Məhkəmə qərarları › İş №e-2-2(3-6)-382/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-382/2026

13.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-382/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 və cavabdeh1 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: nizamnamə kapitalının artırılması, əsassız varlanma, sübutetmə) hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə iştiraklar ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 və cavabdeh1 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdehlər cavabdeh3 və cavabdeh1 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları

1. Bakı şəhəri, Nəsimi RPI-i Istintaq şöbəsinin ## ###### 2024-cü il tarixli cinayət işinin başlamasının rədd edilməsi haqqında Qərarında qeyd olunmuşdur ki, İddiaçı ərizəsi əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 2021-ci il tarixdən 2023cü ilin sentyabr ayına kimi öz mülkiyyətində olan Toyota Prius minik markalı ** HY *** dövlət qeydiyyat nişanlı və Honda Civic markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilləri cavabdeh3 və Şahinin Səmədovun işlətdiyi «xxxx» parkına icarəyə vermiş və həmin avtomobillərdən gələn gəliri hər ay götürmüşdür. Sonra həmin avtomobilləri şirkətdən geri götürərək özü satmışdır. Bundan başqa, İddiaçı cavabdeh3 və Şahinin Səmədovun işlətdiyi «xxxx» parkının 4\1 faizinə şərik olaraq onlara 7500 manat pul vermiş və bunun müqabilində bir il altı ay müddətində həmin şirkətdən gələn ümumi gəlirdən 10000 manat əldə etmişdir. Bundan əlavə, İddiaçı Firuz Salamzadəyə məxsus avtomobilə şərik olaraq 6 ay müddətində həmin avtomobildən gəlir əldə etmişdir. Həmin avtomobil əmlak kimi Firuz Salamzadəyə məxsus olduğu uçün avtomobili satmış və lakin avtomobildən aldığı pulun yarsını ona verəcəyini vəd etmişdir. İddiaçı «xxxx» parkına özünə məxsus avtomobilləri icarəyə verərək qazanc əldə etdiyinə, sonra həmin avtomobilləri özü şirkətdən götürərək satdığına və «xxxx» parkına şərik olduğu üçün həmin parkdan 1 il 6 ay müddətində qazanc əldə etdiyinə, bundan sonra Firuz Salamzadənin avtomobilnə şərik olaraq bir müddət icarə pulu əldə etdiyinə və Firuz Salamzadə öz mülkiyyətində olan avtomobili satdığını və həmin şəxslər arasında olan pul mübahisəsi mülki məsələ olduğuna görə toplanmış material üzrə cinayət işi başlanması rədd edilməli və İddiaçı gələcəkdə yuxarıda adları çəkilən şəxslərə qarşı tələbləri olarsa mülki qaydada məhkəməyə müraciət etməlidir.

2. cavabdeh1 məxsus səs yazısının olduğu fləşkartda qeyd etmişdir ki, İddiaçı 1800 manat borcu var və həmin məbləği ay sonuna qədər ödəyəcək.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

3. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh3 maddi zərərin əvəzi kimi 16200 manat; Cavabdeh Səmədov Nazim Şahin oğlundan maddi zərərin əvəzi kimi 4800 manat; Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 153 manat; Hüquqi yardımın göstərilməsi üçün Bakı ** saylı Vəkil Bürosuna ödənilmiş 500 manat pulun cavabdehlərdən tutularaq onaİddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlərlə aralarında uzun müddətdir ki, yaxşı münasibətlər var və onlar hər dəfə ona taksi biznesində kifayət qədər gəlir olduğunu bildirərək həmin biznesə pul yatırmağı təklif edirdi. Eyni zamanda keçmişdə yaxın dostluq münasibətində olduğu Salamzadə Firuz ona bu işə qoşulmağa və gəlir əldə etməyə dəvət etdi. O, ona inandıqdan sonra 1 ədəd ** HY *** dövlət nömrə nişanlı Toyota Prius markalı və 1 ədəd ** CK *** dövlət nömrə nişanlı Honda Cvic markalı avtomobilləri aldı və həmin avtomobilləri cavabdehlər cavabdeh3 və cavabdeh1 idarə etdiyi “xxxx” şirkətinə icarəyə verdi. Ilk 4-5 ayda hər ay hesabat verib və bu hesabatla bağlı ona məbləğlər ödəməyə başladılar. Lakin 5 ay tamam olduqdan sonra hesabatı başqa cür etməyə başladılar. Tərəfindən onlara təqdim edilmiş iki maşınının qazandığı məbləği bir kağıza yazdılar və pulu vermədilər. Pulu tələb etdikdə isə sabah, ertəsi gün və s. bəhanə gətirməyə başladılar. Cavabdehlər daha sonra ona taksi parka şərik olmağını təklif etdi və bildirdi ki, bunun üçün o, FLIT Şirkətinin dəyərinin 1\4 hissəsi olan 7500 manat pul vəsaitini onlara ödəməlidir. O, bir müddət düşündükdən və cavabdehlərin ona verdikləri xoş vədlərə inandıqdan sonra razılaşdı və 7500 azn pul vəsaiti cavabdehlərə ödənildi. Eyni zamanda həmin şirkətdə taksi kimi istifadə edilən avtomobillərin təmiri üçün cavabdehlərin tələbi ilə tərəfindən 7000 manat, avtomobillərin inzibati cərimələrinin ödənilməsi üçün 170 azn, Orxan Ismaylova isə şəxsi özü üçün borc olaraq 330 azn verilmişdir. Bundan başqa Toyota Prius markalı ** HJ *** dövlət nömrə nişanlı və Honda Cvic markalı ** CK *** dövlət nömrə nişanlı 2 avtomobilin, 2023-cü il may-avqust aylarını əhatə edən 4 ay üçün gəliri olaraq 1200 azn cavabdeh3 və 1800 azn cavabdeh1 tərəfindən ona ödənilməmişdir. Digər cavabdeh cavabdeh1 Yaşar oğlu birgə fəaliyyətləri dövründə ona şirkətin vergi problemlərinin yarandığını bildirdi və həmin vaxt ondan 3000 azn pul alaraq vergi məslələlərini həll edəcəyini qeyd etdi. Lakin bir müddət sonra Şahin tərəfindən aldadıldığını başa düşdü və bildi ki, hər iki cavabdeh öncədən planlı şəkildə onun pul vəsaitini ələ keçirməyə çalışıblar. Cavabdehlər tərəfindən aldadıldığını bilib bununla bağlı Nəsimi rayon PI-nə müraciət etdi. Nəsimi PI-nin istintaq şöbəsində araşdırma aparıldı və həmin vaxt izahatı alınmış cavabdehlə borcun bir qismini etiraf etmişdirlər. Nəsimi rayon PI-nin ## ###### 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdehlərin borcların olmasını təsdiq edən sübutlar tərəfindən təqdim ediləckdir. Hesab edir ki, iddia tələbi əsaslıdır və cavabdeh tərəfindən ondan almış olduğu pul, ondan tutularaq ona ödənilməlidir. Tərəfindən cavabdehlərə pretenziya ünvanlanaraq pul vasaitinin geri qaytarılması tələb edilmiş lakin cavabdeh tərəfindən pretenziyada göstərilən müddətdə pul vəsaiti geri qaytarılmamışdır.

5. Iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh3: - FLIT Şirkətinin dəyərinin 1\4 hissəsini almaq üçün ödədiyi 7500 manat pulun; - ** HY *** dövlət nömrə nişanlı Toyota Prius markalı və ** CK *** dövlət nömrə nişanlı Honda Cvic markalı avtomobillərin təmir xərcinin əvəzi kimi, 7000 manat pulun; cavabdeh3 şəxsi istifadəsi üçün borc verdiyi 330 manat pulun; - ** HY *** dövlət nömrə nişanlı Toyota Prius markalı və ** CK *** dövlət nömrə nişanlı Honda Cvic markalı avtomobillərin inzibati cəriməsinin əvəzi kimi 170 manat pulun; - ** HY *** dövlət nömrə nişanlı Toyota Prius markalı və ** CK *** dövlət nömrə nişanlı Honda Cvic markalı avtomobillərin 2023-cü ilin may-avqust aylarını əhatə edən 4 ay üçün gəlirin əvəzi kimi 1200 manat olmaqla ümumilikdə 16200 manat pulun; 2. Cavabdeh cavabdeh1 - ** HY *** dövlət nömrə nişanlı Toyota Prius markalı və ** CK *** dövlət nömrə nişanlı Honda Cvic markalı avtomobillərin 2023-cü ilin may-avqust aylarını əhatə edən 4 ay üçün gəlirin əvəzi kimi 1800 manat pulun; Vergi məsələlərinin həll edilməsi üçün ona geri ödəmədiyi 3000 manat pulun, ümumilikdə 4800 manat pulun; Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 153 manat; Hüquqi yardımın göstərilməsi üçün Bakı ** saylı Vəkil Bürosuna ödənilmiş 500 manat pulun cavabdehlərdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi bildirmişdir ki, iddiaçı İddiaçı 3 nəfər taksi şirkətinə şərik olmaq üçün birgə pul alsalar da, geri qaytarmamışlar. Bu şəxslərdən 1-i ilə bağlı artıq məhkəmə qətnaməsi çıxmış və icraya göndərilmişdir, ona görə də 2 nəfər cavabdeh qalmışdır. Iş üzrə sübutları tərəflər arasında yazışmalar, digər şəxslə bağlı məhkəmə qətnaməsi və cavabdehlərin etiraflarının olduğu qərardır. Həmin qərarda olan izahatda cavabdehlər borcun bir qismini etiraf etmişlər. Iddiaçı tərəf ilkin olaraq 2022-ci il tarixində 1 ay ara olmaqla 2 avtomobil alaraq cavabdehlərə taksi fəaliyyəti üçün vermiş və təxmini 400-700 arası aylıq gəlir cavabdehlər tərəfindən verilməsi razılaşdırmışdır. Cavabdehlər aylıq gəlirləri müxtəlif bəhanələrlə ödəməmişdir. Sonradan cavabdehlərə 7500 manat verməklə iddiaçı tərəf cavabdehlərlə işgüzar münasibətlərə qoşulmuşdur. Avtomobillər hər iki cavabdehə verilmişdir, cavabdehlərin yaratdığı proqram vasitəsilə avtomobil idarə olunurdu. 4 ay üçün 1200 manat hər avtomobilə görə 600 manat verilməsi tərəflər arasında yazışmalar vasitəsilə razılaşdırılmışdır, yazılı müqavilə mövcud deyil. 7500 manat yarı-yarı cavabdehlərdən tələb olunur. Avtomobilin cərimələri və təmiri ilə bağlı verilmiş 7000 manat cavabdehlərdən yarı-yarı tələb olunur. cavabdeh3 verilmiş 330 manat məbləğində şəxsi borc tələb olunur. cavabdeh1 1800 manat məbləğində pul, 2 avtomobilin 4 aylıq gəliri tələb olunur. cavabdeh1 iddiaçı tərəfdən 3000 manat məbləğində vergi məsələləri ilə bağlı pul vəsaiti almışdır. cavabdeh3 Nəsimi rayon Polis Idarəsində verdiyi izahatda 16200 manat məbləğindən qismən pul verilməsini etiraf etmişdir. 1200 manat 2 avtomobil üçün olan 4 aylıq gəlirdir. Avtomobillər saz vəziyyətdə cavabdeh3 verilsə də, sonradan təmir üçün 7000 manat məbləğində ödəniş iddiaçıdan çıxmışdır. Cərimələrin ödənilməsi üçün isə iddiaçı 170 manat məbləğində pul ödəmişdir. Avtomobil onların servisində təmir olunmalı olsa da, bu baş tutmamışdır. Cavabdeh cavabdeh1 6000 manat məbləğində pul verilmişdir, onun 3000 manat hissəsi cavabdeh tərəfindən geri qaytarılmışdır. Bununla bağlı səs yazıları vardır. 2850 manat əvvəlki dövrə aid başqa gəlirdən qalan borc da vardır və cavabdehlər tərəfindən ödənməmişdir. Vergi ilə bağlı iddiaçıdan 6000 manat istənildikdə bu qədər pulunun olmadığını bildirmişdir və sadəcə 3000 manat ödəmişdir, qalan 3000 manat isə borc məbləği ilə əvəzləşdirilmişdir, sonradan cavabdeh cavabdeh1 tərəfindən 3000 manat qaytarılmış, qalan 3000 manat məbləğ isə borc olaraq qalmışdır. Cavabdeh cavabdeh3 istənilən 300 manat borc məbləği sahibkarlıq fəaliyyətindən irəli gəlməsə də, eyni tərəfə qarşı tələb olduğuna görə iddia tələbində qeyd olunmuşdur. Məhkəməyə təqdim olunmuş əl yazmalardan da görünür ki, 4 ay müddət üçün cavabdeh cavabdeh3 1200 manat məbləğində və cavabdeh cavabdeh1 isə 1800 manat məbləğində borcu olduğunu qəbul etmişdir. Beləliklə iddiaçı tərəfindən avtomobillərə görə 3000 manat məbləğində əldə olunmalı olan gəlir cavabdehlər arasında bölünmüşdür. 7000 manat maşına dəymiş zərəri əldən çıxmış fayda kimi, 170 manatı isə avtomobil cavabdehlərdə olan zaman törədilən inzibati cərimələrə görə tələb edirlər. 330 manat cavabdeh cavabdeh3 iddiaçıya olan şəxsi borcudur. cavabdeh3 sırf 1200 manat borcunu etiraf etməsi ilə bağlı yazışma yoxdur, lakin digər cavabdehə münasibətdə yazışmalar mövcuddur.

7. Məhkəmə iclaslarında iştirak edən iddiaçı İddiaçı bildirmişdir ki, 2022-ci ilin yanvar ayında dostu və şəriki Firuz maşın təqdim etməklə ona ayda 700 manat gəlir ediləcəyi ilə bağlı vəd verərək biznəsə qoşulmağını təklif etmişdir. 5 ay müddətində Firuz biznəsi ona reklam etdi və bütün şərtlərlə tanış oldu. Firuz maşını ondan oğurlayaraq cavabdehlərə təqdim etmişdir və cavabdehlərlə mütəşəkkil dəstə kimi fəaliyyət göstərirdi. Şərtlərə görə maşınlardan ayda 700 manat və daha çox qazanc əldə olunacaqdı. Sürücü maşını yararsız vəziyyətə salsa cavabdehlər həmin avtomobili təmir etməyi öhdələrinə götürmüş və inzibati xətalara görə yaranmış cərimə məbləğini cavabdehlərin şirkəti tərəfindən ödəniləcəyini bildirmişdilər. Iyun ayında cavabdehlərdən 2 maşın almışdır. Bir maşına görə 500 manat, digər maşına görə isə 300 manat gəlir əldə edirmişlər və o, bu rəqəmlərdən narazı qalmışdır. Səbəbləri öyrənmək üçün müraciət etdikdə cavabdehlər tərəfindən müxtəlif bəhanələr gətirilirdi. Qarşı tərəf maşında olan nasazlıqların hamısını təmir etməyi boynuna götürmüşdü və sürücülərdən bu pulu aldığını bildirmişdilər. ## ####### 2022-ci il tarixində qarşı tərəf onu dəvət edib özlərinin biznesinin yarısını təklif etdilər. Onlar ona qazanc əldə olunması ilə bağlı müxtəlif vədlər verdilər, bunun müqabilində 7500 manat verilməsini təklif etdilər. Səhərisi gün cavabdeh3 7500 manat məbləğində pul ödəmişdir. Qarşı tərəf ona ayda 500 manat və daha çox vəd etməsinə baxmayaraq aylar keçdikdən sonra 200 manatlıq qəbz imzalatdı. Qarşı tərəfin ona 2850 manat borcu olmasına baxmayaraq ondan 6-cı gün axşam saatlarında uşaqlarının xəstəliyi ilə bağlı 500 manat borc istəmişdir. Həmçinin bildirmişdir ki, natoriusda borcu rəsmiləşdirə bilərlər və 2 gün sonra borcu ödəyəcəyini bildirmişdir. Orxan borcu ödəmədiyinə görə Şahindən pulun ödənilməsini tələb etmişdir, lakin o, ona borcun 1900 manat olduğunu bildirdi. Bunlardan əlavə vergi məsələləri ilə bağlı problemləri olduğunu dedikdə Orxan ona Şahinin keçmiş vergi işçisi olduğunu bildirmişdir. Şahinə müraciət etdikdə bunun müqabilində 6000 manat məbləğində pul tələb etmişdir. Orxan ona bildirdi ki, ona borclu olduğu 2850 manatın üstünə 3150 manat əlavə edib ver ki, bu problemi həll edək. Cəmi nağd qaydada sırf vergi məsələləri ilə bağlı 3150 manat ödənilmişdir. 1200 manat isə avtomobillərə görə istənilən məbləğdir, 2850 manat “Flit”-dən gələn faiz məbləğidir. 2850 manat məbləğinin Orxan tərəfindən Şahinə verilməsinə aid sübutları tərəflər arasında olan şifahi danışıqlardır. Həmçinin ona maşın yararsız vəziyyətdə təqdim olunmuşdur və təmir xərclərinə 7000 manat ödəmişdir. Qarşı tərəfdən hesabatları tələb etsə də, hələ də təqdim etməmişlər. cavabdeh3 avtomobillərə görə ona 1200 manat, cavabdeh1 isə 1800 manat məbləğində borcu vardır. Aylıq gəlirdən olan məbləğləri cavabdeh3 ödəyirdi. 1800 manat borcu olması ilə bağlı cavabdeh cavabdeh1 səs yazıları vardır. 2023-cü ilin oktyabr ayında o, 7500 manat məbləği cavabdehlərə vermişdir, lakin nə “xxxx” şirkəti ilə müqavilə bağlamış, nə də gəlir əldə etmişdir. Cavabdehlər ona ilk ay təxmini 200 manat məbləğində pul vəsaiti təklif etsələr də, əvvəl başqa vədlər verirdilər. Səbəbini soruşduqda isə müxtəlif bəhanələr gətirirdilər.

8. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh cavabdeh1 bildirmişdir ki, digər cavabdehlə əməkdaşlıq edərək fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Firuz adlı şəxs, hansı ki, iddiaçının iş yoldaşı vasitəsilə iddiaçını tanımışlar və 2 avtomobil alaraq onlara maşınları taksi fəaliyyəti ilə məşğul olmaları üçün vermişdir. Onlar maşını icarəyə götürmürlər, sadəcə iddiaçı qoşulub maşınlarını onlara əmanət edir və maşının bütün işləri onlar tərəfindən görülür. Iddiaçıya maşınla bağlı bütün məlumatlar verilir və iddiaçı proqram vasitəsilə maşınların fəaliyyətin izləyə bilir, hətta sürücülərlə əlaqə saxlayır və maşını istədiyi vaxt götürür. Aylıq fix məbləğ razılaşdırılmamışdır, hər aya görə hesablanmış müəyyən məbləğlər iddiaçıya ödənilirdi. Onlara proqramdan əlavə faiz gəldiyi üçün işdə maraqlıdırlar. Sürücüləri Uber şirkəti özü tapıb vermişdir. Iddiaçıya bütün işlər hazır olaraq verilirdi və o, maşınla bağlı heç bir iş görmürdü. Aylıq nə qədər sifariş olmasından və reyslərin sayından asılı olaraq gəlir müəyyən olunurdu. Vergi ilə bağlı 3000 manat borcu yoxdur. 4800 manat iddia tələbini də qəbul etmir. 27 maşını sahibkar kimi işlədirlər və bütün vergi borclarını ödəmişlər. Iddiaçı öz VÖEN-ni idarə etmək üçün başqa şəxsə etibar etmişdir və vergi borcları yazılmışdır, bununla bağlı iddiaçı onlara müraciət etdikdə 3000 manat rəsmi vergi borcunu ödənilməsi ilə bağlı pul almışılar və sonradan həmin pul iddiaçıya nağd şəklində qaytarılmışdır. Sonradan iddiaçı onlara məlumat vermədən maşını sürücüdən götürmüşdür. Qarşı tərəfin vergi ilə bağlı problemi olduğuna görə mühasiblə ona kömək etməyə çalışmışlar. Daha sonra problemi həll edə bilmədikdə pulu iddiaçıya geri qaytarmışlar. 3000 manat pul vəsaiti ona vergi məsələlərin həll olunması məqsədilə vermişdir, daha sonra isə geri qaytarılmışdır. Bununla bağlı iddiaçının dostu Firuz ilə yazışmaları mövcuddur. Onun iddiaçının qeyd etdiyi 6000 manatdan məlumatı yoxdur. 4 ay üçün hesablanmış 1800 manat məbləğini də qəbul etmir. Iddiaçının bildirdiyinə görə 1800 manat digər cavabdehin iddiaçıya borcu qaldığına görə ondan köməklik istənmişdir, lakin o buna qarşılıq öz aralarında həll etmələrini bildirmişdir. Onun kartıdan və nağd şəkildə iddiaçıya heç bir məbləğ ödənməmişdir, bu məsələlərlə digər cavabdeh məşğul olurdu. Aylıq gəlirdən olan məbləğləri cavabdeh3 ödəyirdi. Onun iddiaçıya heç bir borcu yoxdur, iddia tələbini qəbul etmir. Nazirlər Kabinetinin yuxarısında olan parkda aldığı 3000 manat məbləğini iddiaçıya qaytarmışdır. Səs yazılarında o vergi ilə bağlı danışmır, nə qədər gəlir əldə etsələr də, o qədər ödəniş edəcəyini bildirmişdir. Cavabdeh cavabdeh3la iddiaçı arasında borc qaldığına görə iddiaçı ondan kömək istəmişdir. 6000 manatın hamısı vergi ödənişi ilə bağlı deyil, 3000 manat hissəsi başqa borcla əvəzləşdirilmişdir. Səs yazılarında və yazışmalarda o iddiaçıya 6000 manat ödənişi dəqiq edəcəyini deməmişdir, gedib araşdıracağını bildirmişdir və araşdırdıqda borcun olmadığını müəyyənləşdirmişdir. Səs yazısında 1800 manat borcu olduğunu dedikdən sonra digər cavabdehlə hesabat aparmışlar və görmüşlər ki, iddiaçıya heç bir borcu qalmamışdır.

9. Məhkəmə iclaslarında iştirak edən cavabdeh cavabdeh3 bildirmişdir ki, iddiaçı tərəfindən 2 maşın onlara verilmişdir və işgüzar əməkdaşlıq olmuşdur. Aylıq fix məbləğ ödənilmirdi. Aylıq gəlir hesabatlarda öz əksini tapırdı və hər aya görə dəyişirdi. Gəlirin 30 faizi digər cavabdehlə ona, 70 faizi isə maşının sahibinə verilirdi. Cavabdeh işə qoşulmaq üçün nağd formada 7500 manat ödəmişdir. Avtomobillərin təmirinə görə 7500 manat məbləğində pul vəsaiti iddiaçıdan alınmamışdır. Iddiaçıya şəxsi borcu var, lakin məbləğini dəqiq bilmir. Avtomobillərin cəriməsi üçün alınan pul vəsaiti də yadında deyil. 500 manatdan başqa iddiaçıya ödəniləcək borcu yoxdur. Iddiaçıya dəfələrlə Uber şirkətinə gedib fəaliyyətin onun adına rəsmiləşdirilməsi ilə bağlı müraciət olunmuşdur. 7500 manat məbləğində pulu qaytarmaq öhdəliyi yoxdur, iddiaçını işə qoşmaq üçün pulu götürmüşdür. 7500 manatı şəxsi xərcləri üçün istifadə etmişdir. Iddiaçıya bu pulu geri qatarmamışdır. Iddiaçıya gəlir kimi ödənişlər olunmuşdur. 330 manatı şəxsi borc olaraq iddiaçıdan götürmüş və geri qaytarmamışdır. 1200 manat gəlir məbləğini də qəbul etmir. 7000 manat məbləğində təmir xərclərini qəbul etmir, geri qaytarılma zamanı hər hansı sənəd imzalanmamışdır, iddiaçı maşını ondan təhvil almamışdır, maşın onlarda olduqda işlək vəziyyətdə idi. 170 manat məbləğində cəriməni də qəbul etmir. Inzibati xətaları o törətməmişdir. Onların proqramı Uber şirkətinin nəzdində yerləşir. Proqram Uber şirkətinin bir qoludur və onların Uber şirkətilə müqavilələri vardır. Müəyyən şərtləri icra etdikdən sonra həmin proqramı almışdır. O şirkətlə əlaqə saxladıqda bildirdi ki, iddiaçı istənilən vaxt yaxınlaşa bilər və proqram onun adına keçirilə bilər. 7500 manat məbləğini isə o, öz təşəbbüsü ilə müəyyən etmişdir. Onun iddiaçıya 330 manat məbləğində şəxsi borcu vardır, başqa borc öhdəliyi yoxdur. Onun kartından iddiaçıya və dostu Firuza göndərilmiş pul vəsaitlərinə aid bankın mobil tətbiqindən çıxarış məhkəməyə təqdim olunmuşdur. Flit-lə olan müqaviləni isə əldə edə bilmədiyi üçün məhkəməyə təqdim edə bilməmişdir. Iddiaçını Firuz adlı dostu vasitəsilə tanımışdır, hələ iddiaçıdan əvvəl Firuz onlarla işləyirdi. Daha sonra Firuz dostunun qoşulmaq istədiyini onlara bildirdi. Beləliklə, iddiaçı 1 avtomobil satın aldı və onlarla işləməyə başladı. Onlar iddiaçıya daim hesabatlar verirmişlər və avtomobildən əldə etdikləri gəlirdən ona da hissə-hissə ödəniş edirmişlər. Onlar iddiaçı kimi bir çox belə şəxslərlə əməkdaşlıq edirlər. Daha sonra iddiaçı yenidən avtomobil almaq istədiyini və onların şirkətə qoşulmaq istədiyini bildirdi. Iki maşın almaq hələ şirkətə qoşulmaq demək deyil, bunun üçün 7500 manat məbləğində vəsait tələb etmişlər. Iddiaçı 7500 manatı ödədikdən sonra “xxxx” adlı şikətinə 25 faiz həcmində şərik olmuş oldu. Avtomobillərdən gələn gəlirə görə onların iddiaçıya borcu qalmamışdır, 1200 manat məbləğində borcu qəbul etmir. Əlyazamalarda olan yazı onun yazısıdır, lakin orda o, iddiaçıya olan borcunu qəbul etməmişdir. Şəxsi borcundan başqa onun iddiaçıya heç bir borcu qalmamışdır. 2023-cü ilin may, iyun, iyul, avqust ayları hesabatını onlar iddiaçıya vermişlər. O, 7500 manatı aldıqdan sonra dəfələrlə iddiaçıya lazımlı sənədləri toplamasını və birlikdə şirkətə yaxınlaşmalarını təklif etmişdir. Iddiaçı isə hər dəfə vaxtı olmadığını bildirdi və gəlmədi. Iddiaçı bununla da müqavilə bağlamaqdan imtina etmişdir. Bununla bağlı onda yazışmalar mövcuddur. Həmin 7500 manat məbləğ müqabilində o, hər ay iddiaçıya ödəniş edirmiş. Müqavilə bağlansa idi, onda iddiaçıya çatmalı olan məbləğ göstərilməyəcəkdi, ümumi məbləğin ¼-nin çatmalı idi. 330 manat şəxsi borcunu qəbul edir. Iddiaçının avtomibillərinə görə ona çatacaq məbləğ dəqiq müəyyən olunmamışdı, hər ay müxtəlif rəqəmlər olurdu. Tərəflər arasında münasibətlər 2023-cü ilin ## ####### tarixindən avqust ayına qədər davam etmişdir. Bu müddət ərzində iddiaçıya ümumi 5128 manat məbləğində pul verilmişdir.

10. Birinci instansiya məhkəməsinin *-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, cavabdeh cavabdeh3 Flit şirkətinin dəyərinin ¼ hissəsinə görə 7500 manat və 330 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 98 manat tutularaq iddiaçı İddiaçı ödənilməsi, cavabdeh cavabdeh1 1800 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 38 manat tutularaq iddiaçı İddiaçı ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

 Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, cavabdehlər taksi biznesi ilə məşğul olan şəxslərdi. Iddiaçı isə dostu Firuzun məsləhəti ilə həmin fəaliyyətdən onun da qazanc əldə edilməsi üçün cavabdehlər ilə tanış olur və öz adına iki maşın alaraq həmin maşınların da taksi fəaliyyətinə qoşulmasını və həmin maşınlar vasitəsi ilə edilən taksi dövriliyyinə əsasən qazanc əldə etmək istəyib. Maşınlar cavabdehlərin vasitəsi ilə həmin taksi fəaliyyətinə qoşulub və həmin iki maşının sifarişlər üzrə edilən gedişlərə görə xərclər çıxıldıqdan sonra qalan qazanc maşınların sahibinə (iddiaçıya) ödənilib. Aylıq ödənilən qazanc sabit məbləğdə deyil, iki maşının getdiyi taksi sifarişləri üzrə formalaşırmış. Bir müddət iddiaçı əldə etdiyi gəlirdən razı qalaraq, əlavə olaraq taksi parka şərik olmaq istəyib, bunun üçün FLIT şirkətinin dəyərinin ¼ hissəsi olan 7500 manatı cavabdeh cavabdeh3 ödəyib. Qeyd edilənlər işin mübahisəsiz hallarıdır.  Cavabdeh cavabdeh3 qarşı olan tələblərə dair (FLIT Şirkətinin dəyərinin 1\4 hissəsini almaq üçün ödədiyi 7500 manat pulun; - ** HY *** dövlət nömrə nişanlı Toyota Prius markalı və ** CK *** dövlət nömrə nişanlı Honda Cvic markalı avtomobillərin təmir xərcinin əvəzi kimi 7000 manat pulun; - cavabdeh3 şəxsi istifadəsi üçün borc verdiyi 330 manat pulun; - ** HY *** dövlət nömrə nişanlı Toyota Prius markalı və ** CK *** dövlət nömrə nişanlı Honda Cvic markalı avtomobillərin inzibati cəriməsinin əvəzi kimi 170 manat pulun; - ** HY *** dövlət nömrə nişanlı Toyota Prius markalı və ** CK *** dövlət nömrə nişanlı Honda Cvic markalı avtomobillərin 2023- cü ilin may-avqust aylarını əhatə edən 4 ay üçün gəlirin əvəzi kimi 1200 manat olmaqla ümumilikdə 16200 manat pulun tutulması) məhkəmə aşağıdakıları qeyd edir.  Cavabdeh ona qarşı yönələn tələblərə münasibətdə qeyd etmişdir ki, həqiqətən də iddiaçı ona FLIT şirkətinə qoşulmaq üçün 7500 manat pul verib, lakin dəfələrcə iddiaçıya müqavilə bağlanması üçün onunla şirkətə yaxınlaşmasını bildirsə də, iddiaçı özü müqavilə bağlamaqdan yayınıb, ona görə də Şirkətin ¼ hissəsi iddiaçıya keçməyib, lakin bugün də müqavilə bağlanıla bilər. 330 manat pul şəklində iddiaçıdan borc götürdüyünü etiraf etdi. Ondan tələb edilən 7000 manat iddiaçının avtomobillərinin təmirinə görə 7000 manat, inzibati cərimələrə görə 170 manat və dörd aylıq gəlirin əvəzi olaraq 1200 manatı qəti şəkildə qəbul etmir.  Məhkəmə cavabdeh İ.Orxanın etirazının arqumentləri ilə qismən razılaşaraq qeyd edir ki, göründüyü kimi tərəflər arasında hər-hansı yazılı müqavilə mövcüd olmayıb. Iddiaçıya məxsus maşınlar sadəcə cavabdehin vasitəsi ilə taksi fəaliyyətinə qoşulub. Iddiaçı nə maşınlara zərərin dəyməsini, zərərin bilavasitə cavabdeh tərəfindən vurulmasını, nə də ki, zərər dəydiyi halda həmin zərərin cavabdeh cavabdeh3 tərəfindən qarşılanmasına əsas ola bilən hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Nəqliyyat vasitələrinə inzibati cərimələrin yazılması ilə bağlı da məhkəmə qeyd edir ki, cavabdeh cavabdeh3 həmin maşınların sürücücü və inzibati xətaları törədən şəxs olmayıb ki, həmin cərimələrin əvəzi də ondan tutulsun. Dörd aylıq gəlirin əvəzi olaraq 1200 manat pul tələbinə gəldikdə isə, iddiaçı yenə də hər hansı mötəbər və təkzib olunmaz sübutu (1200 manatın hansı formada formalaşması, həqiqətən də həmin həcmdə ona məxsus maşınlar vasitəsi ilə taksi gedişlərin edilməsi, xərclər çıxıldıqdan sonra 1200 manat gəlirin qalmasını və s.) məhkəməyə təqdim edə bilməmişdir, cavabdeh isə iddiaçının həmin tələbini qəbul etməmişdir.  Ümumiyyətlə tərəflərin təqdim etdiyi sübutlar əsasında tərəflər arasında formalaşmış işğuzar münasibətlərin dəqiq formasının məhkəmə gedişatı zamanı müəyyənləşdirilməsi mümkün olmamışdır, belə olan halda isə məhkəmə tərəflərin üst-üstə düşən etirafedici izahatlarını əsas götürərək irəli sürülmüş iddia üzrə giymətləndirmə aparır.  Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh cavabdeh3 münasibətdə iddia ərizəsi qismən təmin edilməli, 330 manat borc məbləğini aldığını, lakin bugünə kimi qaytarmadığını və iddiaçıdan aldığı 7500 manat pul müqabilində FLIT şirkətinin ¼ hissəsini iddiaçının adına keçirtmədiyi üçün həmin məblığlər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.  Cavabdeh cavabdeh1 qarşı iddia tələbləri aşağıdakılardan ibarətdir: ** HY *** dövlət nömrə nişanlı Toyota Prius markalı və ** CK *** dövlət nömrə nişanlı Honda Cvic markalı avtomobillərin 2023-cü ilin may-avqust aylarını əhatə edən 4 ay üçün gəlirin əvəzi kimi 1800 manat pulun; Vergi məsələlərinin həll edilməsi üçün ona geri ödəmədiyi 3000 manat pulun, ümumilikdə 4800 manat pulun tutulması.  Məhkəmə S.Şahinə aid hissədə də iddianı qismən əsaslı hesab edir. Belə ki, iddiaçı bildirir ki, maşınların gəlirlərinə görə 1800 manat cavabdehin ona borcu qalmışdır və sübut qismində məhkəməyə cavabdeh cavabdeh1 məxsus whatsapp səs yazışmasını təqdim etmişdir. Məhkəmə iclasında tətqiq olunmuş iddiaçının təqdim etdiyi fləş-kart daşıyıcıda olan səs yazısında S.Şahin iddiaçıya 1800 manat ödənişin qaldığını və yaxın müddətdə iddiaçıya ödəyəcəyini bildirmişdir. Həmin səs yazısı cavabdeh S.Şahinin iştirakı ilə məhkəmə iclasında tətqiq edilmiş və həmin səs yazısının ona məxsus olduğunu cavabdeh etiraf etmişdir. Lakin, yenə də həmin tələbi qəbul etməyək bildirdi ki, onun iddiaçıya heç bir borcu yoxdur. Səs yazısı olan whats-app danışığından sonrakı dövrdə cavabdeh tərəfindən iddiaçı 1800 manat ödənişin edilməsinə dair sübut məhkəməyə təqdim edilmədiyi üçün məhkəmə hesab edir ki, 1800 manat pul vəsaiti cavabdeh cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir.  Cavabdeh cavabdeh1 qarşı olan 3000 manat pul tələbini isə məhkəmə tamamilə əsassız hesab edərək rədd edilməli qənayətinə gəlir. Belə ki, iddiaçı qeyd edir ki, onun şəxsi VÖEN-i üzrə vergi problemləri olub və həmin məsələlərin həll edilməsi üçün cavabdeh S.Şahinə (əvvəl vergi işçisi olduğu və həmin məsələlərdən başı çıxdığı üçün) 3150 manat nağd qaydada pul və cavabdeh3 iddiaçıya ödənilməli olan 2850 manatı cavabdeh3 götürərək cəmi 6000 manat müqabilində həll etməli idi, lakin həmin məsələlər öz həlli tapmadığı üçün S.Şahin nağd götürdüyü pulu iddiaçıya qaytarsa da, yerdə qalan 3000 manat ödənilməmiş qalıb, ona görə cavabdehdən tutulmasını xahiş edir və sübut qismində ümumiyyətlə 3-cü şəxsin (Firuz adlı şəxsin iddiaçıya telefon danışığını) səs və whats-app yazısını təqdim edərək sübut etməyə çalışmışdır. Lakin, məhkəmə qeyd edir ki, iddiaçı 6000 manat pul məbləğinin deyil, qeyd edilən məsələləri həlli üçün hazırkı cavabdehə cəmi 3000 manat pulun verilməsini sübuta yetirə bildiyi (cavabdehin 3000 manata dair etirafedirici izahatı) və həmin məbləğin də S.Şahin tərəfindən ona qaytarıldığını etiraf etdiyi üçün bu hissədə iddia (hansısa üçüncü şəxsin səs yazısına istinad etməklə) tələbi təmin edilə bilməz.  Işdən də göründüyü kimi iddiaçı 500 manat məbləğində vəkil xərcinin cavabdehdən tutulmasını tələb etmiş, lakin qeyd edilən ödənişə dair hər hansı sənəd- sübutu təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz.  Məhkəmə hesab edir ki, iddia hər cavabdehə münasibətdə qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 98 manat cavabdeh3 və 38 manat cavabdeh1 aid edilməlidir.

12. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 14.2.1, 16.1, 21.1, 21.2, 385.1, 386.1, 777.1, 777.2, 778.1, 779.1, 779.2, 1096.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

Apellyasiya şikayətinin dəlilləri

13. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək “cavabdeh cavabdeh3 Flit şirkətinin dəyərinin ¼ hissəsinə görə 7500 manat və 330 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 98 manat tutularaq iddiaçı OsverAnton Mixayloviçə ödənilməsi” hissəsində ləğv edilməsi və “cavabdeh cavabdeh3 330 manat borc məbləğinin tutularaq iddiaçı İddiaçı ödənilməsi” barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı 7.500 manatı heç vaxt geri qaytarmamaq şərti ilə cavabdeh3 ¼ payının alınması üçün ona ödəmiş, daha sonra 1 il 6 ay həmin paydan 10.000 manat gərir əldə etmiş, yəni faydalanmışdır.

15. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək “cavabdeh cavabdeh1 1800 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 38 manat tutularaq iddiaçı İddiaçı ödənilməsi” hissəsində ləğv edilməsi və iddiaçının iddia tələbinin tamamilə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, səs yazısını əsas gətirərək cavabdeh1 1800 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə çıxarılan qətnamə tam əsassızdır. Çünki həmin səs yazısında cavabdeh1 heçbir mühasibatlıq işi aparmadan səs atmışdır. Daha sonra hesabat apardıqdan dərhal sonra iddiaçıya heç bir borcunun olmadığını, əksinə onun cavabdeh1 borcu olduğu barədə məlumat vermişdir. Lakin məhkəmə həmin səs yazısından sonrakı məqamları araşdırmamışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

17. Iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edərək təmin olunmamasını xahiş etmişdir.

Apellyasiya baxışı, izahat

18. Iddiaçı və iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

19. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

21. Maddə 90.1. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. Maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə nizamnamə kapitalının minimum miqdarı, onun formalaşdırılması qaydası sahəvi qanunların tələbləri nəzərə alınmaqla müəyyən edilir.

22. Maddə 90.7. Bu Məcəllənin 90.6-cı maddəsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının cəmiyyətin nizamnamə kapitalının artırılması haqqında qərarı iştirakçının (iştirakçıların) əlavə maya qoyulması haqqında ərizəsi və (və ya) əgər nizamnamədə qadağan edilməmişdirsə, üçüncü şəxsin (şəxslərin) onun (onların) cəmiyyətə iştirakçı kimi qəbul edilməsi və maya qoyması haqqında ərizəsi əsasında qəbul edilir. Ərizədə mayaların məbləği və tərkibi, onların qoyulma qaydası və müddəti, iştirakçının və ya üçüncü şəxsin nizamnamə kapitalında malik olmaq istədikləri mayaların məbləği göstərilir. Ərizədə mayaların qoyulmasının və cəmiyyətə daxil olmanın digər şərtləri də göstərilə bilər. Cəmiyyətin ümumi yığıncağı iştirakçıların ərizəsi əsasında nizamnamə kapitalının artırılması haqqında qərarın qəbul edilməsi ilə eyni zamanda nizamnamə kapitalının məbləğinin və ərizə vermiş iştirakçının mayasının nominal dəyərinin artırılması ilə əlaqədar nizamnaməyə edilən dəyişikliklər haqqında da qərar qəbul edir. Ümumi yığıncaq üçüncü şəxsin ərizəsi əsasında nizamnamə kapitalının artırılması haqqında qərarla yanaşı üçüncü şəxsin cəmiyyətə qəbul edilməsi, onun mayasının nominal dəyərinin müəyyən edilməsi və iştirakçıların mayalarının məbləğlərinin dəyişməsi ilə əlaqədar nizamnaməyə edilən dəyişikliklər haqqında qərar qəbul edir. Cəmiyyətə qəbul edilən üçüncü şəxsin mayasının nominal dəyəri onun payının dəyərinin məbləğinə bərabər və ya ondan az olmalıdır. Əgər nizamnamə kapitalının artırılması baş tutmamışdırsa, cəmiyyət ağlabatan müddətdə iştirakçıların əlavə mayalarını və üçüncü şəxslərin mayalarını müvafiq olaraq geri qaytarmalıdır.

23. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

24. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

25. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

34. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, cavabdeh1 apellyasiya şikayətində iddianın ona aid hissədə tam rədd edilməli olduğunu göstərərək qətnamənin həmin hissədə ləğvini tələb etmiş, cavabdeh3 isə yalnız 330 manat məbləğində borcu qəbul etdiyini, qalan hissədə isə iddianın rədd edilməli olduğunu bildirərək qətnaməni həmin hissədə mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinın baxış predmeti: birinci cavabdeh1 barəsində iddianın təmin edilmiş hissəsinin tam həcmdə; cavabdeh3 barəsində isə iddianın 330 manat məbləği istisna olmaqla təmin edilmiş hissənin qanuniliyi və əsaslılığı ilə məhdudlaşır.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

35. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir (mübahisələndirilən hissədə).

36. Işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı əldə etdiyi gəlirdən razı qalaraq, əlavə olaraq taksi parka şərik olmaq istəyib, bunun üçün FLIT şirkətinin dəyərinin 1/4 hissəsi olan 7500 manatı cavabdeh cavabdeh3 ödəmişdir.

37. Lakin həmin məbləğin ödənilməsinə baxmayaraq, iddiaçının cəmiyyətin iştirakçısı kimi qəbul edilməsi, ona 1/4 payın ayrılması, nizamnamə kapitalının artırılması və müvafiq dəyişikliyin dövlət qeydiyyatına alınması həyata keçirilməmişdir.

38. Kollegiya qeyd edir ki, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının üçüncü şəxsin maya qoyuluşu hesabına artırılması Mülki Məcəllənin 90.7-ci maddəsində nəzərdə tutulan qaydada yalnız cəmiyyətin ümumi yığıncağının qərarı əsasında mümkündür. Həmin maddəyə görə, üçüncü şəxsin cəmiyyətə iştirakçı kimi qəbul edilməsi və onun maya qoyması barədə ərizəsi əsasında ümumi yığıncaq müvafiq qərar qəbul etməli, həmin qərarla nizamnamə kapitalının artırılması, üçüncü şəxsin payının nominal dəyəri və nizamnaməyə ediləcək dəyişikliklər müəyyən edilməlidir. Əgər nizamnamə kapitalının artırılması baş tutmamışdırsa, cəmiyyət ağlabatan müddətdə iştirakçıların əlavə mayalarını və üçüncü şəxslərin mayalarını geri qaytarmalıdır.

39. Hazırkı işdə isə cavabdeh tərəf iddiaçının ödədiyi 7.500 manat məbləğində vəsait əsasında FLIT MMC-nin nizamnamə kapitalının artırıldığını, iddiaçının cəmiyyətin iştirakçısı kimi qəbul edildiyini, ona 1/4 pay verildiyini və bu dəyişikliklərin dövlət reyestrində qeydə alındığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu isə onu göstərir ki, iddiaçının ödədiyi məbləğ hüquqi nəticəsini doğurmamış, yəni onun cəmiyyətdə pay əldə etməsi baş tutmamışdır.

40. Kollegiya hesab edir ki, nizamnamə kapitalının artırılması və iddiaçının cəmiyyətə iştirakçı kimi qəbul edilməsi baş tutmadığı halda, ödənilmiş pul vəsaitinin qeyri-müəyyən müddət ərzində cavabdehdə saxlanılması qanuni və əsaslı sayıla bilməz. Mülki dövriyyənin sabitliyi və öhdəliklərin ağlabatan müddətdə icrası prinsipləri baxımından, hüquqi əsası aradan qalxmış və ya baş tutmamış məqsəd üçün verilmiş vəsait onu qəbul etmiş şəxs tərəfindən geri qaytarılmalıdır.

41. Kollegiya cavabdehin iddiaçının cəmiyyətin fəaliyyətindən ümumilikdə 10.000 manat məbləğində gəlir əldə etməsi ilə bağlı dəlilini də qiymətləndirərək qeyd edir ki, bu hal nizamnamə kapitalına qoyulmuş və nəticə etibarilə hüquqi rəsmiləşməsi baş tutmamış maya qoyuluşunun geri qaytarılması öhdəliyini aradan qaldırmır.

42. Kollegiya cavabdeh cavabdeh1 apellyasiya şikayətinin dəlillərini də araşdıraraq hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin yanlış olması qənaətinə gəlmək üçün əsas vermir.

43. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş səs yazısından müəyyən edilir ki, cavabdeh1 iddiaçı qarşısında 1800 manat məbləğində öhdəliyinin qaldığını etiraf etmiş və həmin məbləğin qaytarılacağını bildirmişdir. Cavabdeh də həmin səs yazısının ona məxsus olduğunu mübahisələndirməmişdir.

44. Cavabdeh apellyasiya şikayətində sonradan hesablaşma apardığını və əslində iddiaçının ona borclu olduğunu bildirsə də, bunu təsdiq edən mötəbər və yol verilən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki MPM-in sübutetmə yükünə dair tələblərinə əsasən, öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi həmin tərəfin üzərinə düşür.

45. Kollegiya hesab edir ki, səs yazısında borcun etiraf olunması faktı müəyyən edildiyi halda, cavabdehin sonradan fərqli hesablaşma aparılması barədə ümumi xarakterli izahatları, bunu təsdiq edən hər hansı yazılı sübut, hesablaşma sənədi və ya ödəniş qəbzi təqdim edilmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən həmin məbləğin cavabdeh cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə gəlinmiş nəticə işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur.

46. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətlərində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

47. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayətləri vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorların özlərinə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

48. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdehlər cavabdeh3 və cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorların özlərinə aid olunsun. Qətnamə dərhal qanuni qüvvəyə minir, qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar