Məhkəmə qərarları › İş №e-2-2(3-6)-1026/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-1026/2026

09.09.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-1026/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: iddianın baxılmamış saxlanılması) Hakimlər X6 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin # ###### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) tərəfindən verilmiş şikayətə # ######## 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. Iş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki icraat

1. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-**)-****/**** nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir.

3. Həmin qərardaddan iddiaçının nümayəndəsi X3 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-**)-****/**** nömrəli qərardadının ləğv edilərək şikayətin təmin edilməsi və işə mahiyyəti üzrə baxılmasını, əks təqdirdə şikayətə baxılması üçün onun apellyasiya instansiya məhkəməsinə göndərilməsi və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadının ləğv edilməsi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.

5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) ##.##.2026-cı il tarixdə Bakı Kommersiya Məhkəməsinin # ###### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilərək şikayətin təmin edilməsini və işə mahiyyəti üzrə baxılmasını, əks təqdirdə şikayətə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli işi üzrə iddia tələbi ipoteka müqaviləsinə xitam verilməsi olmuşdur. Hazırkı iş üzrə iddia tələbi isə ##.##.2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsidir. Müqavilənin etibarsızlığı tələbi ilə müqaviləyə xitam verilməsi tələbinin hüquqi nəticələri və predmetləri tamamilə fərqlidir. Birinci işdə əqdin etibarsızlığı barədə iddia tələbi verilməmiş və həmin tələb üzrə qətnamə çıxarılmamışdır. Əvvəlki qətnamədə müqaviləyə verilən qiymət ən yaxşı halda preudisiya yarada bilər, lakin bu, yeni iddianın baxılmasını qadağan edən və baxılmamış saxnılmanı tələb edən prosessual maneə deyildir. Əvvəlki qətnamənin 30-cu paraqrafında məhkəmə ##.##.2016-cı il tarixli müqaviləyə toxunarkən qeyd etmişdir ki, “həmin müqavilənin etibarlılığı xxxx tərəfindən mübahisələndirilməmişdir”. Bu ifadənin özü sübut edir ki, əvvəlki məhkəmə müqavilənin etibarsızlığı məsələsini mübahisə obyekti kimi araşdırmayıb, sadəcə Bankın həmin vaxt bu barədə iddia qaldırmadığını təsbit edib. Bank məhz əvvəlki işdə etibarsızlıq mübahisələndirilmədiyi üçün indi müstəqil iddia ilə müraciət edərək bu hüququndan istifadə edir. Hesab edirik ki, məhkəmə müqavilənin etibarsızlığı ilə bağlı iddiaya mahiyyəti üzrə baxmaqdan imtina edərək işi baxılmamış saxlamaqla İddiaçı ASC-nin konstitusiya ilə təmin edilən məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmış, ədalət mühakiməsinə çatımlılıq prinsipini pozmuşdur.

7. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

8. Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa.

“Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” ## #### 2022-ci il tarixli Qərardadı:

9. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olubolmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Bu məsələdə etibarsızlığın hansı növdə (o cümlədən mübahisə edilən əqd) olmasının fərqi yoxdur. Məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır.

Məhkəmənin mövqeyi

10. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.

11. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin # ###### 2026-cı il tarixli, e-*-*(*-**)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

12. Iş materiallarından görünür ki, iddiaçı Cavabdeh MMC cavabdeh LPO İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi və daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ##.##.2016-cı il tarixli müqaviləyə əsasən, eləcə də iddia müddətinin ötməsini nəzərə alaraq Cavabdeh MMC ilə İddiaçı ASC arasında bağlanmış ## #### 2016- cı il tarixli 3 M/**** nömrəli ipoteka müqaviləsinə ## #### 2016-cı il tarixli *** nömrəli kredit müqaviləsinə təminat olan hissəsində xitam verilməsi və ünvan 1 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 9461,3 m2 olan qeyri-yaşayış binasının 1157,9 kv.m (3-cü mərtəbə və 6-ci mərtəbə restoran) ipotekadan azad edilərək həmin əmlakın ipoteka yüklülüyünün qeydə alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış ipoteka qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsinə əsasən, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh LPO İddiaçı ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin yüklülükdən azad edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir.

13. Həmin qətnamənin 30-cu paraqrafında məhkəmə ##.##.2016-cı il tarixli müqaviləyə hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin müqavilə sadə yazılı formada bağlansa da, tərəflərin səlahiyyətli şəxslərinin imzası və möhürlə təsdiq edilməklə, tərəflərin iradə ifadəsini müəyyən edir və etibarlılığı İddiaçı ASC tərəfindən mübahisələndirilməmiş, həmin dəlilə dair məhkəmə iclasında və etirazlarda heç bir münasibət bildirilməmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, qeyd edilən saziş xitam aktı deyil, xitam öhdəliyidir – tərəflər şərt baş verərsə, ipotekanı ləğv etmək öhdəliyi götürüblər. Bu, bilavasitə reyestrdəki əşya hüququnu xitam edən sənəd deyil, öhdəlik yaradan müqavilədir. Məhkəmə hesab etmişdir ki, iş üzrə ilkin iddiaçı qeyd edilən sazişlə şərt baş verdiyi halda, ipotekaya dair tələb hüququndan imtina edəcəyini üzərinə öhdəlik götürmüşdür və müqavilənin 3.2.2-ci bəndində qeyd edilən hal baş vermişdir.

14. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” ## #### 2022-ci il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə əsasən, məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən həmin əqdin etibarlı olub-olmamasını, etibarsızlığın növündən və ayrıca belə tələbin irəli sürülübsürülməməsindən asılı olmayaraq müəyyən etməli və işin halları əsasında əqdin etibarlı və ya etibarsız olması barədə gəldiyi nəticəni nəzərə almalıdır. Həmin hüquqi mövqeyə görə, məhkəmənin icraatında əqdə əsaslanan iddia olduğu halda, eyni əqdin etibarsız hesab edilməsinə dair ayrıca iddianın qəbul edilməsi prosessual baxımdan yolverilməzdir, belə iddia səhvən icraata qəbul edildikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. (§9).

15. Hazırkı işdə də ##.##.2016-cı il tarixli müqavilə artıq digər kommersiya mübahisəsinin hüquqi əsaslarından biri olmuş və həmin işə baxılarkən müqavilənin hüquqi qüvvəsi məhkəmə tərəfindən qiymətləndirilmişdir. Bu səbəbdən şikayətçinin həmin müqavilənin etibarsızlığı məsələsinin əvvəlki işdə mübahisə predmeti olmadığına dair arqumenti Ali Məhkəməsinin qeyd olunan hüquqi mövqeyi baxımından əsaslı hesab edilə bilməz.

16. Şikayətçinin istinad etdiyi “müqavilənin etibarsız hesab edilməsi” tələbi ilə “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin yüklülükdən azad edilməsi” tələblərinin eyni olmaması da bu nəticəni dəyişmir. Mülki Prosessual Məcəllənin 259.0.4-cü maddəsinin tətbiqi üçün yalnız formal olaraq iddia tələblərinin eyni məzmun daşıması tələb olunmur. Əsas məsələ ondan ibarətdir ki, eyni hüquqi münasibətin və həmin münasibətin əsasında duran əqdin hüquqi qüvvəsinə dair məsələ artıq məhkəmənin icraatında olan başqa mübahisə çərçivəsində həll edilməkdədir.

17. Belə olan halda kollgiyanın qənaətinə görə məhkəmənin gəldiyi nəticə işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur.

18. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir.

19. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

20. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

21. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ:

Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin # ###### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar