Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2-2(3-9)-198/2026 22.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qərardadından (hakim Zaur Abbasov) iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək 12500 manat borcun, gecikdirilmiş vaxt üçün borc məbləğinin illik beş faizi, yəni 1250 manat məbləğində pulun və 132 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-ci il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmişdir. ##.##.2026-cı ildə cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, həmçinin apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsini ayrıca ərizə ilə xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həmin qətnamənin mövcudluğu barədə icra şöbəsindən məlumat aldıqdan sonra qətnamənin ona təqdim edilməsi üçün Şirvan Kommersiya Məhkəməsinə müraciət etmiş və ##.##.2026-cı il tarixdə qətnamə ona təqdim olunmuşdur. Bundan sonra elektron kabinetini ##.##.2026-cı il tarixdə aktiv edərək qətnamədən dərhal şikayətlə müraciət etmişdir. Çünki, elektron kabinetə daxil olmağı yalnız bundan sonra mümkün olmuşdur. İddiaçı İddiaçı ərizəyə qarşı yazılı etiraz təqdim edərək, ərizənin rədd edilməsini və apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə geri qaytarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh 12500 manat pul vəsaiti, 1250 manat məbləğində gecikdirmə faizi və ödənilmiş 132 manat dövlət rüsumu olmaqla, cəmi 13882 manat məbləğində pul tutularaq ona ödənilməs qət edilmişdir. Cavabdeh məhkəmə qətnaməsi çıxdıqdan təqribən beş ay keçdikdən sonra həmin qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti ilə birlikdə apellyasiya şikayətinin verilməsinə görə buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə ərizə ilə müraciət etmişdir. Aşağıdakı əsaslara görə hesab edilir ki, cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Şirvan Kommersiya Məhkəməsinin yuxarıda qeyd edilmiş qətnaməsi ##.##.2026-cı il tarixində elektron məhkəmə informasiya sistemində yerləşən elektron kabinet vasitəsi ilə proses iştirakçılarına təqdim olunmuşdur. Qətnamə elektron kabinetə yerləşdirildikdən sonra qanunvericilikdə müəyyən olunmuş müddət ərzində həmin qətnamədən yuxan instansiya məhkəməsinə şikayət verilməmiş, ona görə də məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdi. İş materiallarında olan sübutlarla müəyyən olunur ki, cavabdehin elektron məhkəmə informasiya sistemində elektron kabineti mövcuddur. Məhkəmə də həm elektron kabinet, həm də sms bildiriş vasitəsi ilə cavabdehi məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırmış, məhkəmə icraatı ilə bağlı lazımı sənədləri, o cümlədən iş üzrə qəbul olunmuş yekun məhkəmə aktını (yekun məhkəmə aktını ##.##.2026-cı il tarixində) cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Artıq həmin tarixdən (##.##.2026-cı il tarixindən) məhkəmə qətnaməsi cavabdehə rəsmi olaraq təqdim edilmiş hesab edilir (MPM-in 10-1.3-cü maddəsinə əsasən). Cavabdeh isə qətnamə elektron sistemə yerləşdirildiyi tarixdən bir ay ərzində həmin qətnamədən şikayət verməmişdir. Cavabdehin istinad etdiyi hal, guya ona məxsus elektron kabinetin aktiv olmaması əsassızdır. Belə ki, əgər elektron kabinet aktiv olmasaydı məhkəmə müvafiq sənədləri məhz həmin kabinetə yerləşdirə bilməzdi. Elektron kabineti vaxtaşırı yoxlamamaq cavabdehin iradəsindən asılı səbəbdir. Başqa sözlə elektron kabinet vasitəsi ilə məlumat almaq cavabdehin vəzifəsidir. O, özünün bu vəzifəsinin iradəsindən asılı olaraq sərbəst icra etməmiş olubsa ona görə nə məhkəmə aparatının əməkdaşlarının, nə də ki iddiaçının burada təqsiri yoxdur, cavabdeh sadəcə bu yolla süni olaraq özü üçün müddət qazanmağa çalışır. Əgər məhkəmə cavabdehin müddətin bərpası ilə bağlı ərizəsini təmin etsə, bunun özü qanunsuzluqdur. Birincisi ona görə ki, hüquqdan süi-istifadə qanunla qadağandır. İkinci də ona görə ki, bu məhkəmə sistemində mənfi bir təcrübənin yaranmasına gətirib çıxara bilər. Bu gün qloballaşan dünyada elektron məhkəmə sisteminin geniş vüsət aldığı və Azərbaycan Respublikasında məhkəmələrin elektronlaşdırılması üçün böyük vəsait və xidmət sərf olunduğu bir dövrdə elektron məhkəmə informasiya sisteminin imkanlarından istifadə etməməyə şəraitin yaradılması, heç bir halda qanuni və ədalətli ola bilməz. Sözügedən məhkəmə aktı icra olunması üçün ##.##.2026-cı il tarixində Lənkəran rayon İcra Şöbəsinin icra məmuru Eyvin Babayevin icraatına daxil olmuşdur. Eyni tarixdə iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bu barədə məlumat borcluya rəsmi qaydada göndərilmişdir. Eyni zamanda borclunun mobil telefonuna sms bildiriş də göndərilmişdir. İcra məmuru tərəfindən bütün üsul və vasitələrdən istifadə edilməsinə baxmayaraq borclu İcra məmurunun qanunu çağırışına gəlməmişdir. Cavabdeh icra məmurunun qanuni tələblərinə əməl etmədiyi üçün onun barəsində ##.##.2026-cı il tarixdə axtarış elan olunmuşdur. Ona görə də Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən o, ## #### 2026-cı il tarixində Lənkəran Rayon İcra şöbəsinə məcburi gətirilmişdir. İcra məmuru tərəfindən izahatı alınan Cavabdeh məhkəmə qətnaməsinin nəticə hissəsində qeyd olunan borcu qəbul etmiş, qısa zaman ərzində həmin borcu ödəməklə bağlı öhdəlik götürmüşdür. Bütün bunlar onu deməyə əsas verir ki, polis əməkdaşları tərəfindən axtarıldığından, onunla bağlı qanunamüvafiq tədbirlərin görülməsindən narahat olan Cavabdeh guya məhkəmə aktının mövcudluğu ilə bağlı "məlumatsızlıq" görüntüsü yaradaraq qətnamənin guya rəsmi qaydada ona çatmadığını əsas gətirərək qətnamənin ona verilməsi xahişi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə də yuxarıda qeyd olunan qətnamənin ##.##.2026-cı il tarixində onun elektron məhkəmə informasiya sistemində yerləşən elektron kabinetinə yerləşdirilməsinə, ##.##.2026-cı il tarixdə onun qeydiyyatda olduğu ünvanına göndərilməsinə baxmayaraq, ##.##.2026-cı il tarixdə yenidən həmin qətnaməni cavabdehə vermişdir. Bunun özü də mülki prosessual normaların tələblərinə ziddir. Göründüyü kimi qanunverici qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etdikdə həmin müddətin bərpasını mümkün hesab etmişdir. Hazırkı halda müddətin üzürlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir dəlil iş materiallarında yoxdur. İş materialları ilə müəyyən olunur ki, cavabdehin elektron məhkəmə informasiya sistemində elektron kabineti mövcuddur. Məhkəmə tərəfindən hazırkı iş üzrə qəbul olunmuş ##.##.2026-cı il tarixli yekun məhkəmə aktı ##.##.2026-cı il tarixində cavabdehin elektron kabinetinə yerləşdirilmişdir, yəni rəsmi olaraq cavadehə təqdim edilmişdir. Cavabdeh də qətnaməni rəsmi qaydada aldığı tarixdən bir ay müddətində həmin qətnamədən şikayət verməmişdir. Cavabdeh şikayətin verilməməsini elektron kabinetin aktiv olmaması ilə əlaqələndirsə də, bu həqiqəti əks etdirmir. Əslində elektron kabinet aktiv olmuşdur. Əgər elektron kabinet aktiv olmasaydı məhkəmə müvafiq sənədləri həmin kabinetə yerləşdirə bilməzdi. Elektron kabineti vaxtaşırı yoxlamamaq cavabdehin iradəsindən asılı səbəbdir. Başqa sözlə elektron kabinet vasitəsi ilə məlumat almaq cavabdehin vəzifəsidir. O, özünün bu vəzifəsinin iradəsindən asılı olaraq sərbəst icra etməmiş olubsa məhz buna istinad edib müddətin buraxılma səbəbini üzürlü hesab etmək olmaz. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi görə buraxılmış müddətin üzürlü hesab edilməsi üçün qanunla müəyyən edilmiş əsaslardan heç biri mövcud olmadığı üçün cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qərardadı ilə ərizə təmin edilmişdir. Qərardaddan ##.##.2026-cı ildə iddiaçı İddiaçı tərəfindən şikayət verilmişdir. Şikayət apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə qarşı verilmiş yazılı etirazın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmışdır. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmış və iş materialları şikayətə baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 10-1.3-cü maddəsinə əssən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. 135.8-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 134.1.5.-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. 135.1.-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Yuxarıda sadalanan prosessual normaların məzmunundan göründüyü kimi qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin axımı, qətnamənin rəsmi qaydada tərəfə verildiyi andan başlayır və yalnız qətnamənin rəsmi qaydada verildiyi andan keçən bir ay müddətində apellyasiya şikayəti verilmədiyi halda, prosessual müddət buraxılmış hesab olunur ki, bu halda qanunvericilik tərəfin üzərinə buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermək vəzifəsi qoyur. Kollegiya birinci instansiya məhkəməsi tərəfindən buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə verilən qiymətlə razılaşır. Belə ki, iş materiallarından görünür ki, qətnamə ##.##.2026-cı il tarixdə cavabdeh Cavabdeh məxsus elektron kabinetə göndərilsə də, “Elektron məhkəmə” informasiya sistemindən qətnamənin elektron kabinetə yerləşdirilməsini təsdiq edən sübut işdə yoxdur. Cavabdehin həmin qətnamənin mövcudluğundan məlumatlı olmasına dair iş materiallarında başqa sübut yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirmədən saxlayaraq şikayəti təmin etməmək səlahiyyəti vardır. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2-2(3-9)-198/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-9)-198/2026
22.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver