Məhkəmə qərarları › İş №e-2-2(3-6)-1001/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-1001/2026

18.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-1001/2026 18.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı MMC-nin cavabdeh cavabdeh2 qarşı “pul tələbi”nə dair kommersiya mübahisəsi üzrə Açıq sözlər: alqı-satqı müqaviləsi, sübutetmə yükü Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X8 və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh cavabdeh2 iştirakı ilə, iddiaçı İddiaçı MMC-nin cavabdeh cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı MMC (satıcı) ilə cavabdeh2 (alıcı) arasında ##.##.2023-cü il tarixdə ****/** saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə satıcı (iddiaçı) razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə istehsal və idxal etdiyi və/və ya digər hüquqi formada ticarət predmeti olan məhsulu alıcıya (cavabdehə) satmağı, alıcı isə məhsulu satıcıdan qəbul etməyi və satıcıya müqavilənin qiymət təklifində nəzərdə tutulmuş dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: 3.1-ci bəndinə görə məhsulun hər partiya üzrə sifarişi alıcının şifahi, yazılı və ya rəsmi elektron məktubla müraciətinə əsasən satıcının səlahiyyətli nümayəndəsi tərəfindən dərhal mobil POS terminalında qeydiyyat aparmaqla qeyd olunur. X6 müəyyənləşdirilmiş qiymətləri ilə hesablanmış sifariş qiyməti müəyyən olunur və sifariş satıcı tərəfindən təsdiq olunur. Məhsulun miqdarı, çeşidi, markası ilə bağlı müddəalar Sifarişlə razılaşdırılır; 3.2-ci bəndinə görə məhsul satıcı tərəfindən təsdiq olunmasından sonra 2 gün ərzində alıcının çatdırılma məntəqəsinə satıcının hesabına çatdırılır; 3.3-cü bəndinə görə məhsulun təhvil-təslimi çatdırılma məntəqəsində tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Alıcı (səlahiyyətli nümayəndəsi) məhsulu satıcının müvafiq POS terminaledan çıxışı – satış fakturası, qaimə faktura və ya müvafiq elektron qaimə faktura əsasında qəbul edir: a) kəmiyyət çeşid üzrə - fakturaya müvafiq olaraq məhsulun vahidlərinin, tara və qablaşdırmanın yoxlanılması, yenidən sayılma, ölçmə və ya çəkilməsi yolu ilə; b) keyfiyyət üzrə mexaniki zərər aşkar etmək üçün məhsulun hər bir vahidinə və ya tara və qablaşdırmasına vizual baxış keçirmək yolu ilə. 4.1-ci bəndinə görə müqavilənin dəyəri alıcının sifarişlərinin cəmi əsasında müəyyənləşdirilir və satıcının alıcıya ünvanladığı Qiymət təklifində müəyyən olunan qimətlərə əsasən razılaşdırılır. Alıcının qiymətlərlə razılaşmadığı təqdirdə Qiymət təklifinin göndərildiyi gündən 3 gün ərzində etiraz edə bilər. əks təqdirdə qiymətlər razılaşdırılmış hesab edilə bilər; 4.3-cü bəndinə görə müqavilə üzrə ödənişlər aşağıdakı qaydada aparılır: 4.3.1. nağd satış qaydasında: Məhsulun satıcıya bilavasitə təhvil verilməsi anında satıcı tərəfindən təqdim olunan ödəniş sənədi (kassa mədaxil orderi və qəbzi) əsasında nağd ödəniş qaydasında və ya məhsulun təhvil-təslim edildiyi andan etibarən 2 iş günü ərzində hesablaşma hesabına köçürmə yolu ilə; 4.3.2. nisyə satış qaydasında: Nisyə satış formasında ödəniş Satıcı tərəfindən təqdim olunan elektron hesab-fakturaya və Malın təhvil-təslimini təsdiq edən müvafiq qaiməfakturaya əsasən Malın Alıcı tərəfindən qəbul edildiyi tarixdən etibarən 14 (on dörd) təqvim günü ərzində Alıcı tərəfindən nağd və nağdsız hesablaşmalar qaydasında aparılır. 4.3.2.1. Müqavilənin nisyə satış qaydasında ödəniş şərtləri aşağıdakı müddəalar nəzərə alınmaqla müəyyənləşdirilir: 4.3.2.2. satıcı tərəfindən alıcının ödəmə qabiliyyətinə müvafiq olaraq kredit limiti (borc həddi) təyin edilir. Kredit limiti (borc həddi) dedikdə, nisyə satış qaydasında satılan məhsulun dəyərinin ödənilməsində alıcıya müəyyən borc məbləği həddində güzəşt edilməsi başa düşülür. Kredit limitinin məbləği satıcının mülahizəsinə əsasən alıcının ödəmə qabiliyyətinə müvafiq olaraq fərdi təyin olunur və müqvilənin qüvvədə olduğu müddət ərzində depozit borcu olaraq dondurulur; 4.3.2.3. nisyə satış qaydasında alıcı tərəfindən aparılan ödənişlər kredit limiti nəzərə alınmaqla nağd ödənişlər üçün nəzərdə tutulmuş müddət ərzində hər ay tam icra edilməlidir. Əks təqdirdə alıcının yeni məhsul sifarişləri satıcı tərəfindən təsdiq edilməyəcəkdir; 4.3.2.4. nisyə satış formasında alıcı satıcının hesabına ödəməli olduğu vəsaiti nağd və ya köçürmə formasında hər ayın sonu yalnız satıcının səlahiyyətli nümayəndəsindən mədaxil qəbzi (təhsilat) alamaqla ödəyir. Bu qaydanın alıcı tərəfindən pozulması nəticəsində yaranmış mübahisəyə görə məsuliyyəti alıcı daşıyır; 4.3.2.5. alıcı tərəfindən məhsulun faktura ilə müəyyən edilmş dəyəri nağd və ya köçürmə yolu ilə alıcı tərəfindən ödənilir. Əgər tərəflər arasında borc yaranarsa satıcı malın dəyərinin ödənilməsini qarantiyaya alınması məqsədilə alıcıya qarşı borcun etirafı haqqında ərizə, akt tətbiq edə bilər.

2. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, 2023 və 2024-cü illər ərzində cavabdeh tərəfindən təyinatı müxtəlif elektron-qaimələr göstərilməklə iddiaçıya məxsus bank hesabına köçürmələr edilmişdir.

3. ##.##.2025-ci il tarixli Malların təhvil-qəbul aktında 990 manat və 843,06 manat, ##.##.2025-ci il tarixli Malların təhvil-qəbul aktında isə 255,60 manat (son borc 1920,9 manat göstərilməklə) dəyərində malların təhvil verilməsi qeyd edilmiş, Aktın “....təhvil aldım” hissəsi Mirzəzadə Şakir adlı şəxs tərəfindən imzalanmışdır.

4. İcarəyə verən qismində X1 və icarəçi qismində cavabdeh2 arasında bağlanmış ##.##.2024-cü il tarixli müqavilənin ləğvinə dair razılaşmadan görünür ki, tərəflər Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin 163 ünvanında yerləşən, ümumi sahəsi 155,4 kv.m olan obyektə dair rəsmiləşmiş 3M/*** reyestr nömrəli icarə müqaviləsini ləğv etmişlər. Bundan sonra cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə (bundan sonra – baş İdarə) ərizə ünvanlayaraq icarə müqaviləsi ləğv edildiyindən **********-12001 obyekt kodlu müəssisədə fəaliyyətinin dayandırıldığını və digər vergi tutulan əməliyyatların ##.##.2024-cü il tarixdən etibarən ləğv edildiyini bildirmişdir. Baş İdarə tərəfindən cavabdehə ünvanlanmış cavab məktubunda **********-12001 kodlu təsərrüfat subyektinin (obyekti) qeydiyyatdan çıxarıldığı bildirilmişdir.

5. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş arayışdan görünür ki, X2 ##.##.2025-ci il tarixinhdən etibarən Bakı şəhəri, Xəzərrayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin ünvanında yerləşən **********-12001 kodlu təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat:

6. İddiaçı müqavilə üzrə ödənilməmiş 3000 manat pulun və 50 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” ##.##.2023-cü il tarixli, ****/**** saylı müqaviləyə əsasən iddiaçı cavabdehə ümumi dəyəri 3000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə müqaviləyə əsasən, həmin məhsulları qəbul etmiş və malların dəyərini pul şəklində ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya olan borcunun 3000 manat hissəsini bu günədək ödəməmişdir.

8. İddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 386.1, 389.1, 390.1, 442, 567, 598.1, 598.2, 445.2, 598.3, 443.1, 448.1-ci maddələri göstərilmişdir.

9. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, o, 2 dəfə iddiaçıya məxsus hüquq departamentinə yaxınlaşaraq 2024-cü ilin iyun ayından ona məxsus olmuş **********-12001 kodlu təsərrüfat subyektindən (obyektindən) qeydiyyatdan çıxarıldığını bildirmişdir. 2024-cü ildə icarə müqaviləsinə xitam verilmişdir. Lakin qaimələrə, alqı-satqı aktlarına baxdıqda 2025-ci ilin mart ayına aid olduğu müəyyən edilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qeydiyyatdan çıxarılma barədə arayışı mövcuddur. Fəaliyyətin ləğv tarixi: ##.##.2024. Odur ki, iddia əsassızdır.

10. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. MM-nin 386.1-ci maddəsindən də göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan əmələ gəlməklə əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması, ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır. İşin mübahisəsiz hallarından da görünüb ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə görə iddiaçı razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə istehsal və idxal etdiyi və/və ya digər hüquqi formada ticarət predmeti olan məhsulu cavabdehə satmağı, cavabdeh isə məhsulu iddiaçıdan qəbul etməyi və müqavilənin qiymət təklifində nəzərdə tutulmuş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, 2023 və 2024-cü illər ərzində cavabdeh tərəfindən təyinatı müxtəlif elektron-qaimələr göstərilməklə iddiaçıya məxsus bank hesabına köçürmələr edilmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli Malların təhvil-qəbul aktında 990 manat və 843,06 manat, ##.##.2025-ci il tarixli Malların təhvil-qəbul aktında isə 255,60 manat (son borc 1920,9 manat göstərilməklə) dəyərində malların təhvil verilməsi qeyd edilmiş, Aktın “....təhvil aldım” hissəsi Mirzəzadə Şakir adlı şəxs tərəfindən imzalanmışdır. Hazırda iddiaçı həmin təhvil-qəbul aktlarına əsasən təhvil verilmiş malların dəyərinin ödənilməsini tələb edir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh əvvəllər **********- 12001 obyekt kodu altında Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin 163 ünvanında yerləşən, ümumi sahəsi 155,4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Lakin icarəyə verən qismində X1 və icarəçi qismində cavabdeh2 arasında bağlanmış ##.##.2024-cü il tarixli müqavilənin ləğvinə dair razılaşmadan görünür ki, tərəflər Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin 163 ünvanında yerləşən, ümumi sahəsi 155,4 kv.m olan qeyri-yaşayış sahəsinə dair 3M/*** reyestr nömrəli icarə müqaviləsini ləğv etmişlər. Bundan sonra cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə ərizə ünvanlayaraq icarə müqaviləsi ləğv edildiyindən **********-12001 obyekt kodlu müəssisədə fəaliyyətinin dayandırıldığını və digər vergi tutulan əməliyyatların ##.##.2024-cü il tarixdən etibarən ləğv edildiyini bildirmişdir. Baş İdarə tərəfindən cavabdehə ünvanlanmış cavab məktubunda **********-12001 kodlu təsərrüfat subyektinin (obyekti) qeydiyyatdan çıxarıldığı bildirilmişdir. Həmçinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş arayışdan görünür ki, X2 ##.##.2025-ci il tarixindən etibarən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin ünvanında yerləşən **********-12001 kodlu təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alınmışdır. Yuxarıda qeyd edilən işin hallarından müəyyən edilir ki, cavabdeh ##.##.2024-cü il tarixdən etibarən təsərrüfat obyekti üzrə bağladığı icarə müqaviləsinə xitam verərək ##.##.2024-cü il tarixdən həmin obyekt üzrə fəaliyyətinin dayandırıldığını bildirmiş, buna əsasən Baş İdarə tərəfindən cavabdehə ünvanlanmış cavab məktubunda **********- 12001 kodlu təsərrüfat subyektinin (obyekti) qeydiyyatdan çıxarıldığı bildirilmişdir. Digər tərəfdən, təhvil verildiyi iddia edilən mallar üzrə ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli təhvil-təslim aktlarında həmin malların cavabdeh tərəfindən deyil, Mirzəzadə Şakir adlı şəxs tərəfindən təhvil alındığı, X2 adlı şəxsin ##.##.2025-ci il tarixindənetibarən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin ünvanında yerləşən **********-12001 kodlu təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alındığı müəyyən edilmişdir. Beləliklə, şərh edilənlər əsasında məhkəmə o qənatə gəlib ki, iddiaçı tərəfindən dəyəri ödənilməsi tələb edilən mallar cavabdehə təhvil verilmədiyindən sonuncu tərəfindən də təhvil almadığı hər hansı mala görə onu ödəmək öhdəliyi yaranmamış, bu səbəbdən də iddia təmin edilə bilməz. Məhkəmə hesab edib ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

12. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən AR Mülki Məcəlləsinin 6.2, 385.1, 442, 576, 601.1-ci maddələrinə istinad etmişdir.

13. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

14. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş materiallarını düzgün qiymətləndirmədən cavabdehin vergi uçotunda fəaliyyətinin dayandırılması faktını tərəflər arasında bağlanmış müqavilənin faktiki olaraq qüvvədən düşməsi kimi qəbul etmişdir. Lakin bu nəticə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə ziddir. ##.##.2023-cü il tarixli ****/** nömrəli alqı-satqı müqaviləsi tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır və iş materiallarında həmin müqavilənin ləğv edilməsi, ona xitam verilməsi və ya etibarsız hesab olunması barədə hər hansı sübut mövcud deyildir. Cavabdeh tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilməsi barədə iddiaçıya hər hansı yazılı və ya şifahi bildiriş təqdim edilməmiş, müqavilə münasibətlərinin dayandırılması barədə məlumat verilməmişdir. Vergi orqanında fəaliyyətin dayandırılması mülki-hüquqi müqaviləyə avtomatik olaraq xitam verilməsi demək deyildir. Vergi qeydiyyatı ilə bağlı inzibati prosedur tərəflər arasında mövcud olan mülki hüquq münasibətlərini öz-özünə ləğv etmir və müqavilədən irəli gələn hüquq və vəzifələri aradan qaldırmır. Bundan başqa, vergi uçotunda fəaliyyətin dayandırılması şəxsin faktiki sahibkarlıq fəaliyyətini davam etdirməsini istisna etmir. Belə olan halda məhkəmənin yalnız vergi orqanındakı qeydiyyata əsaslanaraq müqavilə münasibətlərinin başa çatdığı qənaətinə gəlməsi tamamilə əsassız olmuşdur. ##.##.2023-cü il tarixli, ****/** nömrəli alqısatqı müqaviləsinin 10.4.2-ci maddəsinə əsasən, müqavilə tərəflərdən biri digərini 30 gün öncədən xəbərdar etməklə birtərəfli qaydada ləğv oluna bilər. Deməli, məhkəmə müqavilənin hüquqi qüvvəsini düzgün qiymətləndirməmiş, Mülki Məcəllənin 385.1-ci maddəsini yanlış tətbiq etmişdir ki, bu da qətnamənin ləğvi üçün müstəqil əsasdır. Məhkəmə malların təhvil verilməsi ilə bağlı sübutlara da düzgün hüquqi qiymət verməmişdir. İş materiallarından görünür ki, cavabdeh vergi orqanında fəaliyyətini dayandırmasına baxmayaraq bu barədə iddiaçıya heç bir məlumat verməmiş, əksinə, kommersiya münasibətlərini davam etdirmişdir. Bundan əlavə, cavabdeh X2 iddiaçıya öz işçisi kimi təqdim etmiş, həmin şəxsin malları qəbul etməyə səlahiyyətli olduğunu bildirmişdir. Malların həmin şəxsə təhvil verilməsi də məhz cavabdehin göstərişi və təqdim etdiyi məlumat əsasında həyata keçirilmişdir. ##.##.2023-cü il tarixli, ****/** nömrəli alqı-satqı müqaviləsinin 3.7-ci maddəsinə əsasən, məhsullar faktura üzrə alıcıya verildiyi andan onun mülkiyyəti hesab olunur və faktura ilə məhsulları alıcı özü və ya rəsmi olaraq səlahiyyət verdiyi şəxs qəbul edir. Bu qaydanın pozulması ilə bağlı məsuliyyəti alıcı tərəf daşıyır. Belə olan halda cavabdehin sonradan həmin şəxsin səlahiyyətini inkar etməsi və bu haldan öz xeyrinə istifadə etməsi mülki hüququn vicdanlı davranış prinsipinə ziddir. Cavabdeh qeyd edilən əməli ilə iddiaçının xeyrinə əsassız varlanmaq niyyətində olmuşdur. Məhkəmə isə bu mühüm faktlara hüquqi qiymət verməmiş, cavabdehin iddiaçıdan gizlətdiyi halları nəzərə almamış və bununla da Mülki Məcəllənin 567ci maddəsini düzgün tətbiq etməmişdir. İşə baxan birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara və iddia ərizəsinin arqumentlərinə heç bir hüquqi qiymət verməmiş, məhkəmə araşdırması ilə iddia tələbinin tamamilə əsaslı olduğunun müəyyən edilməsinə baxmayaraq, qətnaməni mötəbər arqumentlərlə əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi qeyd edilən prosessual hüquq normalarının tələblərinə əməl etməmişdir. Bütün bunlar, Bakı Kommersiya Məhkəməsinin iş üzrə e-*-*(*-**)-****/**** saylı iş üzrə ##.##.2026cı il tarixli qətnaməsinin tamamilə qanunsuz və əsassız olduğunu bir daha təsdiq edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

16. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.

17. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

18. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

19. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edildiyindən və həmin qətnamədən verilmiş apellyasiya şikayətində iddiaçı qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdiyindən, qətnamənin əsaslılığı və qanuniliyi tam həcmdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh cavabdeh2 arasında ##.##.2023-cü il tarixdə ****/** saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı razılaşdırılmış miqdarda və çeşiddə məhsulları cavabdehə təhvil verməyi, cavabdeh isə həmin məhsulların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Hazırda iddiaçı həmin müqavilə üzrə malları cavabdehə təhvil verdiyini əsas gətirərək onların dəyərinin cavabdehdən tutulmasını tələb edir.

25. İşə baxan məhkəmə iddianı rədd edərkən, mübahisəli malların cavabdehə deyil, Mirzəzadə Şakir adlı şəxsə təhvil verildiyini, həmin şəxsin cavabdehin adından malları qəbul etməyə səlahiyyətli şəxs olmasının sübuta yetirilmədiyini, habelə cavabdehin ##.##.2024-cü ildən müvafiq obyektdə fəaliyyətini dayandırdığını nəzərə almışdır.

26. Göründüyü kimi, iddiaçının istinad etdiyi faktiki hallar əsasən iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.1-ci maddəsi təşkil edir.

27. Hazırkı halda iddiaçı dəyərinin ödənilməsi tələb etdiyi məbləğdə malların cavabdehə təhvil verildiyini sübut etmək üçün alıcının adından Mirzəzadə Şakir adlı şəxs tərəfindən imzalanmış təhvil-qəbul aktlarını təqdim etmişdir. Bununla belə, həmin şəxsin malları cavabdehin adından qəbul etməyə səlahiyyətli şəxs olması iş materiallarına əsasən müəyyən edilmir, malların faktiki olaraq cavabdehə təhvil verilməsini təsdiq edən digər mötəbər sübutlar da iş materiallarına əlavə edilməmişdir. İddiaçı həmin şəxsin cavabdeh tərəfindən səlahiyyətli şəxs kimi təqdim edildiyini iddia etsə də, həmin halı, o cümlədən əvvəlki alqı-satqı əməliyyatları üzrə də malların cavabdehin adından sözügedən şəxs tərəfindən təhvil alınmasını təsdiq edən sübutları təqdim etməmişdir. Belə olan halda, hazırda ödənilməsi tələb edilən malların cavabdehə təqdim edilməsi sübuta yetirilmədiyindən, onların dəyərinin cavabdehdən tutulması üçün əsasların mövcudluğu müəyyən edilmir.

28. Bundan başqa, o da qeyd edilməlidir ki, birinci instansiya məhkəməsnin müvafiq təsərrüfat obyektinin vergi uçotundan çıxarılmasına istinad etməklə mübahisəli alqı-satqı müqaviləsinin ləğv edilmiş hesab edilməsi əsassız nəticəyə gəlməsi və bu əsasla iddia rədd etməsi barədə apellyasiya şikayətinin dəlilləri də öz təsdiqini tapmır. Belə ki, apellyasiya şikayətində göstərilənlərin əksinə olaraq birinci instansiya məhkəməsi 2024-ci ildə cavabdehin fəaliyyətinin dayandırılması və müvafiq təsərrüfat obyektinin vergi uçotundan çıxarılması faktlarını tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini deyil, 2025-ci ildə mübahisəli malların cavabdehə təhvil verilməməsini dolayısı ilə təsdiq edən hallar qismində nəzərə almışdır.

29. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar