Məhkəmə qərarları › İş №e-2-2(3-1)-25/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №e-2-2(3-1)-25/2026

29.07.2026 · Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat) - Xususi icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № e-2-2(3-1)-25/2026 29.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı iş üzrə QƏTNAMƏ Açar sözlər: fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Hakimlər - X4 (sədrlik edən və məruzəçi), X6 və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli 2026-cı il ## ##### tarixli qətnaməsindən maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi icraat qaydasında baxılmışdır. Işin halları

1. Fiziki şəxs haqqında məlumata görə Maraqlı şəxs vergi ödəyicisi kimi ********** nömrəli VÖEN-lə 2015-ci il ## ###### tarixdə * saylı Ərazi Vergilər Baş Idarəsində qeydiyyatdan keçmişdir və onun əsas fəaliyyət növü “yeməkxanaların fəaliyyəti”dir.

2. Şəxsi hesab vərəqəsindən görünür ki, Maraqlı şəxs ##.##.2025-ci il tarixə dövlət büdcəsinə vergilər üzrə 21.145,88 manat, faizlər üzrə 15,96 manat, ##.##.2025-ci il tarixə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs üçün məcburi dövlət sosial sığorta haqqı üzrə 180,00 manat, ##.##.2025-ci il tarixə icbari tibbi sığorta üzrə 45,65 manat və 1,10 manat faiz olmaqla, cəmi 21.388,59 manat borcu yaranmışdır, ##.##.2026-cı il yazılma (çap) tarixinə görə cəmi ödənilməli borc 21.186,76 manat təşkil edir.

3. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X5 Baş Idarəsi məcburi dövlət sosial sığorta borcunun (187,69 manat) ödənilməsinə dair ##.##.2025-ci il tarixli **************** nömrəli, icbari tibbi sığorta borcunun (47,02 manat) ödənilməsinə dair ##.##.2025-ci il tarixli **************** nömrəli və vergi borcunun (21.162,12 manat) ödənilməsinə dair ##.##.2025-ci il tarixli **************** nömrəli bildirişlərlə Maraqlı şəxs müraciət edərək vergi borclarının 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmişdir.

4. *-**-*-*/*-****/**** nömrəli ##.##.2026-cı il tarixli xəbərdarlıqla Maraqlı şəxs borcun (21.434,58 manat) 15 gün müddətində ödənilmədiyi halda onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi barədə rəsmi xəbərdar olunmuşdur.

5. “Vergi odəyicisinin bank hesabları barədə məlumat” hissəsində Maraqlı şəxs “xxxx”xxxx“X3” ASC-nin Xırdalan və ** saylı filiallarında bank hesablarının olması göstərilmişdir.

6. Vergi orqanı Maraqlı şəxs pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması (alınması) haqqında bank əməliyyatları üzrə *********** nömrəli ##.##.2025-ci il tarixli (187,69 manat), *********** nömrəli ##.##.2025-ci il tarixli (47,02 manat) və *********** nömrəli ##.##.2026-cı il tarixli (21.162,12 manat) alınmalı sərəncamlar göndərmişdir. Iş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat

7. Ərizəçi Ərizəçi (bundan sonra - “ərizəçi”) 2026-cı il # ##### tarixdə ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 21.162,12 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 187,69 manat, Icbari Tibbi Sığorta Fonduna olan 47,02 manat borcun ödənilməsinin təmin edilməsi üçün Maraqlı şəxs (bundan sonra - “maraqlı şəxs”) barəsində (doğulduğu tarix - ## ###### 1976-cı il, doğulduğu yer - Azərbaycan, Naxçıvan MR, Naxçıvan rayonu, Nehrəm kəndi, şəxsiyyəti təsdiq edən sənədin FIN nömrəsi - *******, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE07991206) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Tələb onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi (bundan sonra Vergi Məcəlləsi) ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ##.##.2026-cı il tarixə vergi ödəyicisi olan maraqlı şəxsin Icbari Tibbi Sığorta Fonduna 47,02 manat, Dövlət Sosial Müdafiə Fonduna 187,69 manat, dövlət büdcəsinə 21.162,12 manat (o cümlədən, vergilər üzrə 280 manat, faizlər üzrə 16,24 manat, maliyyə sanksiyası üzrə 20.865,88 manat) olmaqla, ümumilikdə 21.396,83 manat borcu vardır.

9. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən borcun ödənilməsinə dair bildirişlər və xəbərdarlıq məktubu göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

10. Reyestr məlumatlarına əsasən maraqlı şəxs Naxçıvan MR, Babək rayonu, Nehrəm qəsəbə ə/d, Nehrəm qəsəbəsi ünvanında yaşayır.

11. Ərizəçi ərizədə Azərbaycan Respublikasının Konstitusiyasının 60 və 73-cü maddələrinin İ hissələrinə, Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-3, 65, 77.1, 77.3 və 78.1-ci, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1 və 17.1.6-1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 4.1, 26.1, 26.2, 305.1.12, 355-5, 355-5.2, 355-6 və 355-7-ci maddələrinə istinad etmişdir.

12. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli 2026-cı il ## ##### tarixli qətnaməsi ilə ərizəçinin maraqlı şəxsin (FIN: *******, AZE07991206, qeydiyyatda olduğu yer - Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm Ərazi Dairəsi, Nehrəm qəsəbəsi, VÖEN: **********) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə ərizəsinin təmin edilməsi, maraqlı şəxsin dövlət büdcəsinə və müvafiq fondlara olan borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ərizəçinin ödəməkdən azad edildiyi 100 manat dövlət rüsumunun maraqlı şəxsdən tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. (hakim X8)

13. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “Ərizəçi tərəfindən məhkəməyə ünvanlanmış xüsusi icraat üzrə elektron iddia ərizəsində ölkədən getmək hüququna məhdudiyyət qoyulmasının əsası kimi vergi öhdəliklərinin yaranmasına səbəb olan borc məbləğləri ilə iş materiallarına əlavə edilmiş maraqlı şəxsin şəxsi hesab vərəqəsindəki borc məbləğləri arasında uyğunsuzluq aşkar edilsə də, bununla bağlı məhkəmə bildirir ki, hakim işdə iştirak edən ərizəçinin verdiyi tələb üzrə, yəni fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudulaşdırılması ilə bağlı qətnamə qəbul edəcəyindən, məhkəmənin vergi ödəyicisi olan şəxslərin ödəməli olduğu vergi borcunun olubolmamağının müəyyənləşdirilməsi ilə kifayətlənərək, həmin borclar arasında uyğunsuzluğun aşkar edilməsi ilə bağlı məsələyə toxunmamaqdadır...

14. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsi, məhdudiyyətin qoyulması üçün əsasları özündə əks etdirir. Belə ki, vergi ödəyicisinin dövlət büdcəsinə və ya müvafiq fonda vaxtında ödənilməmiş vergi borcu olmalıdır, fiziki şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs - vergi ödəyicisi olan fiziki şəxs olmalıdır. Göründüyü kimi, qeyd edilən halların mövcudluğu şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsasdır.

15. Belə ki, öncə hazırkı məhkəmə icraatının məqsədi müəyyən edilməlidir. Bu mövzuda, qanunverici göstərir ki, vergi ödəyicisinin ödənilməmiş vergi borcu yaranarsa, bu borcun ödənilməsini təmin etmək məqsədilə vergi ödəyicisinin ölkədən getmək hüququ müvəqqəti olaraq (borc ödənilədək) məhdudlaşdırıla bilər. Göründüyü kimi, hazırkı məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə vergi borcunun olub-olmaması, borcun maraqlı şəxsə aid olub-olmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır.

16. Qeyd edilənlərə müvafiq olaraq məhkəmə tərəfindən müəyyən edilir ki, maraqlı şəxsin dövlət büdcəsinə və müvafiq fondlara borcunun olması xüsusi icraat üzrə iddia ərizəsinə əlavə edilmiş şəxsi hesab vərəqəsi ilə öz təsdiqini tapır.

17. Məhkəmə bildirir ki, iş üzrə maraqlı şəxs tərəfindən onun barəsində qaldırılan xüsusi icraat üzrə iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilmədiyindən məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş sübutlarla əsaslandırmaqda haqlıdır. Belə olduğu təqdirdə, məhkəmə maraqlı şəxsin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə və müvafiq fondlara borcunun olduğu qənaətinə gəlir...

18. Qanunverici konstitusion əhəmiyyətli dəyərlərdən irəli gələn vergi öhdəliyinin icrasını təmin etmək məqsədi ilə bir sıra tədbirlər müəyyən etmiş və həmin tədbirlərdən biri kimi də vergi ödəyicisi olan fıziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması institutunu nəzərdə tutmuşdur. Diqqətə alınmalıdır ki, ... qanunvericilik aktlarında vergi ödəyicisinin vergi borcunun mövcud olması və ödəyici tərəfindən həmin öhdəliyin icra edilməməsi faktı sonuncunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsas kimi nəzərdə tutulmuşdur...

19. Ərizəçinin maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə ərizəsi təmin olunmalı olduğundan və ərizəçi xüsusi icraat üzrə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu ödəməkdən azad olduğuna görə ərizəçinin ödəməkdən azad edildiyi 100 manat məbləğində dövlət rüsumunun maraqlı şəxsdən tutularaq dövlət gəlirlərinə alınması qanunamüvafiqdir”.

20. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Konstitusiyanın 72-ci maddəsinin İ hissəsinə, 73-cü maddəsinin İ və II hissələrinə, Vergi Məcəlləsinin 1.4, 16.1.1, 20.3, 23.1.15-3, 77.1, 77.3, 78.1-ci, Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 108.1.3, 119.1, 119.2, 305.1.12, 355-5.1, 355-7.4-cü, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra Dövlət rüsumu haqqında Qanun) 8.2-ci maddələrinə, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamənin 8.20.2-ci bəndinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və II hissələrinə, 29-cu maddəsinə və 73-cü maddəsinin II hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2016-cı il ## #### tarixli Qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının ##.##.2021-ci il tarixli Qərarına istinad etmişdir.

21. Maraqlı şəxs apellyasiya şikayəti verərək 2026-cı il ## ##### tarixli e-*-*(*-**)- ***/**** nömrəli qətnamənin ləğv edilməsi və ərizənin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri

22. Işin halları üzrə - qətnamədə göstərilənlər həqiqətə uyğun deyildir. Maraqlı şəxsin bu iddiadan xəbəri olmamış, məhkəmə proseslərində iştirakı belə təmin edilməmiş, əsassız və ədalətsiz qətnamə çıxarılmışdır.

23. Maraqlı şəxs yeməkxana fəaliyyəti ilə məşğul olur. “Duz gölü” adlanan yeməkxanaya vergi əməkdaşları tərəfindən baxış keçirilmiş, yeməkxanaya müştəri qismində gələn şəxslərin guya restoranda işlədikləri qənaətinə gələrək, qanunsuz və əsassız olaraq barəsində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin qərar ona təqdim edilməmişdir. Bu barədə hazırda müraciət etmişdir və qərarı əldə etdikdən sonra tərəfindən məhkəmə qaydasında mübahisələndiriləcəkdir.

24. Qətnamə maraqlı şəxsə ##.##.2026-cı il tarixdə rəsmi surətdə təqdim edilmişdir. Tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş 1 ay müddətində həmin qətnamədən apellyasiya şikayəti verir.

25. Konstitusiyanın 73-cü maddəsinin İ və II hissələri üzrə - maraqlı şəxs barəsində haqsız və qanunsuz yerə maliyyə sanksiyası tətbiq edilmişdir. Bu səbədən hesab edir ki, onun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qətnamə qanunusuz və əsassızdır.

26. Mülki Prosessual Məcəllənin 9.1 və 9.2-ci maddələri üzrə - məhkəmə məhkəmə iclaslarında maraqlı şəxsin iştirakını təmin etməmiş, işə maraqlı şəxsin iştirakı olmadan baxaraq nəticədə qanunsuz və əsassıs qətnamə çıxarmışdır.

27. Mülki Prosessual Məcəllənin 360-cı maddəsi üzrə - düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni ifadə edən izah verilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Işdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi

29. Apellyasiya baxışında məhkəmə iclasları 2026-cı il ## ####, 15 və 29 iyul tarixlərə təyin olunaraq ərizəçi, maraqlı şəxs və onun vəkili-nümayəndəsi işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, ərizəçinin nümayəndəsi və maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər. Maraqlı şəxsin vəkili-nümayəndəsi Vəkil ##.##.2026-cı və ##.##.2026-cı il tarixli müraciətlərində qabaqcadan təyin olunmuş başqa məhkəmə proseslərində iştirak etməsi səbəbindən hazırkı iş üzrə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, məhkəmə baxışının təxirə salınaraq başqa vaxta keçirilməsini, ##.##.2026-cı il tarixli müraciətində isə apellyasiya şikayətini müdafiə etdiyini bildirib, işə onun iştirakı olmadan baxılaraq apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və maraqlı şəxs isə məhkəmə iclaslarına gəlməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə kollegiyaya heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin, maraqlı şəxsin və onun vəkili-nümayəndəsinin iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

30. Iş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikasının Konstitusiyası; Maddə 28. Azadlıq hüququ III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

32. Vergi Məcəlləsi; Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1-16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1 və 23.1.15-3. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Maddə 65. Vergilər üzrə borcların alınması qaydası 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. 65.2. Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit və ya elektron pul təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən hesablarda dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. 65.2.1. Vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: 65.2.1.1. vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; 65.2.1.2. vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; ... Maddə 77. Vergi öhdəliyi 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. ... 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Maddə 78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

33. Mülki Prosessual Məcəllə; Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 355-5. Ərizənin verilməsi 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. ... 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: ... 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; ... Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Maddə 406. Kassasiya şikayəti vermə qaydası 406.1. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya baxışının hədləri

34. Kollegiya Mülki Prosessual Məcəllənin 372.6-372.7-ci maddələrinin tələblərini nəzərə alaraq apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən onun əsaslılığını tam, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından apellyatorun apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarında olan sübutları, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin qanuniliyini və əsaslılığını Mülki Prosessual Məcəllənin 372, 384 və 385-ci maddələrinin tələblərinə uyğun yoxlayaraq aşağıdakı hüquqi qiymətləndirməni aparır.

37. Mübahisə vergi ödəyicisi olan fiziki şəxsin vergi üzrə öhdəliyini qanunla müəyyən edilmiş qaydada yerinə yetirməməsinə görə hesablanmış vergi borcu və faizlərin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsinin təmin edilməsi üçün ərizəçinin maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi ilə bağlıdır. Başqa sözlə, mübahisənin predmeti vergi, dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının mövcudluğu deyil, həmin borcun icrasının təmin olunması məqsədilə Konstitusiya ilə təmin edilmiş hərəkət azadlığı hüququna müvəqqəti müdaxilənin qanuni əsaslarının mövcud olub-olmamasının müəyyən edilməsindən ibarətdir.

38. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, bu növdən olan işlərə baxılarkən məhkəmə iki mühüm hüquqi dəyər arasında balans yaratmalıdır. Bir tərəfdən, dövlətin Konstitusiyanın 73-cü maddəsindən irəli gələn vergilərin və başqa dövlət ödənişlərinin toplanmasına dair legitim ictimai marağı, digər tərəfdən isə fiziki şəxsin Konstitusiyanın 28-ci maddəsi ilə təmin edilmiş sərbəst hərəkət və ölkədən getmək hüququ nəzərə alınmalıdır. Məhz bu səbəbdən ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizəyə baxılarkən məhkəmənin vəzifəsi yalnız vergi borcunun mövcudluğunu müəyyən etmək deyil, həm də həmin müdaxilənin qanuniliyi, legitim məqsədə xidmət edib-etməməsi, zəruriliyi və mütənasibliyini qiymətləndirməkdən ibarətdir.

39. Mülki Prosessual Məcəllənin 355-5-ci maddəsinin məzmunundan görünür ki, vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması müstəqil sanksiya və ya cəza tədbiri deyil. Bu institutun hüquqi mahiyyəti dövlət büdcəsinə hesablanmış vergilərin, faizlərin və digər icbari ödənişlərin ödənilməsinin təmin edilməsinə xidmət edən prosessual təminat vasitəsi olmaqdan ibarətdir.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının formalaşdırdığı hüquqi mövqeyə görə, bu qəbildən olan işlər üzrə məhkəmələr hər bir konkret halda müdaxilənin mütənasiblik prinsipinə uyğunluğunu qiymətləndirməli, xüsusilə aşağıdakı halları araşdırmalıdırlar: borcun məbləği və ödənilməməsinin müddəti; ödənilməmənin səbəbləri; ödəyicinin borcla bağlı mövqeyi, bildirdiyi diqqətəlayiq maraqları, eləcə də icranı onun üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təklifinin mövcudluğu; borcun ödənilməsinin təmin edilməsi ilə bağlı vergi orqanı tərəfindən həyata keçirilmiş tədbirlər; vergi orqanının tətbiq edə biləcəyi digər üsul və vasitələrin mövcudluğu, habelə onların real şəkildə effektiv nəticə verə bilməsinin mümkünlüyü; maraqlı şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılmasının onun şəxsi və ailə həyatında, habelə fiziki və ya hüquqi şəxsin sahibkarlıq fəaliyyətində yarada biləcəyi nəticələr.

41. Həmin hüquqi yanaşma Avropa Insan Hüquqları Məhkəməsinin “Gochev Bolqarıstana qarşı” və “Ignatov Bolqarıstana qarşı” işlərində isə belə ifadə olunmuşdur ki, ölkədən çıxış hüququnun məhdudlaşdırılması avtomatik xarakter daşımamalı, hər bir konkret iş üzrə borcun xarakteri, məbləği, borclunun davranışı, tətbiq edilən tədbirin davametmə müddəti, alternativ vasitələrin mövcudluğu və müdaxilənin şəxsin həyatına təsiri ayrıca qiymətləndirilməlidir.

42. Iş materiallarında olan şəxsi hesab vərəqəsində maraqlı şəxsin ##.##.2025-ci il tarixə dövlət büdcəsinə vergilər üzrə 21.145,88 manat, faizlər üzrə 15,96 manat, ##.##.2025-ci il tarixə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs üçün məcburi dövlət sosial sığorta haqqı üzrə 180,00 manat, ##.##.2025-ci il tarixə icbari tibbi sığorta üzrə 45,65 manat və 1,10 manat faiz olmaqla, cəmi 21.388,59 manat borcunun, ##.##.2026-cı il yazılma (çap) tarixinə görə cəmi ödənilməli borcunun 21.186,76 manat olması göstərilmişdir. (İ cild, i/v. 12-17)

43. Ərizəçinin ##.##.2026-cı il tarixli ərizəsinə görə isə maraqlı şəxsin ##.##.2026cı il tarixə dövlət büdcəsinə 21.162,12 manat (o cümlədən, vergilər üzrə 280 manat, faizlər üzrə 16,24 manat, maliyyə sanksiyası üzrə 20.865,88 manat), Icbari Tibbi Sığorta Fonduna 47,02 manat, Dövlət Sosial Müdafiə Fonduna 187,69 manat olmaqla, ümumilikdə 21.396,83 manat borcu vardır. (İ cıld. i/v. 2-3)

44. Maraqlı şəxs birinci instansiya məhkəməsində, eləcə də apellyasiya baxışında iştirak etmədiyi üçün vergi borcunun ödənilməməsinin səbəblərini, ödəyicinin borcla bağlı mövqeyini, icranı onun üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təklifini, maraqlı şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılmasının onun şəxsi və ailə həyatında, habelə sahibkarlıq fəaliyyətində yarada biləcəyi nəticələri müəyyən etmək mümkün olmamışdır.

45. Vergi orqanı tərəfindən maraqlı şəxsə məcburi dövlət sosial sığorta borcunun (187,69 manat) ödənilməsinə dair ##.##.2025-ci il tarixli, icbari tibbi sığorta borcunun (47,02 manat) ödənilməsinə dair ##.##.2025-ci il tarixli və vergi borcunun (21.162,12 manat) ödənilməsinə dair ##.##.2025-ci il tarixli bildirişlərlə müraciət edilərək vergi borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi rəsmi qaydada tələb olunmuş, 2026-cı il # ###### tarixli xəbərdarlıqla borcun (21.434,58 manat) 15 gün müddətində ödənilmədiyi halda onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi barədə rəsmi xəbərdar edilmişdir (İ cild, i/v. 9-11,36).

46. Həmçinin vergi orqanı maraqlı şəxsin pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması (alınması) haqqında bank əməliyyatları üzrə ##.##.2025-ci il tarixli (187,69 manat), həmin tarixli (47,02 manat) və ##.##.2026-cı il tarixli (21.162,12 manat) alınmalı sərəncamlar göndərmişdir (İ cild, i/v. 29-31).

47. Maraqlı şəxsin Vergi Məcəlləsinin 65.2.2, 65.2.3-2 və 65.2.3-3-cü maddələrində müəyyən edilmiş vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət vermək hüququ olduğu halda isə belə bir şikayətin verilməsi iş materialları ilə müəyyən olunmur.

48. Kollegiya hesab edir ki, vergi ödəyicisinin belə passiv davranışı onun vergi öhdəliyinin könüllü icrasına yönəlmiş iradəsinin müəyyən edilməsinə imkan vermir və bu hal mütənasiblik qiymətləndirilməsi zamanı nəzərə alınmalı olan mühüm meyarlardan biridir.

49. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və II hissələrinə, 29-cu maddəsinə və 73-cü maddəsinin II hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2016-cı il ## #### tarixli Qərarında göstərilən hüquqi mövqeyinə görə, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1ci maddəsində göstərilmişdir ki, dövlət büdcəsinin gəlirləri dövlət vergilərindən ibarətdir. Həmin Qanunun 8-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Həmçinin bu Qanunun 9.2-ci maddəsinə əsasən, dövlət büdcəsi gəlirlərinin yığımı Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir. Vergi Məcəlləsinin 11-ci maddəsində müəyyən edilmişdir ki, vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Qanunun tələblərindən göründüyü kimi, fiziki və hüquqi şəxslər tərəfindən ödənişin məcburiliyi, onun fərdiliyi və əvəzsizliyi vergiləri digər icbari ödənişlərdən fərqləndirən əsas əlamətlərdir”.

50. Kollegiya həmin hüquqi mövqeni nəzərə alaraq hesab edir ki, vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanunla nəzərdə tutulduğu və dövlət büdcəsinə daxilolmaların təmin edilməsinə yönəldiyi üçün legitim məqsəd daşıyır.

51. Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il ## ### tarixli Qərarında göstərilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin III hissəsində təsbit olunmuş ölkədən sərbəst getmək hüququ mütləq xarakter daşımır və qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Bununla yanaşı, belə məhdudiyyət qanuni məqsədə xidmət etməli, demokratik cəmiyyətdə zəruri olmalı, mütənasib xarakter daşımalı və hüququn mahiyyətini dəyişməməlidir.

52. Kollegiya hesab edir ki, həmin hüquqi mövqe hazırkı iş üzrə birbaşa tətbiq edilməlidir. Çünki vergi borcunun uzun müddət könüllü qaydada ödənilməməsi, vergi orqanının əvvəlcədən xəbərdarlıq etməsi, maraqlı şəxsin borcu mübahisələndirməməsi, alternativ icra tədbirlərinin nəticəsiz qalması və ya obyektiv səbəblərdən tətbiq edilə bilməməsi şəraitində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qarşıya qoyulmuş legitim məqsədlə müqayisədə qeyri-mütənasib müdaxilə kimi qiymətləndirilə bilməz. Əks yanaşma vergi ödəyicisinin qanunla müəyyən edilmiş öhdəliyinin uzun müddət icra edilməməsinə baxmayaraq dövlətin qanunla nəzərdə tutulmuş təsir vasitələrindən istifadə imkanını əsassız şəkildə məhdudlaşdırmış olardı ki, bu da Konstitusiyanın 73-cü maddəsində təsbit edilmiş vergi ödəmək vəzifəsinin səmərəli həyata keçirilməsi məqsədi ilə uzlaşmır.

53. Göstərilənlərlə yanaşı kollegiya qeyd edir ki, Avropa Insan Hüquqları Məhkəməsi “Riener Bolqarıstana qarşı” işində vurğulamışdır ki, dövlətin fiskal maraqlarının təmin edilməsi məqsədilə ölkədən çıxış hüququnun məhdudlaşdırılması prinsip etibarilə Konvensiyaya zidd deyildir. Lakin belə müdaxilə yalnız qanuni əsaslara söykəndiyi, legitim məqsədə xidmət etdiyi və fərdin hüquqları ilə dövlətin maraqları arasında ədalətli tarazlığı (fair balance) qoruduğu halda Konvensiyanın tələblərinə uyğun hesab edilə bilər. Belə şəraitdə kollegiya hesab edir ki, vergi orqanının məhkəməyə müraciət etməsi son çarə xarakteri daşımış və dövlətin fiskal maraqlarının müdafiəsi baxımından zəruri hüquqi vasitə olmuşdur.

54. Kollegiya həmçinin nəzərə alır ki, hazırkı iş üzrə tətbiq olunması tələb edilən məhdudiyyət daimi xarakter daşımır. Həmin tədbir yalnız vergi borcu ödənilənədək qüvvədə qalır və vergi öhdəliyi yerinə yetirildikdən sonra hüquqi qüvvəsini itirir. Bu rakursdan kollegiya hesab edir ki, hazırkı işdə dövlətin vergilərin toplanmasına yönəlmiş legitim maraqları ilə maraqlı şəxsin hərəkət azadlığı hüququ arasında qorunmalı olan ədalətli tarazlıq pozulmur. Əksinə, vergi ödəyicisinin uzun müddət vergi öhdəliyini könüllü yerinə yetirməməsi və vergi orqanının qanunla nəzərdə tutulmuş tədbirlərinin nəticəsiz qalması şəraitində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması mütənasib və zəruri hüquqi müdaxilə kimi qiymətləndirilməlidir.

55. Apellyasiya şikayətinin “birinci instansiya məhkəməsinin maraqlı şəxsi məhkəmə baxışı barədə lazımi qaydada məlumatlandırmaması, onun məhkəmə iclasında iştirakını təmin etməməsi və nəticədə Mülki Prosessual Məcəllənin 9.1 və 9.2-ci maddələrinin tələblərini pozaraq işə maraqlı şəxsin iştirakı olmadan baxması” barədə dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, göstərilən normanın məqsədi məhkəmənin işdə iştirak edən şəxslərə məhkəmə baxışı barədə vaxtında məlumat verməsini, onlara öz mövqelərini bildirmək, sübut təqdim etmək, etirazlarını irəli sürmək və digər prosessual hüquqlarını həyata keçirmək üçün real və effektiv imkan yaratmasını təmin etməkdir.

56. Hazırkı iş üzrə Mülki Prosessual Məcəllənin 355.5-7.1-ci maddəsinə əsasən, ərizəyə məhkəməyə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə işdə maraqlı olan şəxslərə məhkəmə baxışının vaxtı və yeri barədə məlumat verməlidir, lakin lazımi qaydada xəbərdar edilmiş şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

57. Iş materiallarından müəyyən edilir ki, maraqlı şəxsin Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən yaşayış yeri Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndidir (hazırda Nehrəm qəsəbəsidir). "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri şəxsiyyət vəsiqəsində göstərilən qeydiyyat ünvanı hesab edilir. Deməli, birinci instansiya məhkəməsinin məhkəmə bildirişini məhz həmin ünvana göndərməsi qanunun birbaşa tələblərinə tam uyğundur.

58. Iş materiallarında olan ##.##.2026-cı il tarixli məhkəmə bildirişi və sifarişli poçt qəbzi (xəbərnamə) ilə müəyyən edilir ki, maraqlı şəxsin "Elektron məhkəmə" informasiya sistemində elektron kabineti olmadığından məhkəmə bildirişi onun qeydiyyatda olduğu ünvana sifarişli poçt vasitəsilə göndərilmiş, həmin göndəriş ##.##.2026-cı il tarixdə qəbul edilmişdir. Bununla yanaşı, məhkəmə bildirişinin maraqlı şəxsə çatdırılmasının təmin edilməsi məqsədilə həmin bildiriş Babək Rayon Icra Hakimiyyətinin Nehrəm Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə də elektron qaydada göndərilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi maraqlı şəxsin məlumatlandırılması üçün qanunvericiliyin nəzərdə tutduğu bütün mümkün vasitələrdən istifadə etmişdir.

59. Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinə əsasən, elektron kabinet yaradılmış şəxslərə məhkəmə sənədləri həmin elektron kabinet vasitəsilə təqdim edilir. Maraqlı şəxsin elektron kabineti olmadığından məhkəmə bildirişinin poçt vasitəsilə göndərilməsi tam qanuni olmuşdur. Həmin Məcəllənin 147-ci maddəsinin mənasına görə isə şəxsin faktiki olduğu yer məlum olmadıqda məhkəmə onun məlum olan son yaşayış yeri üzrə qanunla müəyyən edilmiş üsullarla bildiriş göndərməklə öz prosessual vəzifəsini yerinə yetirmiş hesab edilir.

60. “Gankin və digərləri Rusiyaya qarşı” işində Avropa Insan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsi milli məhkəmələrdən tərəflərin proses barədə lazımi qaydada məlumatlandırılması üçün kifayət qədər və ağlabatan tədbirlər görülməsini tələb edir. Lakin dövlət üzərinə şəxsin bildirişi faktiki şəkildə almasını və ya mütləq məhkəmə iclasında iştirakını təmin etmək öhdəliyi qoyulmur. Əsas qiymətləndirmə meyarı görülmüş tədbirlərin obyektiv baxımdan kifayət edib-etməməsidir.

61. Kollegiya onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində 3 dəfə məhkəmə iclası təyin olunaraq maraqlı şəxs işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o heç bir məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi və ya mümkünsüzlüyü, bu səbəbin üzrlü olması barədə heç bir məlumat verməmişdir. Bu hal maraqlı şəxsin öz prosessual hüquqlarından istifadə etməkdə passiv mövqe tutduğunu göstərir və sonradan həmin davranışın nəticələrinin məhkəmənin prosessual pozuntusu kimi qiymətləndirilməsi hüquqi müəyyənlik və vicdanlı prosessual davranış prinsipləri ilə uzlaşmır.

62. Şikayətin qətnamənin 23 və 25-ci bəndlərində göstərilən dəlili ilə bağlı kollegiya bildirir ki, həmin arqumentlər hazırkı xüsusi icraat işinin predmeti ilə hüquqi əlaqəyə malik deyildir. Maraqlı şəxs vergi orqanının qərarının qanunsuz olduğunu hesab edirsə, həmin inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə ayrıca müdafiə vasitələri nəzərdə tutulmuşdur və hazırkı iş çərçivəsində həmin məsələlərə hüquqi qiymət verilə bilməz.

63. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı xüsusi icraat işi üzrə yeni formalaşmış məhkəmə təcrübəsinə əsaslanmasa da, ümumən maddi və prosessual hüquq normalarına riayət etmiş, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin maraqlı şəxsə münasibətdə ləğvinin və ya dəyişdirilməsinin əsasını təşkil edə bilməz.

64. Həmçinin kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyi üçün Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinin tələblərinə müvafiq olaraq həmin şikayətin verilməsinə görə maraqlı şəxs tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu onun özünə aid edilməlidir.

65. Beləliklə, məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq aşağıdakı nəticələrə gəlir: - maraqlı şəxsin apellyasiya şikayəti təmin edilməməli, - e-*-*(*-**)-***/**** nömrəli 2026-cı il ## ##### tarixli qətnamə dəyişdirilmədən saxlanmalıdır. Nəticəvi hissə

66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0-384.0.1, 392, 405.0-405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli 2026-cı il ## ##### tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu maraqlı şəxsin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay müddətində elektron kabinet və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Səxavət Bəylərli Hakimlər: Mehman Allahverdiyev, Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar