Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-399/2026 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nərman oğlu və X5 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçı İddiaçı Kiçik Müəssisəsinin vəkili/nümayəndəsi vəkil1, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı Kiçik Müəssisəsinin cavabdeh Cavabdeh qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh cavabdeh İddiaçı Kiçik Müəssisəsinə qarşı “icarə müqaviləsi üzrə pul” tələbinə dair qarşılıqlı iddia tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin Halları
1. İddiaçı Kiçik Müəssisəsi (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış *** saylı ## ###### 2024-cü il tarixli icarə müqaviləsinin:
2. 1.1-ci bəndinə əsasən, bu müqavilə ilə icarəyə verən şəxs, ona məxsus olan, AZ1004/ Bakı ş., Sabunçu ray., Maştağa qəs., 69-cu Maştağa küçəsi, giriş 8-də yerləşən Q binasından aşağı hissəsi 400 kv.m olan əmlakı, icarəçi Cavabdeh icarəsinə vermişdir.
3. 1.2-ci bəndinə əsasən, bu müqavilə 3 illik nəzərdə tutulur. İcarə müqaviləsi ##.##.2024-ci il tarixdən qüvvəyə minir və müddəti ##.##.2027-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 3 il müddətinə uzadılmış hesab edilir.
4. 1.4-cü bədninə əsasən, icarəyə verilən sahənin istifadəsinə görə icarəçi xxxx 3500.00 manat icarə haqqını hər ayın əvvəli əvvəlcədən müəssisənin hesabına və ya nağd qaydada ödəyir.
5. 1.5-ci bədninə əsasən, bu müqavilənin icarəçi tərəfindən vaxtından əvvəl pozulması və ya pozulmasına cəhd göstərilməsi kimi faktlar halında icarəyə verənin tələb etdiyi 2 illik aylıq dəbbə pulu ödənilməlidir.
6. 1.8-ci bəndinə əsasən, icarəçi icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilər.
7. 2.0-cı bəndinə əsasən, kommunal xidmətlərdən istifadə edilməsinə görə haqqlar, o cümlədən əlavə vergi haqqları icarəçi tərəfindən ödənilir.
8. 2.1-ci bəndinə əsasən, bu müqavilənin icarəyə verən tərəfindən vaxtından əvvəl pozulması və ya pozulmasına cəhd göstərilməsi kimi faktlar halında icarəçinin illik dövriyyəsini və o anlıq idarədə olan məhsulunun dəyərini tam ödəməlidir.
9. 2.2-ci bəndinə əsasən, bu müqavilənin icarəçi tərəfindən vaxtından əvvəl pozulması və ya pozulmasına cəhd göstərilməsi kimi faktlar halında icarəyə verənin tələb etdiyi 2 illik aylıq dəbbə pulu ödənilməlidir.
10. İddiaçı Kiçik Müəssisəsi ilə Cavabdeh (icarəçi) arasında bağlanmış *** saylı # ######## 2024-cü il tarixli icarə müqaviləsinin:
11. 1.1-ci bəndinə əsasən, bu müqavilə ilə icarəyə verən şəxs, ona məxsus olan, AZ1004/ Bakı ş., Sabunçu ray., Maştağa qəs., 69-cu Maştağa küçəsi, giriş 8-də yerləşən Q binasından aşağı hissəsi 400 kv/m olan əmlakı, icarəçi Cavabdeh icarəyə vermişdir.
12. 1.4-cü bədninə əsasən, icarəyə verilən sahənin istifadəsinə görə icarəçi "xxxx" 1500.00 manat icarə haqqını hər ayın əvvəli əvvəlcədən müəssisənin hesabına və ya nağd qaydada ödəyir.
13. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən X1 ünvanlanmış “obyektin onlayn qeydiyyatı” ərizəsinin icrasından imtina barədə bildirişdə qeyd olunur ki, təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı ilə bağlı müraciətinizin icrası təsərrüfat subyektinin (obyektinin) adı və fəaliyyəti icarə obyekti olması səbəbindən mülkiyyətin sub-icarəyə verilməsi barədə mülkiyyət sahibinin razılığını təsdiq edən sənədin əlavə edilməməsi (Notarial qaydada təsdiq edilmiş) və ya icarə müqaviləsində bu barədə maddənin olmaması və icarə müqaviləsinin icarəyə verənin gücləndirilmiş elektron imzası vasitəsilə imzalanmaması və ya notarial qaydada bağlanmaması səbəbindən təmin edilməmişdir.
14. xxxx ASC tərəfindən Cavabdeh ünvanlanmış ## ####### 2025-ci il tarixli, ***/**** nömrəli arayışdan görünür ki, xxxx ASC-də olan hesabların ##.##.2024 – ##.##.2025ci il üzrə dövriyə və qalıq məlumatlarına əsasən debet 119398.94, kredit isə 116276.51 manat təşkil edir.
15. İddiaçı Kiçik Müəssisəsi tərəfindən Cavabdeh göndərilmiş MT 2504 seriyalı ******** nömrəli ## ##.2025-ci il tarixli elektron qaimə üzrə yekun məbləğ 1500 manat, MT 2505 seriyalı ******** nömrəli ##.##.2025-ci il tarixli elektron qaimə üzrə yekun məbləğ 2000 manat, MT 2505 seriyalı ******** nömrəli ##.##.2025-ci il tarixli elektron qaimə üzrə yekun məbləğ 2000 manat, MT 2507 seriyalı ******** nömrəli ##.##.2025-ci il tarixli elektron qaimə üzrə yekun məbləğ 7000 manat, MT 2505 seriyalı ******** nömrəli 03. 05.2025-ci il tarixli elektron qaimə üzrə yekun məbləğ 1500 manat təşkil edir. Hər bir qaimənin əsası olaraq icarə müqaviləsi qeyd olunmuşdur.
16. İddiaçı Kiçik müəssisəsinin direktoru tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiq edilmiş ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, tərəflər arasında bağlanan ##.##.2024-cü il tarixli müqaviləyə əsasən aprelmay ayı üçün kommunal xərcə görə qaz idarəsinə borc yaranmışdır, bununla əlaqədar bir neçə dəfə xəbərdarlıq edilmiş, lakin əməl olunmadığına görə qaz təchizatı ##.##.2025-ci il tarixdən nəzarətçilər tərəfindən dayandırılmışdır. Belə halların təkrar olunması müqavilənin 2.2-ci bəndinə əsasən şərtlərin pozulması kimi nəzərə alınacaqdır. X3 tərəfindən “borcumuz yoxdur, ödənilib” qeyd olunmaqla imzalanmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
17. İddiaçı İddiaçı Kiçik Müəssisəsi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 84000 manat icarə haqqının 2 illik aylıq dəbbə pulunun və ödənilmiş 342 dövlət rüsumunun cəmi 84342 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış ##.##.2024cü il tarixli **** saylı icarə müqaviləsinə əsasən icarəyə verən Bakı ş.,Sabunçu rayonu, Maştağa qəsəbəsi, 69-cu Maştağa küçəsi giriş 8-də yerləşən Q binasından aşağı hissəsi 400 kv.m olan əmlakı 3 illik müddətinə icarəçiyə verilmişdir. Cavabdeh verilən sahənin istifadəsinə görə xxxx ##.##.2027-ci il tarixinədək 3500 manat icarə haqqı ödəməsini öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2.2-ci bəndinə əsasən bu müqavilənin icarəçi tərəfindən vaxtından əvvəl pozulması və ya pozulmasına cəhd göstərilməsi kimi faktlar halında icarəyə verənin tələb etdiyi 2 illik aylıq dəbbə pulu ödənilməlidir. Lakin cavabdeh müqaviləyə birtərəfli qaydada xitam vermiş, icarə obyektini təhvil vermiş və müqavilədə göstərilən kompensasiyanı dəbbə pulunu ödəməmişdir. Beləliklə icarəçi müqavilənin şərtlərini pozmuşdur və cavabdeh icarə obyektindən çıxmışdır. Ona görə də iddiaçının cavabdehdən icarə haqqının 2 illik aylıq dəbbə pulu tələb etmək hüququ yaranmışdır. Müqavilənin 1.5 və 2.2-ci bənddə aydın şəkildə 2 illik aylıq dəbbə pulu dəyərində təzminatdan bəhs edilir. İddiaçı aylıq ödəməni 3500 manatdan götürərək, 2 illik dəbbə pulu hesablamışdır (3500manat x 24 ay=84000 manat). 3. ##.##.2026-cı il tarixdə iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdehdən 84000 manat 2 illik icarə haqqına uyğun olan dəbbə pulu, xəbərdarlıq müddətinə riayət etmədiyinə görə bir aylıq icarə haqqı məbləğində 3.500 manatın əlavə olaraq tutulması və 353 manat dövlət rüsumunun cəmi 87 853 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. ##.##.2025-ci il tarixdə iddiaçı Cavabdeh cavabdeh İddiaçı Kiçik Müəssisəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsini və cavabdeh İddiaçı Kiçik Müəssisəsindən 119.398 manat məbləğində dəbbə pulunun və ödənilmiş 410 manat dövlət rüsumunun cəmi 119.808 manat pulun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında ilkin olaraq 0# ######## 2024-cü il tarixdə müqavilə bağlanılaraq cavabdehə məxsus olan Bakı ş., Sabunçu rayonu, Maştağa qəsəbəsi, 69-cu Maştağa küçəsi, giriş 8-də yerləşən Q binasında 400 kv/m olan əmlak iddiaçıya aylıq 1500 manat müqabilində icarəyə verilmişdir. Daha sonra ## ###### 2024-cü il tarixdə eyni məzmunlu lakin icarə haqqı məbləği dəyişilərək aylıq 3500 manat olmaqla 3 il müddətinə yeni müqavilə bağlanmışdır. İcarəyə götürülmüş əmlakdan kənd təsərrüfatı məhsulların satışını həyata keçirmək məqsədilə istifadə edilmişdir. Cavabdeh ## ###### 2024-cü il tarixli müqavilənin şərtlərini qərəzli şəkildə pozduğuna, müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyinə və icarəyə vermiş olduğu əmlaka qanunsuz müdaxilələrinə görə müqavilə birtərəfli qaydada pozularaq icarəyə götürülmüş əmlak cavabdehə təhvil verilmişdir. Belə ki, müqavilənin 2.0 bəndinə əsasən kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik) istifadəyə görə haqlar icarəçi tərəfindən ödənilir. İcarəyə götürülmüş 400 kv/m olan sahə cavabdehin sözügedən ünvanda olan daşınmaz əmlakının bir hissəsi olduğundan (ünvanda başqa bir çox icarəçilər mövcuddur) daxildə ayrıca elektrik sayğacı qurlaşdırılmışdır. Elektrik enerjisindən istifadəyə uyğun ödəniş olunmalı halda cavabdeh əlavə qanunsuz deposit ödənişləri tələb etmiş, dəfələrlə artıq ödənişlər olduğu halda belə ödənişin olduğunu təkzib edərək obyektin elektrik enerjinisi dayandırmış sonradan qəbzlər vasitəsi ilə sübut etdikdən sonra bərpa etmişdir. Respublika üzrə qeyri-əhalinin kənd təsərrüfatı sahəsi ilə bağlı elektrik enerjisinin sərfiyyat qiyməti bir kvt üçün 0.106 manat olduğu halda cavabdeh qanunsuz olaraq iddiaçıdan əvvəl bir kVt üçün 0.115 manat daha sonra bir kVt üçün 0.120 manat ödəniş tələb etmişdir. Bəzən cavabdeh telefonla iddiaçıya zəng etdiyi zaman iddiaçı müəyyən üzrlü səbəblərdən dolayı zəngə cavab verə bilmədiyi halda da cavabdeh obyektin elektrik enerjisini dayandırmışdır ki, iddiaçı məcbur zəngə cavab versin. Bir sözlə cavabdeh müqavilə ilə tənzimlənməyən bu kimi hallardan dəfələrlə sui istifadə edərək iddiaçının normal iş fəaliyyətinə maneçiliklər yaratmış, bu isə müəyyən kənd təsərrüfatı məhsulların elektrik enerjisi olmadığına görə xarab olaraq maddi zərərlə nəticələnməsinə gətirib çıxartmışdır. Müqavilənin 1.8-ci bəndinə əsasən icarəçi icarəyə götürdüyü əmlakı sub icarəyə vermək hüququna malikdir. Cavabdeh müqavilənin bu bəndini də qərəzli olaraq pozmuşdur. Belə ki, icarəyə götürülmüş ərazinin bir hissəsini başqa fiziki şəxsə icarə vermək üçün müqavilə bağlanılmış və icarəyə verən hüquqi şəxs olduğundan “Asan doc” proqramı vasitəsilə cavabdehin həmin sub icarə müqaviləni təsdiq etməli olduğu halda qərəzli olaraq “bu mənə aid deyil” deyərək təsdiq etməmişdir. Cavabdehlə bağlanmış müqavilə notarial qaydada təsdiqlənmiş olsaydı subicarə müqaviləsinin cavabdehin “Asan Doc” proqramından təsdiqləməsinə lüzum olmayacaqdı. Cavabdehə bağlanmış müqaviləni notariusda təsdiq etməyi dəfələrlə təklif edilsə də cavabdeh cavabında “buna ehtiyac yoxdur” deyərək qərəzli surətdə onların hüquqlarını həyata keçirməyə mane olmuşdur. Çünki bilirdi ki, müqavilə notarial qaydada təsdiq olunsa rahatlıqla istədiyi şəxslə müqavilə üzrə sub icarə hüququndan istifadə edəcəkdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəlikdələrini yerinə yetirməmiş, qanunsuz tələblər irəli sürmüş, müqavilə üzrə hüquqların həyata keçirilməsinə bilərəkdən maneələr yaratmış və müqavilənin pozulmasına şərait yaradan qəsdən hərəkətlər etmişdir. Cavabdehin hərəkətləri tərəflərin arasında telefonda vatsap yazışmaları, şahid ifadələri və vergidən daxil olan məktublarla sübuta yetirilir. Qeyd olunanlara əsasən cavabdehin ilkin iddiası rədd edilməlidir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin icarəyə verən tərəfindən vaxtından əvvəl pozulması və ya pozulmasına cəhd göstərilməsi kimi faktlar halında icarəçinin illik dövriyyəsinin dəyərini cavabdeh tərəfindən dəbbə pullu olaraq ödənilməlidir. ##.##.2025-ci il tarixli ***/**** nömrəli Bankdan verilmiş arayışdan görünür ki, iddiaçının müqavilə bağlandığı tarixdən ləğv olunan tarixə qədər dövriyyəsi 119,398.94 manat təşkil etmişdir.
21. ##.##.2025-ci il tarixində ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili qarşılıqlı iddia ərizəsinə dair etiraz təqdim edərək qarşılıqlı iddia ərizəsinin rədd edilməsi xahiş etmişdir.
22. Qarşılıqlı idda ərizəsinə dair etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh müqaviləyə birtərəfli qaydada xitam vermiş, icarə obyektini təhvil vermiş və müqavilədə göstərilən kompensasiya dəbbə pulunu ödəməmişdir. Bununla bağlı iddiaçı cavabdehə dəfələrlə pretenziya məktubu göndərmişdir, nəticədə isə məhkəmədə pul tələbi ilə iddia qaldırmışdır. Cavabdehin qarşılıqlı iddia ərizəsində qaldırdığı məsələlər heç bir həqiqətə uyğun deyil. Belə ki, tərəflər arasında olan icarə müqaviləsi ilkin iddiaçının deyil, qarşılıqlı iddiaçının təşəbbüsü ilə birtərəfli qaydada xitam verilmişdir və könüllü şəkildə həmin sahəni təhvil vermişdir. Sahəni birtərəfli qaydada təhvil verdiyi üçün, təhvil-təslim proseduru onların iştirakı olmadan həyata keçirilmişdir, sahənin təhvil verilməsini video vasitəsi ilə etmişdir və onlara videonu göndərmişdir. Nə həmin videoda, nə yazışma qaydasında onun tərəfindən iddiaçıdan narazı qalması, hər hansı bir ziyana uğraması bildirilməmişdir. Yalnız məhkəməyə iddia ilə müraciət olunandan sonra cavabdeh qarşılıqlı iddia ərizəsini məhkəməyə göndərmişdir. İcarəçi İcarə müqaviləsinin 1.8-ci bəndinə əsasən icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilər. Həmin bəndinə uyğun olaraq, subicarə hüququ icarəçiyə verilmişdir və o, sərbəst şəklində bu hüquqdan istifadə edə bilər. Yazışmalardan göründüyü kimi, icarəçi icarəyə verəndən subicarəçi ilə yeni müqavilənin bağlanılmasını tələb etmişdir, bu da mümkün olan bir şey deyil. Azərbaycan Respublikası Mülki Məcəllənin 683.3-cü maddəsinə görə istifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. Yəni icarə müqaviləsi əsasında icarəçi ilə icarə verən öz üzərinə müəyyən hüquq və öhdəliklər götürüblər, subicarə müqavilə üzrə əsas icarə müqaviləsinin şərtlərindən kənar çıxmamaq şərtilə, subicarə müqaviləsi icarəçi ilə subicarəçi arasında münasibətləri tənzimləyir, icarəyə verənlə subicarəçi arasında münasibətlərə aidiyyatı yoxdur. Cavabdeh iddiaçıdan 119 398 manat pul vəsaiti tələb edir və bildirir ki, bu məbləğ cavabdehin illik dövriyyəsini təşkil edir. Bununla belə aydın görünür ki, icarəçi olmuş cavabdeh tərəflər arasında bağlanmış icarə müqaviləsini qeydiyyata almışdır, sərbəst fəaliyyət göstərmişdir və illik dövriyyəsi olmuşdur. Yəni icarəyə verənlə mövcud olan icarə müqaviləsi vergi qurumu tərəfindən qanuni hesab edilmişdir, belə olan halda, icarəyə verənin hansı pozuntularından söz gedə bilər. İcarəyə verən icarə müqaviləsini pozmamışdır, nə də xitam verməmişdir, icarəçi icarəyə müqaviləyə birtərəfli qaydada xitam vermişdir və müqaviləni pozmuşdur. Cavabdeh tərəfin təqdim etdiyi yazışmada həmçinin kommunal haqqların ödənilməsi ilə bağlıdır. Belə ki, müqavilənin 2.0 bəndinə əsasən kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik) istifadəyə görə haqqlar icarəçi tərəfindən ödənilir. Elə yazışmadan da görünür ki, icarəyə verən icarəçi tərəfindən işlədilən kommunal haqqlarının ödənilməsini istəyir, məbləğlər dəqiqləşdirilir, kodlar əsasında da ödənişlər həyata keçirilir. Kommunal xidmətlər üzrə haqqların düzgün hesablanmasının sübutu da qarşılıqlı iddia ərizəsində bununla bağlı hər hansı bir tələbin irəli sürülməməsidir. Bu da kommunal haqqlar üzrə ödənişlərin icarəçi tərəfindən sərfiyyata uyğun tam düzgün şəkildə aparılmasını dəlalət edir.
23. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı Kiçik Müəssisəsinin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddianın təmin edilməməsi, iddiaçı Cavabdeh cavabdeh İddiaçı Kiçik Müəssisəsinə qarşı “pul” tələbinə dair qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
24. İddiaçı Kiçik Müəssisəsi apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnamənin ilkin iddianın təmin olumaması hissəsində ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
25. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin qismən, qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddia ərizəsinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
a) Apelyasiya şikayətinin dəlilləri
26. İddiaçı Kiçik Müəssisəsinin apellyasiya şikayəti belə əsaslandırmışdır ki, cavabdeh icarəyə verəni əvvəlcədən yazılı şəkildə xəbərdar etmədən, icarə münasibətlərinə xitam vermiş, daşınmaz əmlakı videoçəkiliş aparmaqla təhvil vermişdir. Cavabdeh qanunvericilik tələblərinə riayət etmədiyindən, müqavilənin ləğvini 1 ay qabaqcadan yazılı şəkildə xəbərdar etməmişdir. Xəbərdarlıq müddətinə riayət olunmadığı halda cavabdeh həmin müddət ərzində ödənilməli olan icarə haqqını ödəməlidir. Bu səbəbdən, cavabdehdən 1 aylıq icarə haqqı məbləğində – 3.500 manatın əlavə olaraq tutulması qanunidir və əsaslıdır. tərəflər arasında bağlanan icarə müqaviləsinin məzmunu əsasında dəbbə pulunun (penya və ya cərimə) hansı öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halı üçün nəzərdə tutulmasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, tərəflər həmin müqavilədə dəbbə pulunu öhdəliyin icrası ilə deyil, müqaviləyə xitam verilməsinin nəticələri ilə şərtləndirmişlər. . Müqavilənin tərəflər tərəfindən imzalanması və qəbul edilmiş şərtlərin açıqlığı göstərir ki, iki illik dəbbə pulunun ödənilməsi tərəflərin razılaşmasına əsaslanan hüquqi öhdəlikdir və vicdanlılıq prinsipi ilə ziddiyyət təşkil etmir.Müqavilənin ləğvinə səbəb olan əsas faktorun icarə haqqının miqdarı olduğu açıq şəkildə bəlli olur. Məhkəmə isə bu məqamı düzgün qiymətləndirməyərək, müqavilənin şərtlərinə uyğun öhdəliklərin yerinə yetirilməməsini və icarə haqqı ilə bağlı yaranan mübahisəni düzgün təhlil etməmişdir.
27. Cavabdeh apellyasiya şikayəti belə əsaslandırmışdır ki, İddiaçı (İcarəyə verən) Müqavilənin 2.0-cı bəndini kobud şəkildə pozaraq, Cavabdehin bütün ödənişləri vaxtında etməsinə baxmayaraq, obyektin elektrik enerjisini dəfələrlə qanunsuz olaraq kəsmiş və onun icarə obyektində normal fəaliyyətinə mane olmuşdur. İddiaçı (İcarəyə verən) dövlət tərəfindən müəyyən edilmiş 0.106 manat tarifinə zidd olaraq, Cavabdehdən (İcarəçidən) əvvəlcə 0.115 manat, daha sonra isə 0.120 manat ödəniş tələb etməklə qanunsuz mənfəət əldə etməyə çalışmışdır. Məhz tərəflər arasında imzalanmış Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin icarəyə verən (İddiaçı) tərəfindən vaxtından əvvəl pozulması və ya pozulmasına cəhd göstərilməsi kimi faktlar halında icarəçinin (Cavabdehin) illik dövriyyəsinin dəyərini İddiaçı tərəfindən dəbbə pullu olaraq ödənilməlidir. İşin hallarından və tərəfimizdən təqdim edilmiş 9 dəqiqəlik video-sübutdan aydın görünür ki, cavabdeh obyekti öz xoşu ilə deyil, icarəyə verənin qanunsuz müdaxilələri (işığı kəsməsi, süni qiymət artımı) nəticəsində fəaliyyətinin mümkünsüzlüyü səbəbindən boşaltmışdır. Müqavilənin pozulmasına icarəçinin hərəkətləri deyil, məhz icarəyə verənin qərəzli davranışı səbəb olmuşdur.Müqavilənin 1.8-ci bəndinə əsasən cavabdehin əmlakı subicarəyə vermək hüququ olsa da, İddiaçı bu hüququn həyata keçirilməsi üçün zəruri olan sənədlərin "Asan doc" vasitəsilə təsdiqlənməsindən qərəzli şəkildə imtina etmişdir. İddiaçı (İcarəyə verən) Cavabdehin (İcarəçinin) qanuni hüquqlarını rəsmiləşdirməsinə mane olmaq üçün müqavilənin notarial qaydada təsdiqlənməsindən boyun qaçırmışdır. Çünki bilirdi ki, cavabdehlə bağlanmış müqavilə notarial qaydada təsdiqlənmiş olsaydı subicarə müqaviləsinin “AsanDoc” proqramından təsdiqləməsinə lüzum olmayacaqdı. İddiaçıya bağlanmış müqaviləni notariusda təsdiq etməyi dəfələrlə təklif edilsə də İddiaçı qərəzli surətdə onların hüquqlarını həyata keçirməyə mane olmuş və bundan imtian etmişdir. Cavabdehin (qarşılıqlı iddia tələbi üzrə İddiaçı) müqavilə üzrə tələb etdiyi təzminatın məbləği “xxxx”ASC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışla (119.398,94 manat dövriyyə) tam təsdiq olunur. Birinci növbədə məhkəmə tərəflər arasında müqavilə azadlığı prinsipinə uyğun olaraq bağladıqları Müqavilənin 2.1-ci bəndinin tələblərini tətbiq etməli idi. Lakin, məhkəmə bu bəndi (illik dövriyyə həcmində təzminat) “ağır maliyyə nəticələri yaradan” şərt kimi qiymətləndirərək onu keçərsiz saymışdır. Halbuki, kommersiya hüququnda tərəflər sahibkardır və onlar müqavilənin məzmununu azad surətdə müəyyən edirlər. İcarəyə verən bu bəndi imzalayarkən onun hüquqi nəticələrini dərk etmişdir. Məhkəmənin tərəflərin azad iradəsi ilə müəyyən etdiyi riski sonradan “ədalətlilik” adı altında ləğv etməsi müqavilənin toxunulmazlığına ziddir. Bu pozuntular Müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan təzminatın ödənilməsi üçün kifayət edən hüquqi əsasdır. Cavabdehi "müqaviləni pozan tərəf" kimi qələmə verərək ondan 84.000 manat tələb etməsi hüquqdan aşkar şəkildə sui-istifadədir. Məhkəmə bu ziddiyyətli davranışı (estoppel prinsipini) qismən qeyd etsə də, zərərçəkmiş tərəfin (Cavabdehin) qanuni təzminat hüququnu qorumamışdır. Kreditorun borclu (icarəyə verən-İddiaçı) tərəfindən öhdəliyin icrasının gecikdirilməsi və ya pozulması nəticəsində müvafiq vəsaitdən (aktivlərdən) yenidən istifadə edə bilməməsi faktı kreditora (icarəçiyə-Cavabdehə) dəymiş zərər kimi qiymətləndirilməlidir. Hazırkı iş üzrə İcarəyə verənin (İddiaçının) qanunsuz müdaxilələri (elektrik enerjisinin kəsilməsi, subicarəyə maneə) nəticəsində icarəçi (Cavabdeh) öz vəsaitini (illik dövriyyəsini) dövriyyəyə cəlb etmək və ondan mənfəət əldə etmək imkanından tamamilə məhrum edilmişdir. Cavabdehin “xxxx” ASC-nin arayışı ilə təsdiq olunmuş 119.398,94 manat məbləğində dövriyyəsi, məhz İddiaçının təqsirli və hüquqa zidd əməlləri (delikt) nəticəsində itirilmiş iqtisadi dəyərdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı Kiçik Müəssisəsinin vəkili/nümayəndəsi vəkil1 tərəflərindən verilmiş apellyasiya şikayətinin məzmunuda uyğun izahat verərək , təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək edilməməsini xahiş etmişdir.
30. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunuda uyğun izahat verərək , təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək edilməməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
AR Mülki Məcəlləsi
31. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
33. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
34. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
35. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
36. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
37. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi xxxx müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
38. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
39. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
40. Həmin Məcəllənin 704.1-ci əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir.
41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
45. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır
APELYASİYA BAXIŞININ HƏDLƏRİ
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.
APELYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
48. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. İşin müəyyən olunmuş hallarına əsasən, İddiaçı Kiçik Müəssisəsi (icarəyə verən) və X2 (icarəçi) arasında bağlanan # ######## 2024-cü il tarixli və ## ###### 2024-cü il tarixli *** saylı icarə müqavilələrinə əsasən icarəyə verən mülkiyyətində olan Bakı ş., Sabunçu rayonu, Maştağa qəsəbəsi, 69- cu Maştağa küçəsi, giriş 8-də yerləşən Q binasından aşağı hissəsində yerləşən 400 kv/m olan əmlakı icarəçiyə icarəyə vermişdir. İcarə haqqı ilkin müqavilə üzrə aylıq 1500 manat, ikinci müqavilə üzrə isə 3500 manat razılaşdırılmışdır. Müqavilənin qüvvədə olma müddəti ##.##.2027-ci il tarixədək (3 il) müəyyən edilmiş, qeyri-yaşayış sahəsi 2024-cü ilin sentyabr ayından 2025-ci ilin iyun ayına qədər Cavabdeh icarəsində olmuş, 2025-ci ilin iyul ayında müqaviləyə icarəçi tərəfindən birtərəfli qaydada xitam verilərək icarə obyekti xxxx təhvil vermişdir.
50. İş materialları əsasında müəyyən olunur ki, ##.##.2024-cü il tarixli icarə müqaviləsində tərəflər bu müqavilənin icarəyə verən tərəfindən vaxtından əvvəl pozulması və ya pozulmasına cəhd göstərilməsi kimi faktlar halında icarəçinin illik dövriyyəsini dəyərini tam ödəməsi (2.1) və müqavilənin icarəçi tərəfindən vaxtından əvvəl pozulması və ya pozulmasına cəhd göstərilməsi kimi faktlar halında icarəyə verənin tələb etdiyi 2 illik aylıq dəbbə pulu ödənilməsi (2.2) bəndlərə istinad edərək bir-birilərinə qarşı hazırkı iddianı irəli sürmüşlər.
51. Müasir müqavilə hüququnun əsas məqsədlərindən biri müqavilə münasibətlərində ədalətli balansın təmin olunması, zəif tərəfin müdafiəsi, eləcə də tərəflərin bir-birinin qanuni maraqlarını nəzərə almağa sövq edilməsidir. Bu baxımdan müqavilə münasibətləri yalnız formal razılıq əsasında deyil, həm də əməkdaşlıq, vicdanlı davranış və qarşılıqlı etimad prinsipləri əsasında qurulmalıdır.
52. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, icarə müqaviləsinə əsasən ilkin iddiaçı tərəfindən cavabdehdən 84.000 manat məbləğində, iki illik icarə haqqına uyğun dəbbə pulunun, qarşılıqlı iddiaçı tərəfindən isə 119.398 manat dövriyyə həddində dəbbə pulunun tələb olunması müqavilə azadlığı prinsipinin mahiyyətinə, habelə vicdanlılıq və ədalət prinsiplərinə uyğun hesab edilə bilməz.
53. Eyni zamanda kollegiya qeyd edir ki, borclu müqavilə öhdəliyinin icrası üçün yalnız ədalətlilik meyarlarının tələb etdiyi həddə səy göstərməyə borcludur və kreditor da yalnız həmin hədd daxilində icranı tələb etmək hüququna malikdir. Başqa sözlə, müqavilə öhdəliklərinin həyata keçirilməsi tərəflər arasında hüquq və vəzifələrin ağlabatan və ədalətli balansını təmin etməlidir.
54. Məhkəmə haqlı olaraq müqavilənin istinad olunan şərtlərə əsaslanaraq dəbbə pulunun tələb edilməsi yuxarıda göstərilən səbəblərdən başqa həm də MM-in 425.1ci maddəsində nəzərdə tutulmuş vicdanlılıq prinsipi ilə də ziddiyyət təşkil etdiyi üçün əsassız hesab etmişdir.
55. Belə ki, AR Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi).
56. Maddi hüquq normalarının tələblərindən də göründüyü kimi öhdəliyin icrasının əsas təminat vasitələrindən biri olan dəbbə pulu qanunda və ya tərəflər arasında bağlanan müqavilədə nəzərdə tutulmuş hallarda öhdəliyin icra edilmədiyi, lazımınca icra edilmədiyi və ya icranın gecikdirildiyi təqdirdə borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Hazırkı işin hallarından isə görünür ki, icarə obyekti icarəçiyə təhvil verilmiş, icarə müddəti ərzində icarə ödənişləri həyata keçirilmiş, icarə müqaviləsinə birtərəfli qaydada xitam verildikdən sonra isə əmlak xxxx geri qaytarılmışdır. Beləliklə dəbbə pulunun tutulması üçün qanunda nəzərdə tutulmuş əsaslar - öhdəliyin icra edilməməsi, lazımı qaydada icra edilməməsi və ya icranın gecikdirilməsi halı iş materialları əsasında öz təsdiqini tapmamışdır. Bununla yanaşı tərəflər arasında bağlanan icarə müqaviləsinin məzmunu əsasında dəbbə pulunun (penya və ya cərimə) hansı öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halı üçün nəzərdə tutulmasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, tərəflər həmin müqavilədə dəbbə pulunu öhdəliyin icrası ilə deyil, müqaviləyə xitam verilməsinin nəticələri ilə şərtləndirmişlər. Belə olan halda, məhkəmə hesab edir ki, dəbbə pulunun tətbiqi üçün Mülki Məcəllənin 462-ci maddəsində nəzərdə tutulmuş hüquqi əsaslar mövcud deyildir
57. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh daşınmaz əmlakı təhvil vermiş, bu təhvil videoçəkiliş vasitəsilə təsdiqlənmiş və iddiaçı tərəfindən əmlak geri qəbul edilmişdir. Əgər iddiaçı müqaviləyə birtərəfli və qanunsuz xitam verilməsi ilə razı deyildisə, o halda əmlakın təhvilini qəbul etməmək, müqavilənin qüvvədə qalmasını tələb etmək və ya dərhal yazılı etiraz bildirmək hüququna malik idi. İddiaçının əmlakı faktiki qəbul etməsi müqavilə münasibətlərinin dayandırılması ilə razılaşdığını göstərir.
58. Yazılı xəbərdarlığın olmaması avtomatik olaraq əlavə icarə haqqının yaranmasına səbəb olmur. İddiaçı 1 aylıq xəbərdarlıq edilməməsi səbəbindən hansı konkret maddi zərərə məruz qaldığını sübut etməmişdir. Daşınmaz əmlak geri qaytarılmış və istifadəyə yararlı vəziyyətdə təqdim edilmişdirsə, yalnız formal xəbərdarlıq qaydasının pozulması ayrıca 3.500 manat tutulması üçün yetərli əsas sayıla bilməz.
59. Kollegiya qeyd edir ki, müqavilə şərtlərinə əsasən tərəflər arasında bağlanan icarə müqaviləsində onun ləğvi qaydası barədə hər hansı razılaşma əldə olunmamışdır.
60. Qarşlılqı iddia üzrə iddiaçı Cavabdeh apellyaisya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, müqavilənin 1.8-ci bəndində subicarə hüququ nəzərdə tutulsa belə, bu hüququn həyata keçirilməsi üçün digər tərəfin razılığı və müvafiq prosedurların yerinə yetirilməsi tələb oluna bilər. “AsanDoc” və ya notarial təsdiqdən imtina edilməsi özlüyündə müqavilənin pozulması hesab edilə bilməz və Cavabdeh həmin imtinanın onun fəaliyyətinə real və birbaşa zərər vurduğunu sübuta yetirməmişdir.
61. Eyni zamanda, Müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş “illik dövriyyə həcmində təzminat” barədə razılaşma mülki hüququn əsas prinsipləri olan ədalətlilik, ağlabatanlıq, vicdanlılıq və proporsionallıq meyarları baxımından hüquqi qiymətləndirilməlidir. Müqavilə azadlığı prinsipi tərəflərə müqavilə şərtlərini sərbəst müəyyən etmək hüququ versə də, həmin prinsip mütləq xarakter daşımır və tərəflərdən birinin hüquq və mənafelərini açıq şəkildə qeyri-mütənasib vəziyyətə salan şərtlərin məhkəmə tərəfindən qiymətləndirilməsini istisna etmir. Bu baxımdan, müqavilə üzrə nəzərdə tutulmuş məsuliyyət tədbiri hüquq pozuntusunun xarakteri, nəticələri və iddia edilən real zərərin həcmi ilə müqayisədə aşkar surətdə disproporsional olduqda, həmin şərtin tam həcmdə tətbiqi mülki hüququn balanslaşdırılmış müdafiə mexanizmlərinə uyğun hesab edilə bilməz. Xüsusilə, yalnız illik dövriyyə göstəricisinə əsaslanmaqla təzminat tələb olunması, faktiki zərərin və itirilmiş mənfəətin həcmi konkret sübutlarla müəyyən edilmədən, mülki məsuliyyətin kompensasiyaedici mahiyyətindən kənara çıxaraq cəzalandırıcı xarakter daşıyan hüquqi nəticəyə səbəb ola bilər.
62. Kollegiya qeyd edir ki, “xxxx” ASC-nin arayışında göstərilən dövriyyə məbləği də cavabdehin real zərərini təsdiqləmir.
63. Cavabdeh iddiaçının hərəkətləri ilə iddia olunan zərər arasında birbaşa səbəbli əlaqəni, habelə tələb etdiyi təzminatın real iqtisadi zərər olduğunu tam şəkildə sübuta yetirə bilmədiyindən, qarşılıqlı iddianın rədd edilməsi üçün hüquqi əsaslar mövcuddur.
64. Eyni zamanda apellyasiya şikayətlərində qeyd edilən digər dəlillərə məhkəmə tərəfindən münasibət bildirdiyindən, şikayətlərdə yeni dəlillər irəli sürülmədiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.
65. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
66. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayətləri təmin edilmədiyindən apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
67. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı İddiaçı Kiçik Müəssisəsi və cavabdeh Cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyatorun ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən tərəflər qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.