notarius tərəfindən təsdiq edilməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Beləliklə, qeyd edilənlərə əsasən Məhkəmə müəyyən edilmiş forma tələbinə riayət edilməməklə bağlanılmış 18 fevral 2022-ci il tarixli, ZM1802/08 saylı Zaminlik müqaviləsinin etibarsız hesab edilməsi qənaətindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, 18 fevral 2022-ci il tarixli, ZM1802/08 saylı Zaminlik müqaviləsi etibarsız hesab edildiyindən hazırkı iş üzrə iddia tələbi Cavabdeh1 münasibətdə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Əvvəla məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli, N-1689 nömrəli X1 İştirak edilməməsi barədə arayışdan görünür ki, “Kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair 24 noyabr 2023-ci il tarixdə keçirilmiş mediasiya sessiyasında "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə iştirak etmiş, Cavabdeh1 isə iştirak etməmiş, iddiaçı tərəfindən 40 (qırx) manat məbləğində mediasiya xərci ödənilmişdir. O cümlədən, hazırkı iş üzrə iddia tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 30 (otuz) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Göstərilən hal ilə əlaqədar olaraq, məhkəmə qeyd edir ki, iddiaçı 40 (qırx) manat məbləğində mediasiya xərci ödəyərək “Dövlət rüsumu haqqında” Azərbaycan Respubliası Qanununun 9.1- 1-ci maddəsinə uyğun olaraq dövlət rüsumu ödəməkdən azad edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X1 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X1 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, zaminlik müqaviləsi etibarsız hesab edildiyindən iddia tələbi Cavabdeh1 münasibətdə tam təmin edilməli, 18 fevral 2022-ci il tarixli, KT1802/08 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 əsas borc üzrə 537.14 (beş yüz otuz yeddi manat 14 qəpik) manat, faiz borcu üzrə 73.71 (yetmiş üç manat 71 qəpik) manat olmaqla, ümumilikdə 610.85 (altı yüz on manat 85 qəpik) manat alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 40 (qırx) manat məbləğində mediasiya xərci bütünlükdə Cavabdeh1 alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan və iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınıb dövlət gəlirlərinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2 və 233.1-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdeh1 (FİN-xxxxxxx) əsas borc üzrə 537.14 (beş yüz otuz yeddi manat 14 qəpik) manat, faiz borcu üzrə 73.71 (yetmiş üç manat 71 qəpik) manat olmaqla ümumilikdə 610.85 (altı yüz on manat 85 qəpik) manat alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 40 (qırx) manat məbləğində mediasiya xərci Cavabdeh1 alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. Dövlət büdcəsinə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınıb dövlət gəlirlərinə ödənilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov
Məhkəmə qərarları › İş №e-2-2(123)-85/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-85/2024
19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver