Məhkəmə qərarları › İş №e-2-2(3-10)-95/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-10)-95/2026

23.07.2026 · Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat) - Xususi icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2-2(3-10)-95/2026 23.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş Idarəsi tərəfindən xüsusi icraat qaydasında verilmiş maraqlı şəxs Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəyə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, apellyasiya şikayəti vermiş maraqlı şəxs Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş Idarəsinin xüsusi icraat qaydasında verilmiş maraqlı şəxs Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:

1. Işin halları

Ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş Idarəsi ## ### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında maraqlı şəxs Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, ## ##### 2026-cı il tarixə hesablanmış “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Büdcəsinə olan 5722,14 (beş min yeddi yüz iyirmi iki manat 14 qəpik) manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna olan 4368 (dörd min üç yüz altmış səkkiz) manat məbləğində borc, Icbari Tibbi Sığorta Fonduna olan 743,39 (yeddi yüz qırx üç manat 39 qəpik) manat məbləğində borc və Işsizlikdən Sığorta Fonduna olan 185,67 (yüz səksən beş manat 67 qəpik) manat məbləğində borc ödənilənədək, həmin vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri – ## ###### 1993-cü il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi tərəfindən maraqlı şəxs Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ## ##### 2026-cı il tarixə vergi ödəyicisi olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 4368 manat, Işsizlikdən Sığorta Fonduna 185,67 manat, Dövlət Büdcəsinə 5722,14 manat məbləğində (o cümlədən, vergilər üzrə 4545,67 manat, faizlər üzrə 1176,47 manat) və Icbari Tibbi Sığorta Fonduna 743,39 manat olmaqla, ümumilikdə 11019,2 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində Dövlət Büdcəsinə və müvafiq Fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olaraq ##.##.2026-cı il tarixli **************** nömrəli, ##.##.2026-cı il tarixli **************** nömrəli, ##.##.2026-cı il tarixli **************** nömrəli və ##.##.2026-cı il tarixli **************** nömrəli bildirişlər göndərilmiş olsa da, həmin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır (həmin ərizə - Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4, 16.1.1, 77.1, 77.3, 78.1 və 23.1.15-3cü maddələri, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1 və 17.1.6-1-ci maddələri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.12, 355-5, 355-6 və 355-7-ci maddələri ilə əsaslandırılmışdır). Ərizəçi tərəfindən həmin ərizənin əsaslılığının sübutu kimi ərizə ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə vergi ödəyicisi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ### 2026-cı ildə çap edilmiş X1, tərtib edilmə və çap edilmə tarixi göstərilməyən Hüquqi şəxs haqqında Məlumat, ərizədə qeyd borcun ödənilməsi ilə əlaqədar vergi ödəyicisi olan hüquqi şəxsə ünvanlanmış Bildiriş, Xəbərdarlıq və digər sənədlər təqdim edilmişdir. Iş üzrə birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı maraqlı şəxs Maraqlı şəxs ## ### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəyə qarşı yazılı Etiraz təqdim edərək, ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş Idarəsi tərəfindən verilmiş onun “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinin rədd olunmasını xahiş etmiş və həmin Etiraz onunla əsaslandırılmışdır ki, onun cavabdeh qismində təqsirləndirildiyi iş tamamilə yanlışdır. Məlumat üçün bildirir ki, borclu olan Müəssisə “Startap” layihə olmuşdu və təsisçilər tərəfindən maliyələşdirilirdi. O, ## ###### 2025 tarixində həmin X10raq işə qəbul edilmişdir. Daha sonra isə həmin MMC-nin direktor şəxsi səbəblərindən dolayı işdən ayrıldığı üçün Təsisçilərin qərarı ilə bir müddət müəssisənin idarəsi direktor kimi ona tapşırılmışdır. Lakin, faktiki olaraq Şirkət Təsisçilər tərəfindən idarə edilmişdir. Daha sonra Təsisçilərin maliyyə çatışmazlığı səbəbindən digər əməkdaşlar kimi Təsisçilər onu da işdən çıxarmışlar. Ondan sonra və hal-hazırda da həmin Şirkətin direktoru Anar Teymurovdur. Ona görə də, hazırkı iş üzrə cavabdeh qismində Anar Teymurov adlı şəxs iştirak etməlidir. Əlavə olaraq, məlumat üçün qeyd edir ki, Anar Teymurov Şirkətin ilk direktoru və idarə edicisidir. Daha sonra isə Anar Teymurov sağlamlıq səbəblərindən dolayı direktorluqdan çıxıb və rəsmi qurumlarda iştirak üçün başqa şəxsləri, o cümlədən də onu müvəqqəti olaraq direktor təyin edibdir.

2. Birinci instansiya məhkəməsində icraat

Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) ## ### 2026-cı il tarixli, e-*-*(*- **)-***/**** nömrəli qətnaməsi ilə ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş Idarəsinin xüsusi icraat qaydasında verilmiş maraqlı şəxs Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi təmin edilərək, həmin qətnamədə Qət olunmuşdur ki: - “Ərizə təmin edilsin. ##.##.1993-cü il təvəllüdlü, Mingəçevir şəhərində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FIN nömrəsi – *******, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 17278099) “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 4368 manat, Işsizlikdən sığorta fonduna 185,67 manat, dövlət büdcəsinə 5722,14 manat məbləğində, Icbari Tibbi Sığorta Fonduna 743,39 manat olmaqla, ümumilikdə 11019,2 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılsın. Ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.” Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsində maraqlı şəxs Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi ilə əlaqədar mübahisənin həlli üzrə birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Hüquqi şəxs haqqında Məlumatdan görünür ki, Maraqlı şəxs “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəridir. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, ##.##.1993-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş Maraqlı şəxs ünvan 2 ünvanında qeydiyyatdadır. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi ödəyicisi qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş Idarəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış ##.##.2026-cı il tarixli və ##.##.2026-cı il tarixli bildirişlərə əsasən borcun 5 gün müddətində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi tələb edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ##.##.2026-cı il tarixli sərəncamlarına əsasən “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergilər üzrə borclarını və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün onun “xxxx” Açıq Səhmdar Cəmiyyətində, “xxxx”xxxx“xxxx” Açıq Səhmdar Cəmiyyətində olan bank hesablarına sərəncamlar verilmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X7 Baş Idarəsi tərəfindən ##.##.2026-cı il tarixdə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq edilmişdir. Maraqlı şəxs rəhbəri olduğu hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqələri ilə təsdiq edilir ki, hüquqi şəxsin ##.##.2026-cı il tarixinə müvafiq Fondlara və dövlət büdcəsinə ödənilməmiş borcu vardır. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi vergi ödəyicisi olan “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 4368 manat, Işsizlikdən sığorta fonduna 185,67 manat, dövlət büdcəsinə 5722,14 manat məbləğində, Icbari Tibbi Sığorta Fonduna 743,39 manat olmaqla, ümumilikdə 11019,2 manat borcu vardır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə və müvafiq fondlara olan borcunun ödənilməsini təmin etmək üçün “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə maraqlı şəxsin etirazına münasibətdə qeyd edir ki, maraqlı şəxs etirazının əsaslarını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, etiraz əsassızdır. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15- 3 və 24.0.2-1-ci maddələrinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddəsinə, “Tibbi sığorta” haqqında Azərbaycan Respublikası Qanunun 15-5.2.2-ci maddəsinə, “Işsizlikdən sığorta” haqqında Azərbaycan Respublikası Qanununun 6.2.2 və 6.2.3-cü maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.2, 217.1, 355-5.1, 355-5.2 və 355-7.3-cü maddələrinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz

- 3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri

Maraqlı şəxs Maraqlı şəxs “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*- *(*-**)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qərarda qeyd edilən "Ölkə xaricinə çıxma qadağasının" və "100 manat rüsum ödənilməsinin" ləğv edilməsi, işə X4 cavabdehliyi ilə yenidən baxılması və apellyasiya şikayəti üçün ödədiyi 50 manat rüsumun ona geri qaytarılması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxs Maraqlı şəxs tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, aşağıda qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilən Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*- *(*-**)-***/**** nömrəli qətnaməsini qanunsuz hesab edir. Məhkəmə gedişatında da bildirdiyi kimi, onun hal-hazırda “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə heç bir bağlılığı yoxdur. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti 2024-cü ildə Startap layihə kimi ərsəyə gəlib və dövlət tərəfindən Startap şəhadətnaməsi verilib. O, Şirkətə 2024-cü ilin noyabr ayında Rəqəmsal Marketinq əməkdaşı kimi dəvət edilmiş və Şirkətin sosial şəbəkə hesablarını düzəltmişdir. Daha sonra ona Marketinq direktoru vəzifəsi təklif edilib və Marketinq direktoru kimi Şirkətdə işə qəbul edilmişdir. Bir müddət sonra Şirkətin direktoru vəzifəsindən ayrılmışdır. Bu zaman Şirkətin əsas idarəedici şəxsi olan X4 (şirkət ilk dəfə təsis ediləndə ilk direktoru da özü olub) sağlamlıq problemləri olduğu üçün bir müddət direktorluğu Maraqlı şəxs, yəni ona təklif edib. Çünki, özü sağlamlıq vəziyyətinə görə idarə və qurumlara tez-tez gedə bilməyib. O, bir müddət direktor olsa da, şirkəti yenə də Teymurov Anar idarə etmişdir. Daha sonra təsisçilərin və Anar Teymurovun maliyyə problemləri yarandığı üçün şirkət maliyyə cəlb edə bilməyib və bu müddətdə bütün əməkdaşlar bir-bir Şirkətdən ayrılıb. 2025-ci ilin avqust ayına qədər Şirkət üçün fərqli mənbələrdən maliyyə cəlb etməyə çalışsalar da, bu mümkün olmayıb. Məcburən o, da Şirkətdən ayrılıb. Aprel ayından etibarən aylıq məvacibləri də ödənilməyib. 2025-ci ilin avqust ayından sonra özündə yaranan sinir problemləri səbəbindən bir neçə ay öz sağlamlığı ilə məşğul olmuş, daha sonra əməliyyat olmuşdur. Bu müddət ərzində işlər haqqında heç bir məlumatı olmayıb. Əməliyyatdan sonra səhhəti yaxşılaşanda isə maraqlanmış və adının hələ də Şirkətdə getdiyini öyrənmişdir. Buna görə də, ## ###### 2026-cı il tarixdə israrla rəsmi olaraq adının Şirkətdən silinməsini tələb etmiş və adı direktor vəzifəsindən silinmişdir. Direktor vəzifəsinə isə yenidən X4 özünü təyin etmişdir. Daha sonra öz işləriylə məşğul olduğu üçün Şirkət haqqında heç bir məlumatı olmamışdır. Rəsmi olaraq direktor kimi adı şirkətdə gedəndə də maliyyə məsələləri haqqında məlumatı olmayıb. Bütün ödənişləri mühasib və Anar Teymurov həyata keçirib. Bütün bunları nəzərə alaraq hesab edir ki, haqqında çıxarılan məhkəmə qərarı onun yox, X4 haqqında çıxarılmalıdır.

- 3.2) Apellyasiya şikayətinə qarşı etiraz

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar.

4. Iş üzrə apellyasiya icraatı:

- 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayəti vermiş maraqlı şəxs Maraqlı şəxs gəlmiş olsa da, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, ərizəçi tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında apellyasiya şikayətini vermiş maraqlı şəxs Maraqlı şəxs Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi və Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilərək, Vergi Orqanının onun “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinin rədd edilməsini və eyni zamanda, 100 manat rüsumun ondan tutulmaması və apellyasiya şikayəti üçün ödədiyi 50 manat rüsumun ona geri qaytarılması barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini – təsisçilərin ## ###### 2026-cı il tarixli əmri ilə həmin tarixdən vergi ödəyicisi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsindən azad edilməsi və ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş Idarəsinin onun “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinə birinci instansiya məhkəməsində baxılarkən və eləcə də, hal-hazırda da həmin hüququ şəxsdə işləməməsi və hüquqi şəxsin icra qurumunun rəhbəri olmaması ilə əsaslandırdı. Qeyd etmək lazımdır ki, apellyasiya icraatı zamanı ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş Idarəsi tərəfindən ## #### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə vergi ödəyicisi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid yeni “Hüquqi şəxs haqqında Məlumat” sənədini Şəki Apellyasiya Məhkəməsinə təqdim etmişdir. Həmin “Hüquqi şəxs haqqında” Məlumatdan görünür ki, hal-hazırda “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru, yəni icra qurumunun rəhbəri X4r. Bundan əlavə, apellyasiya icraatı zamanı apellyasiya şikayətini vermiş maraqlı şəxs Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, təsisçilərin ## ###### 2026-cı il tarixli əmri ilə Maraqlı şəxs vergi ödəyicisi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsindən azad edilmişdir.

- 4.2). Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - maraqlı şəxs Maraqlı şəxs tərəfindən apellyasiya şikayətində “qərarda qeyd edilən "Ölkə xaricinə çıxma qadağasının" və "100 manat rüsum ödənilməsinin" ləğv edilməsi, işə X4 cavabdehliyi ilə yenidən baxılması və apellyasiya şikayəti üçün ödədiyi 50 manat rüsumun ona geri qaytarılması barədə yeni qətnamə qəbul olunmasının” xahiş olunması və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

- 4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. II. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin normaları (maddələri): 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 6.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; ... 16.1.5. vergi orqanlarının vergi qanunvericiliyinin aşkar edilmiş pozuntularının aradan qaldırılması haqqında qanuni tələblərini icra etmək, habelə vergi orqanlarının vəzifəli şəxslərinin qanuni fəaliyyətinin icra edilməsinə maneçilik törətməmək; ... . 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: ... 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; ... . 24.1. Vergi orqanları: ... 24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. ... .

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin normaları (maddələri): 9.3.6-1. Vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək, vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: ... 305.1.12. vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında. ... . 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-7.4. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi - məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası, maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş Idarəsinin xüsusi icraat qaydasında verilmiş maraqlı şəxs Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş Idarəsi ## ### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında “vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi və digər müvafiq qanunvericilik normaları ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə vergi ödəyicisi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) ## ##### 2026-cı il tarixə hesablanmış Dövlət Büdcəsinə olan 5722,14 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna olan 4368 manat məbləğində borc, Icbari Tibbi Sığorta Fonduna olan 743,39 manat məbləğində borc və Işsizlikdən Sığorta Fonduna olan 185,67 manat məbləğində borc ödənilənədək, həmin vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri – ## ###### 1993-cü il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmiş və birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə həmin ərizə təmin edilmişdir. Lakin, maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayəti əsasında iş üzrə apellyasiya instansiyasında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, təsisçilərin ## ###### 2026-cı il tarixli əmri ilə Maraqlı şəxs vergi ödəyicisi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsindən azad edilmişdir və hal-hazırda vergi ödəyicisi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, yəni icra qurumunun rəhbəri X4r (qeyd olunanlar "AZEMIS" Elektron Məhkəmə Informasiya Sistemində olan məlumat bazasındakı məlumatlarla da təsdiq olunur). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, maraqlı şəxs Maraqlı şəxs halhazırda rəsmi olaraq vergi ödəyicisi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri, yəni həmin vergi ödəyicisinin qanuni təmsilçilik funksiyasına malik direktoru və qanuni təmsilçisi olması təsdiq edilmir. Yəni, hazırkı işin müəyyən edilmiş konkret hallarına görə maraqlı şəxs Maraqlı şəxs hal-hazırda borclu hüquqi şəxsə (vergi ödəyicisinə) heç bir aidiyyəti yoxdur. Belə olan halda, onun məlum borclarla əlaqədar ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması - “təqsirə görə məsuliyyət” prinsipindən kənarlaşmaya səbəb olmaqla, vergiləri ödəməyi təmin etmə üsulu kimi həmin tədbirin əhəmiyyətini də heçə endirər və eyni zamanda, hüquqi şəxsə hüquqi cəhətdən aidiyyəti olmayan şəxs barəsində qanunazidd və əsassız məhdudiyyət yaradar. Yəni, maraqlı şəxs Maraqlı şəxs hal-hazırda “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi (icra orqanının rəhbəri) olması öz təsdiqini tapmadığından, həmin vergi ödəyicisinin Dövlət Büdcəsinə və müvafi Fondlara olan vergi və digər məcburi ödənişlər üzrə borclarına görə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyanın 28-ci maddəsinin III hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və yaşayış yeri seçmək hüququ var; Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var; Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz; Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz. Birləşmiş Millətlər Təşkilatının Insan Hüquqları Komitəsinin Beynəlxalq Paktın 12-ci maddəsinə dair qəbul etdiyi ## ###### 1999-cu il tarixli ** saylı X5 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3-cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu qanunvericilikdə deyil, həmçinin həmin qanunvericiliyin tətbiq edilməsi prosesi çərçivəsində inzibati və məhkəmə hakimiyyəti orqanlarında da əməl olunmalıdır. Insan Hüquqlarının və X8 haqqında Konvensiyaya dair * saylı Protokolun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş Idarəsinin xüsusi icraat qaydasında verilmiş maraqlı şəxs Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi, yəni “## ##### 2026-cı il tarixə hesablanmış “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Büdcəsinə olan 5722,14 (beş min yeddi yüz iyirmi iki manat 14 qəpik) manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna olan 4368 (dörd min üç yüz altmış səkkiz) manat məbləğində borc, Icbari Tibbi Sığorta Fonduna olan 743,39 (yeddi yüz qırx üç manat 39 qəpik) manat məbləğində borc və Işsizlikdən Sığorta Fonduna olan 185,67 (yüz səksən beş manat 67 qəpik) manat məbləğində borc ödənilənədək, həmin vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri – ## ###### 1993-cü il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi təmin edilməməlidir. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu isə apellyatora aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş Idarəsinin xüsusi icraat qaydasında verilmiş maraqlı şəxs Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi, yəni “## ##### 2026-cı il tarixə hesablanmış “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Büdcəsinə olan 5722,14 (beş min yeddi yüz iyirmi iki manat 14 qəpik) manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna olan 4368 (dörd min üç yüz altmış səkkiz) manat məbləğində borc, Icbari Tibbi Sığorta Fonduna olan 743,39 (yeddi yüz qırx üç manat 39 qəpik) manat məbləğində borc və Işsizlikdən Sığorta Fonduna olan 185,67 (yüz səksən beş manat 67 qəpik) manat məbləğində borc ödənilənədək, həmin vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri – ## ###### 1993-cü il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar