Məhkəmə qərarları › İş №e-2-2(3-1)-28/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №e-2-2(3-1)-28/2026

22.07.2026 · Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat) - Xususi icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № e-2-2(3-1)-28/2026 22.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı iş üzrə QƏTNAMƏ Açar sözlər: fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Hakimlər - X3 (sədrlik edən və məruzəçi), X5 və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli 2026-cı il ## ### tarixli qətnaməsindən ərizəçi Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi icraat qaydasında baxılmışdır. Işin halları

1. Fiziki şəxs haqqında məlumata görə Maraqlı şəxs vergi ödəyicisi kimi ********** nömrəli VÖEN-lə 2023-cü il ## ###### tarixdə * saylı Ərazi Vergilər Baş Idarəsində qeydiyyatdan keçmişdir və onun əsas fəaliyyət növü “yük avtomobili nəqliyyatının fəliyyəti”dir.

2. Şəxsi hesab vərəqəsindən görünür ki, Maraqlı şəxs ##.##.2026-cı il tarixə dövlət büdcəsinə vergilər üzrə 9.862,87 manat, faizlər üzrə 2.759,18 manat olmaqla, cəmi 12.622,05 manat borcu yaranmışdır.

3. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş Idarəsi vergi borcunun ödənilməsinə dair 2026-cı il # ###### tarixli *********** nömrəli bildirişlə Maraqlı şəxs müraciət edərək vergi borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmişdir.

4. *-**-*-*/*-*****/**** nömrəli 2026-cı il # ##### tarixli xəbərdarlıqla Maraqlı şəxs borcun 15 gün müddətində ödənilmədiyi halda onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi barədə rəsmi xəbərdar olunmuşdur.

5. Fiziki şəxs haqqında məlumatın “vergi ödəyicisinin obyektləri barədə məlumat” və “vergi odəyicisinin bank hesabları barədə məlumat” hissələrində Maraqlı şəxs əmlakı və bank hesablarının olmaması göstərilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. Ərizəçi Ərizəçi (bundan sonra - “ərizəçi”) 2026-cı il ## ### tarixdə ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 12.277,25 manat borcun ödənilməsinin təmin edilməsi üçün Maraqlı şəxs (bundan sonra - “maraqlı şəxs”) barəsində (doğulduğu tarix - ## ### 1998-ci il, doğulduğu yer - Azərbaycan, Naxçıvan MR; Şərur; Mahmudkənd., şəxsiyyəti təsdiq edən sənədin FIN nömrəsi - *******, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi (bundan sonra Vergi Məcəlləsi) ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ##.##.2026-cı il tarixə vergi ödəyicisi olan maraqlı şəxsin dövlət büdcəsinə 12.277,25 manat (o cümlədən, vergilər üzrə 9.753,53 manat, faizlər üzrə 2.523,72 manat) borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş və xəbərdarlıq göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

8. Reyestr məlumatlarına əsasən maraqlı şəxs Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Mahmudkənd ə/d, Mahmudkənd ünvanında yaşayır.

9. Ərizəçi ərizədə Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonra Konstitusiya) 60 və 73-cü maddələrinin İ hissələrinə, Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 65, 77.1, 77.3 və 78.1-ci, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1 və 17.1.6-1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 4.1, 26.1, 26.2, 305.1.12, 355-5, 355-5.2, 355-6 və 355-7-ci maddələrinə istinad etmişdir.

10. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli 2026-cı il ## ### tarixli qətnaməsi ilə ərizəçinin maraqlı şəxsin barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə ərizəsi rədd edilmişdir. (hakim Elşən Salmanov)

11. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: Iddia ərizəsində ölkədən getmək hüququna məhdudiyyət qoyulmasının əsası kimi vergi öhdəliklərinin yaranmasına səbəb olan borc məbləğləri ilə iş materiallarına əlavə edilmiş maraqlı şəxsin şəxsi hesab vərəqəsindəki borc məbləğləri arasında uyğunsuzluq aşkar edilsə də, bununla bağlı məhkəmə bildirir ki, hakim işdə iştirak edən ərizəçinin verdiyi tələb üzrə, yəni vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı qətnamə qəbul edəcəyindən, məhkəmənin vergi ödəyicisi olan şəxsin ödəməli olduğu vergi borcunun olub-olmamağının müəyyənləşdirilməsi ilə kifayətlənərək, həmin borclar arasında uyğunsuzluğun aşkar edilməsi ilə bağlı məsələyə toxunmur.

12. Təsadüfi deyil ki, qanunverici, məhkəmə üçün vergi orqanı tərəfindən verilmiş, vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması haqqında ərizəni təmin etmək səlahyyəti ilə yanaşı, bu cür ərizəni rədd etmək səlahiyyətini da nəzərdə tutmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırkı məhkəmə icraatında müvəqqəti olaraq məhdudlaşdırılması nəzərdə tutulan vergi ödəyicisinin ölkədən getmək hüququ onun konstitusion hüququdur və yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər. Məhkəmə vergi ödəyicisinin həmin hüququnu, onun ödənilməmiş vergi borcu mövcud olduqda, məhdudlaşdırır, borc olmadıqda isə məhdudlaşdırmır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2021-ci il tarixli qərarı).

13. Məhkəmə Vergi Məcəlləsinin 65.2 və 65.2.1-ci maddələrini nəzərə almaqla iş materiallarında olan sübutları araşdırıb onlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, ərizəçi tərəfindən maraqlı şəxsə aid olan sərəncam təqdim edilmədiyindən ərizə rədd edilməlidir.

14. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Vergi Məcəlləsinin 20.3, 23.1.15- 3, 65.2, 65.2.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 108.1.3, 119.1, 119.2, 305.1.12, 355-5.1, 355-6, 355-7.3-cü, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra Dövlət rüsumu haqqında Qanun) 8.2-ci maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının ##.##.2021-ci il tarixli qərarına istinad etmişdir.

15. Ərizəçi apellyasiya şikayəti verərək e-*-*(*-**)-***/**** nömrəli 2026-cı il ## ### tarixli qətnamənin ləğv edilməsi və ərizənin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

16. Işin halları üzrə - Məhkəmənin maraqlı şəxs barəsində vergi borcuna dair təqdim edilmiş şəxsi hesab vərəqəsilə sözügedən borca dair ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ərizəsi arasındakı uyğunsuzluq barədə mövqeyi işin mahiyyəti ilə birbaşa bağlı deyil. Belə ki, işə əlavə olunan materiallardan (borc üzrə bildiriş, xəbərdarlıq) və vergi ödəyicisinin “ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə göndərilən tarixə olan şəxsi hesab vərəqəsinə müvafiq olaraq vergi borcu mövcuddur. Yəni vergi ödəyicisinə dövlət büdcəsinə ödəməli olduğu borca dair müxtəlif vaxtlarda göndərilmiş borc üzrə bildirişdə, xəbərdarlıqda və şəxsi hesab vərəqəsində onun faktiki borcunun mövcudluğu sübut olunur. Beləliklə, borcun mövcudluğu məsələnin mübahisəsiz tərəfidir. Vergi Məcələsi maddə 16.1.1 izah edir ki, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcələ ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Tərəflərdən birinin vəzifəsinin digərinin hüququdur prinsipindən yanaşılsa, vergi ödəyicisi öz vəzifəsini icra etmədiyi halda vergi orqanının hüququ vardır ki, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək məqsədilə fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəməyə müraciət etsin. Sözügedən normada ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəməyə müraciət etmək üçün dövlət büdcəsinə olan mövcud borcun konkret standartları (məbləğ aralığı) göstərilməmişdir. Buna baxmayaraq, inzibati orqan əsaslı və kifayət qədər yüksək məbləğdə borcun yaranması səbəbindən məhkəməyə müraciət etmişdir, hansı ki, bu son tədbir olaraq öhdəliyin təminat üsulu kimi adekvat və zəruridir.

17. Məhkəmənin şəxsi hesab vərəqəsi və ərizə üzrə borc məbləğləri arasındakı uyğunsuzluğa dair yanaşması ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizənin rədd edilməsi üçün əsas deyil. Çünki ərizədə yazılan dövlət büdcəsinə olan 12.277,25 manat borc məbləği ilə şəxsi hesab vərəqəsindəki 13.222,16 manat məbləğində borcun arasındakı uyğunsuzluq şəxsin həmin tarixə olan borcunun olmasını inkar etmir. Ərizə və şəxsi hesab vərəqəsi arasındakı məbləğ fərqinin əsas səbəbi vergi ödəyicisi maraqlı şəxsin öz borcu barədə şəxsi hesab vərəqəsində azalma verməsi, lakin bu azalmanın öz təsdiqini tapmayaraq yenidən kameral hesablanmasıdır. Yəni faktiki olaraq vergi ödəyicisinin formal məbləğ ödəyərək vergidən yayınma məqsədilə fiziki şəxsin gəlir vergisini azaltmış olması (12.277,25) səbəbindən həmin tarixdən əvvəl hazırlanmış ərizə ilə şəxsi hesab vərəqəsi arasında uyğunsuzluq yaranmışdır. Lakin bu hal vergi ödəyicisi barədə tədbir görülməsinə mane olmamalıdır, çünki maraqlı şəxs yüksək məbləğdə borcun mövcud olması faktını inkar etmir.

18. Məhkəmənin digər mövqeyi ondan ibarətdir ki, Vergi Məcələsinin 65.2-ci və 65.2.1ci maddələrinə əsasən maraqlı şəxsə aid olan dondurulmalı sərəncam təqdim edilmədiyindən ərizə rədd edilməlidir. Məhkəmənin sözügedən mövqeyi əsassızdır. Çünki işə əlavə edilmiş maraqlı şəxsin ümumi məlumatından görünür ki, onun barəsində bank hesabı açılmamışdır. Müvafiq olaraq fiziki şəxsin ümumi məlumatı sənədində “vergi odəyicisinin bank hesabları barədə məlumat” hissəsində bank hesablarının olmaması, şəxsin bank hesablarının açılması üçün müraciət etməməsi səbəbindən sözügedən ödəyici barəsində borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında icra sənədi olan sərəncam verilməmişdir.

19. Bundan əlavə, Ali Məhkəmənin *-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarında qanunverici vergi orqanının bu hüququnun realizə olunmasını vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcələsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirməməsi ilə məhdudlaşdırmışdır. Yəni vergi öhdəliyinin qanunvericiliklə müəyyən olunmuş müddətdə yerinə yetirilməməsi kifayət edir ki, vergi orqanı bu hüququndan istifadə edərək məhkəməyə müraciət etsin. Məhkəmənin sadaladığı məhdudlaşdırıcı tədbirlərdən hər hansı birini seçərək tətbiq etmək vergi orqanının hüququdur və bununla bağlı qanunvericilikdə hər hansı ardıcıllıq və ya növbəlilik müəyyən edilməmişdir. Məhdudlaşdırıcı tədbirlərdən bu və ya digərinin seçilməməsi ilə bağlı vergi orqanının rəsmi sənəd təqdim etməsinə dair qanunverici tərəfindən imperativ norma müəyyən edilməmişdir.

20. Vergi ödəyicisi barədə borc öhdəliyinin təmin edilməsi üsulu kimi görülən tədbirlər barədə növbəlilik müəyyən edilməməsi səbəbindən dondurulmalı və alınmalı sərəncamların göndərilməməsi ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ərizəsinin rədd edilməsi üçün əsas ola bilməz.

21. Məhkəmənin hazırkı qəbildən olan işlərin hə lində vergi ödəyicisinin hazırkı dövrə (və ya qətnamə qəbul edilən tarixə) olan borcunun mövcudluğunu tam və ətraflı araşdırmaması vergi orqanının borclu maraqlı şəxs barəsində indiyədək gördüyü bütün qanunamüvafiq tədbirləri heçə sayır və borclu vergi ödəyicisinin öhdəliklərindən yayınmasına şərait yaradır. Məhkəmənin hər bir halda yekun məhkəmə aktını qəbul etməzdən əvvəl araşdırılmalı olduğu məsələlərdən biri ödəyicinin şəxsi hesab vərəqəsi, vergi orqanına sorğu verərək cari günə görə borcu, bunlar olmadıqda isə ən azından vergi ödəyicisinin borclarını vaxtında ödədiyini sübut edən müvafiq qəbzlərin araşdırılması olmalı idi.

22. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İ hissəsi üzrə vergi öhdəliyinin icra edilməsi vergi ödəyicisinin vəzifələrindən biridir və Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi vergi ödəyicisinin öhdəliyi hesab olunur. Həmin öhdəliyin vaxtında və tam qaydada icrası öhdəliyin yerinə yetirilməsi hesab olunur.

23. Vergi Məcəlləsinin 77.3-cü maddəsi üzrə - vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Şəraitin yarandığı an dedikdə, vergi ödəmək öhdəliyi vergi qanununda göstərilən hüquqi fakt baş verən anın yaranmasından, gəlirin əldə edildiyi andan söhbət gedir.

24. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsi üzrə - bu maddə öhdəliyin təminat üsulu kimi fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair vergi orqanının məhkəməyə müraciət etmək hüququnu özündə ehtiva edir. Mövcud praktikada isə yaranmış vergi borcunun ödənilməsinin təmin edilməsinin ən təsirli üsulu məhkəmələrə verilən ərizələr nəticəsində borclu vergi ödəyicilərinin ölkədən getmə hüququnun məhdudlaşdırılmasıdır. Lakin məhkəmə ərizəni rədd etməklə vergi orqanını bu təsirli tədbirin tətbiqindən məhrum etmişdir. Göründüyü kimi qanunverici vergi orqanının bu hüququnun realizə olunmasını vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirməməsi ilə məhdudlaşdırmışdır.

25. Vergi Məcəlləsinin 77.1-ci maddəsi üzrə - Tərəflərdən birinin öhdəliyi digər tərəfin vəzifəsi hesab olunur prinsipindən yanaşdıqda, vergi ödəyicisinin vergi borclarını vaxtında və tam ödəməsi vergi ödəyicisinin öhdəliyidir və bu öhdəliyin pozulması nəticəsində vergi orqanı ödəyici barədə qanunamüvafiq tədbirlər görə bilər.

26. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsi üzrə - düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni ifadə edən izah verilməmişdir.

27. Vergi Məcəlləsinin 65.1-ci maddəsi üzrə - Vergi ödəyicisinə onun vergi borcuna dair göndərilmiş bildiriş və xəbərdarlıq işin materiallarına əlavə edilmişdir. Qəbul edilmiş qərar məhkəmə tərəfindən tətbiq edilməli olan ümumdövlət və ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən publik hüquq sahəsinə aid maddi hüquq normalarının dairəsinin tam və düzgün müəyyən edilməməsinin, işə birtərəfli yanaşılmasının məntiqi nəticəsidir.

28. Mülki Prosessual Məcəllənin 88 və 355-5.1-ci maddələri üzrə - məhkəmə işə baxarkən işi tam araşdırmamış, təqdim edilmiş sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir.

29. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması üzrə - (bax §16-19).

30. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi üzrə - (bax §21).

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Işdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi

32. Işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, ərizəçinin nümayəndəsi və maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

33. Iş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur.

Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikasının Konstitusiyası; Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

35. Vergi Məcəlləsi; Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1-16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1 və 23.1.15-3. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Maddə 65. Vergilər üzrə borcların alınması qaydası 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. 65.2. Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit və ya elektron pul təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən hesablarda dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. 65.2.1. Vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: 65.2.1.1. vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; 65.2.1.2. vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; ... Maddə 77. Vergi öhdəliyi 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. ... 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Maddə 78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

36. Mülki Prosessual Məcəllə; Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.2. Iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 355-5. Ərizənin verilməsi 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Maddə 355-6. Ərizənin məzmunu Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-7. Ərizəyə baxılması və qətnamənin qəbul edilməsi 355-7.4. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. ... 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: ... 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; ... Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Maddə 393. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsi Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Maddə 406. Kassasiya şikayəti vermə qaydası 406.1. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

37. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu; Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu tutulur.

Apellyasiya baxışının hədləri

38. Kollegiya Mülki Prosessual Məcəllənin 372.6-372.7-ci maddələrinin tələblərini nəzərə alaraq apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən onun əsaslılığını tam, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından apellyatorun apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarında olan sübutları, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin qanuniliyini və əsaslılığını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384 və 385-ci maddələrinin tələblərinə uyğun olaraq yoxlayaraq aşağıdakı hüquqi qiymətləndirməni aparır.

41. Mübahisə vergi ödəyicisi olan fiziki şəxsin vergi üzrə öhdəliyini qanunla müəyyən edilmiş qaydada yerinə yetirməməsinə görə hesablanmış vergi borcu və faizlərin dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi üçün ərizəçinin maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi ilə bağlıdır. Başqa sözlə, mübahisənin predmeti vergi borcunun mövcudluğu deyil, həmin borcun icrasının təmin olunması məqsədilə Konstitusiya ilə təmin edilmiş hərəkət azadlığı hüququna müvəqqəti müdaxilənin qanuni əsaslarının mövcud olub-olmamasının müəyyən edilməsindən ibarətdir.

42. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, bu növdən olan işlərə baxılarkən məhkəmə iki mühüm hüquqi dəyər arasında balans yaratmalıdır. Bir tərəfdən, dövlətin Konstitusiyanın 73-cü maddəsindən irəli gələn vergilərin toplanmasına dair legitim ictimai marağı, digər tərəfdən isə fiziki şəxsin Konstitusiyanın 28-ci maddəsi ilə təmin edilmiş sərbəst hərəkət və ölkədən getmək hüququ nəzərə alınmalıdır. Məhz bu səbəbdən ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizəyə baxılarkən məhkəmənin vəzifəsi yalnız vergi borcunun mövcudluğunu müəyyən etmək deyil, həm də həmin müdaxilənin qanuniliyi, legitim məqsədə xidmət edib-etməməsi, zəruriliyi və mütənasibliyini qiymətləndirməkdən ibarətdir.

43. Mülki Prosessual Məcəllənin 355-5-ci maddəsinin məzmunundan görünür ki, vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması müstəqil sanksiya və ya cəza tədbiri deyil. Bu institutun hüquqi mahiyyəti dövlət büdcəsinə hesablanmış vergilərin, faizlərin və digər icbari ödənişlərin ödənilməsinin təmin edilməsinə xidmət edən prosessual təminat vasitəsi olmaqdan ibarətdir.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının formalaşdırdığı hüquqi mövqeyə görə, bu qəbildən olan işlər üzrə məhkəmələr hər bir konkret halda müdaxilənin mütənasiblik prinsipinə uyğunluğunu qiymətləndirməli, xüsusilə aşağıdakı halları araşdırmalıdırlar: borcun məbləği və ödənilməməsinin müddəti; ödənilməmənin səbəbləri; ödəyicinin borcla bağlı mövqeyi, bildirdiyi diqqətəlayiq maraqları, eləcə də icranı onun üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təklifinin mövcudluğu; borcun ödənilməsinin təmin edilməsi ilə bağlı vergi orqanı tərəfindən həyata keçirilmiş tədbirlər; vergi orqanının tətbiq edə biləcəyi digər üsul və vasitələrin mövcudluğu, habelə onların real şəkildə effektiv nəticə verə bilməsinin mümkünlüyü; maraqlı şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılmasının onun şəxsi və ailə həyatında, habelə fiziki və ya hüquqi şəxsin sahibkarlıq fəaliyyətində yarada biləcəyi nəticələr.

45. Həmin hüquqi yanaşma Avropa Insan Hüquqları Məhkəməsinin “Gochev Bolqarıstana qarşı” və “Ignatov Bolqarıstana qarşı” işlərində isə belə ifadə olunmuşdur ki, ölkədən çıxış hüququnun məhdudlaşdırılması avtomatik xarakter daşımamalı, hər bir konkret iş üzrə borcun xarakteri, məbləği, borclunun davranışı, tətbiq edilən tədbirin davametmə müddəti, alternativ vasitələrin mövcudluğu və müdaxilənin şəxsin həyatına təsiri ayrıca qiymətləndirilməlidir.

46. Iş materiallarında olan şəxsi hesab vərəqəsinə əsasən, maraqlı şəxsin ##.##.2026-cı il tarixə dövlət büdcəsinə vergilər üzrə 9.862,87 manat, faizlər üzrə 2.759,18 manat olmaqla, cəmi 12.622,05 manat, ##.##.2026-cı il yazılma (çap olunma) tarixinə cəmi ödənməli 13.222,16 manat borcu vardır. (İ cild, i/v. 24, 28) Ərizəçinin ##.##.2026-cı il tarixli ərizəsinə görə isə maraqlı şəxsin həmin tarixə dövlət büdcəsinə 12.277,25 manat borcu qalmışdır. (İ cıld. i/v. 2) Apellyasiya şikayətində “ərizə və şəxsi hesab vərəqəsi arasındakı məbləğ fərqinin əsas səbəbinin vergi ödəyicisi maraqlı şəxsin öz borcu barədə şəxsi hesab vərəqəsində azalma verməsi, lakin bu azalmanın öz təsdiqini tapmayaraq yenidən kameral hesablanmasının olması” göstərilmişdir.

47. Maraqlı şəxs birinci instansiya məhkəməsində, eləcə də apellyasiya baxışında iştirak etmədiyi üçün vergi borcunun ödənilməməsinin səbəblərini, ödəyicinin borcla bağlı mövqeyini, icranı onun üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təklifini, maraqlı şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılmasının onun şəxsi və ailə həyatında, habelə sahibkarlıq fəaliyyətində yarada biləcəyi nəticələri müəyyən etmək mümkün olmamışdır.

48. Vergi orqanı tərəfindən borcun ödənilməsinin təmin edilməsi ilə bağlı maraqlı şəxsə 2026-cı il # ###### tarixli bildirişlə müraciət edilərək vergi borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi rəsmi qaydada tələb olunmuş, 2026-cı il # ##### tarixli xəbərdarlıqla borcun 15 gün müddətində ödənilmədiyi halda onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi barədə rəsmi xəbərdar edilmişdir.

49. Maraqlı şəxsin Vergi Məcəlləsinin 65.2.2, 65.2.3-2 və 65.2.3-3-cü maddələrində müəyyən edilmiş vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət vermək hüququ olduğu halda isə belə bir şikayətin verilməsi iş materialları ilə müəyyən olunmur. Kollegiya hesab edir ki, vergi ödəyicisinin belə passiv davranışı onun vergi öhdəliyinin könüllü icrasına yönəlmiş iradəsinin müəyyən edilməsinə imkan vermir və bu hal mütənasiblik qiymətləndirilməsi zamanı nəzərə alınmalı olan mühüm meyarlardan biridir.

50. Apellyasiya şikayətindən görünür ki, maraqlı şəxsin adına bank hesabının olmaması səbəbindən Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş pul vəsaitlərinin dondurulması mexanizmi tətbiq edilə bilməmişdir. Kollegiya hesab edir ki, həmin hal vergi orqanının daha yüngül xarakterli icra vasitələrindən istifadə imkanlarının faktiki olaraq məhdud olduğunu göstərən mühüm faktiki haldır.

51. Bu baxımdan birinci instansiya məhkəməsinin yalnız bank hesablarının dondurulmasına dair tədbirin həyata keçirilməməsinə istinad etməklə ərizənin rədd edilməsinə dair gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Çünki iş materiallarından görünür ki, həmin tədbirin tətbiq edilməməsi vergi orqanının hərəkətsizliyindən deyil, onun tətbiqinin obyektiv mümkünsüzlüyündən irəli gəlmişdir.

52. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və II hissələrinə, 29-cu maddəsinə və 73-cü maddəsinin II hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2016-cı il ## #### tarixli Qərarında göstərilən hüquqi mövqeyinə görə, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1ci maddəsində göstərilmişdir ki, dövlət büdcəsinin gəlirləri dövlət vergilərindən ibarətdir. Həmin Qanunun 8-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Həmçinin bu Qanunun 9.2-ci maddəsinə əsasən, dövlət büdcəsi gəlirlərinin yığımı Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir. Vergi Məcəlləsinin 11-ci maddəsində müəyyən edilmişdir ki, vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Qanunun tələblərindən göründüyü kimi, fiziki və hüquqi şəxslər tərəfindən ödənişin məcburiliyi, onun fərdiliyi və əvəzsizliyi vergiləri digər icbari ödənişlərdən fərqləndirən əsas əlamətlərdir”.

53. Kollegiya həmin hüquqi mövqeni nəzərə alaraq hesab edir ki, vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanunla nəzərdə tutulduğu və dövlət büdcəsinə daxilolmaların təmin edilməsinə yönəldiyi üçün legitim məqsəd daşıyır.

54. Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il ## ### tarixli Qərarında göstərilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin III hissəsində təsbit olunmuş ölkədən sərbəst getmək hüququ mütləq xarakter daşımır və qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Bununla yanaşı, belə məhdudiyyət qanuni məqsədə xidmət etməli, demokratik cəmiyyətdə zəruri olmalı, mütənasib xarakter daşımalı və hüququn mahiyyətini dəyişməməlidir.

55. Kollegiya hesab edir ki, həmin hüquqi mövqe hazırkı iş üzrə birbaşa tətbiq edilməlidir. Çünki vergi borcunun uzun müddət könüllü qaydada ödənilməməsi, vergi orqanının əvvəlcədən xəbərdarlıq etməsi, maraqlı şəxsin borcu mübahisələndirməməsi, alternativ icra tədbirlərinin nəticəsiz qalması və ya obyektiv səbəblərdən tətbiq edilə bilməməsi şəraitində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qarşıya qoyulmuş legitim məqsədlə müqayisədə qeyri-mütənasib müdaxilə kimi qiymətləndirilə bilməz. Əks yanaşma vergi ödəyicisinin qanunla müəyyən edilmiş öhdəliyinin uzun müddət icra edilməməsinə baxmayaraq dövlətin qanunla nəzərdə tutulmuş təsir vasitələrindən istifadə imkanını əsassız şəkildə məhdudlaşdırmış olardı ki, bu da Konstitusiyanın 73-cü maddəsində təsbit edilmiş vergi ödəmək vəzifəsinin səmərəli həyata keçirilməsi məqsədi ilə uzlaşmır.

56. Göstərilənlərlə yanaşı kollegiya qeyd edir ki, Avropa Insan Hüquqları Məhkəməsi “Riener Bolqarıstana qarşı” işində vurğulamışdır ki, dövlətin fiskal maraqlarının təmin edilməsi məqsədilə ölkədən çıxış hüququnun məhdudlaşdırılması prinsip etibarilə Konvensiyaya zidd deyildir. Lakin belə müdaxilə yalnız qanuni əsaslara söykəndiyi, legitim məqsədə xidmət etdiyi və fərdin hüquqları ilə dövlətin maraqları arasında ədalətli tarazlığı qoruduğu halda Konvensiyanın tələblərinə uyğun hesab edilə bilər. Belə şəraitdə kollegiya hesab edir ki, vergi orqanının məhkəməyə müraciət etməsi son çarə xarakteri daşımış və dövlətin fiskal maraqlarının müdafiəsi baxımından zəruri hüquqi vasitə olmuşdur.

57. Kollegiya həmçinin nəzərə alır ki, hazırkı iş üzrə tətbiq olunması tələb edilən məhdudiyyət daimi xarakter daşımır. Həmin tədbir yalnız vergi borcu ödənilənədək qüvvədə qalır və vergi öhdəliyi yerinə yetirildikdən sonra hüquqi qüvvəsini itirir. Bu baxımdan kollegiya hesab edir ki, hazırkı işdə dövlətin vergilərin toplanmasına yönəlmiş legitim maraqları ilə maraqlı şəxsin hərəkət azadlığı hüququ arasında qorunmalı olan ədalətli tarazlıq pozulmur. Əksinə, vergi ödəyicisinin uzun müddət vergi öhdəliyini könüllü yerinə yetirməməsi və vergi orqanının qanunla nəzərdə tutulmuş tədbirlərinin nəticəsiz qalması şəraitində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması mütənasib və zəruri hüquqi müdaxilə kimi qiymətləndirilməlidir.

58. Kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi: iş üçün əhəmiyyətli olan bütün faktiki halları tam araşdırmamış; Vergi Məcəlləsinin 23.1.15-3 və 65-ci maddələrinin məqsəd və məzmununu düzgün tətbiq etməmiş; Mülki Prosessual Məcəllənin 88 və 217-ci maddələrinin tələb etdiyi tam və obyektiv sübut qiymətləndirilməsini aparmamış; müdaxilənin mütənasibliyi məsələsini Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının, Konstitusiya Məhkəməsinin və Avropa Insan Hüquqları Məhkəməsinin hüquqi mövqeləri baxımından qiymətləndirməmişdir. Bu prosessual və maddi hüquq pozuntuları məhkəmənin gəldiyi nəticənin qanuni və əsaslı hesab edilməsinə imkan vermir və Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən qətnamənin ləğv edilməsi üçün kifayət qədər hüquqi əsas yaradır.

59. Iş üzrə dövlət rüsumunun ödənilməsinə münasibətdə kollegiya qeyd edir ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.2, 9.1 və 9.1.14-cü maddələrinin, habelə Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinin tələblərinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu tutulur. Məhkəmələrə verilən ərizələr üzrə büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar. Iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırkı iş üzrə ərizə təmin edilməli olduğundan dövlət rüsumunun maraqlı şəxsdən tutulması qanunauyğundur.

60. Beləliklə, məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq aşağıdakı nəticələrə gəlir: - ərizəçinin apellyasiya şikayəti təmin edilməli, - e-*-*(*-**)-***/**** nömrəli 2026-cı il ## ### tarixli qətnamə tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul olunmalı, - ərizəçinin maraqlı şəxsin barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə ərizəsi təmin edilməli, - maraqlı şəxsin dövlət büdcəsinə olan borcunun ödənilməsinin təmin edilməsi üçün ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı, - ərizəçinin ödəməkdən azad edildiyi 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət gəlirlərinə ödənilməlidir.

Nəticəvi hissə

61. Mülki Prosessual Məcəllənin 382, 384.0 və 384.0.2, 392, 393, 405.0-405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Ərizəçi Ərizəçi apellyasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli 2026-cı il ## ### tarixli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul olunsun. Ərizəçinin maraqlı şəxs Maraqlı şəxs (doğulduğu tarix - ## ### 1998-ci il, doğulduğu yer - Azərbaycan, Naxçıvan MR; Şərur; Mahmudkənd., şəxsiyyəti təsdiq edən sənədin FIN nömrəsi - *******, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi üzrə ərizəsi təmin edilsin. Maraqlı şəxs Maraqlı şəxs dövlət büdcəsinə olan borcunun ödənilməsinin təmin edilməsi üçün ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Ərizəçinin ödəməkdən azad edildiyi 100 (bir yüz) manat dövlət rüsumu maraqlı şəxs Maraqlı şəxs tutularaq dövlət gəlirlərinə ödənilsin. Qətnamə dərhal qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən 2 ay müddətində elektron kabinet və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar