Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-420/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, əsas borc, dəbbə pulu) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Bayramlı Dəniz Natiq qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Işin halları:
1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında ##.##.2024-cü il tarixli, №****** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən satıcı Müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya qaimə-fakturaya əsasən mal satır, “Alıcı” isə həmin malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya ödəyir. Malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri şifahi razılaşma və hər dəfə göndərilmiş elektron-qaimə faktura ilə müəyyən olunur. Malın qiyməti və miqdarı hər dəfə göndərilmiş elektron-qaimə faktura ilə müəyyənləşdirilir. “Satıcı” Müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən göndərilmiş sifarişi qəbul etdikdən sonra 10 iş günü ərzində Malı “Alıcı”ya təhvil verməyi öhdəsinə götürür. “Satıcı” Malın təhvil verilməsi ilə birlikdə E-qaimə fakturanı və ya təhvil-təslim aktını “Alıcı”ya təqdim etməlidir. Müqaviləyə əsasən “Alıcı” malın dəyərini “Satıcı”nın təqdim etdiyi e-qaimə-fakturanı aldıqdan sonra 30 təqvim günü ərzində nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir. Mallar alıcıya təhvil-təslim aktı və ya elektron qaiməyə əsasən təhvil-təslim olunduqdan və imzalandıqdan sonra müqavilənin 5.1-ci bəndinə əsasən ödəniş müəyyən olunmuş müddət ərzində ödənilmədikdə, hər gecikən gün üçün gecikdirilən məbləğin 0.5 %-i qədər cərimə hesablanıb ödənilməlidir.
2. ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan Qiymətlərin Razılaşdırılması protokolundan görünür ki, müxtəlif mallar müxtəlif qiymətə razılaşdırılmış və protokollar tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan təhvil-təslim aktlarından görünür ki, ümumilikdə 292.278,09 manat məbləğində müxtəlif mallar iddiaçı İddiaçı MMC tərəfindən cavabdeh Cavabdeh MMC-yə təhvil verilmiş və təhvil-təslim aktları hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
4. ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan e-qaimələrdən görünür ki, ümumilikdə 292.278,09 manat dəyərində mallar iddiaçı İddiaçı MMC tərəfindən cavabdeh Cavabdeh MMC-yə ödəniş üçün təqdim edilmiş və e-qaimələr hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
5. Iddia ərizəsinin əsaslandırılmasından və cavabdehin yazılı etirazından görünür ki, iş üzrə 60.595,78 manat pul məbləğinin ödənilməsi işin mübahisəsiz halıdır.
6. Iddiaçı tərəfindən cavabdehə göndərilən ##.##.2025-ci il tarixli pretenziya məktubuna əsasən borcun 5 iş günü ərzində ödənilməsi tələb edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
7. Iddiaçı İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC-dən 231.682,31 manat (ədv daxil) məbləğində pulun və ödənilmiş 522 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında ## ###### 2024-cü il tarixinə, №****** saylı Alqı-satqı müqavilə bağlanılmışdır. Qeyd edilən müqavilə şərtlərinə əsasən İddiaçı MMC (Icraçı), Cavabdeh MMC-yə (Sifarişçi) havalandırma sisteminə aid avadanlıqların satışını həyata kecirmişdir. Müqavilənin 5.1-ci bəndində nəzərdə tutulmuşdur ki, “Alıcı” malın dəyərini “Satıcı”nın təqdim etdiyi e-qaimə fakturanı aldıqdan sonra 30 təqvim günü ərzində nağd və ya köçürmə yolu ilə həyata keçirir. 5.2-ci bəndində qeyd edilir ki, mallar alıcıya təhvil-təslim aktı və ya elektron qaiməyə əsasən təhvil-təslim olunduqdan və imzalandıqdan sonra müqavilənin 5.1-ci bəndinə əsasən ödəniş müəyyən olunmuş müddət ərzində ödənilmədikdə, hər gecikən gün üçün gecikdirilən məbləğin 0.5 %-i qədər cərimə hesablanıb ödənilməlidir. ##.##.2024-cü il tarixdən ##.##.2024 cü il tarixi aralığında qaimələr üzrə cavabdeh təşkilata 292.278,09 manat (ədv daxil) məbləğində elektron qaimə göndərilmişdir. Bu məbləğdən 60.595,78 manat (ədv daxil) ödənilmiş, 231.682,31 manat ədv daxil məbləğ bu günədək ödənilməmişdir. Ödənilməmiş əsas məbləğin cəriməsi 317.090,60 manat,ədv məbləğinin cəriməsi 57.076,32 manat edir. Cəmi borc 605.849,23 manat (ədv daxil) təşkil edir. Bu günkü tarixədək cavabdeh təşkilatın 196.340, manat əsas, 35.341,38 manat ƏDV, 376.166,92 manat cərimə borcu vardır. ##.##.2024-cü il tarixində, №****** saylı müqavilənin bəndlərində nəzərdə tutulmuşdur ki, tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edirlər. Mübahisələr danışıqlar yolu ilə həll edilə bilmədikdə mübahisələrə məhkəmədə baxılacaqdır. Cavabdeh Cavabdeh MMC-yə ##.##.2025-ci il tarixində Pretenziya (xəbərdarlıq) göndərilmişdir. Cavabdeh MMC pretenziya (xəbərdarlıq) ərizəsini rəsmi qayda da alsa da, bu günkü günədək heç bir cavab verməmişdir. Cavabdeh təşkilat ##.##.2024-cü il tarixli, №****** saylı “Alqı-satqı Müqaviləsi” üzrə öz öhdəliyini icra etməyərək cəmi – 231.682,31 manat (ədv daxil) məbləğində pul vəsaitinin ödənilməsini təmin etməmişdir.
9. Iddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri göstərilmişdir.
10. Daha sonra iddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC-dən 231.682,31 manat (ədv daxil) məbləğində pul vəsaitinin, 422.849,41 manat cərimə məbləği olmaqla, cəmi 654.531,72 manat məbləğində pulun və ödənilmiş 945 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh elektron məhkəmə sisteminə yazılı etiraz ünvanlayaraq, iddiaçı İddiaçı MMC-nin həmin dəliləri əsassızdır. Belə ki, iddiaçı İddiaçı MMC və cavabdeh Cavabdeh MMC arasında mövcud olan ##.##.2024-cü il tarixli, №****** saylı alqı-satqı müqaviləsinə dair öhdəlikləri vicdanlı şəkildə həyata keçirmişdir. Heç bir borcları yoxdur. Bütün ödənişləri tam formada həyata keçirmişdir. Iddiaçının iddia etdiyi borc məbləğinə dair hər hansı bir üzləşmə aktı, təhvil-təslim aktları mövcud deyildir. Iddiaçının istinad etdiyi eqaimələr elektron məhkəmə sisteminə yüklənməmişdir, yüklənmiş olsa belə, birtərəfli olduğundan hər hansı bir hüquqi qüvvəyə malik deyildir. Qeyd olunanlar iddiaçının tələbinin əsassız olmağını, tərəflər arasında hər hansı bir hüquq münasibətinin mövcud olmadığını göstərir. Bu isə iddianın rədd edilməsi üçün əsasdır. Cavabdeh MMC ilə İddiaçı MMC arasında iddia predmeti ilə bağlı işlərin görülməsi ilə bağlı hər 2 hüquqi şəxs (onların vəzifəli şəxsləri) arasında yalnız 60.595,78 manat məbləğində alqı-satqı münasibətləri mövcud olmuş, buna dair ödənişlər isə tam formada həyata keçirilmişdir. Iddiaçının iddia etdiyi digər məbləğlərə dair birtərəfli qaydada tərtib edilmiş INVOICE-ların Cavabdeh MMC ilə hər hansı bir bağlılığı yoxdur, buna dair hər hansı bir dəlil mövcud deyildir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, e-qaimədən əvvəl görülmüş işlərlə bağlı təhvil-təslim aktları mövcud olmalıdır. Göstərilənlərə əsasən, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pul tələbi” barədə iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.
12. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ##.##.2024-cü tarixli, №****** saylı alqı-satqı müqaviləsi üzrə 231.682,31 manat məbləğində əsas borc, 11.584 manat məbləğində cərimə borcu və 350,60 manat dövlət rüsumunun əvəzinin cavabdeh Cavabdeh MMC-dən tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq müəyyən etmişdir ki, cavabdeh yazılı etirazında heç bir borclarının olmadığını, iddiaçının iddia etdiyi borc məbləğinə dair hər hansı bir üzləşmə aktı, təhvil-təslim aktlarının mövcud olmadığını, iddiaçının istinad etdiyi eqaimələrin elektron məhkəmə sisteminə yüklənmədiyini qeyd etsə də, iş materiallarında olan sənədlərə əsasən iddiaçı təhvil təslim aktlarını və elektron qaimələri elektron məhkəmə sisteminə əlavə etmiş və həmin sənədlər iddiaçı və cavabdehin imzası və möhürü ilə təsdiqlənmişdir. Eyni zamanda cavabdeh heç bir borcunun olmadığını bildirsə də, həmin sənədlərə əsasən iddiaçı cavabdehə 292.278,09 manat dəyərində mal satmış, həmin malların dəyərindən 60.595,78 manat ödənilmiş, qalan 231.682,31 manat isə ödənilməmişdir. Həmçinin, iddiaçının qanuni təmsilçisi məhkəmə hazırlıq iclasında bütün sənədlərin cavabdeh tərəfindən möhür və imza ilə təsdiq edildiyindən, üzləşdirmə aktının tərtib olunmasına ehtiyacın olmadığını bildirmişdir. Göründüyü kimi, satıcı müqavilə üzrə öhdəliyini icra etsə də, alıcı ona təhvil verilmiş malların qiymətini tam ödəməyərək öz öhdəliyini pozmuşdur.
14. Cərimə məbləği ilə bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 11.584 manat müəyyən olunmalıdır.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 445.1, 462.1, 463.1, 465.2, 467, 567, 598.1, 598.3, 600.1 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 80, 88, 119.1, 217.3, 217.4, 217.5, 218.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
16. Həmin qətnamədən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X2 apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiasının tam rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sənədləri formal şəkildə qəbul etmiş, həmin sənədlərin həqiqiliyini və hüquqi qüvvəsini kifayət qədər araşdırmamışdır. Iş materiallarında göstərilən təhvil-təslim aktları və elektron qaimələr əsasında guya cavabdehə 292.278,09 manat məbləğində mal təhvil verildiyi qeyd olunmuşdur. Lakin, həmin sənədlərin cavabdeh tərəfindən imzalanması və möhürlənməsi faktı mübahisəlidir, bu sənədlərin hansı şəraitdə tərtib edildiyi və kim tərəfindən imzalandığı araşdırılmamış, malların faktiki olaraq cavabdehə təhvil verilməsi faktı sübuta yetirilməmişdir. Bakı Kommersiya Məhkəməsi isə bu halları araşdırmadan iddiaçının təqdim etdiyi sənədləri birbaşa, hərtərəfli araşdıma həyata keçirmədən mötəbər sübut kimi qəbul etmişdir. Bundan əlavə, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Iddiaçı iddia edir ki, cavabdehə 292.278,09 manat məbləğində mal satılmışdır, lakin malların kim tərəfindən qəbul edildiyi, hansı obyektə, hansı anbar və ya tikinti sahəsinə təhvil verildiyi barədə hər hansı obyektiv sübut təqdim edilməmişdir. Iş materiallarında malların daşınması, qəbul edilməsi və istifadəsi ilə bağlı logistika sənədləri, anbar çıxarışları və ya digər təsdiqedici sənədlər mövcud deyildir. Belə olan halda yalnız birtərəfli sənədlər əsasında bu qədər böyük məbləğdə borcun müəyyən edilməsi mülki prosessual hüququn sübutetmə prinsiplərinə ziddir. Tərəflər arasında faktiki alqı-satqı münasibətləri yalnız 60.595,78 manat məbləğində olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda da göstərildiyi kimi tərəflər arasında real alqı-satqı münasibətləri yalnız 60.595,78 manat məbləğində olmuş və həmin məbləğ tam şəkildə ödənilmişdir. Birinci instansiya məhkəməsi bu faktı iş üzrə mübahisəsiz hal kimi qəbul etsə də, sonrakı malların həqiqətən cavabdeh tərəfindən sifariş edilməsi və qəbul edilməsi faktını araşdırmamışdır. Nəticədə məhkəmə mövcud olmayan borcun mövcudluğu barədə nəticəyə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi malların faktiki təhvil verilməsini, borcun real mövcudluğunu, cavabdehin sifariş verməsini sübut edən obyektiv və mübahisəsiz dəlil və sübutlar müəyyən etmədən qətnamə qəbul etmişdir. Bu səbəbdən qətnamə işin faktiki halları ilə uyğun əsaslandırılmamışdır. Qeyd olunanlardan əlavə tələblərini şişirdən iddiaçının borc məbləğinə dair iddiasının reallığa uyğun gəlməsi məsələsi şübhəlidir, məhkəmə yekun qərar verib qətnamə çıxarmazdan öncə mühasibatlıq ekspertizası keçirilməsi barədə qərar qəbul edib e-qaimə və təhvil-təslim aktlarının həqiqətə uyğun olub-olmamasına dair dəlil və məlumatlara sahib olmalı, xəttşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizalarını keçirərək üzləşdirmə aktındakı imzanın təşkilatın direktoruna və möhürün təşkilata aid olub-olmamasını araşdırmalı, yalnız bundan sonra daxili inama və qanunvericiliyə əsaslanan qətnamə qəbul edilməli idi. Azərbaycan Respublikası Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, işlə bağlı təhvil-təslim aktları və e-qaimələrin mövcudluğunun, onların həqiqətə uyğunluğunun araşdırılması, iş üzrə tərəflər arasında üzləşmə aktının mövcudluğu mütləqdir. Məhkəmənin əsas sübut olaraq istinad etdiyi protokol və təhvil-təslim aktları əsasında qətnamə qəbul etməsi əsassızdır. Burada diqqət yetirilməli məqam təhvil-təslim aktlarının, üzləşmə aktının işdə mövcudluğunun, onun həqiqiliyinin, aktda qeyd olunanların müəyyən olunmasıdır. Məhkəmə sadəcə üzləşmə aktına istinad etmiş, borc məbləğinin düzgün hesablanıbhesablanmamasının müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası belə keçirməmişdir. Təhvil-təslim aktındaki imzalar Cavabdeh MMC-nin direktoruna məxsus deyil, həmin imzalar faks və ya elektron poçt vasitəsilə göndərilmiş sənəddən köçürülmə (basdırma) üsulu ilə sənədə yerləşdirilmişdir. Belə ki, sözügedən imzanın təbii imza xüsusiyyətlərini əks etdirməməsi, xətt qalınlığının və təzyiqinin qeyri-bərabər olmaması, sənədin digər mətn hissələri ilə texniki uyğunluq təşkil etməməsi imzanın mexaniki surətdə köçürüldüyünü göstərir. Qeyd olunan hallar üzləşmə aktının sübut kimi qəbul edilməsini şübhə altına alır. Bunu müəyyən etmək üçün xəttşünaslıq, sənədlərin texniki ekspertizası keçirilməlidir. Məhkəmə sübutları qiymətləndirmədən, ümumi və əsaslandırılmamış nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı etiraz:
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya baxışı, izahatlar:
19. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi.
20. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir.
21. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. – 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, həmin Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. -598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; -89.1-ci maddəsinə əsasən, yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır; -89.2-ci maddəsinə əsasən, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun; -89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, həmin sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir; -89.4-cü maddəsinə əsasən, sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. -97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir; -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -204.1-ci maddəsinə əsasən, işdə olan sübutun saxtalığı barədə məlumat verildikdə həmin sübutu təqdim etmiş şəxs onu sübutlar içərisindən çıxarmağı və işi başqa sübutlara əsasən həll etməyi xahiş edə bilər; -204.2-ci maddəsinə əsasən, məhkəmə sübutun saxtalığını yoxlamaq üçün ekspertiza təyin edə, habelə tərəflərə başqa sübutlar təqdim etməyi təklif edə bilər; -372.2-ci maddəsinə əsasən, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. -384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası işdə olan sübutları apellyasiya şikayətinin dəlilləri ilə qarşılıqlı əlaqədə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Iş materialları ilə müəyyən edilir ki, iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh MMC arasında ##.##.2024-cü il tarixli, №****** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı malları cavabdehə təhvil verməyi, cavabdeh isə həmin malları qəbul edərək onların dəyərini iddiaçı tərəfindən təqdim edilmiş elektron qaiməni aldığı gündən 30 təqvim günü ərzində ödəməyi öhdəsinə götürmüşdür.
29. Iddiaçının müqavilə üzrə öhdəliyini icra edərək malları cavabdehə təhvil verməsi yalnız elektron qaimələrlə deyil, bir-birini tamamlayan sübutların məcmusu ilə təsdiq olunur. Həmin sübutlara tərəflər arasında bağlanmış müqavilə, qiymətlərin razılaşdırılması protokolları, təhvil-təslim aktları, elektron qaimələr və cavabdeh tərəfindən həyata keçirilmiş qismən ödənişlər daxildir.
30. Qiymətlərin razılaşdırılması protokolları ilə malların növü və qiyməti, təhvil-təslim aktları ilə onların cavabdehə faktiki verilməsi, elektron qaimələrlə isə həmin təsərrüfat əməliyyatlarının hesablaşma sənədlərində əks olunması təsdiqlənir. Buna görə elektron qaimələr malın təhvil verilməsinin yeganə sübutu kimi deyil, ikitərəfli təhvil-təslim aktlarında göstərilən məlumatları tamamlayan sübut kimi qiymətləndirilir.
31. ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək tərtib edilmiş təhvil-təslim aktlarından görünür ki, ümumilikdə 292.278,09 manat dəyərində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Eyni dövr üzrə tərtib edilmiş elektron qaimələrdə də malların ümumi dəyəri 292.278,09 manat göstərilmişdir. Beləliklə, təhvil-təslim aktları ilə elektron qaimələrdə əks olunan malların dəyəri arasında hər hansı ziddiyyət müəyyən edilmir.
32. Təhvil-təslim aktları və qiymətlərin razılaşdırılması protokolları hər iki tərəfin rekvizitlərini, imzalarını və möhürlərini əks etdirdiyindən, cavabdehin həmin sənədlərin birtərəfli qaydada tərtib olunması barədə dəlili iş materialları ilə təsdiqlənmir.
33. Tərəflər arasında 60.595,78 manat məbləğində ödənişin həyata keçirilməsi mübahisə edilmir. Malların ümumi 292.278,09 manat dəyərindən cavabdeh tərəfindən ödənilmiş 60.595,78 manat çıxıldıqda, ödənilməmiş məbləğ 231.682,31 manat təşkil edir.
34. Cavabdehin tərəflər arasında yalnız 60.595,78 manat məbləğində alqı-satqı münasibətinin mövcud olması barədə mövqeyi həmin məbləğdən artıq malların cavabdehə təhvil verildiyini əks etdirən ikitərəfli sənədlərin məzmununu təkzib etmir. Əksinə, cavabdeh tərəfindən həyata keçirilmiş qismən ödəniş tərəflər arasında müqavilə üzrə davamlı təsərrüfat münasibətlərinin və həmin münasibətlər çərçivəsində malların qəbul edilməsinin mövcudluğunu təsdiqləyən hallardan biridir. Cavabdeh apellyasiya şikayətində malların faktiki təhvil verilmədiyini, təhviltəslim aktlarında
35. olan imzaların Cavabdeh MMC-nin direktoruna məxsus olmadığını, həmin imzaların faks, elektron poçt və ya digər texniki üsulla sənədlərə yerləşdirildiyini bildirmiş, bu əsasla xəttşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizasının təyin olunmasını xahiş etmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan təhvil-təslim aktları vahid müqavilə münasibətləri çərçivəsində, ardıcıl tarixlərdə və eyni rəsmiləşdirmə qaydasında tərtib edilmişdir. Həmin aktlarda cavabdehin adından edilmiş imzalar və vurulmuş möhür izləri vizual baxımdan bir-biri ilə eynilik və sabitlik təşkil edir. Aktların zahiri forması, rekvizitlərinin yerləşməsi, imzaların görünüşü və möhür izləri arasında ekspertiza təyin edilməsini zəruri edən nəzərəçarpan fərq və ya uyğunsuzluq müəyyən edilmir.
37. Cavabdeh eyni müqavilə münasibətləri və eyni sənədləşdirmə qaydası çərçivəsində tərtib edilmiş təhvil-təslim aktlarının bir qismini qəbul etmiş, həmin aktlara və onlara uyğun elektron qaimələrə əsasən ödəniş həyata keçirmişdir. Cavabdehin sənədlərin bir hissəsinə əsasən malları qəbul edərək ödəniş etməsi bu qaydada rəsmiləşdirilmiş sənədlərin onun təsərrüfat fəaliyyətinə aid olduğunu və həmin sənədləşdirmə praktikasının cavabdeh tərəfindən qəbul edildiyini göstərir.
38. Belə olan halda cavabdehin eyni xarici əlamətlərə, eyni imza və möhürlərə, eyni rəsmiləşdirmə qaydasına malik sənədlərin bir hissəsini mötəbər hesab edərək icra etməsi, yalnız ödənişi aparılmamış mallara aid digər hissəsini isə hər hansı obyektiv fərq göstərmədən saxta hesab etməsi məntiqli, ardıcıl və ağlabatan mövqe kimi qəbul edilə bilməz.
39. Cavabdeh konkret olaraq hansı təhvil-təslim aktlarını qəbul etdiyini, hansı aktlardakı imzaları isə saxta hesab etdiyini dəqiq fərqləndirməmiş, qəbul etdiyi sənədlərdəki imza və möhürlərlə mübahisələndirdiyi sənədlərdəki imza və möhürlər arasında hansı fərqlərin olduğunu göstərməmişdir.
40. Həmçinin cavabdeh saxtalıq iddiasını ilkin olaraq təsdiq edə biləcək sərbəst imza nümunəsi, mütəxəssis rəyi, sənədlərdə texniki müdaxilə əlamətlərini əks etdirən material, daxili araşdırma sənədi və ya həmin aktların cavabdehin adından səlahiyyətsiz şəxs tərəfindən imzalanmasını təsdiq edən hər hansı başqa sübut təqdim etməmişdir.
41. Cavabdeh malların onun tərəfindən sifariş verilmədiyini iddia etsə də, iddiaçıya və ya digər aidiyyəti şəxslərə malların göndərilməsinin dayandırılması, sənədlərin onun adından əsassız tərtib edilməsi, imza və möhüründən qanunsuz istifadə olunması barədə vaxtında yazılı etiraz, pretenziya və ya müraciət etdiyini də sübut etməmişdir.
42. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinin məzmununa görə, işə baxılarkən xüsusi bilik tələb olunan məsələlərin aydınlaşdırılması üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilmiş əsaslandırılmış vəsatəti və ya öz iştirak edən təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Bu normadan görünür ki, ekspertizanın təyin edilməsi tərəfin sənədin həqiqiliyini sadəcə inkar etməsinin avtomatik nəticəsi deyil; vəsatət ekspert tədqiqatını zəruri edən konkret faktiki hallarla əsaslandılmalıdır.
43. Ekspertiza tərəfin ehtimal xarakterli mövqeyinin doğru olub-olmadığını yoxlamaq və ya onun əvəzinə sübut axtarmaq vasitəsi deyildir. Ekspertizanın təyin edilməsi üçün tədqiq olunmalı sənədlər, cavablandırılmalı konkret suallar və sənədlərin həqiqiliyinə əsaslı şübhə yaradan ilkin obyektiv məlumatlar mövcud olmalıdır.
44. Məhkəmə kollegiyası aktlardakı imzaların və möhür izlərinin vizual baxımdan eyni olmasını həmin imzaların konkret şəxs tərəfindən icra edilməsinin ekspert qaydasında müəyyən edilməsi kimi qiymətləndirmir. Sənədlərin vizual müqayisəsi yalnız ekspertizanın təyin edilməsini zəruri edən real, əsaslı və obyektiv şübhənin mövcud olub-olmamasının müəyyənləşdirilməsinə xidmət edir.
45. Məhkəmə sübutlara ayrı-ayrılıqda deyil, onların qarşılıqlı əlaqəsi və məcmusu əsasında qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi olmasa da, cavabdehin qəbul etdiyi sənədlərlə mübahisələndirdiyi sənədlər arasındakı zahiri eynilik, qismən ödənişin həyata keçirilməsi və sənədlərin uzun müddət etiraz edilmədən dövriyyədə qalması birlikdə qiymətləndirməlidir.
46. Bundan başqa, cavabdeh apellyasiya baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, ekspertiza vəsatətinin faktiki əsaslarını izah etməmiş, mübahisələndirdiyi sənədləri konkretləşdirməmiş və saxtalıq ehtimalını təsdiq edən əlavə material təqdim etməmişdir.
47. Beləliklə: - təhvil-təslim aktlarının vahid müqavilə münasibətləri çərçivəsində ardıcıl qaydada tərtib edilməsi; - bütün aktlarda imza və möhürlərin vizual baxımdan eyni olması; - cavabdehin həmin aktların bir qismini qəbul edərək müvafiq ödənişlər aparması; - qəbul edilmiş və mübahisələndirilən aktlar arasında konkret zahiri və ya texniki fərqin göstərilməməsi; - saxtalıq iddiasını təsdiq edən hər hansı ilkin obyektiv sübutun təqdim olunmaması; - saxtalıq barədə dəlilin birinci instansiya məhkəməsində deyil, yalnız apellyasiya şikayətində irəli sürülməsi - birlikdə qiymətləndirildikdə, təhvil-təslim aktlarının həqiqiliyinə əsaslı şübhə yaranmır və xəttşünaslıq, eləcə də sənədlərin məhkəmə-texniki ekspertizasının təyin edilməsi üçün kifayət qədər əsas müəyyən edilmir.
48. Cavabdehin eyni sənədləşdirmə sistemi çərçivəsində yaranmış öhdəliklərin icra edilmiş hissəsinə aid sənədləri qəbul etməsi, lakin yalnız ödənilməmiş hissəyə aid sənədləri obyektiv əsas göstərmədən saxta adlandırması ekspertiza təyin edilməsini zəruri edən real şübhə deyil, işdə olan digər sübutlarla təsdiqlənməyən ziddiyyətli müdafiə mövqeyi kimi qiymətləndirilməlidir.
49. Bu səbəbdən xəttşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizasının təyin edilməsi barədə vəsatətin təmin edilməməsi işin tam, hərtərəfli və obyektiv araşdırılmasına mane olmur və cavabdehin sübut təqdim etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
50. Məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət də əsaslı deyildir. Iş materiallarında olan təhvil-təslim aktlarında və elektron qaimələrdə malların ümumi dəyəri, ödəniş sənədlərində isə cavabdeh tərəfindən ödənilmiş məbləğ göstərilmişdir.
51. Qalıq borcun müəyyənləşdirilməsi 292.278,09 manatdan ödənilmiş 60.595,78 manatın çıxılması yolu ilə aparılan sadə riyazi hesablamadan ibarətdir və həmin hesablamanın aparılması xüsusi mühasibat biliyi tələb etmir. Ekspertiza işdə mövcud olan sənədlərin məzmununun və sadə hesablamaların məhkəmə tərəfindən qiymətləndirilməsini əvəz edən prosessual vasitə hesab edilə bilməz. Dəbbə puluna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin 5.2ci bəndində
52. ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilən məbləğin 0,5 faizi miqdarında cərimə nəzərdə tutulmuşdur. Iddiaçının tələb etdiyi 422.849,41 manat dəbbə pulu 231.682,31 manat əsas borcun məbləğindən əhəmiyyətli dərəcədə artıqdır.
53. Əsas borcun məbləği, öhdəliyin pozulmasının xarakteri, gecikmənin müddəti, kreditorun əmlak mənafeyi və tələb edilən dəbbə pulunun əsas borca nisbəti nəzərə alındıqda, tələb olunan məbləğin öhdəliyin pozulmasının nəticələrinə açıq-aşkar qeyrimütənasib olduğu müəyyən edilir. Buna görə birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 467-ci maddəsini tətbiq edərək dəbbə pulunu 11.584 manatadək azaltması işin hallarına uyğun və əsaslıdır.
54. Beləliklə, işdə olan sübutların ayrı-ayrılıqda və məcmu halında qiymətləndirilməsi iddiaçı tərəfindən 292.278,09 manat dəyərində malların cavabdehə təhvil verildiyini, həmin məbləğin yalnız 60.595,78 manat hissəsinin ödənildiyini və cavabdehin 231.682,31 manat əsas borcunun qaldığını təsdiq edir.
55. Apellyasiya şikayətində irəli sürülmüş dəlillər iş üzrə müəyyən edilmiş faktiki halları və birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticəni təkzib etmir. Birinci instansiya məhkəməsi mübahisənin həlli üçün əhəmiyyətli olan halları düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
56. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.