Məhkəmə qərarları › İş №e-2-2(123)-88/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-88/2023

22.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-88/2023 22.05.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı cavabdeh “X1” MMC-yə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı 17 may 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “X1” MMC-dən X2 İdarəsinin balasında olan binadan özəlləşmə yolu ilə aldığı ümumi sahəsi 32 m2 olan otağın sökülməsi nəticəsində ona dəymiş zərərin əvəzinin, ümumilikdə 222800 (iki yüz iyirmi min səkkiz yüz) manat pulun cavabdeh orqan “X1” MMC tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı müəyyən etmişdir ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə riayət olunmadan məhkəməyə təqdim edildiyi üçün geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə elektron qaydada ərizə təqdim edilərkən mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məhkəmə aidiyyəti qaydalarına əməl edilməmiş, yəni iddiaçı iddia tələbinə uyğun olaraq mübahisənin yarandığı dövrdə vergi ödəyicisi olmamış, lakin buna baxmayaraq, məhkəmə aidiyyəti qaydalarını pozaraq kommersiya məhkəməsinə müraciət etmişdir. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 №-li qərarının 10-cu və 11-ci bəndinlərində qeyd olunanlara əsasən 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibatiiqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. “O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübasələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm mübahisənin predmetinin, həm də hüquq münasibətlərinin xarakterininin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir”. Həmin Qərarın 20-ci bndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Hazırkı iş üzrə elektron qaydada məhkəməyə təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən olunmuşdur ki, mübahisə dövründə, yəni iddiaçının iddia etdiyi kimi ona ziyanın vurulduğu 2004-cü il tarixində iddiaçı vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişdir. Belə ki, AZEMİS “Elektron Məhkəmə” İnformasiya Sistemindən müvafiq çıxarışa əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. (VÖEN **********) Göstərilən haldan məlum olur ki, iddiaçı mübahisə dövründə vergi ödəyicisi olaraq uçota alınmadığından və mübahisənin yaranmasına səbəb olan hadisədən 17 il sonra vergi orqanında qeydiyyatdan keçdiyindən borclu həmin mübahisə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan, o cümlədən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxs qismində nəzərdə tutula bilməz. Yəni iddiaçı tərəfindən, ərizə ilə məhkəməyə müraciət edilərək iddia tələbinə kommersiya məhkəməsində baxılmalı olduğu iddia edilsə də, məhkəmə tərəfindən iş materialları nəzərdən keçirilərkən, iddiaçı tərəfin kommersiya mübahisəsinin subyekti olmadığı aydınlaşdırılmışdır. Həmçinin qeyd edilir ki, Azərbaycan Respublikasının “Sahibkarlıq fəaliyyəti haqqında” Qanununun: 1-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. 7-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş vergilər ödəmək sahibkarın vəzifələrindən biridir. 10.2-ci maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.3.-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Yuxarıda qeyd edilən maddələrə əsasən, 17 may 2023-cü il tarixdə məhkəməyə elektron qaydada daxil olmuş ərizə üzrə iddia tələbi kommersiya mübahisəsi hesab edilməyərək, həmin mübahisəyə məhkəmə aidiyyəti tələblərinə əsasən Naxçıvan Muxtar Respublikasının Kommersiya məhkəməsində baxılmamalı və qanunvericliyin tələblərinə uyğun olaraq müvafiq məhkəməyə müraciət edilməlidir. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Azərbaycan Respublikasının “Məhkəmələr və hakimlər haqqında” Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikasının qanunvericiliyi məhkəmə aidiyyətinin pozulmasına qadağa qoyur. (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarı). Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.( “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1-ci və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü madddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan əlavə, MPM-nin 114.1-ci və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında “ Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.1.2-ci maddələrinin tələblərinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 100.000 manatdan 1000.000 manatadək olduqda dövlət rüsumu 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində hesablanır. Hazırki iş üzrə iddianın qiyməti 222800 (iki yüz iyirmi min səkkiz yüz) AZN olduğundan, dövlət rüsmunun məbləği 512,80 (beş yüz on iki manat səksən qəpik) AZN təşkil edir. (390+122,80=512,80) Qeyd olunanlardan əlavə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1- 1-ci maddəsinə əsasən mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur, bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırki müraciət üzrə iddia ərizəsinə görə ödənilməli olan dövlət rüsumu 512,80 AZN təşkil etsə də, mediasiya sessiyasının keçirilməsinə görə iddiaçı tərəf 400 AZN ödəmiş və bunun təsdiqi olaraq xx.xx.2023-cü il tarixli, 864 №-li qəbzlə ödənilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışı və mediasiya prosesinə xitam verilməsi haqqında protokolu məhkəməyə elektron qaydada təqdim etmişdir. Beləliklə, iddiaçı çəkdiyi xərc həddində dövlət rüsumundan azad olunduğundan və onun tərəfindən dövlət rüsumunun mediasiya xərcindən artıq olan hissəsi ödənilmədiyindən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsinə toxunmamaqdadır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki İddiaçı cavabdeh “X1” MMCyə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh “X1” MMC-yə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, aidiyyəti üzrə müvafiq məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə və ya poçt vasitəsilə müraciət edilə bilər. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar