Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-419/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə Məmmədov İslam Nəbi oğlunun “X2” MMC-yə qarşı “pulun ödənilməsi və qanuni təmsilçilikdən çıxarılma” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadından iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Məmmədov İslam Nəbi oğlu (iddiaçı) “X2” MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə) müraciət edərək, cavabdehin təsərrüfat fəaliyyəti nəticəsində formalaşmış 1 118 947,92 manatlıq maddi aktivindən ona məxsus 50% payın - 559 473,96 manatın ona verilməsi və MMC-dən çıxarılması, “X2” MMC-nin qanuni təmsilçiliyindən çıxarılması, payını götürərək MMC-dən çıxması barədə müvafiq dəyişikliyin vergi orqanında qeydə alınmasının cavabdehə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 25 feval 2026-cı tarixli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 259.0.1-ci və 259.0.4-cü maddələrinə istinadla belə əsaslandırmışdır ki, “qanuni təmsilçilikdən azad edilmə” tələbinə dair hissədə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə e-2- 2(113)-302 /**** saylı iş məhkəmənin icraatındadır və bu səbəbdən həmin iddia tələbi MPM-nin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Məhkəmə idda tələbinin digər hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin mübahisə cəmiyyətin Nizamnaməsi və mülki qanunvericiliyin tələblərinə uyğun həll edilə və ona uyğun məhkəməyə müvafiq tələblə müraciət oluna bilər. İddiaçı tərəfindən cavabdehə pretenziya qaydasında müraciət olunmadığı üçün, məhkəməyə işin məhkəməyəqədər həlli imkanlarından istifadə edilib edilmədiyi, tərəflər arasında mübahisə olması halı məlum deyil. Hazırki halda iddiaçı tərəfindən cavabdehə ümumiyyətlə pretenziya qaydasında müraciət edilməmiş, yalnız işin (3-cü hazırlıq iclasında) tərəflərlə pretenziyanın cavabdehə verilməməsi müzakirə edildikdən sonra, baxılmamış saxlanılmasına dair qərar elan olunduqdan sonra iddiaçının vəkili tərəfindən elektron sistemə pretenziya məktubu yüklənmişdir, hansı ki, qeyd edilən sənədin cavabdehə çatdırılmasına dair ümumiyyətlə heç bir sübut təqdim edilməmiş və cavabdehə pretenziya təqdim edilməməsi sonuncu məhkəmə iclasında tərəflərlə müzakirə edilərək, cavabdehə pretenziya təqdim edilməməsi faktı elektron sistemdəki sənədlərə tərəflərin iştirakı ilə yenidən baxış keçirilərək bir daha müəyyən edilmişdir. Qərardaddan iddiaçının nümayəndəsinin (vəkilinin) verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı işin faktiki hallarına uyğun deyil və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, MPM-nin 259.0.1-ci maddəsinə əsasən ərizə yalnız o halda baxılmamış saxlanıla bilər ki, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə. Lakin hazırkı iş üzrə iddiaçı tərəfindən cavabdehə pretenziya göndərilmişdir və bunun göndərilməsini təsdiq edən vergi ödəyicisinin elektron kabinetindən götürülmüş görüntü (screenshot) məhkəmənin elektron kabinetinə yerləşdirilmişdir. Sadəcə olaraq həmin sənəd məhkəmə tərəfindən iş materiallarında nəzərə alınmamış və pretenziyanın göndərildiyinə baxmayaraq yalnız pretenziyanın ayrıca sənəd kimi kabinetdə olmaması əsas götürülərək iddia ərizəsi baxılmamış saxlanılmışdır. Kollegiya iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən qərardad iddiaçının “cavabdehin təsərrüfat fəaliyyəti nəticəsində formalaşmış 1 118 947,92 manatlıq maddi aktivindən ona məxsus 50% payın - 559 473,96 manatın ona verilməsi və MMC-dən çıxarılması, payını götürərək MMC-dən çıxması barədə müvafiq dəyişikliyin vergi orqanında qeydə alınmasının cavabdehə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunması” tələbinin baxılmamış saxlanılması hissəsində ləğv olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.4-cü maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa; 259.0.12-ci maddəsinə görə isə, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, ərizə baxılmamış saxlanılır. İşin hallarından göründüyü və məhkəmənin də vurğuladığı kimi, eyni məhkəmədə digər hakimin icraatında iddiaçının “qanuni təmsilçilikdən azad edilmə” tələbinə dair iş vardır – bu isə o deməkdir ki, məhkəmə, iddiaçının “X2” MMC-nin qanuni təmsilçiliyindən çıxarılması” tələbini Mülki Prosessual Məcəllənin 259.0.4-cü maddəsinə istinadla baxılmamış saxlamaqda haqlı olmuşdur. Bununla belə kollegiyanın qənaətinə görə, artıq uzun müddətdir davam edən sözügedən digər mübahisənin mövcudluğu, iddiaçının pretenziya qaydasına əməl etməli olması zərurətini aradan qaldırır. Belə ki, mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair qayda (Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsində nəzərdə tutulmuş qayda) prosessual qənaət prinsipinə əməl olunması məqsədini daşıyır və əgər bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, həmin əsasla iddia ərizəsi baxılmamış saxlanıla bilər. Tərəflər arasında məhz “X2” MMC-nin idarə olunması ilə bağlı yaranan və uzun müddətdir davam edən mübahisənin mövcudluğu o deməkdir ki, onların mübahisəni məhkəməyə qədər nizama salmaları ehtimalı yoxdur və sözügedən qaydaya əməl olunmamasına görə “cavabdehin təsərrüfat fəaliyyəti nəticəsində formalaşmış 1 118 947,92 manatlıq maddi aktivindən ona məxsus 50% payın - 559 473,96 manatın ona verilməsi və MMC-dən çıxarılması, payını götürərək MMCdən çıxması barədə müvafiq dəyişikliyin vergi orqanında qeydə alınmasının cavabdehə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunması” tələbinin baxılmamış saxlanılması həddindən artıq formal yanaşma olardı. Bununla yanaşı kollegiya qeyd edir ki, əgər iddiaçının “cavabdehin təsərrüfat fəaliyyəti nəticəsində formalaşmış 1 118 947,92 manatlıq maddi aktivindən ona məxsus 50% payın - 559 473,96 manatın ona verilməsi və MMC-dən çıxarılması” tələbi “X2” MMC-nin xalis mənfəətinin iştirakçılar arasında bölüşdürülməsi məzmununda qiymətləndirilərsə, o halda iddiaçının, MMC-nin ümumi yığıncağının çağırılması üçün cavabdehə (digər təsisçiyə) müraciət ünvanlayıb-ünvanlamadığı müəyyənləşdirilməlidir. Belə ki, cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, mənfəəti və zərəri bölüşdürmək təsisçilərin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. “M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ## #### 2017-ci il tarixli Qərarında məsələ ilə bağlı aşağıdakılar göstərilmişdir: “...Bu normaların məzmunundan görünür ki, iştirakçılar arasında cəmiyyətin yalnız xalis mənfəəti bölüşdürülür. Xalis mənfəət isə cəmiyyətin təsərrüfat fəaliyyəti ilə əlaqədar bütün zəruri xərclər çıxıldıqdan sonra alınır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı nizamnamə kapitalındakı mayasına uyğun olaraq mənfəətdən pay alır. Qeyd etmək lazımdır ki, cəmiyyətin təsisçiləri cəmiyyət yaradılarkən cəmiyyətin nizamnamə kapitalına maya qoyurlar. Mülki Məcəllənin 90.4cü maddəsinə əsasən isə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər. Beləliklə, cəmiyyətin xalis mənfəəti iştirakçılar arasında onların bölgü aparılan günə mövcud olan mayasının dəyərinə uyğun olaraq bölünməlidir. Xalis mənfəət iştirakçılar arasında tamamilə və ya qismən bölüşdürülə bilər, bəzən isə ümumiyyətlə bölüşdürülə bilməz. Bu isə əsasən məhdud məsuliyyətli cəmiyyətin maliyyə vəziyyəti ilə əlaqədardır. Belə ki, Mülki Məcəllənin 90-1.3-cü maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət aşağıdakı hallarda mənfəətin bölüşdürülməsi haqqında qərar qəbul edə bilməz: əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyət qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas əlamətlərinə uyğun gəlirsə və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə əlamətlər əmələ gələcəksə; əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalından azdırsa və ya həmin qərarın qəbul edilməsi nəticəsində onun məbləğindən az olacaqsa. Mülki Məcəllənin yuxarıda göstərilən normasından aydın olur ki, mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. Bu isə Məcəllənin yuxarıda göstərilən normasına görə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir.” Başqa sözlə, əgər iddiaçının “cavabdehin təsərrüfat fəaliyyəti nəticəsində formalaşmış 1 118 947,92 manatlıq maddi aktivindən ona məxsus 50% payın - 559 473,96 manatın ona verilməsi və MMC-dən çıxarılması” tələbi “X2” MMC-nin xalis mənfəətinin iştirakçılar arasında bölüşdürülməsi məzmununda qiymətləndirilərsə və əgər iddiaçı MMC-nin ümumi yığıncağının çağırılması üçün cavabdehə (digər təsisçiyə) müraciət ünvanlamamışdırsa, bu halda müvafiq tələbə məhkəmə qaydasında baxılıb-baxılmaması müzakirə olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397- 398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-*****/**** saylı iş üzrə 25 fevral 2026-cı il qərardadı iddiaçının “cavabdehin təsərrüfat fəaliyyəti nəticəsində formalaşmış 1 118 947,92 manatlıq maddi aktivindən ona məxsus 50% payın - 559 473,96 manatın ona verilməsi və MMCdən çıxarılması, payını götürərək MMC-dən çıxması barədə müvafiq dəyişikliyin vergi orqanında qeydə alınmasının cavabdehə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunması” tələblərinin baxılmamış saxlanılması hissəsində ləğv olunsun və iş, həmin tələblər üzrə məhkəmə icraatının davam etdirilməsinin mümkünlüyü məsələsinin yenidən müzakirə olunması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad iddiaçının “X2” MMC-nin qanuni təmsilçiliyindən çıxarılması” tələbinin baxılmamış saxlanılması ilə bağlı hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Tural Qocayev Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-419/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-419/2026
28.04.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver