Məhkəmə qərarları › İş №e-2-2(123)-94/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-94/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-94/2025 02.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış KT 2812/05 saylı, 28 dekabr 2021-ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh 07 yanvar 2025-ci il tarixə banka borcu 4 095.92 (dörd min doxsan beş manat doxsan iki qəpik) manat əsas, 22.07 (iyirmi iki manat yeddi qəpik) manat faiz borcu, 27.51 (iyirmi yeddi manat əlli bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə borcu 4 145.5 (dörd min yüz qırx beş manat əlli qəpik) manat kredit borcu, məhkəməyə müraciət üçün ödənilmiş 61.46 (altmış bir manat qırx altı qəpik) manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 53 (əlli üç manat) manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması, borc tələbi qeyd olunan kreditin təminatı kimi Naxçıvan MR, ünvan 1i ünvanında xüsusi mülkiyyətdə olan ümumi sahəsi 126.22 kv.m, 30.18 kv.m yaşayış sahəsi və 96.04 kv.m yardımçı sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlak açıq hərracdan satılsın, əldə olunacaq vəsait hesabına kredit borcu ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğ Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış KT 2812/05 saylı, 28 dekabr 2021-ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 15% olmaqla 13 000 (on üç min) manat kredit verildiyini, Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə Ordubad rayon notariat ofisində "xxxx" ASC ilə Cavabdeh arasında 28 dekabr 2021-ci il tarixli, 31 saylı ipoteka müqaviləsinin bağlandığını və Ordubad rayon notariat ofisinin 28 dekabr 2021-ci il tarixli, 3M-31 reyestr nömrəli qeydi ilə Naxçıvan MR, ünvan 1i ünvanında xüsusi mülkiyyətdə olan ümumi sahəsi 126.22 kv.m, 30.18 kv.m yaşayış sahəsi və 96.04 kv.m yardımçı sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinin ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edildiyini, İddiaçı ASC ilə "xxxx" ASC arasında 30 noyabr 2023-cü il tarixdə tələbin güzəşti barədə müqavilə imzalandığını, həmin müqaviləyə əsasən müştərilərlə "xxxx" ASC arasında olan müqavilələr üzrə bütün hüquqlar, tələblər, təminatlar və üstünlüklərin İddiaçı ASC-yə ötürüldüyünü, beləliklə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 07 avqust 2024-cü il tarixli, ********** qeydiyyat və **********49-10301 reyestr nömrəsi ilə qeyd edildiyini, beləliklə KT 2812/05 saylı, 28 dekabr 2021-ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh 07 yanvar 2025-ci il tarixə banka 4 095.92 (dörd min doxsan beş manat doxsan iki qəpik) manat əsas borcu, 22.07 (iyirmi iki manat yeddi qəpik) manat faiz borcu, 27.51 (iyirmi yeddi manat əlli bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə borcunun 4145.5 (dörd min yüz qırx beş manat əlli qəpik) manat qaldığını, cavabdehə kreditin qaytarılması haqqında tərəflərindən dəfələrlə xəbərdarlığın olunduğunu, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülmədiyini, buna görə də bank olaraq öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldıqlarını qeyd etməklə əsaslandırmış, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci, 319.1-ci, 385.1-ci, 442-ci, 443-cü, 445.1-ci, 448.1-ci, 449.4-cü, 739-cu və 743-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.7-ci maddəsinə, o cümlədən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci, 39.3.3cü, 59.3-cü maddələrinə istinad etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçı ASC 01 aprel 2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə borc öhdəliyini icra etdiyini, lakin məhkəməyə müraciət üçün ödənilmiş 61,46 manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 53 manat dövlət rüsumunu ödəmədiyini bildirmiş, KT 2812/05 saylı, 28 dekabr 2021-ci il tarixli Kredit müqaviləsi üzrə borc tələbi ilə əlaqədar məhkəməyə müraciət üçün ödənilmiş 61,46 (altmış bir manat qırx altı qəpik) manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 53 (əlli üç) manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. 01 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəmə yerində müşavirə edib iddia tələbinə “ödənilmiş 61,46 (altmış bir manat qırx altı qəpik) manat dövlət rüsumunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 53 (əlli üç) manatın Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması” həcmində baxılması barədə qərar vermişdir. 02 iyun 2025-ci il tarixə, saat 15:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi 02 iyun 2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək həmin ərizəsində İddiaçı ASC-nin cavabdeh X1 qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinin Məhkəmənin icraatında olduğunu, Məhkəmənin baxış iclasının 02 iyun 2025-ci il tarixə, saat 15:05-ə təyin edildiyini, e-2- 2(123)-94/2025 saylı kommersiya mübahisəsi üzrə məhkəmənin baxış iclasının iştirakları olmadan keçirilməsi zərurəti yarandığını, məhkəməyə iddia ərizəsi ilə müraciət edilən zaman işə dair zəruri hesab edilən bütün sübutlar tərəflərindən təqdim edildiyini, bu səbəbdən e-2-2(123)-94/2025 saylı iş üzrə məhkəmənin baxış iclasının iştirakları olmadan keçirilməsini və iş üzrə iddialarının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 28 dekabr 2021-ci il tarixli, KT 2812/05 saylı Kredit müqaviləsindən görünür ki, bu müqavilə, bir tərəfdən öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" ASC-nin Ordubad rayon filialının müdiri X2 şəxsində və digər tərəfdən irəlidə borcalan adlandırılacaq Cavabdeh şəxsində müəyyən edilmiş şərtlərlə tam razılıq əsasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, bank borcalana heyvandarlığın inkişafı üçün 36 ay müddətinə 13000 (on üç min) manat məbləğində illik 15% (on beş) dərəcəsi ilə kreditin tam və ya hissə-hissə verilməsini, borcalan isə bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür və öhdəliyin icrasının təminatı kimi banka Naxçıvan MR, ünvan 1 ünvanında yerləşən, dəyəri 20000 (iyirmi min) manat olan fərdi yaşayış evi təqdim edir. 28 dekabr 2021-ci il tarixli, 31 nömrəli İpoteka müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən ipoteka saxlayan "xxxx" ASC-nin Ordubad rayon filialının müdiri X4, digər tərəfdən ipoteka qoyan, borc alan Cavabdeh arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını KT 2812/05 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2.1-ci bəndindən görünür ki, ipoteka predmetinin təsviri və olduğu yer aşağıdakı kimidir. ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 126.22 kv/m, yaşayış sahəsi 30.18 kv/m, yardımçı sahəsi 96.04 kv/m olan 2 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə. 2.3-cü bəndindən görünür ki, İpoteka predmetinin dəyəri “ipoteka qoyan”-ın və “ipoteka saxlayan”-ın razılığına əsasən 20000 manat 00 qəpik (iyirmi min manat sıfır qəpik) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, KT 2812/05 saylı saylı kredit müqaviləsinə əlavə kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh 36 ay müddətinə illik 15% dərəcəsilə verilmiş 13000 (on üç min) manat məbləğində kreditin və ona hesablanmış faizlərin 29 yanvar 2022-ci il tarixdən 29 dekabr 2024-cü il tarixə kimi müvafiq məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. 17 yanvar 2025-ci il tarixli, 2025/104/1232 saylı maliyyə arayışından görünür ki, Cavabdeh KT 2812/05 saylı, 28 dekabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 07 yanvar 2025-ci il tarixə olan əsas borcu 4095,92 (dörd min doxsan beş manat 92 qəpik) manat, faiz borcu 22,07 (iyirmi iki manat 07 qəpik) manat, cərimə borcu 27,51 (iyirmi yeddi manat 51 qəpik) manat olmaqla, ümumilikdə borcu 4145,5 (dörd min yüz qırx beş manat 50 qəpik) manat təşkil edir. 27 iyul 2021-ci il tarixli, 0033 saylı Xəzinə məxaric orderindən görünür ki, "xxxx" ASC-nin Ordubad filialı tərəfindən 12753.00 (on iki min yeddi yüz əlli üç manat 00 qəpik) manat məbləğində kredit Cavabdeh bank hesabına köçürülmüşdür. 14 yanvar 2025-ci il tarixli, 31 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün 53 manat məbləğində xidmət haqqı ödənilmişdir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, mülkiyyət hüququ Cavabdeh məxsus Naxçıvan MR, ünvan 1i ünvanında 0.0706 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 126.2 kv.m olan **********49-10301 reyestr nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka yüklü edilmişdir. 1-799707287 nömrəli və 1-829659706 nömrəli ödəniş qəbzlərindən görünür ki, İddiaçı ASCyə müvafiq olaraq 3000 manat və 690,2 manat məbləğində ödənişlər edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, bir tərəfdən "xxxx" ASC-nin Ordubad filialı olmaqla digər tərəfdən borc alan Cavabdeh arasında 28 dekabr 2021-ci il tarixli, KT 2812/05 saylı Kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən Borcalana heyvandarlığın inkişafı üçün 36 ay müddətinə 13000 (on üç min) manat məbləğində illik 15% (on beş) dərəcəsi ilə kredit verilmiş, kreditin verilməsi iş materiallarında olan xəzinə məxaric orderi ilə təsdiq edilmişdir. Borcalan bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə hər ay müəyyən edilmiş məbləğdə krediti və kredit üzrə hesablanacaq faizləri kreditora qaytarmağı öhdəsinə götürmüş, eyni zamanda bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə tərəflər arasında 28 dekabr 2021-ci il tarixli İpoteka müqaviləsi bağlanmışdır. Beləliklə, hazırki vəziyyətdə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin: 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik icra edilsə də, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyindən borcalan Cavabdeh borcun qaytarılması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmiş, buna baxmayaraq borcalan tərəfindən öhdəliyin icra edilməsi istiqamətində müsbət irəliləyiş olmamışdır. İddiaçı bu əsaslardan irəli gələrək 28 dekabr 2021-ci il tarixli, KT 2812/05 saylı kredit müqaviləsi üzrə Cavabdeh adına 07 yanvar 2025-ci il tarixə 4095,92 (dörd min doxsan beş manat 92 qəpik) manat əsas borc, 22,07 (iyirmi iki manat 07 qəpik) manat faiz borcu, 27,51 (iyirmi yeddi manat 51 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 4145,5 (dörd min yüz qırx beş manat 50 qəpik) manat məbləğində borc öhdəliyinin yarandığını iddia etməklə 17 yanvar 2025-ci il tarixli, 2025/104/1232 saylı arayışı sübut qismində iddia ərizəsinə əlavə etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə borc öhdəliyini icra etdiyini, lakin məhkəməyə müraciət üçün ödənilmiş 61,46 manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 53 manat dövlət rüsumunu ödəmədiyini bildirmiş, KT 2812/05 saylı, 28 dekabr 2021-ci il tarixli Kredit müqaviləsi üzrə borc tələbi ilə əlaqədar məhkəməyə müraciət üçün ödənilmiş 61,46 (altmış bir manat qırx altı qəpik) manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 53 (əlli üç) manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASCnin xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 53 (əlli üç manat) manat məbləğin Bankın xeyrinə ödənilməsinə dair hissədə bildirir ki, iş materiallarında olan qəbzdəki ödəmədə 53 manatın ödənildiyi öz əksini tapdığından iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi əsaslı olduğundan tam təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 53 (əlli üç manat 00 qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 30 (otuz manat 00 qəpik) manat olaraq müəyyən edilir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2025-ci il tarixli qəbzdən 61,46 (altmış bir manat 46 qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı ASC tərəfindən ödənildiyi görünür. Hazırki iş üzrə iddia tələbi təmin olunduğundan iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 30 (otuz manat 00 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb İddiaçı ASC-yə ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 31,46 (otuz bir manat 46 qəpik) manat dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Nəticədə, iddia tələbi əsaslı olduğundan təmin edilməli, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 53 (əlli üç) manat məbləğində xidmət haqqı Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməli, Cavabdeh 30 (otuz manat) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilməli, İddiaçı ASC tərəfindən dövlət büdcəsinə artıq ödənilmiş 31,46 (otuz bir manat 46 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçıya qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi təmin edilsin. İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 53 (əlli üç) manat məbləğində xidmət haqqı Cavabdeh (Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AA*******, FİN: xxxxxxx, VÖEN:**********) alınaraq İddiaçı ASC-yə (VÖEN: **********) ödənilsin. Cavabdeh 30 (otuz manat) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilsin. İddiaçı ASC tərəfindən artıq ödənilmiş 31,46 (otuz bir manat 46 qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçı ASC-yə qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar