Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-92/2024 18.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə kommersiya mübahisəsinə, məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 11 dekabr 2023-cü il tarixdə elektron qaydada məhkəməyə təqdim edilmiş iddia ərizəsində iddianın təmin edilməsini, Cavabdehdan 27 yanvar 2022-ci il tarixli, KT2701/05 saylı kredit müqaviləsi üzrə 28 noyabr 2023-cü il tarixə 969.15 (doqquz yüz altmış doqquz manat on beş qəpik) əsas borc, 62.47 (altmış iki manat qırx yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1031.62 (min otuz bir manat altmış iki qəpik) manat kredit borcunun və X1 keçirilməsi ilə bağlı ödənilən 60 (altmış) manat dövlət rüsumlarının cavabdehdən tutularaq "xxxx" ASC-də olan bank hesabına ödənilməsi barədə qətanamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh tərəflər arasında bağlanmış 27 yanvar 2022-ci il tarixli, KT2701/05 saylı kredit müqaviləsinə əsasən illik 15% dərəcəsi ilə 24 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verildiyini, kredit müqaviləsinin 1-ci maddəsinə əsasən Borcalan Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, onun bu öhdəliyi yerinə yetirmədiyini, nəticədə kredit reyestrində xx.xx.2023-cü il tarixə adına 121 gecikmə günü qeydə alındığını, borcalanın Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozduğunu, bu səbəbdən tərəflərindən Borcalanla dəfələrlə telefonla əlaqə saxlanıldığını və Borcalana xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrasının tələb edildiyini, xx.xx.2023-cü il tarixdə Mediasiya prosesinin tətbiqi barədə Borcalana təklif ünvanlandığını, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilsədə, Borcalanın ilkin mediasiya sessiyasında iştirak etmədiyini, kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən illik faizin üzərinə 10 faiz əlavə cərimə faizi ödənildiyini, kredit müqaviləsinin 2.10-cu bəndinə əsasən müqavilə şərtləri Borcalan tərəfindən pozulduğu halda, kredit üzrə borc və hesablanmış faizlər, cərimələr və borcla əlaqədar Bankın təsdiqlənmiş xərclərinin Borcalan tərəfindən ödənildiyini, kredit müqaviləsinin 4.2ci bəndinə əsasən Borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə, Bankın öhdəliyin icrasını vaxtından əvvəl tələb edə biləcəyini, kredit müqaviləsinin 7.2-ci bəndinə əsasən bu müqavilənin tərəflərin imzaladığı gündən qüvvəyə mindiyinin və tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək qüvvədə qalacağının müəyyənləşdirildiyini, Cavabdeh 27 yanvar 2022-ci il tarixli, KT2701/05 saylı kredit müqaviləsi üzrə 28 noyabr 2023-cü il tarixə 969.15 (doqquz yüz altmış doqquz manat on beş qəpik) manat əsas borc, 62.47 (altmış iki manat qırx yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1031.62 (bir min otuz bir manat altmış iki qəpik) manat kredit borcu öhdəliyi olduğunu bildirmişdir. Məhkəmə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə xx.xx.2023-cü il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdeh bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. İş materiallarında olan: 27 yanvar 2022-ci il tarixli, KT2701/05 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, Bank Borcalana heyvandarlıq üçün 24 ay müddətinə 3000 (üç min) manat məbləğində illik 15 (on beş) % dərəcəsi ilə kənd təsərrüfatı kreditinin verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. 2.5-ci bəndindən görünür ki, kredit, ona hesablanmış faizlər və cərimələrin ödənilməsi kreditin verildiyi valyuta ilə müqaviləyə əlavə olunan qrafikə uyğun olaraq həyata keçirilir. 4.2-ci bəndinə əsasən Borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə, Bank öhdəliyin icrasını vaxtından əvvəl tələb edə bilər. xx.xx.2023-cü il tarixli, 1490 nömrəli Arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə 969.15 (doqquz yüz altmış doqquz manat on beş qəpik) əsas borc, 62.47 (altmış iki manat qırx yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1031.62 (min otuz bir manat altmış iki qəpik) manat kredit borcu mövcuddur. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki: 27 yanvar 2022-ci il tarixli “Xəzinə məxaric orderi”ndən görünür ki, Cavabdeh hesabına 2944 (iki min doqquz yüz qırx dörd) manat məbləğində pul köçürülmüşdür. Qeyd edilənlərə istinadən, məhkəmə belə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Təqdim edilmiş sübutlara əsasən pul vəsaitinin borclunun hesabına köçürülməsi ilə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən 21 sentyabr 2023-cü il tarixdə Cavabdeh xəbərdarlıq ünvanlanaraq yaranmış borc məbləğinin ödənilməsi tələb olunmuşdur. Beləliklə, məhkəmə borclunun öhdəliyin icrasını pozulduğunu müşayiət etdiyindən kreditorun öhdəliyin icrasını tələb etməkdə haqlı olduğu qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı) Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı 11 dekabr 2023-cü il tarixli, e-2-2(123)-374/2023 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdeh tərəfindən öhdəliyin onun tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, ona qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbi barədə ərizəsi təmin edilərək, Cavabdeh 969.15 (doqquz yüz altmış doqquz manat on beş qəpik) əsas borc, 62.47 (altmış iki manat qırx yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1031.62 (min otuz bir manat altmış iki qəpik) manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli və X1 keçirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilən 60 (altmış) manat mediasiya xərcinin tutulması qanunvericiliyin müvafiq tənzimləməsinə uyğun həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 1031.62 (min otuz bir manat altmış iki qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 30.32 (otuz manat otuz iki qəpik) manatdır. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə” müqavilədə və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırki tələb üzrə cavabdeh üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və X2 keçirilməsi ilə bağlı xərclər iddiaçı tərəfindən ödənildiyindən, iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Həmçinin, hazırki iş üzrə iddiaçı tərəfindən 60 (altmış) manat məbləğində mediasiya xərci ödənildiyindən və mediasiya xərci dövlət rüsumunun məbləğini əhatə etdiyindən tərəf çəkdiyi xərc həddində, yəni 60 (altmış) manat məbləğində dövlət rüsumundan azad edilmişdir. İddia təmin edildiyindən qanunvericiliyə uyğun olaraq iddiaçının ödəməkdən azad edildiyi 30.32 (otuz manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehdan müştərək qaydada tutularaq dövlət gəlirinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdehdan (Şərur r. Yuxarı Aralıq K, Fin: xxxxxxx) 969.15 (doqquz yüz altmış doqquz manat on beş qəpik) əsas borc, 62.47 (altmış iki manat qırx yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1031.62 (min otuz bir manat altmış iki qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia təmin edildiyindən qanunvericiliyə uyğun olaraq iddiaçının ödəməkdən azad edildiyi 30.32 (otuz manat otuz iki qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirinə ödənilsin. X1 keçirilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci Cavabdehdan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-92/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-92/2024
18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver