Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-93/2024 18.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə kommersiya mübahisəsinə, məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 11 dekabr 2023-cü il tarixdə məhkəməyə elektron qaydada daxil olmuş ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 056R********** saylı kredit razılaşması üzrə 2564.89 (iki min beş yüz altmış dörd manat səksən doqquz qəpik) manat məbləğində kredit borcu, 261.36 (iki yüz altmış bir manat otuz altı qəpik) manat məbləğində faiz borcu və 129.98 (bir yüz iyirmi doqquz manat doxsan səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2956.23 (iki min doqquz yüz əlli altı manat iyirmi üç qəpik) manat məbləğində borcun və 60 (altmış) manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı QSC ilə Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 056L**********23 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh1 120 (bir yüz iyirmi) ay müddətinə 100.000 (bir yüz min) manat məbləğində krеdit хətti açıldığını, Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixli, 056R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında aylıq faiz dərəcəsi 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 (üç min) manat məbləğində məbləğində kredit götürdüyünü, onun uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatdığını, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmadığını, Cavabdeh1 götürdüyü krеdit bоrcundan 435.11 manat ödədiyini, onun 2564.89 manat məbləğində kredit borcu qaldığını, Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faizin qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablandığını, bir gün üçün kredit faizinin kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablandığını, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 176 gün üçün hesablanmış faiz borcu 261.36 manat təşkil etdiyini, Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclunun ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməli olduğunu, xx.xx.2023-cü il tarixə 176 gün üçün hеsablanmış cərimənin 129.98 manat təşkil etdiyini, Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditorun müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malik olduğunu, Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zaminin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüyünü və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıdığını, həmin müqavilənin 11.4-cü bəndinə əsasən zaminin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürdüyünü, həmin müqavilənin 11.7-ci bəndinə əsasən zaminin müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıdığını təsdiq və bəyan etdiyini, hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya təşkilatına müraciət edildiyini, bu barədə xx.xx.2023-cü il tarixli arayış verildiyini, mediasiya xərcləri olaraq İddiaçı QSC tərəfindən 60 (altmış) manat haqqı ödənildiyini, hazırda iddianın məbləğinə mütənasib dövlət rüsumunun məbləğinin 131.90 manat məbləğində olduğunu, lakin İddiaçı QSC tərəfindən 60 (altmış) manat mediasiya xərci ödənildiyindən “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən İddiaçı QSC-nin dövlət rüsumunu ödəməkdən azad olduğunu bildirmişdir. Məhkəmə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə xx.xx.2023-cü il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdehlərə bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazlarını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli, 056L**********23 saylı “Uzunmüddətli kredit və təminat müqaviləsi”ndən görünür ki, müqavilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmışdır. xx.xx.2022-ci il tarixli, 056L**********23 saylı “Uzunmüddətli kredit və təminat müqaviləsi”ndən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 120 ay müddətinə 100.000 manat məbləğində kredit xətti açılmış və verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. Həmin müqavilənin: 4.9-cu bəndinə görə Bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. 12.1.2-ci bəndinə görə kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditorun müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. 11.7-ci bəndinə əsasən zamin müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıdığını təsdiq və bəyan edir. xx.xx.2022-ci il tarixli, 056L**********23 saylı “Uzunmüddətli kredit və təminat müqaviləsi” üzrə Cavabdeh1 "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2022-ci il tarixli, 056R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmadan görünür ki, Cavabdeh1 tərəfindən 12 ay müddətinə aylıq faiz dərəcəsi 2.0833% olmaqla, 3000 manat məbləğində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nərimanov filialından kredit götürülmüşdür. İddiaçı təşkilatın möhürü ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli “Kreditin verilməsi-köçürmə” adlı sənəddən görünür ki, xx.xx.2022-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 3000 manat məbləğində pul vəsaiti Cavabdeh1 hesabına köçürülmüşdür. İddiaçı təşkilatın möhürü ilə təsdiqlənmiş “xx.xx.2023-ci il tarixinə olan vəziyyətə dair” cədvələ əsasən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, 056R********** saylı kredit razılaşması üzrə xx.xx.2023-ci il tarixinə 2564.89 manat əsas məbləğ üzrə, 261.36 manat faiz üzrə, 129.98 manat cərimə borcu olmaqla cəmi 2956.23 manat məbləğində borcu mövcuddur. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. O cümlədən, sözügedən xx.xx.2022-ci il tarixli, 056L**********23 saylı “Uzunmüddətli kredit və təminat müqaviləsi” üzrə xx.xx.2022-ci il tarixli, 056R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanması və təqdim edilmiş sübutlara əsasən pul vəsaitinin borclunun hesabına köçürülməsi ilə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, borclu müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən tərəfindən 15 avqust 2023-cü il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məktub ünvanlanaraq gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. “Uzunmüddətli kredit və təminat müqaviləsi”nin 12.1.2-ci bəndində kredit alanın müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditorun müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququ nəzərdə tutulduğundan və iş materiallarında olan sübutların tədqiqi zamanı borclunun öhdəliyin icrasını pozulduğu müşayiət edildiyindən kreditorun öhdəliyin icrasını tələb etməkdə haqlı olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. “Uzunmüddətli kredit və təminat müqaviləsi” üzrə Cavabdeh1 müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün cavabdеh Cavabdeh2 həmin müqavilə ilə bank qarşısında öz üzərinə tam məsuliyyət götürmüşdür. O müqavilənin 11.1-ci bəndinə əsasən müqavilədən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıdığından krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə, işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı) Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı 11 dekabr 2023-cü il tarixli, e-2-2(123)-375/2023 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehlərə məhkəmə bildirişi ünvanlanmışdır. lakin Cavabdehlər tərəfindən öhdəliyin onun tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, ona qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdimetdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2564.89 (iki min beş yüz altmış dörd manat səksən doqquz qəpik) manat məbləğində kredit borcu, 261.36 (iki yüz altmış bir manat otuz altı qəpik) manat məbləğində faiz borcu və 129.98 (bir yüz iyirmi doqquz manat doxsan səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 2956.23 (iki min doqquz yüz əlli altı manat iyirmi üç qəpik) manat məbləğində borcun iddiaçının xeyrinə tutulması barədə tələbi təmin edilməli və X1 keçirilməsi ilə bağlı ödənilən 60 (altmış) manat mediasiya xərcinin tutulması qanunvericiliyin müvafiq tənzimləməsinə uyğun həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi olaraq müəyyən edilir. Hazırkı iddia tələbi üzrə iddianın qiyməti 2956.23 (iki min doqquz yüz əlli altı manat iyirmi üç qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 30 manat + 19 manat 56 qəpik = 49,56 (qırx doqquz manat əlli altı qəpik) manat olaraq müəyyən edilir. Qeyd edilən qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə” müqavilədə və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırkı tələb üzrə üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında cavabdehlər iştirak etmədiyindən və X2 keçirilməsi ilə bağlı xərclər iddiaçı tərəfindən ödənildiyindən, iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçı “iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətin ödənilməlidir. Həmçinin, hazırkı iş üzrə iddiaçı tərəfindən 60 (altmış) manat məbləğində mediasiya xərci ödənildiyindən və mediasiya xərci ödənilməlin olan dövlət rüsumunun məbləğini əhatə etdiyindən iddiaçı tərəf hazırki tələb üzrə ödənilməli olan dövlət rüsumundan azad edilmişdir. Belə ki, iddia təmin edildiyindən qanunvericiliyə uyğun olaraq iddiaçının ödəməkdən azad edildiyi 49,56 (qırx doqquz manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət gəlirinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2564.89 (iki min beş yüz altmış dörd manat səksən doqquz qəpik) manat məbləğində kredit borcu, 261.36 (iki yüz altmış bir manat otuz altı qəpik) manat məbləğində faiz borcu və 129.98 (bir yüz iyirmi doqquz manat doxsan səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2956.23 (iki min doqquz yüz əlli altı manat iyirmi üç qəpik) manat məbləğində borc müştərək qaydada tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia təmin edildiyindən qanunvericiliyə uyğun olaraq iddiaçının ödəməkdən azad edildiyi 49,56 (qırx doqquz manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət gəlirinə ödənilsin. X1 keçirilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-93/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-93/2024
18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver